30 Dekabr 2024

Bazar ertəsi, 21:07

RƏQSİN SİNERJİSİ

Azərbaycanda inklüziv təcrübələr üzrə müəllim insanları yaxşılığa doğru dəyişən rəqslərdən danışıb

Müəllif:

15.09.2023

Bu layihə qitələri birləşdirir. “DanceAbility”ni 1987-ci ildə ABŞ-dan olan iki rəqqas fikirləşib. Belə ki, onlar rəqs incəsənətinə fiziki məhdudiyyətli şəxsləri cəlb etməyə qərar veriblər.

Bu rəqsin əsasını qoyan Alito Alessi bunu digər ölkələrdən olan entuziastlara öyrətməyə başlayıb. İndi bu hərəkat dünyada 700 nəfər tərəfindən populyarlaşdırılıb. Onlardan biri bu inklüziv təcrübəni vətənində tətbiq edən, bədii rəhbər, “DanceAbility”nin Azərbaycandakı direktoru Nigar Sultanovadır.

 

Öz bədənini qəbul etmək

O, öz bədəni ilə münasibətlərini uzun illər ərzində qurub. N.Sultanova əmindir ki, rəqs bizi olduğumuz kimi qəbul edir: “DanceAbility” sadəcə bir layihə deyil, təcrübədir. Bu, bədəni ilə danışmağı öyrənmək istəyən hər kəs üçündür və fiziki məhdudiyyətli şəxslər də istisna deyil. Onu unikal edən məhz budur”.

Nigar Sultanovaya rəqsi və “DanceAbility” praktikasını tədris etməyə şəxsi hekayəsi ilham verib. Uşaqlıqdan onun üçün azad təbiətini məhdudlaşdırmayacaq özünüifadə yolunu tapmaq vacib idi. Axı, ənənəvi rəqslər müəyyən sərhədlər qoyur. Amma “DanceAbility” haqqında bunları söyləmək olmaz. Artıq yeniyetməlik dövründə özünü sərbəst ifadə etməsi ona daxili təbiətini tapmağa və qəbul etməyə yardım göstərib. İndi, yəni illər sonra o, tələbələrini duyğularını, düşüncələrini, həmçinin bədənlərini olduğu kimi qəbul etməyə təşviq edir.

Onun sözlərinə görə, bu təcrübələrin əsasında çox mühüm bir həqiqət dayanır: “Biz nə qədər düşüncələrimizlə baş-başa qalırıqsa, bədənimizi necə dəyişdirəcəyimiz barədə bir o qədər çox düşünürük. Biz daim özümüzü başqaları ilə müqayisə edirik və bu səbəbdən özümüzdə nəyisə dəyişmək istəyirik, özümüzdən narazı oluruq”.

“Məni bu təcrübələr ona görə maraqlandırır ki, onlar müəyyən vaxt kəsimində özümüzü başımızla deyil, bədənimizlə ifadə etməyə imkan verir. Çünki bədən çox vacib bir alətdir. Amma nədənsə çox vaxt onun “səsini boğmağa” çalışırlar. Əslində, duyğularımızı bədənimiz vasitəsilə çatdırmaqdan qorxuruq. “DanceAbility” daxil olmaqla, bütün bədən təcrübələri bizə “başımızdan enməyə” və bədənimiz vasitəsilə təcrübə qazanmağa imkan verir”, - N.Sultanova vurğulayıb.

Nigar Sultanova həm başqalarına dərs deyir, həm də özü öyrənir. Onun üçün öyrənmək özünü tamamilə dəyişdirməyə, fərqli bir insana çevirməyə imkan verən sonsuz bir prosesdir.

“Mən çox vaxt insanları təbiətlə müqayisə edirəm. Təbiətdə hər şeyin dəyişməsi və transformasiyaya uğraması bizdə də baş verir və bu, çox gözəldir”, - o qeyd edib.

 

Rəqs stimul kimi

Pandemiya zamanı Nigar Sultanova xüsusi kursu bitirərək “DanceAbility” metodunun ustad müəllimi olub. Bu, ona psixoloqlara, psixoterapevtlərə, reabilitasiya mərkəzlərinin mütəxəssislərinə və öz bədənini tanımaq və potensialını açmaq istəyən hər kəsə bu təcrübələri öyrətməyə imkan verib. Bu kursu bitirən hər bir mütəxəssis sertifikat alır və bu biliklərini fəaliyyət sahəsində tətbiq edə bilər.

Daim bir çox müxtəlif layihələr həyata keçirən Nigar Sultanova indi “DanceAbility”nin Azərbaycanda fəaliyyətini inkişaf etdirir. Bu layihələr arasında tamamilə hər kəs – həm Bakı, həm də bölgə sakinləri – üçün özünü ifadə etmək və fiziki fəaliyyət üçün bərabər imkanlar yaradan “Hər bədənin öz hekayəsi var” adlı təşəbbüs də var.

Təşəbbüs onlayn şəkildə həyata keçirilir. Məlumatın hər kəsə aydın olması üçün iştirakçılar qruplara bölünür. Qulaq və gözdən əlil və digər insanları öyrətmək üçün xüsusi üsullardan istifadə olunur.

“Pandemiya zamanı biz - müəllimlər onlayn təlim üçün hər bir məşqi hazırlamağa başladıq. Onların sayı 200-dən çoxdur. Bu məşqlərdən hansının onlayn formatda asanlıqla nümayiş etdirilməsinə uyğun olub-olmadığını öyrənməyə başladıq”, - N.Sultanova bildirib.

“DanceAbility” həmçinin müəllimlərə fiziki qüsurlu müxtəlif insanlar üçün lazımi məşqləri seçməkdə kömək edən xüsusi təlimat hazırlayıb.

“Gözlərinizi yumun və məni görmədiyinizi təsəvvür edin. Siz mənim hərəkət ortağımsınız. Müəyyən hərəkətlər edirəm. Məsələn, deyirəm ki, sağ əlimi qaldırıb başıma qoyuram, sonra yerə toxunuram. Siz bunu fiziki olaraq görmürsünüz, ancaq mən bu barədə danışdığım üçün təsəvvür edirsiniz. Bir insanın bəzi orqanlarının funksiyaları pozulubsa, bu, digər orqanlarının gücləndiyini göstərir. Biz dərslərimizin çoxunu məhz bu şəkildə keçirik”, - o vurğulayıb.  

Maraqlıdır ki, Nigar Sultanova rəqsi həyatında əsas stimul hesab etmir. Onun üçün həyatı keyfiyyətli və dolğun yaşaması vacibdir və bu işdə ona rəqs və “DanceAbility” kömək edir: “Bu üsul sizə bunu etməyə imkan verən metodlardan biridir. Çünki bizi bədənimizə qaytarır, bədən və ruh arasında tarazlığı tapmağa kömək edir”.

“DanceAbility”nin bütün təcrübələri tamamilə pulsuz öyrənilə bilər. Nigar Sultanova QHT-lərə, dövlət qurumlarına və özəl sektora təklif etdiyi müxtəlif layihələr vasitəsilə bunun üçün maliyyə vəsaiti tapır. O, gələcəkdə də onlarla əməkdaşlığı davam etdirəcək.

O etiraf edir ki, insanları xəstə, yaxud sağlam, xoşbəxt, yaxud bədbəxt kateqoriyalarına bölmür. N.Sultanova hər dərsin sonunda şagirdləri ilə bir dairədə oturaraq öz emosiyalarını, fikirlərini bölüşür, keçilmiş dərsdən nəticə çıxarır: “Birlikdə yaratdığımız zaman həyat mənim üçün gözəldir. Belə fərqli, bənzərsiz insanlarla görüşmək, enerji almaq, enerji paylaşmaq, sinerji yaratmaq imkanının olması, daim onlarla birlikdə olmaq böyük xoşbəxtlikdir...”.



MƏSLƏHƏT GÖR:

179