Müəllif: Nərgiz BAĞIROVA
Nigar Nərimanbəyovanı haqlı olaraq azərbaycanlı-fransız rəssam adlandırırlar, çünki onun yaradıcılığı iki fərqli mədəniyyəti özündə cəmləşdirib və üzvi surətdə birləşdirib. Bu da təəccüblü deyil, çünki Nigar xanım azərbaycanlı-fransız ailəsində anadan olub. Məhz buna görə də Şuşa dağlarının parlaq koloriti, Bakının isti küləyi və parlaq günəşi yumşaq fransız pasteli ilə birlikdə onun qanındadır. Amma məşhur rəssamın söylədiyi kimi, bu məsələ beynəlmiləl ailədə doğulmaqla deyil, onun uşaqlıq illəri ilə bağlıdır. Həmin illərdə fransız nağılları, impressionistlərin albomları, XX əsrin ortalarında Azərbaycanın ikonik və tanınmış rəssamları olan onun görkəmli atasının və dostlarının rəsmləri var idi.
- Sizi azərbaycanlı-fransız rəssam adlandırırlar. Bu, nə dərəcədə doğrudur? Sizdə Azərbaycan və Fransa mədəniyyətlərinə aid nə var? Belə müxtəlif rəssamlıq ənənələrini nə dərəcədə ahəngdar birləşdirirsiniz?
- Gəlin, ondan başlayaq ki, mənim qanımda iki böyük mədəniyyət qarışıb - fransız və Azərbaycan. Nənəm İrma Lya Rode Fransanın cənubunda, heyrətamiz dərəcədə gözəl bir yer olan Pau şəhərindəndir. Babam Fərman Yaqub oğlu Nərimanbəyov Şuşa şəhərindən olan azərbaycanlıdır. Onlar 1918-ci ildə Tuluzada tanış olublar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin general-qubernatoru olan ulu babam Əmirbəy Nərimanbəyov o vaxt 100 nəfər istedadlı azərbaycanlı tələbəni Avropanın ən yaxşı universitetlərində oxumağa göndərmişdi. Onlar arasında mənim babam da var idi. O, energetika mühəndisliyi üzrə təhsil almaq üçün Tuluza Universitetinə yollanıb. Nənəm isə həmin universitetdə kuturye ixtisası üzrə təhsil alıb. Onlar ilk baxışdan aşiq oldular, daha sonra evləndilər. 1926-cı ildə isə gənclər Fransanın şimalındakı Kann şəhərinə köçüblər. Orada magistratura təhsillərini davam etdirən zaman atam Vidadi Nərimanbəyov anadan olub.
1930-cu ildə sovet Azərbaycanına qayıtdılar. Babam vətən üçün çox darıxırdı və Şuşanı nənəmə göstərmək istəyirdi. Nənəmin Şuşa serpantininin fonunda oturduğu, balaca atamı isə dizləri üstə tutduğu fotoşəkil də var. Qeyd etməliyəm ki, nənəm Şuşaya valeh olmuşdu. Burada Azərbaycan elitası və xarici dilləri bilən aristokratlarla dostluq edirdi. Orada rahat idi, fransız dilindən başqa heç bir dildə danışmasa da, özünü tamamilə buranın insanı kimi hiss edirdi.
1930-cu illərdə nənəm Fransadan Bakıda tapılması mümkün olmayan kitablar gətirib. Bunlar impressionistlərin, Van Qoqun, Renuarın, Matisin albomları idi. Mən onları indiyədək xatırlayıram. Qardaşımla mən onları daima vərəqləyir və oxuyurduq. Bizə formanı, rəngi, kompozisiyanı məhz belə hiss etməyin lazım olduğunu öyrətmişdilər. Nənəm ömrünün sonuna kimi paltarlar, paltolar, papaqlar tikib. Onun müştəriləri Elmira Şahtaxtinskaya, Sara Aşurbəyli, Əminə Dilbazi kimi Azərbaycanın tanınmış qadınları olub. Nənəm onlar üçün inanılmaz dərəcədə parlaq və eleqant obrazlar yaradıb. O, yaradıcı insan idi və bu, mənə də keçib. Fransız rəssamlığını, kitabları, mədəniyyəti tərbiyə ilə birlikdə mənimsədik: nənəmlə yalnız fransızca danışırdıq, o, bizə nağıllar danışır, fransız mahnıları oxuyurdu. Amma eyni zamanda paralel olaraq Şuşa da var idi. O da bizim “damarlarımızdan axırdı”.Bu musiqi, rəng, rəng keçidləri, dağlar, quşlar, çaylar və şəlalələr idi... Uşaq vaxtı yay aylarını Şuşada keçirirdik. Fransadakı sərgilərdə deyirlər ki, sizin necə maraqlı üslubunuz var. Bu üslubun adının nə olduğunu soruşurlar. Bu üslubu özüm fikirləşmişəm. O, oneirik xromatizm adlanır: rəngli yuxular və röyalar. Kətan üzərində nağıl – Şərq və Qərb notlarını, ecazkar xarakterləri, gözəl insanların portretlərini, insan sifətli quşları, təbiətdə olmayan heyvanları yaradıram. Həmişə rəsmlərimin yanında çoxlu insan toplaşır. Artıq məni yaxşı tanıyanlar da var. Onlar mənim yeni işlərimə baxmağa gəlir və həmişə bu sehrli üslubu qeyd edirlər: bu üslubla sanki rəsm içəridən parlayır. Bu, məncə, iki böyük mədəniyyətin - Azərbaycan və Fransa mədəniyyətinin qarışmasından yaranan “kokteyl” sayəsində baş verir.
- Siz də atanız - xalq artisti Vidadi Nərimanbəyov kimi həm Parisdə, həm də Bakıda yaşayırsınız. Ailənizin tarixini nəzərə alsaq, Fransaya bu sevgi genetik olaraq sizə xasdır, yoxsa bu ölkəyə münasibətiniz tədricən formalaşıb? Bir rəssam kimi Fransa rəssamlıq ənənələri sizə necə təsir göstərib?
- Mən uzun müddətdir, yəni ötən əsrin 90-cı illərinin sonlarından Fransada yaşayıram. Atam Fransanın Kann şəhərində anadan olub və buna görə də genetik olaraq bu ölkə bizi hər zaman özünə cəlb edib. Sovet dövründə çox gənc olanda xaricə getmək çətin idi və nənəmin vətəninə gedəcəyimi xəyal edirdim. O, həmişə deyirdi ki, mən Parisi, Orse muzeyini, Luvr muzeyini görəcəyəm, onların zallarını gəzəcəyəm və sevimli Dominik İnqresi, Delakruanı, fransız neoklassizmini görəcəyəm... Nəhayət, 1990-cı illərdə ailəmlə birlikdə Fransaya getdim. Paris isə xəyallarımda təsvir etdiyim kimi idi. Bu, havada musiqi, şeir, ilham və romantizmin “uçuşduğu” şəhər idi.
İlk bir neçə il Parisin aktyorların, rəssamların və heykəltaraşların yaşadığı bohem regionu olan Bulonda yaşadım. Oradakı qızılgülün, qəhvənin, təzə bişmiş baqetin ətrini, ağ kətanı xatırlayıram.... Bir sözlə, Parisin ab-havası ilə bağlı stereotip şəklində mövcud olan hər şey doğru çıxdı: Kiçik kafelər, səhərlər qəhvə içib qəzet oxuyan daimi müştərilər, bir də dəftərlə gəzməyi, eskizlər çəkməyi, küçə musiqiçilərinə qulaq asmağı sevən mən. Bu fransız koloriti rəsmlərimdə var.
Bundan başqa, həftədə bir dəfə bu enerjidən qidalanmaq, daxili səviyyəni böyük ustadlar səviyyəsində saxlamaq üçün mütləq Luvr muzeyinə gedirəm. Bu mənim üçün çox vacibdir. Uşaqlıq illərində Bakıda, Parkovaya küçəsində yaşayırdıq. Hazırda həmin küçədə gözəl parklar var. O vaxt həmin küçədə çox sayda qonşunun yaşadığı italyan üslubunda eyvanları olan birmərtəbəli evlər var idi. Atamın dostları, rəssamlar hər axşam bizə qonaq gəlirdilər. Onlar emalatxanadan gəlib, bizim evə yığışıb böyük tut ağacının altında çay içirdilər: Səttar Bəhlulzadə, Viktor Qalyavkin, Qorxmaz Əfəndiyev, Müslüm Abbasov, Fərhad Xəlilov. Mən isə bütün günü molbertin qarşısında oturduqdan sonra onların yayına gəlir və yeni akvarel göstərdim. Məni çox tərifləyirdilər. Səttar Bəhlulzadə məni qucağına alıb mənim böyük rəssam olacağımı dedi.
Uşaqlıq illərim çox gözəl keçib. Yadımdadır, nənəm rəsmlərimi götürüb öz mənzilinin divarlarından asırdı. Mənim rəsmlərimi çox sevirdi. Bütün uşaqlığım musiqi, şeirlər, böyük şəxsiyyətlərin rəsmləri ilə keçib. İndi isə Parisdə yaşayaraq bunu həyatda qazandığım biliklər kimi hiss edirəm.
- Valideynləriniz sizin və qardaşınızın rəssamlıqla məşğul olmasını istəyirdi? Uşaqlıq və gənclik illərindəki yaradıcılığınıza ilk reaksiya necə idi?
- Rəssam olacağıma şübhə yox idi, bu çox təbii hal idi! Fantastik dərəcədə gözəl rəsmlər, gələcək paltarların eskizlərini hazırlayan nənəm sürgündə olarkən də yaradıcılığını davam etdirirdi. Bəli, babamla nənəm də 1937-ci ildə, yəni Stalin repressiyası Azərbaycana çatan zaman həbs olunub və sürgünə göndərilib. Nənəm sadəcə fransız olduğu üçün Qazaxıstana sürgün edilib. Bakı qubernatorunun oğlu, görkəmli ictimai-siyasi xadim, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının və Azərbaycan Parlamentinin üzvü, 1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlardan biri, pantürkizmdə ittiham edilərək Nargin adasında güllələnən Nəriman bəy Nərimanbəyovun qardaşı oğlu olan babam isə Kolımaya sürgün edilib.
Belə ki, nənəm Qazaxıstanda, sonra isə Səmərqənddə sürgündə olarkən daim tikiş tikir və deyirdi ki, yaradıcılıq onu ölməyə qoymur. Bu unikal bir haldır: rus dilini bilmədiyi halda belə sürgündə də lazımlı olmağı bacarırdı. O, daha sonra bizə danışırdı ki, müxtəlif millətlərdən olan qadınların əhatəsində olduğu əcnəbilər üçün düşərgənin qadın baraklarında səhər tezdən masanın üstünə qalxaraq onlara “Marselyeza” oxuyarmış. Bununla da şəhər sakinlərinin əhvali-ruhiyyəsini qaldırarmış. Onun mahnısı qadın düşərgəsinə yayıldı və hətta yaxınlıqda yerləşən kişi düşərgəsindəki məhbuslar da qulağına da çatmışdı. Rus yazıçısı Varlaam Şalamov “Kolıma hekayələri” kitabında barakda hər səhər “Marselyeza” oxuyan nənəm haqqında bəhs edib.
Buna görə də başa düşdüyünüz kimi, rəssam olmamaq şansım yox idi. Yaradıcılıq mövzusunu davam etdirsək, həyatının ən çətin anlarında nənəmi tikiş və musiqi xilas edib. Məni xilas edən isə rəssamlıq, kətan və boyalardır. Rəsmlərimin yanına toplaşanlar hər şeyi hiss etdiklərini deyəndə, bu, təbii ki, böyük xoşbəxtlikdir. Hamımız uşaqlıq illərinin “məhsuluyuq”.
- Elə rəssamlar var ki, onları şöhrət maraqlandırmır, digərləri isə uğura can atır. Özünüzü hansı kateqoriyaya aid edirsiniz?
- Mən şöhrətin maraqlı olmadığını söyləyən rəssamlara inanmıram. Əgər siz şöhrəti insanların yaradıcılığınıza cavabı kimi qəbul edirsinizsə, bu gözəldir. Doğrudur, bu zaman bəzi ordenlər, diplomlar və s. ilə mükafatlandırılmaya da bilərsiniz. Əlbəttə ki, rəsmi olaraq mükafatlandırılmanız əladır, xoş hisslər yaradır. Amma inanıram ki, rəssam sərgilərdə, rəsm layihələrində iştirak etməlidir, çünki əks halda onun ictimaiyyətlə, tamaşaçı ilə əlaqəsi kəsiləcək. Tamaşaçılarınızın, yəni sizi başa düşən və gözləyən insanların axtarışı məhz sərgilərdə baş verir. Buna görə də Avropanın müxtəlif ölkələrində və artıq bir neçə sərgi keçirdiyim Azərbaycanda böyük rəsm layihələrində iştirakdan heç vaxt imtina etmirəm. Əgər tamaşaçıların sizin işinizə olan sevgisini nəzərdə tuturuqsa, şöhrət lazımdır. İnsanların rəsmlərini əldə etməyə can atması, evlərindən asması, kiməsə hədiyyə etməsi və ya rəsmləri sərgilərdə, salonlarda alması – bütün bunlar onların kiminsə evində yaşamağa davam etməsi deməkdir və bu, çox böyük xoşbəxtlikdir. Qürur duyuram ki, Bakıdakı emalatxanamda praktiki olaraq bir dənə də olsun rəsm əsərim yoxdur, hamısı Azərbaycan xalqının əlindədir.
- Bir yazıçıdan onun ən çox hansı kitabını sevdiyini soruşanda cavabı belə olur: sonuncusunu. Bəs bu, rəssamlarda necədir? Sevdiyiniz və sevmədiyiniz işləriniz varmı?
- Obrazlı desək, sevgi ilə böyüdə bilməyəcəyim “uşağı” dünyaya gətirə bilmərəm. Bu, yaradıcılığa da aiddir. Odur ki, eskizlərdən tutmuş rəsmlərə qədər bütün əsərlərim sevgi və məhəbbətlə ərsəyə gətirilib. Həyatda olduğu kimi yaradıcı mərhələlər, pillələr var: böyümə və ya Pikassodakı kimi, çəhrayı dövr, daha sonra kubizm, abstraksionizm. Gənclik illərində yaranan tablolar var və mən onları çox sevirəm, çünki həmin rəsmlər də “gəncdir”, hətta müəyyən mənada “sadəlövhdür”. Daha sonra yetkin şəxs olaraq iş ab-havasında əsərlər yaratmağa başladım. Hətta sürrealist bir dövr var idi, dramla, bütöv bir silsilə rəsmlər çəkdim, amma bir də qalmadı. Onların hamısı Fransa, Azərbaycan, Rusiya və başqa ölkələrdəki şəxsi kolleksiyalardadır. Rəsmlər insanlar kimidir, yəni onların da yaşları var. Məsələn, çox “yetkin” əsərlər bütün həyatınızı yenidən düşündüyünüzə dəlalət edir. Təbii ki, ən çox sevilən, son rəsmlərdir. Həmin rəsmlər yaradılan zaman müəyyən səviyyəyə çatdığınızı və daha da zənginləşdirilmiş üslubda işlədiyinizi hiss edirsiniz. İndi mən xüsusi dövrdəyəm. Akvarel, pastel, yağlı boyalar var, amma qrafik işlər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Yağlı boyalarda işləyərkən - bu kifayət qədər uzun bir prosesdir - bir neçə mərhələdə bir kətan yaradırsınızsa, qrafik işlər bir saat yarım ərzində doğulur. Çoxlu sayda rəsmlərimi artıq qrafik işlərə dəyər verənlər alıb. Amma hələ çox əsərlər var və mən onları gələcək sərgi üçün saxlamışam.
Mən tez-tez fəxri qonaq kimi kulinariya müsabiqələrində, məsələn, Fəxrəndə Həsənzadə ilə iştirak edirdim. Həmin müsabiqələrdə qaliblərə hər zaman qrafik işlərimi təqdim edirdim. İştirakçılar isə məhz bu mükafatı qazanmağa can atırdılar. Onlar möhtəşəm milli yeməklər hazırlayırdılar. Bilirdilər ki, qalib gələcəkləri təqdirdə Nigar Nərimanbəyovanın rəsmi ilə mükafatlandıralacaqlar. Bundan əlavə, qrafik işlərimdən kitabların üz qabığının hazırlanmasında istifadə olunub. Uzun müddətdir ki, Azərbaycan yazıçısı Lalə Umud ilə əməkdaşlıq edirəm. Onun bütün kitablarının üz qabıqlarının dizaynını hazırlamışam. Buraya bu yaxınlarda işıq üzü görən “Ağabala”, o cümlədən “İntuisiya”, “Kloun və balerina”, “Zəngçiçəyi vaxtı” kitabları daxildir. Onun bu yaxınlarda yağlı boya ilə çəkilmiş “Şeytanqanqalı” romanı işıq üzü görəcək. “Xarıbülbül çiçək açanda” nağıl silsiləsi də hazırlanır. Bu kitabın üz qabığının dizaynı da mənə məxsus olacaq.
Demək istərdim ki, mənim yaradıcılığımda qrafik işlərin yeri başqadır. Rəsmi uzun müddət düşünmək, hazırlanmaq və yalnız bundan sonra kətana köçürmək lazımdır. Qrafik iş isə tez, assosiativ şəkildə həyata keçirilir və bu mənada yüngül poeziyanı xatırladır. Buna görə də qrafik işlər mənim həyatımda ayrı bir hekayədir.
- Yayda mədəni həyat intensivliyini itirir. Yaxın aylarda sənətsevərləri nə gözləyə bilər? Sizin iştirakınızla hansı sərgilər və harada keçiriləcək?
- Bəli, yay ayları sərgilər və incəsənət layihələri üçün “ölü mövsüm”dür. İnsanlar istirahət edir, güc yığır. Amma məndə belə bir anlayış yoxdur. Mənim üçün ən yaxşı istirahət fırça və kətandır. Çalışmayanda özümü pis hiss edirəm. İşimi zirvəyə qalxmaqla müqayisə edə bilərəm. Bir eskiz çəkdikdə, boyaları qarışdırdıqda, fırça ilə toxunuşlar etdikdə qəlbimdə adrenalin axır, Kosmosla, Tanrı ilə birbaşa əlaqə başlayır. Bunu bitirdikdə isə bunu necə etdiyini başa düşmürsən. Bu, yaradıcılığın ən yüksək zirvəsidir. Bunu adrenalinsiz yaşaya bilmərəm.
Hazırda Fransa rəssamları salonunda 2024-də təqdim olunacaq rəsm üzərində işləyirəm. Təxminən 600 il əvvəl XIV Lüdovik tərəfindən təşkil edilən bu salon hər il Fransa prezidentinin himayəsi altında Qrand Palenin ən böyük sərgi salonunda keçirilir. Rəsm əsərlərini 30 akademikdən ibarət münsiflər heyəti seçir. Onların adlarını heç kəs bilmir. Münsiflər heyəti hər bir rəssamın bir rəsmini seçir, yaxud rəssamın əsərləri salonun - Fransa İncəsənət Akademiyasının meyarlarına uyğun gəlmirsə, ümumiyyətlə, heç bir əsər seçmirlər. Mən fəxr edirəm ki, burada Azərbaycanı bir neçə dəfə təmsil etmişəm. Üstəlik, çox yüksək peşəkar səviyyədə olan Avropa rəssamlığının bu sərgisində iştirak edən yeganə azərbaycanlı qadınam. Təbii ki, insanlar arasında populyar olan çox sayda sifarişlər, nağıl üslubundakı portretlər üzərində işləyirəm. Əgər Parisdən əsərlərimi gətirə bilsəm, o zaman Bakıdakı sərgim yayda baş tuta bilər. Əks halda sərgini daha gec tarixə, yəni Yeni ilə yaxın vaxta keçirmək lazım gələcək. Bakıdakı tələbələrimin də sərgiləri planlaşdırılır.
Pandemiya zamanı anam xəstələnəndə Parisdən Bakıya gəldim. Lakin o vaxt da sakit otura bilmədim və buna görə də çoxsaylı layihələrdə, o cümlədən Şuşada keçirilən birinci “Xarıbülbül” Beynəlxalq Festivalında iştirak etdim. Çox maraqlı layihə idi: dünyanın müxtəlif ölkələrindən olan 13 rəssam xarıbülbül heykəllərini öz üslublarında ərsəyə gətiriblər. Biz xarabalığa çevrilmiş Ağdamı, Füzulini gəzdik, möcüzəvi yerə - Şuşaya qalxdıq. Bizim heykəllərimiz Şuşa dağları fonunda, muğam sədaları altında inanılmaz görüntü yaratmışdı. Əcdadlarımın doğulduğu Şuşa torpağını öpdüm.
Beləliklə, Bakıda bir çox layihələr həyata keçirmişəm. 6 yaşından 75 yaşına kimi olan tələbələrimlə Rəssamlar İttifaqımızda keçirdiyimiz sərgini qeyd etmək istərdim. Bu sərgi 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə həsr olunub. Sərgidə təqdim olunan rəsmlər tamaşaçılarda çox güclü təəssürat yaradıb.
- Bəs Avropa tamaşaçılarının Azərbaycanın təsviri incəsənətinə münasibəti necədir? Buna ekzotika kimi baxırlar? Yoxsa milli rəssamlığımızı Qərbi Avropa təsviri incəsənət məktəbinin bir hissəsi hesab etmək olar (mövzular, süjetlər, üslublar və s.)?
- Hesab edirəm ki, ekzotika kimi anlayış yoxdur. Rəssamların əsərlərində kolorit olmalıdır. Azərbaycan rəssamlarının əsərlərində isə milli kolorit. Kulinariya sahəsində olduğu kimi. Amma musiqi, rəsm kimi incəsənət müəyyən qanunlara uyğun olaraq mövcuddur və onlar tamamilə hər kəs üçün başadüşüləndir. Texnika dəyişə bilər. Azərbaycan məktəbi daha parlaq rəngdədir, çünki günəşli günlər çoxdur, dənizimiz var. Ölkəmizdə buludlu günlər, demək olar ki, yoxdur, yay uzundur və buna görə də rənglər parlaqdır, rəsm açıqdır. Avropa məktəbi daha incə və zərifdir. Rənglər sakit, pastel, orta intensivlikdədir. Bəli, fərqli olduğumuz məsələ yalnız budur. Amma yaxşı rəssamı bütün dünyada başa düşürlər, çünki rəssamlığın dili bir növ esperantodur və buna görə də hər yerdə anlaşılır. Azərbaycanda isə elə rəssamlar var ki, bütün dünyaya öz dillərində danışırlar və onları da başa düşürlər. Buraya Tahir Salahov, Vidadi Nərimanbəyov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Fərhad Xəlilov, Qorxmaz Əfəndiyev və s. daxildir. Bu, ən yüksək səviyyədir.
Mən rəsm ərsəyə gətirəndə hər kəsin onu başa düşməsini istəyirəm. Bununla bağlı nəyisə izah etmək istəmirəm. Fransada keçirilmiş son salonda Çin nümayəndə heyətinin üzvləri, yaponlar, fransızlar, təbii ki, azərbaycanlılar mənə yaxınlaşır, heyran olduqlarını bildirirdilər.
- Siz rəsm əsərləri yaratmaqla, sərgilərdə iştirak etməklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Şagirdlərinizə aşılamağa çalışdığınız fundamental məsələ nədir?
- Mən özümlə bağlı nümunəni göstərirəm. Divarlardan asılan diplomlarımı görürlər. Onlar bilirlər ki, mən bir neçə incəsənət layihələrinin iştirakçısıyam. Məsələn, 2013-cü ildən biznes-art salonlarında, Yeliseydə, Luvrda Pyer Karden salonunda, Monako və Kannda “Dünya Rəssamları” salonunda, həmçinin fərdi sərgilərində.
Fransa Milli Mədəniyyət Assosiasiyası “Adajio” rəsminə görə məni “Qızıl Kətan 2016” adlı diplomla təltif edib. Bu, indiyədək mənə verilən ən vacib diplomdur. Əlbəttə ki, mənə başqa az əhəmiyyətli olmayan diplomlar da verilib. Buna görə də böyük uğur qazanmaq və tanınmaq üçün onları güclü və yaxşı rəssam olmağa çalışmağa ruhlandırıram. Onlara söyləyirəm ki, çalışın insanlar sizin rəsmlərinizi almaq, evlərində heyranlıqla baxmaq istəsinlər. Mən onları motivasiya edirəm. Amma mən həm də gənc tələbələrimdən - onların müasir gənclik enerjisindən, üsyankarlığından, azadlıq ruhundan qidalanıram, çünki şagird və müəllim bir-birinə birləşmiş qablar kimidir.
MƏSLƏHƏT GÖR: