Müəllif: Nigar ABBASOVA
OPEC-in Baş katibi Haysam Əl-Qaysın iyunda Bakıya səfərindən sonra Azərbaycanın təşkilatla əməkdaşlığı gözlənilməz istiqamətdə davam etməyə başlayıb. Belə ki, xarici mətbuatda heç kəsin gözləmədiyi vaxt belə bir xəbər yayılmışdı ki, iyulun 5-6-da Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC-in VIII beynəlxalq seminarı çərçivəsində Azərbaycana neft hasil edən ölkələrin təşkilatına üzv olmaq təklif olunub. KİV-lər vasitəsilə bu məsələ dərhal ictimailəşdi. Lakin Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin hazırda bu məsələni nəzərdən keçirmədiyini bildirib.
OPEC-in Baş katibi isə rəsmi dəvətin olmadığını qeyd edib: “Lakin təşkilat genişlənməyə qarşı deyil, əksinə hazırda bunun üzərində işləyir”.
Bu arada, neft hasil edən ölkələrin nümayəndələrinin görüşlərdə müzakirə etdiyi mövzulara nəzər salsaq, bu təşkilata yeni üzv qəbul etməkdən daha aktual məsələlərin olduğunu söyləyə bilərik. Buraya bu sahənin hansı istiqamətdə hərəkət etməsi ilə bağlı məsələ və neft qiymətlərini sabitləşdirmək üçün addımlar atılması daxildir. Bununla bağlı, “OPEC+”a daxil olan ölkələrin nümayəndələri Vyanada keçirilən seminar zamanı digər dövlətləri “qara qızıl” hasilatının azaldılması ilə bağlı razılaşmaya qoşulmağa çağırıblar.
Komfort zonası
OPEC-in seminarı beynəlxalq enerji təqviminin əsas tədbirlərindən biridir və qlobal enerji sənayesinin gələcəyini dəyişməyə, onun dayanıqlılığı ilə bağlı ədalətli keçidin təmin edilməsinə və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasına yönəlib. Builki tədbir dünyada güclənən geosiyasi hadisələr, qlobal iqtisadi qeyri-müəyyənlik və enerjiyə artan tələbat fonunda baş tutub.
Xatırladaq ki, OPEC seminarları 1969-cu ildən keçirilir. Budəfəki beynəlxalq tədbirə OPEC-ə üzv ölkələrin nazirləri, digər neft istehsalçılarının nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və dünyanın ən böyük enerji şirkətlərinin top menecerləri “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” adlı “beyin fırtınası”nda iştirak etmək üçün gəlmişdilər.
İclas iştirakçıları enerji keçidi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi siyasəti, investisiyalar, texnologiya və innovasiyalar daxil olmaqla, neft və enerji sənayesinin üzləşdiyi əsas məsələlər və problemləri müzakirə ediblər.
Haysam Əl-Qays çıxışında yenidən neft-qaz sektoruna investisiyaların azalmasına diqqət çəkib. Onun fikrincə, bu, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqədar yanlış təsəvvürlə bağlıdır: “Biz enerji resurslarının hasilatının azaldılması üçün deyil, emissiyaları azaltmaq üçün əlimizdən gələni etməliyik. Hasilatın, neft-qaz sektoruna investisiyaların azaldılması ilə bağlı yanlış fikir var. Biz bu fikirlə razılaşmırıq. İnanırıq ki, gələcəkdə bütün enerji mənbələrinə, o cümlədən bərpa olunan mənbələrə ehtiyac olacaq. Tələbatı təkbaşına ödəyə biləcək vahid enerji mənbəyi yoxdur”.
OPEC-in Baş katibinin fikrincə, enerji keçidi nizamlı, əhatəli və hər kəsin təhlükəsizlik ehtiyaclarına cavab verməlidir: “İqlim danışıqlarında iştirak edən tərəflərin bir anlıq fasilə verməsi və daha geniş mənzərəyə nəzər yetirməsi vacibdir”.
O, həmçinin gələcək qlobal ehtiyacları ödəmək üçün neft hasilatına investisiyaların artırılmasına və daha balanslı, ədalətli iqlim gündəminə dair çağırışlarını təkrarlayıb.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman neft bazarı iştirakçılarına “komfort zonası”ndan çıxmamağı tövsiyə edərək, “OPEC+”un enerji sahəsində problem və çağırışlarla məşğul olmağa davam edəcəyinə, təşkilatın fəaliyyətinin daha səmərəli və şəffaf olacağına əmin edib: “OPEC+”un daha səmərəli və açıq olacağı ilə bağlı nikbinəm. Düşünürəm ki, insanlar “komfort zonası”nda olmalıdırlar, işimizə çox diqqət yetirdiyimiz üçün bu bazar tərk edilməyəcək”.
Azərbaycanın energetika naziri də neft-qaz sektoruna sərmayə qoyuluşu məsələsinə toxunaraq qeyd edib ki, neftin qiymətinin pik nöqtəsində bu sektora investisiyalar ildə 900 milyard ABŞ dolları, 2021-ci ildə isə cəmi 300 milyard ABŞ dolları olub: “OPEC+” ölkələri təşkilatın və neft sənayesinin gələcəyi haqda düşünməlidir. Neft sektoruna sərmayə qoyuluşunun azalması da nəzərə alınmalıdır. Bu istiqamətdə daha çox müzakirələr aparmalıyıq”.
BƏƏ-nin energetika naziri Süheyl Əl-Məzrui əlavə edib ki, karbohidrogenlərə tələbat artır və haqqında danışılan tələbat platosu hələ də uzaqdadır - defisit artır və investisiya kifayət qədər deyil. O, “qara qızıl” bazarının hamı üçün faydalı olması üçün digər ölkələri “OPEC+”a qoşulmağa dəvət edib.
Onun sözlərinə görə, indi neftlə bağlı “ehtiyatlı nikbinlik” var: “Karbohidrogenlərə tələbat artır, lakin bu sektora kifayət qədər investisiya qoyulmur”.
Nazir əmin edib ki, “OPEC+” tərəfindən hasilatın azaldılması istiqamətində görülən tədbirlər tezliklə bazarda hiss olunacaq: “Bəzən nəticələr nəzərə çarpana qədər bir az gözləmək lazımdır”.
O, atılan addımların düzgün olduğuna əminliyini ifadə etdi.
Seminarın yekunlarına dair sensasiya yaradan qərarlar qəbul olunmayıb. OPEC ölkələrinin energetika və neft nazirləri neft bazarında tarazlığın qorunmasına dair təşkilata daxil olmayan ölkələrdən olan həmkarları ilə məsləhətləşmələri davam etdirmək barədə bir daha razılaşıblar. Prinsipcə, yeni həll yolları gözləməyə dəyməzdi. Bəyanatlara əsaslanaraq söyləyə bilərik ki, yaxın gələcəkdə bütün diqqət “OPEC+” nazirlərinin sonuncu görüşündə neft hasilatının məcburi və könüllü şəkildə azaldılması ilə bağlı verilən vədlərin həyata keçirilməsinə yönələcək.
Yeri gəlmişkən, beynəlxalq seminardan iki gün əvvəl Səudiyyə Ərəbistanı iyul ayı üçün gündəlik 1 milyon barel həcmində neft hasilatının könüllü azaldılmasını avqust ayı üçün də uzatmaq niyyətində olduğunu açıqlamışdı. Beləliklə, avqustda Səudiyyə Ərəbistanının neft hasilatı gündəlik təxminən 9 milyon səviyyəsində qalacaq.
Qeyd edildiyi kimi, bu əlavə könüllü ixtisar neft bazarlarını sabit və balanslı saxlamaq üçün “OPEC+”un ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır.
OPEC axtarışdadır?
Azərbaycanın OPEC-ə dəvət olunması ilə bağlı xəbəri təşkilatın baş katibinin sözlərinin yanlış şərhi ilə izah etmək olar. Azərbaycan tərəfinin sonrakı reaksiyası isə bu məsələyə nöqtə qoyub. Nazir P.Şahbazov bildirib ki, hazırda Azərbaycan OPEC-ə yeni iştirakçı kimi daxil olmaq məsələsini nəzərdən keçirmir: “Bu cür məsələlər bəzən qaldırılır, lakin hazırda biz bu məsələni nəzərdən keçirmirik”.
Bu o deməkdir ki, Azərbaycan “OPEC+” formatı çərçivəsində artıq üzərinə götürdüyü öhdəliklərdən daha artığını götürmək istəmir. OPEC ilə mövcud əməkdaşlıq mexanizmi Bakı üçün çox rahatdır və ölkənin milli maraqlarını nəzərə almaqla və iqtisadiyyatına ciddi ziyan vurmadan neft hasilatının azaldılması məsələsində qərarlar qəbul etməyə imkan verir.
H.Əl-Qays Azərbaycanın OPEC-ə öz adından dəvət edilməsi ilə bağlı xəbərləri təkzib edib. Lakin o qeyd edib ki, təşkilatın qapısı hər kəs üçün açıqdır və onun genişlənməsinə şad olardı: “Mən Malayziya, Meksika, Bruney, Azərbaycanda olmuşam. Amma onları OPEC-ə üzv olmağa dəvət etmişəm. “OPEC+” formal təşkilat deyil, əməkdaşlıq ittifaqıdır. Odur ki, “OPEC+” üzvləri formal olaraq OPEC-ə daxil deyil üzvü deyil: Rusiya, Azərbaycan, Qazaxıstan. Amma onlar 7 ildir, yəni 2016-cı ildən bəri bizimlədir. Elə görünür ki, sanki onlar artıq OPEC-in üzvüdürlər”.
OPEC-in 2023-cü il üzrə konfransının prezidenti, Ekvatorial Qvineyanın dağ-mədən və karbohidrogenlər naziri Antonio Ondo da hesab edir ki, təşkilatın üzvlərinin sayının artırılması bazara şəffaflıq və təxminedilə bilənlik əlavə edəcək.
Qeyd edək ki, hazırda OPEC-in üzvləri əsasən Yaxın Şərq, Şimali və Qərbi Afrika, o cümlədən Cənubi Amerikadan olan 13 ölkədir. Son 5 il ərzində Neft İxrac Edən Ölkələr Təşkilatına yeni üzvlər qəbul edilməyib. Lakin təşkilatın tarixində belə hadisələr də olub: onun sıralarını kvotanın bölüşdürülməsi məsələsində fikir ayrılığına görə və ya hər hansı başqa səbəbə görə ölkələr tərk edib, daha sonra geri qayıdıb və yenidən çıxıblar. Məsələn, İndoneziya təşkilatın qaydalarına əməl edə bilmədiyi üçün OPEC-ə üzvlüyünü dayandırıb: ölkə hasilatın azalması səbəbindən neft ixracatçısından idxalçıya çevrilmişdi.
Təşkilatı sonuncu dəfə (2019-2020) Ekvador və Qətər tərk edib. Ekvador illik 2 milyon ABŞ dolları məbləğində rüsumun ödənilməsi, həmçinin neft hasilatı üçün kvotaların bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarına görə, Qətər isə təbii qaz hasilatının artırılması və mayeləşdirilmiş qazın istehsalına diqqət yetirmək istəyinə görə təşkilatdan çıxıb. Hər iki halda bu, OPEC üçün kiçik itki idi, çünki bu ölkələrin ehtiyatlarını nəzərə alsaq, onların təşkilatda aparıcı oyunçular olmadığını söyləyə bilərik. OPEC-in üzvü olaraq qalan Nigeriya isə kvotalara çata bilməsə belə, dəfələrlə bu barədə şikayət edib.
OPEC-in Baş katibi etiraf edib ki, bəzi ölkələr təşkilata üzv olmaqla bağlı qərar verən zaman ABŞ hökumətinə OPEC üzvlərinə qarşı antiinhisar iddiaları qaldırmağa imkan verən NOPEC (“No Oil Producing and Exporting Cartels Act”) qanun layihəsi çərçivəsində sanksiyalara düşməkdən çəkinirlər.
Bu məqamda xatırladaq ki, Vyanada keçirilən görüş ərəfəsində “The Wall Street Journal” OPEC-in adı açıqlanmayan nümayəndələrinə istinadən xəbər verib ki, son aylarda Səudiyyə Ərəbistanının energetika naziri və OPEC-in Baş katibi Qayanaya alyansa qoşulmağı təklif edib.
Yeri gəlmişkən, OPEC analitikləri hesabatlarında Qayananı qeyri-OPEC ölkələri arasında qlobal neft hasilatının artımının aparıcı amillərindən biri adlandırırlar. Alyansın hesablamalarına görə, 2023-cü ilin sonuna bu ölkədə, orta hesabla, gündəlik neft hasilatı təxminən 400 min barel təşkil edə bilər, amma 2 il əvvəl bu rəqəm təxminən 100 min barel idi. Lakin Cənubi Amerika ölkəsinin rəhbərliyi bu xəbərləri təkzib edib. Onlar bildiriblər ki, Qayana iyulda keçirilən beynəlxalq OPEC seminarına dəvət olunub, lakin OPEC-ə üzv olmaq üçün rəsmi dəvət almayıb. Onun sözlərinə görə, ölkəsi təşkilata üzv olmaq məsələsində maraqlı deyil.
Qayananın vitse-prezidenti Bharrat Caqdeo qeyd edib ki, 2019-cu ildə kommersiya neft hasilatına başladığı gündən dünyanın ən sürətlə böyüyən xam neft istehsalçılarından birinə çevrilən ölkəsi hasilatı artırmağa və mümkün qədər tez bir zamanda yeni operatorları cəlb etməyə çalışır. Amma Qayana OPEC-ə qoşulmaqla neft qiymətlərini saxlamaq üçün təşkilatın dünya üzrə tədarüklərini azaltmaq səylərinə töhfə verməli olacaq.
Bir sözlə, bütün bunlar Azərbaycan üçün də yaxşı nümunədir. Axı, o, OPEC-in tamhüquqlu üzvü olmaqla, bəlkə də, yalnız müəyyən qrup ölkələrə uyğun gələn qaydalarla uyğunlaşmaq məcburiyyətində qalacaq. Neft İxracatçıları Təşkilatı ilə əməkdaşlıq etmək, sərt tələblərə uyğunlaşmadan və ən böyük ölkələrin - “qara qızıl” ixracatçılarının təzyiqi altında olmadan neft qiymətlərini sabitləşdirmək üçün təvazökar səylər göstərmək daha səmərəlidir.
MƏSLƏHƏT GÖR: