Müəllif: Tatyana İVANAYEVA
Moda haqqında sonsuz danışmaq olar. Bəs onu anlamaq üçün düzgün düstur hazırlamaq mümkündürmü? Ümumiyyətlə, bu daim dəyişən substansiyaya hər hansı konkretlik vermək olarmı? Sehrli “fashion” sözünün arxasında nə gizlənir? Onun çoxsaylı axınlarından necə baş çıxarmaq olar? Podiumlar, fotosessiyalar və şoular dünyasının ən yaxşı bələdçisi onun xüsusiyyətləri ilə yaxından tanış olan modelyer-dizaynerlərdir. Əksəriyyət bu peşənin sahiblərini seçilməyə və ya tanınmağa məhkum olan yaradıcı kastaya aid edir.
Gülüm (Gülya) Əsədullayeva Azərbaycan dizaynerlərinin yeni dalğasının ən parlaq nümayəndələrindən biri hesab olunur. O, dəqiq bilir ki, öz üslubuna sahib olmaq və özünəməxsus nə isə yaratmaq modanın mahiyyətidir. Həmsöhbətimizi beynəlxalq nəşrlərdən biri “tanınan üsluba malik modelyer-dizayner” kimi təsvir edib. Bu da təəccüblü deyil.
- Miuçça Prada bir dəfə söyləmişdi: “Moda bizim hər gün özümüzə hazırladığımız bir şeydir”. Bəlkə də, siz belə pazlları daha yaxşı başa düşən şəxslərdən birisiniz...
- Yaxşı ki, “bəlkə də” sözünü vurğuladınız. Çünki moda tendensiyasının müəyyən, konkret mövsümlə bağlı istiqamətə malik olsa, bu tendensiyalarla bağlı qavrayış hər zaman fərdi müstəvidə qalır. Burada söhbət sırf şəxsi mövqe və iştirakdan gedir. Hər kəsin öz oriyentiri var. Üstəlik, M.Pradanın sözlərinə istinad edərək deyə bilərəm ki, gündəlik həyatın bizim üçün yaratdığı şəraitə uyğun yaşayırıq və hərəkət edirik. Sonra isə... Əlbəttə, moda geniş ictimaiyyətə ünvanlanıb. Hətta dəbə maraq göstərmədiyini deyənlər belə, yumşaq desək, “riyakarlıq edirlər”. Bunun niyə baş verdiyini təhlil etmək mənin işim deyil. Yeri gəlmişkən, Mark Tvenin bir zamanlar dediyi ifadəni səsləndirməyi məqsədəuyğun hesab edirəm: “Geyim insanın yaraşığıdır. Çılpaq insanların cəmiyyətdə təsiri çox azdır, hətta ümumiyyətlə yoxdur”. Bu fikri qəbul etməmək mümkün deyil. Əslində, sizin geyimləriniz qeyri-verbal pazllardır. İnsan kürkləri yalnız təbii təsirlərdən qoruyan bir əşya kimi görməyi dayandırandan sonra dəb yaranıb. Daha doğrusu, dəb konkret vəziyyət üçün fərdiləşdirilmiş dildir. O, zaman keçdikcə mövsümi tendensiyalara çevrilib. Beləliklə, əgər buna məhz bu prizmadan baxsaq, o zaman modelyer-dizaynerlərin bu pazlları daha yaxşı anladıqlarını söyləyə bilərik. Bununla bağlı, məsuliyyət də məhz buna görə yaranıb.
- Amma kənardan elə görünür ki, moda yalnız yaradıcı tədqiqatların həyata keçirilməsindən ibarətdir...
- Fikrimcə, moda daha çox yaradıcı ilhamı canlandıran vasitədir. Məni bir geyimi və ya bütün kolleksiyanı yaratmağa ilhamlandıran ətraf mühitdən gələn hisslərdir. Musiqi, ornament, memarlıq... fərqi yoxdur, nə olur olsun. Hətta təbiətdə kiçik gəzinti belə, təxəyyülü hərəkət edən kölgələrlə birləşdirə bilər. Dizayner rəssam kimidir. O, ətrafındakı dünyanı nəhəng bir məlumat klasteri kimi qəbul edir. Amma əldə edilən bilikləri deşifrə etmək üçün müxtəlif üsullardan istifadə edirik. Bizim palitramız - parçalar, furnitur, bəzən gözlənilməz calaqlardır. Elə imzamız da məhz bunların vasitəsilə formalaşır...
- ... sizin imzanıza aid etsək, çox tanınan! Hətta biraz da təhrikçi …
- Bu ki əladır! Modanı yenə təsviri incəsənətə bənzətsək, onun futurizm və intibah, modern və avanqardlıq kimi tarixi dövrlərdən keçdiyini söyləyə bilərik. Təkcə qadın korsetlərinin ləğv edilməsi uğrunda mübarizə ayrı bir araşdırma mövzusudur! Yeri gəlmişkən, bu anı təhrikçiliklə əlaqələndirə bilərik. Mən qadınlara öz cəsarətlərini sınamaq, şəxsi sərhədlərini necə genişləndirə bildiklərini təhlil etmək imkanı yaratmağı xoşlayıram. Doğrudur, mən özbaşınalığın və hər şeyə icazə verilməsinin tərəfdarı deyiləm. Qətiyyən! Yalnız qadın incəliyinin tərəfdarıyam! Söhbət paltarın gözəlliyi vurğulamasından gedir! Hətta “ağır” elementlərlə belə, hər zaman incə obraz yarada bilərsiniz. Əsas məsələ material seçiminə düzgün yanaşmaqdır. Bəs təxribatçılıq?.. Bəs bu məsələ ilə bağlı dəqiq sərhəd necədir? Moda, ilk növbədə, “təxribatın səsi”ni özündə ehtiva edir. Axı, biz təkcə bədənin çılpaqlığını deyil, həm də hissləri, duyğuları gizlədirik.
- Moda və dizayn vasitəsilə fəlsəfə?
- İlk növbədə, fəlsəfə... Kolleksiya yaradan zaman belə, bu aspektə arxalanıram. Bəli, hər hansı bir geyim, yaşadığı evin divarlarından kənara çıxan bir insanı əks etdirir. Hazırda moda utilitarlıqdan uzaqdır. Fikrimcə, dəb bu çərçivələri çoxdan aşıb. Müxtəlif ölkələrdə moda muzeylərinin yaradılması əbəs yerə deyil. Estetik aspektdən əlavə, bütün bunlar sivilizasiyanın inkişafında kostyumun rolunun unikal təcrübəsinin mərkəzidir. Baza biliklər olmadan özünüzü dizayner hesab edə bilməzsiniz. Həm texniki, həm də peşəkarlıq baxımından. Bir modelyer-dizayner üçün xırda məsələ yoxdur. Bu da fəlsəfənin bir hissəsidir, çünki bir dərzinin vurduğu səhv tikiş uzun müddətlik əməyin üstündən xətt çəkə bilər. Bundan başqa, fikrimcə, modada kolleksiya anlayışı da var. Yəni bu, təkcə podium formatına görə deyil. Burada vacib məsələ ideyanın konseptuallığını ifadə edən dərin məzmunlu ümumi ismarışdır. Bu da bir fəlsəfədir! Moda nümayişinin bir hissəsi olaraq, ayrı bir müddət ərzində bizi həyəcanlandıran mövzu ilə bağlı düşüncələrimizi ortaya qoyuruq. Bəzən elə olur ki, biz insanların diqqətini həyatın hansısa aspektinə yönəltmək istəyirik. Beləliklə, mənim üçün hər moda nümayişinin arxasında fəlsəfə dayanır. Söhbət parçaların, aksesuarların, siluetlərin, ayaqqabıların, rənglərin bir əlifba rolunu oynadığı fərqli ifadə tərzlərindən gedir...
- Tikinti materiallarına qədər!
- Belə bir təcrübə olub (gülür). Düşünürəm ki, rəssam-modelyerlə yanaşı, həm də dizaynerəm. Qadın və uşaq geyimlərini dizayn etmiş nənəmin yolunu davam etdirdim. Axı, hər bir dizayner kuturye dərzilik bacarıqlarına malik deyil və bədən formalarını səthə necə köçürməyi bilmir. Burada təkcə riyaziyyat deyil, həm də üslubu hiss etmə qabiliyyəti lazımdır. Hər bir şəxs üçün fərdi olaraq proporsiyalara qeyd-şərtsiz riayət etmək vacibdir. Mən fiquru vurğulamağa üstünlük verirəm. Mənim üçün qum saatının silueti hər zaman ideal olaraq qalır. Ümumiyyətlə eksperiment aparmaqdan çəkinmirəm. Bu mənə inanılmaz enerji verir. Bir-biri ilə ahəngdar olmayanı birləşdirmək modada bir növ ali riyaziyyatdır. Əlbəttə ki, sonda geyimin zərifliyini itirməməsi şərtilə. Üstəlik, bu gün qadınlar klassik romanlarda olan gənc xanımlara çox az bənzəyirlər. Bəşəriyyətin gözəl yarısı müasir cəmiyyətin bərabərhüquqlu tərkib hissəsidir. Biz təkcə şalvarı uğurla mənimsəməmişik. İndi zərif qadınların ayaq basmadığı yerlər azdır. Moda dizaynerlərinə yalnız qadınların “yaşayış” şərtlərini qəbul etmək və onlara uyğun geyimlər təklif etmək qalır. Bəli, suala cavab olaraq isə cəsarətlə qeyd edə bilərəm ki, geyimlərin hazırlanması heç də konstruksiyadan az asan deyil (gülür). Materiallar fərqli olsa da, prinsip və yanaşmalar, demək olar ki, eynidir (gülür).
- Bəs Gülüm Əsədullayevanın rəmzi “ilk kərpici” necə görünürdü?
- Təəssüf ki, orijinal görünmürdü. Axı, mən də kuklalarla oynayan bir qız olmuşam. Ailəmiz əl işlərini təşviq edirdi. Buna görə də kuklalarımın geyimlərini özüm hazırlayırdım. Böyüyəndən sonra isə ailənin dəstəyi ilə artıq qohumlara və dostlarıma geyimlər hazırlayırdım. Valideynlərim buna qarışmırdı. Düzdür, bunu mənim bir növ hobbim hesab edirdilər və o vaxt konservatoriyada təhsil alırdım. Çox yaxşı oxuyurdum və ona görə də onların nöqteyi-nəzərindən başqa sahələrdə də özümü göstərməliydim. Üstəlik, valideynlərim modellik sahəsində qazandığım uğurları yalnız mediadan və sosial şəbəkələrdən öyrəniblər. Modada 25 illik fəaliyyətim mənim imkanlarımın tətbiqi üçün seçilmiş sahənin düzgünlüyünü sübuta yetirib. Atam hər şeydə keyfiyyət sevgisi aşılayaraq istedadımı şübhə altına qoymurdu. Üstəlik, mən təkcə geyim dizaynı ilə məhdudlaşmamışam. Bu gün də rəsmlər, vitrajlar çəkirəm və bundan zövq alıram. Batik üslubunda işləmək mənə maraqlıdır. Buraya şəkillərin parça üzərinə həkk olunması da daxildir. Bir sözlə, “ilk kərpic” mənim formalaşmağımda çox mühüm rol oynayıb. Doğrudur, onu detallı şəkildə yenidən yaratmaq mümkün deyil. Amma bir zamanlar əllərimin özünəməxsus bir şey yaratması ilə bağlı keçirdiyim heyranlıq hissi hər bir sonrakı geyimi müşayiət edir. Xüsusilə dizayna ciddi və mənalı yanaşdığınız zaman. Tez-tez dediyim kimi, uşaqlığımdakı kuklalar sadəcə “böyüyüb” maneken və model olublar. Amma mahiyyət dəyişməyib. Mən gözəllik anlayışına yeni xüsusiyyətlər gətirməkdə maraqlıyam: haradasa kanonlardan kənarlaşmaq, haradasa klassikanı müasirləşdirmək, haradasa ümumiyyətlə, indiyə qədər olmamış bir şey yaratmaq.
- Böyük uğurlar sizə yad deyil. Dəfələrlə moda nümayişləri həyata keçirmisiniz. Amma bu gün bir növ arxa plana keçmisiniz.
- Bu, arxa plana keçmək deyil (gülür). Bu, mənim peşəkar fəaliyyətimin sadəcə fərqli mərhələsidir. Yəqin ki, bəzən hətta ən məşhur dizaynerlərin də parlaq soffitlərdən və fotoaparatın işıqlarından kənarda yaşamaq istədikləri dövrlər olub. Dizayner kimi portfoliomda dəvət aldığım bütün moda müsabiqələrində birinci yerlər var. Bəzən paralel olaraq nominasiyalarda ikinci və üçüncü yerləri də qazanırdım. Ən yaxşı dizayner nominasiyasında. Buraya bir neçə moda tədbirləri də daxildir. Bu, həyəcanlı idi, amma bir anda əlimdən nəyinsə sürüşüb getdiyini hiss etməyə başladım. Bu, yaradıcılıq böhranı deyildi. O vaxt mən artıq geniş uşaq kolleksiyası yaratmışdım, Azərbaycanda ilk uşaq şousunu keçirmişdim və bu da mənim üçün yeni təcrübə idi. Lakin bir anda xüsusi bir modellə işləməyə diqqət yetirdim. Mənim üçün getdikcə daha çox fərdiliyə müraciət etmək maraqlı olmağa başladı. Müəyyən kütləvilik tədricən yox oldu və mən şəxsiyyətlərə daha çox diqqət yetirdim. Bu, müəyyən dərəcədə özümü anlamağa yardım göstərən fotosessiyalarda özünü göstərməyə başladı. Bu gün yaradıcılığım müştərilərimin xüsusiyyətlərini əhatə edir. Mən sadəcə müstəsna bir yanaşmaya diqqət yetirdim. Manekenləri xarakterləri olan, unikallıqları və orijinallıqları ilə seçilən canlı insanlara dəyişdim. Hazırda tamamilə konkret bir insan –müəyyən hekayəsi olan qadın üçün geyim hazırlayıram. Mənim məqsədim sadəcə toy üçün paltar tikmək deyil, qadının hekayəsinin davamı olacaq füsunkar gözəl bir geyim ərsəyə gətirməkdir. Mənim çalışdığım məkana daxil olan insan üçün pəriyə çevrilə bilər və sanki sehrli çubuğu yelləyərək ona özünü bal şənliyinin mərkəzində olduğunu hiss edəcəyi unikal duyğular yaşada bilərəm. Bəs bunu arxa plana keçmək kimi qəbul etmək olar?
- Söhbət fərdi tikişdən gedir?
- Lakin mənim çalışdığım məkanı atelye ilə bir tutmayın! Atelyelərdə kiçildici heç nə yoxdur, amma mənim məkanım fərqli formatdadır. İlk növbədə, məhz özümə qoyduğum şərtlərdən bir odur ki, replikaların təkrarlanmasından imtina etmək lazımdır. Bəzən brend modelləri təkrarlamağın lazım olmadığını başa salmaq çox çətindir. Əgər moda studiyasına, yeni geyim ərsəyə gətirə biləcək peşəkar dizaynerin yanına gəlmisinizsə, brend modelləri təkrarlamaq lazım deyil. Bu zaman eksklüziv paltar və ya kostyum sahibi olmalısınız. Mənə hər zaman elə gəlib ki, hər bir qadın, xüsusilə azərbaycanlı qadınlar məhz bunu arzulayır (gülür). Bu kontekstdə fərdi tikiş anlayışı olduqca məqbuldur. Əlbəttə, anlayıram ki, moda jurnalları və ekranlardan gördükləriniz stimul yaradır. Biz öz üzərimizdə dəbli məzmunu vizuallaşdırırıq. Məhz bu məqsədlə bunu həyata keçirə biləcək dizaynerin yanına gedirik. Gəlin, etiraf edək: bu məqamda özümüzlə bağlı məlumatları hansı dərəcədə adekvat qiymətləndiririk? Beləliklə, bir dizayner kimi mənim üçün vacib bir cəhət fərdi yanaşmadır. İlk növbədə buraya müştəri ilə ünsiyyətdə hazırlıq mərhələsində bir növ psixoloji baxımdan araşdırma daxildir.
- Çətin, çox zəhmət və səbir tələb edən işdir...
- Bəzən bir insana sənin düşüncələrinlə fərqlənsə də, peşəkarın yanaşmasını qəbul etməsi ilə bağlı fikri çatdırmaqdansa, paltar fikirləşmək və onu parçadan hazırlamaq daha asandır.
- Beləliklə, sadəcə tələb olunanı həyata keçirmək daha asan deyil?
- Burada söhbət reputasiyadan, mənim adımdan, həyatımın işindən gedir. Bu məsələ ilə bağlı ikili məna yoxdur. Üstəlik, bu günə qədər əldə etdiyim hər şey yalnız mənim xidmətlərimdir. Bu qədər zəhmətlə qazanılanlarla risk etmək və öz yaratdıqlarına xəyanət etmək? Nə üçün? Qısamüddətli şöhrət üçün? Axı, peşəkarlıq dürüst olmağı bacarmaq deməkdir: dəbə xidmət etmək, amma onun əsirinə çevrilməmək. Dəbli olmaq brend geyinib hər kəsə yuxarıdan aşağı baxmaq demək deyil. Moda, ilk növbədə, zövq sayəsində artan, daxili azadlıqla qarışan üslubdur. Baxın, bəziləri dünyagörüşünü özünəməxsus şəkildə göstərir. Eyni zamanda, bu, başqalarına azı gülünc görünə bilər. Bəs niyə mənasız işlərlə məşğul olmaq lazımdır? Əgər işinizdə özünüzə məxsus xüsusiyyətləriniz olmasa belə, əsas üslub hər zaman xilas edə bilər. Buna hər hansı moda meyilləri və mövsümi tendensiyalar zamanı da tələbat var. Buna görə də mən modellərimin hazırlanması zamanı uduşlu variantlarından istifadə edirəm. Mən bədəni vurğulayan uçan və axan xətləri sevirəm. Yeri gəlmişkən, düşünürəm ki, bir vaxtlar nifrət edilən korsetlər vaxtaşırı qadın kostyumunda yenidən nəzərdən keçirilə bilər. Mən tez-tez müxtəlif aksesuarlardan istifadə edirəm. Onlar öz əhəmiyyətlərinə görə ümumiyyətlə universaldır. Buna görə də geyim ərsəyə gətirəndə onların köməyi ilə ona lazımi istiqaməti necə verəcəyimi düşünürəm. Beləliklə, moda evinin paltarını təkrarlamaqdansa, özünüzə məxsus və xas olan bir şey yaratmaq daha maraqlıdır.
- Demək istəyirsiniz ki, “dəbdən üstün” nəsə var?
- Əsrlər boyu gözəllik və üslub haqqında təsəvvürlər nə qədər dəyişsə də, zəriflik dəbə daxil deyil: klassika, qadınlıq, ağ və qaranın vəhdəti kimi. Eleqant görünmək üçün ən yeni paltar geyinmək (bu vacib olsa da) və ya bahalı geyinmək və ya hamı kimi olmamaq kifayət deyil. Zəriflik bir növ daxili ruh halı, öz-özünə qiymət vermə, nöqteyi-nəzərdir. Bu, xüsusi danışıq, geyinmə, hərəkət tərzidir. Hətta buraya oturmaq və susmaq tərzi də daxildir. Başınızın dönüşü, saçınızı düzəltdiyiniz bir jest, duruşunuz, yerişiniz eleqant ola bilər. Yəni söhbət unikal xarakterdən və şəxsi məzmunla dolu xüsusiyyətdən gedir. Şarm. Bu, təkəbbürün olmadığı daxili ləyaqət, o cümlədən təzyiq və gərginlik, özünə güvənmiş görünmək istəyi olmadan özünə əminlikdir. Zəriflik görünüş keyfiyyətindən daha çox xarakter xüsusiyyətidir. Sadəliyi və incəliyi ilə təkrarolunmaz bu üslub zahiri formalar vasitəsilə təzahür etsə də, onun üstünlüyü gözəl zövq, əndazəni aşmamaq və kiçik detallarda qüsursuzluqdur. Dəbli postulatlar dünyasında mənim orijinal bələdçim Karl Laqerfeldin sözləridir: “Siz önlük taxırsınız və qəşəng görünürsünüz. Bu eleqantdır? Əgər bu, insan anadan olandan bəri onda olarsa, hər kəs eleqant ola bilər! İstənilən “kəndçi”, Afrikanın hinterlandından olan istənilən qadın eleqant ola bilər və paltar bunu dəyişə bilməz. Bahalı dizayner paltarlarını ala bilsəniz, belə sizi daha eleqant etməyəcək. Heç bir halda! Zəriflik çox nadir bir xüsusiyyətdir, anadangəlmə bir xüsusiyyətdir. Onu inkişaf etdirmək olar. Bəs onu almaq olar? Heç vaxt!”
- Siz azərbaycanlı modelyer- dizaynersiniz...
- Buna zərrə qədər şübhə yoxdur. Avropalılığı ifadə etməyimə baxmayaraq, mədəniyyətimizdən ilham alıram. Bu, insan təxəyyülü üçün zəngin mənbədir. Xüsusilə bunu Avropadakı yeniliklərin bizdə meydana çıxdığı dövrlərə qərq olan zaman görürsən. O vaxt bu yeniliklər məhz neft kapitalının artması sayəsində baş verib. Məsələn, həmin dövrdə bizim qadınlar üçün Paris üslubunda paltarlar hazırlayırdılar. Onları necə də məharətlə Azərbaycan mədəniyyətinə uyğunlaşdırıblar. Eyni zamanda, onlar insanların fərdi xüsusiyyətlərini də itirməyiblər. Həm ənənəvi paltarlar, həm də dünyəvi paltarlar eyni zərifliklə geyinilirdi. Mən Azərbaycan qadınlarını dünyanın ən gözəl qadınlarından biri hesab edirəm. Onlar bir az daha çox özlərinə inanmalıdırlar. Diqqət edin, söhbət özünə inamdan getmir! Söhbət moda sənayesində bu gün təklif olunan yeniliklərin mənimsənilməsinə cəsarət göstərməkdən gedir. Əlbəttə ki, bunu kor-koranə surətdə deyil, yaxşı xüsusiyyətləri vurğulayaraq həyata keçirmək lazımdır. Onlar tanınmış, yerli modelyer-dizaynerlərə daha çox diqqət yetirməli və etibar etməlidir. Moda kor-koranə surətdə təqib etməyi sevmir. Dəb özünü ayıq bir baxışla görmək qabiliyyətini qəbul edir. Madmazel Koko Şanelin sözlərinə görə, əgər hansısa qadın gözəlliyi ilə sizi heyran edibsə, amma siz onun nə geyindiyini xatırlaya bilmirsinizsə, bu o deməkdir ki, o, mükəmməl geyinib. Məhz bu ideallıq naminə iş yerimə gəlirəm...
MƏSLƏHƏT GÖR: