5 Dekabr 2025

Cümə, 12:21

DÜNYANIN ALTINCI MÖCÜZƏSİNİN AXTARIŞINDA

Avropalı turistlər arasında məşhur olan Türkiyənin Marmaris şəhəri haqqında ən maraqlı faktlar

Müəllif:

01.09.2023

Türkiyənin dənizkənarı kurortları arasında ən avropasayağı kurort sayılan Marmaris yalnız bu il azərbaycanlılar arasında populyarlaşıb. Ölkəmizdən bu istiqamətə 2022-ci ildə birbaşa uçuşlar açıldıqda və hər şeyin daxil olduğu  hazır turlar meydana çıxdıqda, Marmarisə gedib-getməməklə bağlı bəzi şübhələr var idisə, indi hər şey dəyişib. Birincisi, orada olmuş və bu kurort şəhəri onun adına layiq qiymətləndirən turistlər Marmarisin bir çox üstünlükləri haqqında danışmağa başlayıblar. İkincisi, Marmarisə nisbətən yaxın olan Türkiyənin Dalaman hava limanına birbaşa və ucuz uçuşlar öz töhfəsini verib. Üçüncüsü, hər şeyin daxil olduğu təkliflərin mövcudluğu və təcrübəli azərbaycanlı turistlər tərəfindən “Egey Rivierası”nda istirahət üçün yeni əlverişli yerlərin axtarışı Bakıdan buraya turist axınının artmasına yardım göstərib. Bu il Marmarisdə müşahidə olunan ajiotaj isə gələn mövsüm buraya səfər etmək istəyənlərin sayının artacağını göstərir. Bununla bağlı xeyli ciddi əsaslar var. İndi isə təfsilatı ilə...

 

İstirahət etmək üçün ən yaxşı məkan haradır?

Marmarisin müxtəlif istirahət növlərini sevənləri heyran edə biləcək kurort olduğunu boş yerə demirlər. İlk öncə qeyd edək ki, Marmaris mənzərəli təbiətlə əhatə olunub. Burada elə mənzərəli yerlər var ki, bəzən özünü Tailandda və ya Maldiv adalarında hiss edirsən. Gün ərzində çoxsaylı hotellərdə dincələ bilərsiniz, axşamlar isə burada gecə həyatı “qaynayır”. Gündüz dincəldiyiniz və qayğısız şəkildə günəşin altında qaraldığınız şəhərin bütün mərkəzi sahil zolağı saat 20:00-dan sonra ucu-bucağı görünməyən restoranlar, daha sonra isə əyləncənin səhərə qədər davam etdiyi bar-diskoteka zolağına çevrilir. Buna görə də rahat istirahəti sevənlərə ilk dəniz xəttindən bir qədər uzaqda yerləşən hotelləri seçmək tövsiyə olunur. Bir çox insanlar sakit və ya ailəvi tətil üçün Marmarisin İçmeler və ya Turunç kimi mərkəzi olmayan, lakin çox mənzərəli məkanlarını seçirlər. Ən təmiz dənizin və yumşaq qumun olduğu bu rayonlara mərkəzdən avtobusla 30-50 dəqiqəyə və ya taksi ilə 15-25 dəqiqəyə çatmaq olar. Belə turistlər Marmarisin mərkəzi hissəsini ancaq əyləncə, gecə həyatı və şopinq üçün istifadə edirlər. Burada şopinq, əlbəttə ki, zəifdir və aza qane olan alıcılar üçün nəzərdə tutulub. Burada hər şey istirahətə yönəlib.

Bakıdan Marmarisə turların qiymətlərinə gəlincə, bu mövsüm gündə üç dəfə yeməklərin verildiyi üçulduzlu hotellərin bir həftəlik qiyməti təxminən 680-700 avrodan başlayıb. Dördulduzlu hotellərin qiyməti 800-900 avro, beşulduzlu hotellərin isə 900-1000 avro və daha yüksəkdir. Əgər Marmarisə bileti özünüz almaq istəyirdinizsə, onda baqajsız gediş-gəliş üçün biletin qiyməti 240 avroya başa gələcəkdi. İnternet aqreqatorları vasitəsilə hotelləri bron edərkən, ən sadələrində iki nəfərlik (səhər yeməyi daxil deyil) nömrələrin qiyməti 40 avrodan başlayır. Belə ki, Marmarisdə yaşayış qiymətləri Bodrum, Çeşmə və hətta Fethiye ilə müqayisədə xeyli aşağıdır. Marmarisdə qiymətlər Aralıq dənizi sahilində yerləşən Antalyadakı qiymətlərə daha uyğundurlar.

Qənaətcil səyahətçilər üçün Dalaman Hava Limanından şəhər mərkəzinə getmək çətin olmayacaq. “Havaş” avtobusları sizi hava limanından mərkəzdə yerləşən avtovağzala (yol 1 saat yarım çəkəcək) 110 lirəyə (təxminən 7 manat) aparacaq. Avtovağzaldan isə “dolmuş”la (mikroavtobuslarla) asanlıqla Marmarisin istənilən yerinə getmək mümkündür. Ən maraqlısı odur ki, “Havaş” avtobuslarında, hətta mərkəzdəki mikroavtobuslarda nəinki nağd (lirə), həm də bank kartlarınız vasitəsilə ödəniş edə bilərsiniz. Heç bir yerdə valyutadəyişmə məntəqələri axtarmağa, kassalara getməyə, gediş-gəliş biletləri və kartları almağa ehtiyac yoxdur.

 

Türk koloriti ilə Avropa kurortu

Boş yerə deyil ki, Marmaris Türkiyə kurortları arasında ən avropasayağı kurort sayılır. Əsasən Avropadan gələn turistləri – ingilis, almanları cəlb edən mülayim yerli iqlimdir. Burada Böyük Britaniyadan olan o qədər çox istirahət edən var ki, geyim mağazalarında və bir çox turizm agentliklərində qiymətlər ingilis funt sterlinqində müəyyən edilib. İngilis turistlər üçün xüsusi olaraq hazırlanmış pabları hər yerdə tapmaq olar və onlar heç vaxt boş olmur.

Marmarisin əsas xüsusiyyəti qapalı buxtadır. Burada dəniz digər kurortlara nisbətən daha sakitdir. Buxtanı əhatə edən dağlar sahilə soyuq küləklərin keçməsinə imkan vermir. Yaz aylarında dənizdə rahatdır - su 24 dərəcə isti olur və havanın temperaturu isə orta hesabla 30-34 dərəcə olur. Buna görə də dözülməz istidən və yüksək rütubətdən qaçan avropalılar hətta avqustda da Marmarisdə rahat istirahət edə bilərlər. Amma ən maraqlı məqam odur ki, burada ərəb ölkələrindən turistlər, demək olar ki, yoxdur. Üstəlik, Marmarisə Antalyada olduğu qədər rusdilli turistlər səfər etmir.

Marmarisin əsas xüsusiyyətlərindən biri də Aralıq dənizi və Egey dənizlərinin sərhədində yerləşməsidir. Yəni bir tətil zamanı iki dənizdə üzmək fürsəti əldə edirsiniz. Bunun üçün turizm agentliklərində bir günlük gəmi səfərləri sifariş etməlisiniz, lakin kifayət qədər pulunuz varsa, yaxta və ya qayıq icarəyə götürün və iki dənizin qovuşduğu yerə baş çəkin.

Amma illərdir həyata keçirilən “Yaxtada dəniz gəzintisi – iki dənizin qovuşması” ekskursiya turuna çıxmaq təbii ki, qat-qat maraqlı və daha ucuzdur. Tura biletlər, demək olar ki, bütün turizm agentliklərində və hər yerdə satılır və onun qiyməti 15-20 dollardır. Sizi hoteldən transfer yolu ilə qarşılayacaqlar, sizə tur zamanı Aralıq və Egey dənizlərinin ən gözəl laqunları və körfəzləri göstəriləcək. Turun proqramına kiçik kolorit qəsəbə olan Turunç, füsunkar təbiətə malik, kristal təmiz qumlu çimərliklərə, qədim Amos yaşayış məskəninin xarabalıqlarına, fosfor mağarasına və cənnət adasına səfər daxildir. “Marmarisdən Egey adaları” turları da (20-25 dollar) ayrıca satılır. Siz ən mənzərəli buxta və körfəzləri, Dovşan və Kamelya, Qız hörüyü və Dişlice adalarını görə biləcəksiniz.

Lakin ən populyar turlardan biri türkcə adı Sedir adası olan Kleopatra adasına səyahətdir (25-30 dollar). Rəvayətə görə, bu ada komandir Mark Antoninin Misir kraliçası Kleopatraya toy hədiyyəsi olub. Tur zamanı siz mavi laqunlarda üzəcək, qədim Kedrai şəhərinin xarabalıqlarını araşdıracaq, yaxta ilə Egey dənizinin çoxsaylı adalarına səyahət edəcəksiniz. Bu tur zamanı əlavə olaraq, “Sedir Ada” dövlət qoruğuna giriş üçün 300 lirə - təxminən 11 avro ödəməli olacaqsınız. Ancaq inanın, buna dəyər. Maldiv adaları ilə müqayisə oluna biləcək kristal təmiz çimərlikdə üzmək üçün sizə iki saat vaxt veriləcək və adanın tarixi abidələrini də ziyarət edə biləcəksiniz.

Maraqlıdır ki, bu bir günlük dəniz kruizlərinin qiymətinə təkcə nahar deyil, həm də səfər zamanı pulsuz alkoqolsuz içkilər daxildir. Alkoqol sevənlər isə əlavə 10 dollar ödəməklə spirtli içkiləri limitsiz sifariş edə bilərlər.

Ümumiyyətlə, Marmarisdəki turizm agentlikləri həm kurortun özündə, həm də ən yaxın şəhər və qəsəbələrdə müxtəlif ekskursiyalar təklif edirlər. Sahilin gözəl təbiəti, zəngin flora və faunası, vəhşi heyvanları və ətraf meşələrin digər sakinləri ilə tanış olmağın bəlkə də ən yaxşı və ən sürətli yolu cip-safarisidir (25-30 dollar). Ekstremal yolsuzluq səyahəti, su döyüşləri, sərin dağ laqununda üzgüçülük, Turqut şəlaləsinə və bir çox digər maraqlı yerlərə səfər sizi gözləyir. Buraya nahar da daxildir.

Buradan müxtəlif turlara çıxa bilərsiniz: “Marmarisdən Pamukkaleyə, Kleopatra hovuzuna” (35-45 dollar), “Marmarisdən Efesə” (35 dollar), “Dayvinq” (45 dollar), “Marmarisdən Fethiyeyə” (45 dollar), “Türk gecəsi” (38 dollar), “Akvapark” (20 dollar) və s.

 

Cəngavərlər adasında

Şübhəsiz ki, Marmarisdəki tətilin diqqət çəkən məqamlarından biri yunan adalarını ziyarət etmək fürsətidir. Bərə xətləri sayəsində bu, Çeşmə, Fethiye, Bodrum və Kuşadası kimi Türkiyə adalarından da edilə bilər. Ən populyar və onlara ən yaxın məsafədə yerləşən adalara misal olaraq Rodos, Kos, Samos və Xiosu göstərmək olar.

Bu adalardan bəzi səyahətçilər daha sonra məşhur Santoriniyə yollanırlar. Amma bir çox turist, adətən, bu yunan adalarına bir günlük səfərləri seçir. Bunun üçün azərbaycanlılara Şengen vizası lazımdır. Postsovet məkanının bəzi ölkələrinin vətəndaşları vizasız səfər edə bilər. Məsələn, onlara Rodosa səfər üçün sadələşdirilmiş giriş variantından istifadə edə bilərlər.

Buna 2023-cü ildə Türkiyə və Yunanıstan arasında imzalanmış müqavilələr kömək edir və turistlərə Yunanıstanın Rodos adasında bir neçə saat ərzində sadələşdirilmiş variantda (bunun üçün əlavə xərclər tələb olunur) hərəkət etmək imkanı verir. Bir daha təkrar etmək istərdim ki, bu, Azərbaycan vətəndaşlarına aid deyil.

Beləliklə, “Şengen”iniz varsa, Marmarisdən Rodosa gedən bərə marşrutu üçün rahatlıqla bilet ala bilərsiniz. Onu həm onlayn, həm də yerli ixtisaslaşmış bilet kassalarında və ya tur agentliklərində almaq olar. Bir günlük gediş-dönüş biletinin minimum qiyməti 52 avroya başa gələcək. Buraya hoteldən/hotelə transfer, liman rüsumları və sığorta daxildir. Təxminən 1,5 saatdan sonra transfer avtobusu sizi hotelin yaxınlığında razılaşdırılmış yerdən götürür və estakadaya aparır. Nəzərə alın ki, siz gediş limanında (əgər özünüz transferi həyata keçirirsinizsə) səfərdən azı 30 dəqiqə əvvəl və ən yaxşısı, 1 saat əvvəl olmalısınız. Sənədləriniz azı üç yerdə yoxlanılacaq: sənədlərin rəsmiləşdirilmısi hava limanındakı proseslə eynidir.

Bərələr Marmarisdən səhər saat 10-da yola düşür və Rodosdan axşam saat 17:00-da qayıdır. Rodos limanına təxminən saat 11-də çatacaqsınız. Yunan sərhədçi rekord müddətdə (10-15 saniyə ərzində) pasportunuza möhür vuracaq və siz artıq vağzalı tərk edə bilərsiniz. Əslində, saat 16:00-a qədər vaxtınızın olduğunu və çox şey görmək istədiyinizi nəzərə alsaq, “Rhodes city tour”un avtobusları köməyinizə gələ bilər. Onlar vağzaldan ekskursiyaya gedirlər. 15 avro ödəmək lazımdır və bir neçə saatdan sonra adanın əsas görməli yerləri ilə tanış ola bilərsiniz. Buraya Qədim şəhər, akvarium, Mandraki limanı, hökumət binası, yeni bazar, qədim şəhərin akropolu olan Monte Smit təpəsi, Apollon məbədi, yeni estakada, qədim teatr və stadion daxildir. Bütün bunlar adanın yuxarı hissəsində, limandan 20 kilometr məsafədə yerləşir. Adanın bu hissələrinə iyul ayında baş vermiş meşə yanğınları ziyan vurmayıb.

Şəhərlə tanış olmaq üçün ikinci variant var – sərbəst gəzinti turu. Düzdür, bu halda yalnız limanın perimetri boyunca şəhərin mərkəzi hissələrini araşdırmaq üçün vaxtınız olacaq. Bu, 5 saatlıq bir ekskursiya üçün kifayətdir. Siz limanın özünü, çoxsaylı mağazaların olduğu Qədim şəhəri, admirallar sarayını, arxeoloji muzeyi, məscidi, Afrodita məbədini, Müqəddəs Nikolay qalasını, yel dəyirmanlarını, limanı kəşf edə bilərsiniz. Mandraki və yaxınlıqda çoxlu çimərliklərin olduğu akvariuma baş çəkməyi məsləhət görürəm. Ən əsası, rəvayətə görə, eramızdan əvvəl 280-ci ildə dünyanın altıncı möcüzəsinin yerləşdiyi yerə - 36 metrlik Rodos Kolossuna baş çəkə bilərsiniz. Qədim Yunan günəş tanrısı Heliosun heykəlinin tam olaraq hansı formada və harada olması ilə bağlı mübahisələr bu günə qədər davam edir. Belə ki, mərkəzi turizm məlumat bürosunda mənə qədim memarlıq şah əsərinin yerini xəritədə göstərdilər və Mandraki limanında həmin əraziyə yaxınlaşanda satıcılarından biri mənə dedi ki, “Rodos Kolossu haqqında burada deyilən hər şeyə inanmayın. O, burada yerləşməyib”.

Bakının İçərişəhərini xatırladan Qədim şəhərə gəzintiyə çıxmağı unutmayın. Yerli geyimlərin və dəri ayaqqabıları satıldığı bir çox suvenir və digər mağazalar var, lakin qiymətlər “əl yandırır”. Yerli sakinlərin və bələdçilərin dediyi kimi, burada istənilən məhsul şəhərin digər yerlərindən iki, hətta üç dəfə baha olacaq. Təbii ki, ənənəvi türk və Azərbaycan dolması (yunan dilində “caprakiya”) olan yerli mətbəxi dadmağı unutmayın. Təbii ki, burada dəniz məhsulları ilə hazırlanan çoxlu yeməklər var - çupra (yunan dilində “dorado”, “tsipura”) və yunan salatını dadmağa dəyər. Rodosdan özünüzlə zeytun yağı, bal, keramika və tekstil gətirə bilərsiniz.

Xoş səyahətlər!



MƏSLƏHƏT GÖR:

222