18 Dekabr 2024

Çərşənbə, 08:45

MİLYARDI GÖTÜRMƏK

Azərbaycanda ilk dəfə olaraq sığorta sektorunda bazarın artım templərini dəstəkləmək üçün “Sığorta Festivalı” keçirilir

Müəllif:

01.09.2023

Son illərin böhran zolağından uğurla çıxan Azərbaycanın sığorta bazarı artıq ikinci ildir ki, olduqca yaxşı artım dinamikası nümayiş etdirir. Bu ilin yanvar-iyul aylarında yerli sığorta şirkətləri sığorta haqlarını ötən ilin həmin dövrü ilə müqayisədə təxminən 31,2% çox toplayıb. Bu tendensiyanın qorunub saxlanması və sığortanın üstünlükləri, təklif olunan məhsul və xidmətlərin müxtəlifliyi haqqında daha çox insanlarını məlumatlandırmaq üçün ilk dəfə Bakıda və ölkənin 9 böyük şəhərində “Sığorta Festivalı” keçirilir. Festivalın açılışında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) proqnozları açıqlanıb. Belə ki, bu proqnozlara əsasən, 2023-cü ilin sonuna ölkədə ümumi sığorta haqları 1 milyard manat həddini keçəcək.

 

Böhrandan sonra

2014–2017-ci illərin enerji böhranı zamanı Azərbaycanın sığorta sektoruna milli valyutanın məzənnə dayanıqlılığının pozulması ciddi təsir göstərib. Xüsusən də bu, sığorta biznesinin ən zəif halqalarının bazardan çıxarılmasına səbəb olub və nəticədə Azərbaycan sığorta şirkətlərinin sayı 27-dən 21-ə düşüb.

Bu məqamda sığorta sahəsinin bank biznesi ilə inteqrasiyasının son dərəcə yüksək səviyyədə olduğunu qeyd etmək lazımdır. Onlar, bir qayda olaraq, holdinqlər daxilində birləşirlər və əksər hallarda banklar ümumiyyətlə sığorta şirkətlərinin əsas səhmdarları olur. Digər tərəfdən sığorta şirkətlərinin dövriyyəsinin böyük hissəsi ona yaxın olan bank tərəfindən verilmiş avtomobil, girovlu istehlak və ipoteka kreditləri və s. ilə formalaşır. Əgər bank böhranları dövründə belə sıx əməkdaşlıq sığorta şirkətlərinə çox mənfi təsir göstərirsə, bank bazarında davamlı artım dövründə onunla əlaqəli olan sığorta biznesi də çiçəklənir.

Əslində, 9 il əvvəl yaşanan enerji böhranından sonra Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankının (AMB) səyləri həm bank, həm də sığorta sektorunun hüquqi bazasını ciddi şəkildə gücləndirib. Üstəlik, adıçəkilən qurumların səyləri nəticəsində maliyyə bazarı iştirakçıları sağlamlaşdırılıb və bu sahə ilə bağlı prudensial göstəricilər yaxşılaşdırılıb. Bununla da, sığorta bazarında yeni böyük böhranların baş vermə ehtimalı minimuma endirilib. Bu siyasətin uğurlu olduğunu 2020–2021-ci illərdə yerli sığorta şirkətlərinin COVID-19 pandemiyasının və neftin qiymətinin aşağı düşməsinin mənfi təsirlərini az itkilərlə aradan qaldırması sübuta yetirib. Yalnız “Rəvan Sığorta” ASC-də problemlər yaranıb və 2021-ci ilin martında onun lisenziyası ləğv edilib.

Sığorta şirkətlərinin ötən illərlə müqayisədə dayanıqlılığı yeni və köhnə böhran illərində də qorunub saxlanılıb. Buraya müxtəlif neqativ amillər daxildir: idxal inflyasiyası, daha sonra ressesiyanın güclənməsi üzündən ABŞ və Avropa İttifaqında (Aİ) iqtisadi artımın yavaşlaması, həmçinin ticari-iqtisadi tərəfdaşlarda bir sıra problemlər. Ümumiyyətlə, istehlak qiymətlərinin artması və aşağı iqtisadi artım dönəmi sığorta və bank bazarlarının inkişafı üçün ən yaxşı dövr deyil. Təəssüf ki, həmin dövrdə də itkilərdən yan keçmək mümkün olmayıb. Bu ilin iyulunda Mərkəzi Bankın qərarı ilə “Günay Sığorta” ASC-nin lisenziyası ləğv edilib. Lakin bu, şirkətin zəif fəaliyyəti ilə deyil, onunla əlaqəli strukturun, əsas səhmdarın, yəni “Günay Bank”ın bağlanması ilə bağlı olub. Xatırladaq ki, həmin bank bütün kapitalını əhalinin əmanətləri üzrə borclarını ödəməyə yönəltmək məcburiyyətində qaldığına görə bağlanıb.

Hər halda, yerli sığortaçıların əksəriyyəti xidmətlərinə tələbatın aşağı düşməsi ilə bağlı mümkün çətinliklərdən yan keçə biliblər. Üstəlik, sığorta şirkətləri region ölkələri daxil olmaqla, bazarı genişləndirməyə, yeni məhsulları təşviq etməyə və bazardakı tələbata uyğunlaşmağa çalışır.

 

Əlverişli dinamika

Sığorta bazarı iştirakçılarının artan fəallığının bariz nümunəsi avqustun 26-da başlayan və sentyabrın 7-dək davam edəcək “Sığorta Festivalı”nı göstərmək olar. Bu festivalla bağlı tədbirlər Bakı, Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran və digər şəhərlərdə keçirilir. Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşəbbüsü ilə ölkədə ilk dəfə təşkil olunan bu festival sığorta sektorunun inkişafına dair tədbirlər planı çərçivəsində həyata keçirilir. Bu plan Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Qərarı ilə təsdiq edilib.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutaiment” (təhsil və əyləncə) formatında təşkil olunur. Bununla təhsil, maarifləndirici və əyləncə proqramlarının simbiozu nəzərdə tutulur. Əsas məqsəd əhalinin sığorta sahəsi ilə bağlı savadlılığını artırmaq və xidmətlərin əlçatanlığını təmin etməkdir. Buna görə də sığorta bazarının, demək olar ki, bütün üzvləri forumun iştirakçısı olublar.

“Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı deyə bilərik. Əgər bu tempi qoruya bilsək, bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək”, - Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev festivalın açılışına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda ölkənin regionlarında ən populyar sığorta növləri icbari, o cümlədən avtonəqliyyat vasitələri, daşınmaz əmlak və könüllü həyat sığortasıdır.

Ümumiyyətlə, son illərdə bu bazarın dinamikası kifayət qədər əlverişli görünür. Belə ki, 2021-ci ildə sektorun gəlirləri 16% artıb, 2022-ci ildə isə 20 sığorta şirkəti əvvəlki ilin göstəricilərini 15% üstələyərək 970,8 milyon manat sığorta haqqı toplayıb.

Lakin görünən odur ki, bu sektor 2023-cü ildə ən yüksək inkişaf dinamikasına çatacaq. Mərkəzi Bankın bu yaxınlarda açıqladığı rəqəmlərə əsasən, 2023-cü ilin yanvar-iyul aylarında sığorta şirkətlərinin yığdığı sığorta haqqı 761,8 milyon manata çatıb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə düz 31,2%-lik artım deməkdir. Bunun əsas amili könüllü sığorta növləri üzrə sığorta haqlarının 27,5% artması olub. Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 559,3 milyon manat və ya bazar üzrə bütün sığorta haqlarının 73,4%-ni təşkil edib.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev qeyd edib ki, son 5-6 ildə bazarda bütün sığorta haqlarının, demək olar ki, 3/4-nü təşkil edən könüllü sığorta bazarının həcmində artım ölkə əhalisinin bu sahəyə inamının tədricən artdığını göstərir.

Eyni zamanda könüllü sığorta üzrə əsas gəliri həyat sığortası seqmenti təmin edir: təkcə yanvar-iyul aylarında bu istiqamət üzrə sığorta haqları 35,8% artaraq 338,3 milyon manat təşkil edib. Belə yüksək müsbət dinamika bankların iştirakı ilə sığortaların satışında əhəmiyyətli paya malik investisiya aləti kimi bu növün əhəmiyyətinin artması ilə izah olunur. Azərbaycanda həyat sığortası əsasən korporativ müştərilər tərəfindən öz işçiləri üçün alınır. Buraya neft və digər sektorlardakı iri şirkətlər, banklar və s. daxildir. Sığorta haqları, ödənişlər kimi, bütün növ vergilərdən azaddır. Müqavilənin müddəti başa çatdıqdan sonra sığorta məbləğinin ödənilməsi ilə yanaşı, sığorta haqları bankın depozit hesabına yerləşdiriləcəyinə görə müştəri əlavə investisiya gəlirinə arxalana bilər.

 

ÜDM-də pay

İcbari sığorta növləri üzrə sığorta haqlarının ümumi həcminin 1,5 dəfədən az, yəni təxminən 202,5 ​​milyon təşkil etməsinə baxmayaraq, bu seqmentdə artım çox yüksəkdir: 42,8%. Burada aparıcı istiqamətlər arasında icbari tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) var.

Yaxın gələcəkdə onlara daşınmaz əmlak sığortası da əlavə olunacaq. Bu seqmentin, təxminən, iki dəfə artacağı gözlənilir. Məhz bu seqment Mərkəzi Bank tərəfindən 2023-cü ildə sığorta bazarının inkişafı üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. İcbari Sığorta Bürosunun mexanizmləri ilə digər dövlət strukturları, xüsusilə Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemi arasında sistemlərarası inteqrasiya nəzərdə tutulur. Belə inteqrasiya bazarı əhatə etmək üçün çox vacib olan daşınmaz əmlakın sığortası üzrə elektron şəhadətnamənin verilməsi imkanını təmin edəcək. Bundan başqa, bu, müvafiq strukturların fəaliyyətinə onlayn nəzarət imkanları üçün vacibdir.

Sığorta sahəsinin son illərdə yüksək inkişafına baxmayaraq, onun maliyyə sektorunun məcmu gəlirlərində, xüsusilə də ümumi daxili məhsulun (ÜDM) göstəricilərinə nisbətində payı hələ də nisbətən kiçikdir. Penetrasiya səviyyəsi (sığorta haqlarının ÜDM-də payı) baxımından 2023-cü ilin yanvar–iyul ayları üzrə göstəricilər 1,08% təşkil edib. Təbii ki, bu, böhrandan, yəni 2021-ci il pandemiyadan sonrakı dövrdə 0,9% olan göstəricidən daha yaxşıdır. Buna baxmayaraq, bu mənada ölkəmiz region ölkələrindən geri qalır. Bir il əvvəl Gürcüstanda sığorta sektorunun penetrasiya səviyyəsi 1,2%, Rusiyada 1,5%, Türkiyədə 1,7% idi. Aİ-nin bir sıra ölkələrində və ABŞ-da isə bu göstərici 10%-ə çatırdı. Çin sığorta bazarı bu baxımdan çox dinamik inkişaf edir. Əgər 2015-ci ildə bu ölkədə penetrasiya səviyyəsi 3,5% idisə, indi bu göstərici 2 dəfə artaraq 7%-ə çata bilər.

Bu məqamda qeyd etmək yerinə düşər ki, adətən, sığorta sektoruna penetrasiya səviyyəsi parametrləri əhalinin gəlir səviyyəsi ilə bağlıdır. Əhalinin gəlir səviyyəsi nə qədər böyükdürsə, ümumi sığorta haqlarının ÜDM-də payı bir o qədər yüksək olur. Bu mənada maliyyə bazarının ümumi mədəniyyəti, bank və sığorta şirkətlərinə inam, təklif olunan məhsulların populyarlıq dərəcəsi və onların üstünlükləri barədə əhalinin məlumatlılığı da eyni dərəcədə vacibdir. Bu baxımdan, Azərbaycanın hələ üzərində işləməli və sığorta bazarında tədricən islahatlar aparmalı olduğu bir sıra məsələ var.



MƏSLƏHƏT GÖR:

112