24 Noyabr 2024

Bazar, 11:24

DOLU ANBARLAR

Bu yay mövsümünü aşağı təbii qaz qiymətləri ilə keçirən Avropa ölkələri yeni tədarükçülər axtarıblar

Müəllif:

01.09.2023

Bu yay dünyanın bir sıra regionlarında anomal istilər müşahidə olunub. Alimlərin məlumatlarına əsasən, 2023-cü ilin iyulunda ən isti ay olub. Mütəxəssislər əmindirlər ki, insanların fəaliyyətinin də vacib rol oynadığı iqlim dəyişikliyi səbəbindən belə anomal “partlayışlar” daha tez-tez baş verəcək.

Havaların isti keçməsi təbii qaz istehlakının səviyyəsini artırır, üstəlik, avropalılar qışa hazırlaşırlar. Belə ki, Avropada yeraltı qaz anbarlarının doldurulması həmişəki kimi davam edir. Lakin bununla bağlı temp son 5 ildə adi haldan nəzərəçarpacaq dərəcədə aşağıdır. Buna baxmayaraq, qitədə yeraltı qaz anbarlarının 90% doldurulmasına dair hədəf səviyyəsinə artıq nail olunub.

Bütün bunlar enerji resurslarının şaxələndirilməsi və Rusiya təbii qazından asılılıqdan xilas olmaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinin həyata keçirdiyi ümumi səylərin nəticəsi idi. Amma Aİ-də elə ölkələr var ki, Rusiyanın bu enerji resursu olmadan keçinə bilmirlər. Lakin onlar eyni zamanda təchizatçıların sayını artırmaq, qonşularla və Xəzər regionu ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün fəal işləyirlər. Söhbətin Avropanın mərkəzində yerləşən, təxminən 10 milyon əhaliyə malik, kiçik, orijinal ölkə olan Macarıstandan getdiyini təxmin etmək asandır.

“Qazprom”dan “mavi yanacaq” almağa davam edən Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökuməti yay mövsümündə Azərbaycan daxil olmaqla, bir sıra ölkələrlə təbii qaz idxalı ilə bağlı vacib sazişlər imzalayıb.

 

Yeni mənbələr

Rusiya Macarıstanın əsas təchizatçısı olaraq qalır. Hətta Moskvanın Aİ ölkələri ilə rublla ödənişə keçməsi Macarıstan rəhbərliyinin narazılığına səbəb olmayıb və Budapeşt bu tədarüklərdən ümumiyyətlə imtina etməyi planlaşdırmır. Əslində, bu, başadüşüləndir, çünki Rusiya təbii qazından imtina edilməsi Rusiya-Ukrayna müharibəsinin və Aİ-nin Rusiyaya qarşı sanksiyalarının nəticələrini hiss edən Macarıstan iqtisadiyyatına ağır zərbə vuracaq.

Xatırladaq ki, iyulun sonunda V.Orban Budapeştin Rusiyadan əlavə 700 milyon kubmetr təbii qaz almaq niyyətində olduğunu bildirib. O, həmçinin Avropa Komissiyasının Aİ-yə daxil olan ölkələrdə istehlakı 15% azaltmaq planını tənqid edib və Macarıstanın ehtiyatlarının qışı keçirməyə kifayət etdiyini vurğulayıb.

Avqust ayından etibarən isə Rusiyanın monopolist “Qazprom” şirkəti Macarıstana daha əvvəl imzalanmış müqavilədə nəzərdə tutulan həcmdən artıq tədarüklərə başlayıb. Macarıstana təbii qaz “Türk axını” ilə nəql olunur və birinci mərhələdə, yəni  avqustun sonuna qədər sutkada 2,6 milyon kubmetr olacaq. İndi Macarıstan sentyabrda qrafiki ilə bağlı danışıqlar aparır.

Eyni zamanda şaxələndirmə siyasətinə uyğun olaraq Macarıstan hökuməti yeni enerji mənbələri və onların nəqli marşrutlarını axtarır. O, bu məqsədlə Azərbaycan, Qətər, Türkiyə və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq qurur. Amma macarıstanlı rəsmilər bir məsələni də dəqiqləşdirməyi unutmurlar: şaxələndirmə bir satıcını digəri ilə əvəz etmək demək deyil, əgər söhbət xüsusilə də etibarlı təchizatçıdan gedirsə.

Budapeşt ilə Doha artıq Qətərdən 2027-ci ildən etibarən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı siyasi razılığa gəlib. Hazırda iki ölkənin şirkətləri həcmlər və marşrutlar üzərində işləyirlər.

“Qətər dünyanın ən böyük LNG ixracatçısıdır. Lakin indi onun bütün həcmləri artıq istifadə olunur. Buna görə də biz siyasi saziş bağlamışıq və ona əsasən 2027-ci ildən etibarən Qətərdən enerji resursunun təchizatına ümid edə bilərik. Kommersiya şirkətlərimiz artıq LNG-nin miqdarı və mayeləşdirilmiş təbii qazı qəbul edə biləcəyimiz marşrutlarla bağlı texniki danışıqlara başlayıblar”, - Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Bu məqamda qeyd edək ki, Macarıstanın Azərbaycanla daha konkret müqavilələri var. Birincisi, SOCAR və Macarıstanın “MVM CEEnergy” şirkəti bu ilin iyununda 100 milyon kubmetrlik müqavilə imzalayıb. İyulda P.Siyarto SOCAR-ın artıq Macarıstanın anbarlarından istifadəyə başladığını açıqlamışdı.

“Sizə şad xəbərim var. İmzalanmış müqaviləyə uyğun olaraq, SOCAR şirkəti Macarıstan anbarlarının ilk 50 milyon kubmetr təbii qazla doldurulmasına başlayıb”, - Macaristanın XİN başçısının “Facebook” sosial şəbəkəsindəki paylaşımda deyilir.

Daha sonra tərəflər növbəti dövrdə 1 milyard kubmetr Azərbaycan təbii qazının tədarükü ilə bağlı siyasi saziş imzaladılar.

 

Trans-Xəzər layihəsi gündəmdədir

Avqust ayı Macarıstana “mavi yanacağın” ixracına dair iki mühüm sənədin – Türkiyə və Türkmənistanla – imzalanması ilə yadda qalıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, müvafiq müqavilə Türkiyənin dövlət təbii qaz şirkəti olan BOTAŞ ilə Macarıstanın “MVM CEEnergy” şirkəti arasında bağlanıb.

“Biz ilk dəfə təbii qazı qonşumuz olmayan Avropa ölkəsinə ixrac edəcəyik”, - A.Bayraktar qeyd edib.

Müqavilənin şərtlərinə əsasən, gələn ilin yaz və yay aylarında Macarıstan Türkiyədən ümumilikdə 275 milyon kubmetr LNG alacaq. P.Siyarto bildirib ki, bu müqavilə Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolunu daha da artıracaq.

Tərəflər, həmçinin Türkiyənin inkişaf etmiş LNG infrastrukturunun və iki ölkənin təbii qaz anbarlarının ümumi maraqlar çərçivəsində istifadəsi üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Türkmənistanla Macarıstan da təbii qaz tədarükü ilə bağlı siyasi saziş imzalayıb. “Siyasi saziş imzalanıb, indi növbə şirkətlərin kommersiya danışıqlarını davam etdirməkdədir”, - P.Siyarto bildirib.

Amma macarıstanlı nazir Türkmənistandan gələcəkdə alınacaq həcmləri, təbii qazın çatdırılacağı marşrutu dəqiqləşdirməyib. Lakin onun iyun bəyanatlarını xatırlasaq, söhbətin trans-Xəzər qaz kəmərindən getdiyini təxmin edə bilərik.

Nazirin sözlərinə görə, Türkmənistan məhsulunun Avropaya daşınması üçün uzunluğu 300 kilometr, ötürücülük qabiliyyəti ildə 30 milyard kubmetr olacaq boru kəmərinin yaradılması, eləcə də Cənub-Şərqi Avropa regionunda kəmərlərin ötürücülük qabiliyyətinin artırılması tələb olunacaq.

Dünya enerji bazarlarına birbaşa çıxışı olmayan Türkmənistan üçün də trans-Xəzər qaz kəməri Avropaya çıxış üçün ən məqbul marşrutdur.

Yeri gəlmişkən, zəngin təbii qaz ehtiyatlarına malik Türkmənistan Avropa bazarında Moskva ilə ciddi rəqabət apara bilər. Buna görə də, çətin ki, Rusiya tranzit ölkə rolunu oynamağa razı olsun. Obyektiv və subyektiv səbəblərə görə Aİ-də Rusiyanın “mavi yanacaq” alıcıları bazarının xeyli daraldığı indiki şəraitdə bu, Moskva üçün qəbuledilməzdir.

Bu arada, İran ötən il Rusiya, Qətər və Türkmənistanla əməkdaşlıq edərək Fars körfəzi sahilindəki Buşer vilayətinin Asaluye sənaye bölgəsində təbii qaz qovşağı yaratmaq ideyası ilə çıxış edib. Amma layihənin nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verilmir.

Demək, cəmi bir yol qalıb: həmin marşrut da Azərbaycandan keçir. Lakin bu məsələdə də hər şey rəvan getmir. Türkmənistan Xarici İşlər Nazirliyinin üç həftəlik fərqlə (iyulun 25-i və avqustun 12-də) verdiyi iki bəyanatı saymasaq, trans-Xəzər qaz kəmərinin tikintisi ilə bağlı müzakirə edilən layihəyə dair indiyədək heç bir dəyişiklik baş verməyib. Rəsmi Aşqabad onun həyata keçirilməsi üzrə avropalı tərəfdaşlarla dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

“Enerji sektorunda Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq trans-Xəzər boru kəməri layihəsinin həyata keçirilməsində avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”, - Türkmənistanın XİN rəhbəri Rəşid Meredov qeyd edib.

Onun sözlərinə görə, Türkmənistanın təşəbbüsü ilə irəli sürülən təbii qaz kəmərinin tikintisi ideyası ilkin olaraq Aşqabad tərəfindən təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə kimi deyil, həm də enerjidaşıyıcılarının istehsalçılarının, istehlakçılarının və tranzitçilərinin maraqları və mənfəəti nəzərə alınaraq, qlobal enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsinin əsas şərti kimi qiymətləndirilib.

Yəni Aşqabad bu məsələdə qərarlı olduğunu, trans-Xəzər boru kəməri layihəsi ilə bağlı ciddi marağının olduğunu, lakin onun inşasının bütün yükünü təkbaşına daşımaq niyyətində olmadığını və müzakirəyə açıq olduğunu deyir. Üstəlik, layihə çox baha başa gəlir və Xəzərin bir sahilindən digərinə kəmər çəkməklə məhdudlaşmır. Azərbaycan ərazisində də yeni sistemin yaradılması tələb olunacaq, çünki Cənub Qaz Dəhlizinin hətta 2 dəfə genişləndirilməsi belə, yalnız Azərbaycan təbii qazının nəqli üçün nəzərdə tutulub.

Amma Avropa ölkələrinin bu infrastruktura böyük məbləğdə pul xərcləməyə hazır olması ciddi şübhələr yaradır. Xüsusən də nəzərə alaq ki, Avropada təbii qaz nəqli infrastrukturunu genişləndirmək lazımdır. Demək, bu layihə reallaşma yolunda ciddi sınaqlarla üzləşəcək: təbii ki, bu mərhələyə çata bilərsə.

 

Anbarların plana uyğun olaraq doldurulması

Bu arada, Avropada qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə anbarlara təbii qazın doldurulması davam edir. Doğrudur, bununla bağlı temp nəzərəçarpacaq dərəcədə azalıb. Lakin qeyd etdiyimiz kimi, yeraltı qaz anbarlarının 90% doldurulmasına dair hədəf səviyyəsinə artıq nail olunub. Bütövlükdə Avropada yeraltı qaz anbarlarına sahib olan ölkələrin əksəriyyəti onlarda ehtiyatların həcmini 90%-ə çatdırıb və indi onlara “mavi yanacağın” doldurulması qalıq prinsipi ilə həyata keçirilə bilər. Bu, bazarda təbii qazın həcminin daha çox olmasına və qiymətlərə təzyiqin azalmasına səbəb olur. “Gas Infrastructure Europe”un məlumatına əsasən, Avropanın yeraltı qaz anbarlarında cari ehtiyat səviyyəsi 91,86%-ə çatıb və bu da son 5 ilin eyni dövrü ilə müqayisədə orta göstəricidən 13% çoxdur.

“Aİ-də təbii qaz anbarları qrafikdən xeyli əvvəl 90%-ə çatıb. Bu, qarşıdan gələn qışda təhlükəsizlikdə olmağımıza kömək edəcək. Biz birlikdə Rusiya təbii qazından istifadəni “tərgidirik”, - Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

Aİ noyabrın 1-dək yeraltı qaz anbarlarının 90% doldurulması vəzifəsini ötən il, yəni enerji resurslarının qiymətlərinin rekordlar qırdığı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qoyulmuşdu. Yəni Aİ Rusiya tədarükündən müstəqillik kursunu götürüb.

“Bizim yeraltı qaz anbarlarını vaxtından əvvəl doldurmağımız o deməkdir ki, Aİ qışa yaxşı hazırlaşıb və bu, yaxın aylarda bazarları daha da sabitləşdirməyə yardım göstərəcək”, - Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib.

Aİ rəsmilərinin fikrincə, təbii qaz anbarlarının bu səviyyədə doldurulmasına Avropada qışın anomal səviyyədə isti keçməsi və təşkilata daxil olan ölkələr arasında qarşılıqlı anlaşma kömək edib.

Təbii qazın qiymətlərinin aşağı düşməsinə nail olmaq ümidi ilə daha bir mühüm qərar “mavi yanacaq” alışı üçün ümumavropa platformasının yaradılması idi. Brüsseldə bunu “möhtəşəm uğur” adlandırıblar. Bu gün Aİ-də elektrik enerjisinin etalon qiyməti 1 meqavat/saat üçün 40 avrodan azdır və bu da 2022-ci ilin üçrəqəmli qiymətlərindən bir neçə dəfə aşağıdır.

İyul ayında Avropa Komissiyası (AK) Avropa şirkətləri tərəfindən təbii qazın birgə alınması üçün ikinci tender elan edib. Bu, 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər 49 şirkətin istədiyi 15,9 milyard kubmetrlik təchizatı əhatə edir. İkinci tenderlə bağlı ümumi tələbatın təxminən yarısı LNG-yə aiddir. Bu, əvvəlki dövrdəki tələbatı 11,6 milyard kubmetr üstələyib. 2023-cü ilin sonuna kimi daha üç tender keçiriləcək.

“Təbii qaz tələbatının daha da yüksək səviyyələrini nəzərə aldıqda aydın olur ki, Avropa şirkətləri ehtiyaclarını ödəməyə kömək etmək üçün Aİ enerji platformasının effektivliyinə getdikcə daha çox əmin olurlar. Bu platforma bazar tərəfindən tanınır və enerji böhranından çıxmaq üçün effektiv vasitəyə çevrilir”, - Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç yeni tələbata münasibət bildirərkən qeyd edib.

M.Şefçoviç etibarlı beynəlxalq təchizatçıları təkliflər təqdim etməyə və Aİ və Enerji Birliyində öz müştəri bazasını genişləndirmək fürsətindən istifadə etməyə çağırıb.

Əlbəttə ki, təbii qaz qiymətləri ilə bağlı vəziyyət avropalı istehlakçılar üçün əlverişlidir. Hazırda Avropada bu enerji resursunun qiymətləri 2022-ci ilin fevralında Ukraynada müharibə başlamamışdan əvvəlki qiymətlərdən belə, xeyli aşağıdır. Avqustun 23-də Avropada təbii qazın spot qiyməti 14% düşüb. Niderlandda yerləşən TTF habında “bir gün əvvəlki” tədarük müqaviləsi 1000 kubmetr üçün 355 dollar səviyyəsində bağlanıb.

Eyni zamanda Avropa ilə müqayisədə Asiyada LNG qiymətlərində böyük uçurum nəzərə çarpır. Asiyada (Yaponiya, Cənubi Koreya, Çin və Tayvan) mayeləşdirilmiş təbii qazın qiymətləri Şimal-Qərbi Avropadan daha yüksəkdir.

Amma bu o demək deyil ki, Avropa ölkələri rahatlaşa bilər: bundan bir qədər əvvəl Avropa birjalarında təbii qazın qiyməti bu ilin iyun ayının ortalarından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 500 dolları ötüb. “Mavi yanacağın” bahalaşmasına Avstraliyadakı LNG zavodlarında potensial tətil xəbərləri təkan verib. Bu, bazar iştirakçılarına təbii qazın qiymətinin kifayət qədər qeyri-sabit olduğuna və vəziyyətin hər an mənfi istiqamətdə dəyişə biləcəyinə dair açıq siqnal idi.



MƏSLƏHƏT GÖR:

106