19 Dekabr 2024

Cümə axşamı, 14:22

İKİ ULDUZ

«Qarabağ» futbol klubu 10-cu dəfə ölkə çempionu olub

Müəllif:

01.07.2023

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü başa çatıb. Bir neçə tur öncə çempionluğu rəsmiləşdirən “Qarabağ” 91 xalla qızıl medalların sahibi olub. Bununla da, “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb. Həmçinin, bu mükafat Ağdam klubunun tarixində 10-cu çempionluğudur. Beləliklə, “Qarabağ”ın loqosunda ulduzların sayı ikiyə çatıb.

Mövsümün gümüş mükafatçısı isə 81 xalla “Sabah” olub. Bu, 2017-ci ildə yaradılan klubun qazandığı ilk medaldır. 68 xal toplayan “Neftçi” bürünc medallara layiq görülüb.

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Ramil Şeydayev olub. 27 yaşlı hücumçu mövsümdə 22 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. “Qarabağ”ın tarixində 8-ci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu seçilib.

Azərbaycan çempionatının favoriti olan “Qarabağ”ın bütün rəqiblərdən güclü olması faktdır. Ağdam klubu illərlə qazanılan təcrübə sayəsində premyer liqanın əsas iddialı klubu sayılır. Uğurun əsas sirri stabil oyun quruculuğu, intizam və daim məşqlərdə səylə çalışmaqdır. Klubun tərkibi vaxtaşırı rotasiya edilsə də, “Qarabağ” inamla lider statusunu qoruyub saxlayır. Təəssüf ki, hələ ki, çempionatda xüsusi intriqa yoxdur, çünki ağdamlılara layiqli müqavimət göstərib, onlarla rəqabət aparacaq komandalar yoxdur.

 

“Sabah”ın uğurları, “Neftçi”nin uğursuzluqları

Çempionatın gümüş mükafatçısı “Sabah” barədə ancaq müsbət fikirlər söyləmək olar. Ölkəmizə gələndən sonra yeni standartlara cavab verən komanda formalaşdıran Murad Musayevin “Sabah”ın uğurlarında böyük payı var. Məşqçi çempionatın ən maraqlı oyunlarını nümayiş etdirən heyət yaratmağı bacarıb. Məhz “Sabah” “Qarabağ”a ciddi rəqib olduğunu göstərə bilib. Nəticə komanda tarixində ilk dəfə gümüş medal qazanıb və ölkəmizi Avropa Konfrans Liqasında təmsil etmək hüququ əldə edib.

Bürünc medalçı “Neftçi” bu il titulsuz qalıb. Ölkənin ən köklü klubunun azarkeşləri hər il onlardan çempionluq gözləyir. Amma ağ-qaralar onlara bəslənən ümidləri doğrultmur. Oyun planında olan problemlər mövsüm ərzində həll olunmyıb, nəticədə, “Neftçi” çempionatı üçüncü yerdə başa vurub. Ölkə kubokunun finalında isə “Qəbələ”yə uduzaraq titul qazana bilməyib. Sözsüz ki, bürünc medal “Neftçi” üçün uğurlu nəticə sayılmır.

Görünür, paytaxt klubunun zəif çıxışının əsas səbəbi baş məşqçi Laurentsiu Regekampfın futbolçularla anlaşa bilməməsi, ölkə futbolunu düzgün təhlil etməməsi olub. Hətta zəif rəqiblərlə matçda belə Regekampf “Neftçi”ni düzgün hazırlaya bilməyib.

Azərbaycan çempionatını dördüncü pillədə başa vuran “Qəbələ”dən xüsusi olaraq danışmaq lazımdır. Ötən yay büdcəsi azaldılan, AFFA-dan maddi yardım alaraq ayaqda qalan bölgə təmsilçisi ilin sürprizi olub. “Qəbələ” əksər favorit komandalara ciddi müqavimət göstərib. Zəif heyətlə sonadək mübarizə aparan Elmar Baxşiyevin komandası Azərbaycan Kubokunun finalında “Neftçi”yə qalib gəlib. Mövsümü titulla başa vuran “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Klubun uğurunda rəhbərliyin məşqçiyə dəstəyi və baş məşqçi Elmar Baxşiyevin bilik, bacarığının böyük rolu olduğunu qeyd etməliyik. Ən çətin anlarında futbolçulara dəstək olan məşqçilər korpusu bütün mövsüm boyu komandanı hazırlamaq üçün düzgün plan qurub.

 

Qanunauyğun nəticə

“Qarabağ”ın prezidenti Tahir Gözəl  komandasının çempionluğunu qanunauyğun nəticə adlandırıb: “10-cu çempionluq Azərbaycanda bir ilkdir. Bu, bizi çox sevindirir. Bir klubun ardıcıl 1-2 il çempion olması ayrı bir uğurdur, amma 10 dəfə çempion olması onu göstərir ki, bu klubda dərin qələbə əzmi, birlik var. Bu hal bizi çox sevindirir. “Qarabağ”ın loqosunda bir ulduz var. Çünki UEFA-da hər beş ildən bir 1 ulduz verir. Artıq bizim loqomuz dəyişəcək və orada 2 ulduz olacaq. Bu, böyük bir nailiyyətdir. Bu gün biz zəfərimizi tam başqa ruhda qeyd edirik. Çünki qələbəni azad Azərbaycanda qeyd edirik”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionluq titulunu qoruduqlarına görə özünü xoşbəxt hiss etdiyini bildirib: “Bu adı qoruyub saxlamaq çox xoşdur. Hər il çempionatda birinci olmağı məqsəd qoyuruq. Bu il də çempionluq adını qoruyub saxlamaq bizim üçün xoş oldu. Futbolçularımız çox yaxşı performans göstərdilər. Düşünürəm ki, çempionluq adına layiq idilər”.

Azərbaycan Kubokunun qalibi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev mövsümün nəticəsindən razı qaldığını söyləyib: “Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı “Qəbələ” görmək istəyirəm. Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq. Mövsümü titulla başa vurmaq böyük nəticədir”.

Beləliklə, Azərbaycanda futbol mövsümü başa çatıb. Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında, “Sabah”, “Neftçi” və “Qəbələ” UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanıb. Avrokuboklarda oyunlar iyulda başlayacaq.



MƏSLƏHƏT GÖR:

116