11 Dekabr 2024

Çərşənbə, 23:03

“MEDALSIZ” MUNDİAL

Azərbaycan taekvondoçuları Bakıda keçirilən dünya çempionatında medalsız qalıblar

Müəllif:

15.06.2023

Mayın 29-dan iyunun 4-dək Bakıda keçirilən taekvondo üzrə Dünya çempionatında 145 ölkədən idmançılar iştirak edib. Gərgin mübarizə ilə yadda qalan mötəbər yarış, təəssüf ki, Azərbaycan komandası üçün uğurlu olmayıb. Dünya çempionatına 13 taekvondoçu ilə qatılan Azərbaycan Taekvondo Federasiyası doğma şəhərdə təşkil edilən yarışda mükafat qazana bilməyib.

 

Ən pis nəticə

Dünya çempionatında ümumilikdə 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparıb. Yekunda təmsilçilərimiz medalsız qalan idmançıların sırasında yer alıb. Baş məşqçi Reza Mehmandustun yetirmələri doğma Bakıda təşkil edilən çempionatda ümidləri puç etməklə düşünməyə ciddi əsaslar yaradıb. Təsəvvür edin, idmançılarımızın ən böyük uğuru 14 finala vəsiqə qazanmaq olub. Yarımfinal və final təmsilçilərimiz üçün əlçatmaz hədəfə çevrilib. İndiyədək 2001-ci ildən keçirilən bütün dünya çempionatlarından Azərbaycan komandası yalnız Madriddə medalsız qalıb. Amma o zaman bizim bu qədər idmançı ilə təmsil olunmaq imkanımız yox idi.

Milli komandanın uğursuz çıxışının başlıca səbəbi taekvondoda rəqabətin olmaması, yeni nəslin yetişməməsidir. İllər öncə MDB məkanında taekvondo üzrə ilk dünya çempionu məhz azərbaycanlı idmançı olub. Niyaməddin Paşayevin tarixi qələbəsindən sonra Radik İsayevlə Milad Beiqi Harçeqani də dünya çempionatından qızıl medalla qayıtmışdı. Amma sonralar ölkədə dünya səviyyəli taekvondoçular yetişməyib. Federasiya dəvət olunmuş əcnəbi idmançıların köməyi ilə bu problemi həll etməyə çalışıb. Əcnəbi idmançılara diqqət olduğu illərdə yerli idmançılar kənarda qalıb. Vaxtilə Niyaməddin Paşayev kimi dünya çempionu yetişdirən mütəxəssislər də millidən kənarda qalıb.

Mundial ərəfəsində taekvondo üzrə milli komandanın düşərgəsindən xoş olmayan xəbərlər eşidilirdi. Titullu idmançılar Radik İsayevlə Milad Beiqi Harçeqaninin yığmadan qovulması millini ciddi şəkildə zəiflədib. Üstəlik, komandada idmançılarla əcnəbi məşqçilərin münasibəti korlandı.

 

Yığmada fikir ayrılığı

Xatırladaq ki, Tokio Olimpiadasından sonra Azərbaycan Taekvondo Federasiyası peşəkar olmayan qərarlarla diqqət çəkib. Ötən il baş məşqçi Reza Mehmandust onunla işləmək istəməyən idmançılara görə gizli şəkildə istefaya göndərildi. İstefa xəbəri elan olunandan 1 ay sonra Mehmandust yığmaya geri qaytarıldı. Uzun illər əcnəbi məşqçilərə etimad göstərən federasiya bu müddət ərzində nəinki səviyyəli yerli idmançı, hətta məşqçi də yetişdirməyə cəhd göstərməyib.

Dünya çempionatında taekvondoçularımız həm texniki, həm də taktiki cəhətdən rəqiblərdən zəif olduqlarını göstəriblər. Mundialın nəticəsi göstərib ki, milli mötəbər yarışlara hazır deyil. Radik İsayev və Milad Beiqi Harçeqaninin yoxluğunda digər medal ümidləri özünü doğrultmayıb. Dünya çempionatının ikiqat mükafatçısı Fəridə Əzizova, olimpiya mükafatçısı Patimat Abakarova və Dünya çempionatının bürünc medalçısı Cavad Ağayev səviyyələrindən aşağı çıxış ediblər. Rəqiblərə taktika baxımından uduzan idmançılar psixoloji cəhətdən də hazırlıqsız olduğunu nümayiş etdiriblər. Bununla da, taekvondoçular göstəriblər ki, olimpiadaya bir il qalmış onlara ümid bəsləmək olmaz.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan taekvondosunu böhrandan çıxarmaq yolları asan görünmür. Bu sual federasiya rəsmiləri və məşqçi heyətini ciddi şəkildə düşündürməlidir. Bir neçə ay sonra lisenziya turnirləri start götürəcək. İndidən taekvondoçularımızın lisenziya qazanmaq şansının az olduğunu etiraf etməliyik.

Dünya çempionatında uğursuz nəticənin digər səbəbi baş məşqçi Reza Mehmandustun pandemiyadan sonra işinə qeyri-peşəkar yanaşması olub. İdmançılarla mübahisələr edən, taekvondoçularla yola getməyən məşqçinin uğur qazanacağı sual altındadır. Milli komandanın idmançıları ilə münasibəti korlanan mütəxəssisin qısa müddətdə vəziyyəti düzəldəcəyi real görünmür. Federasiya millidəki vəziyyəti düzəltməli, taekvondoçuların uğursuzluğu ilə bağlı hesabat tələb etməlidir. Əks halda, böhran dərinləşəcək və fəsadlar artacaq.

 

Lisenziyalı turnirlər ərəfəsində

İlk növbədə, taekvondoçulardan lisenziya yarışlarına ciddi hazırlıq tələb olunmalı, lisenziya ilə bağlı əsas hədəfimiz açıqlanmalıdır. Digər tərəfdən millidə islahatlar aparmaq üçün əlverişli zaman deyil. Gənclər hazırda əsas yükü üzərlərinə götürə bilməyəcək.

Lisenziya yarışlarından öncə Azərbaycan Taekvondo Federasiyası millidəki vəziyyəti araşdırmalı, məşqçinin taleyinə aydınlıq gətirməlidir. Reza Mehmandust istefaya göndəriləcəyi halda yerli məşqçilərə etibar etmək lazımdır. Paris Olimpiadası ilə bağlı ümidlər böyük olmasa da, millini mötəbər yarışlara layiqli şəkildə hazırlamaq önəmlidir.

Qeyd edək ki, Dünya çempionatı günlərində ölkəmizdə səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yarışın gedişatı ilə maraqlanıb. T.Bax mediaya açıqlamasında taekvondo üzrə Dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyib. Yarışdan öncə BOK prezidenti Dünya çempionatında iştirak edən qaçqınlar komandası (heç bir ölkəni təmsil etməyən idmançıların komandası) ilə görüşüb.



MƏSLƏHƏT GÖR:

114