24 Noyabr 2024

Bazar, 03:35

İPƏK YERİNƏ ƏDVİYYAT

Qərb təşəbbüsü Çinin əlindən almağa çalışır

Müəllif:

15.09.2023

Si Cinpinin Çinin qlobal inkişafının stimullaşdırılması, beynəlxalq nüfuzunun artırılması məqsədilə 2013-cü ildə irəli sürdüyü «Kəmər və yol» təşəbbüsü (The Belt and Road Initiative, BRI) dünyada uzun müddət ABŞ və tərəfdaşlarının ortaya alternativ qoya bilməyəcəkləri infrastruktur proqramı sayılıb. Ötən 10 ildən artıq müddətdə 150-dən çox ölkə bu təşəbbüsə bu və ya digər dərəcədə qoşulub. İyulda Çinin BRI layihəsinə yatırdığı investisiyaların ümumi həcmi 1 trilyon dolları keçib. Çin gömrüyünün məlumatına görə, bu ilin ilk səkkiz ayında layihəyə qoşulmuş ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1,72 trilyon dollardan artıq olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. Nəticədə, Dünya Bankı BRI layihəsinin iştirakçılar arasında ticarətin böyüməsinə əhəmiyyətli töhfə verdiyini etiraf etməli olub.

İnkişaf etməkdə olan ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi Çinin beynəlxalq arenada nüfuzunu artırmasına da təkan verib. Məsələn, «Kəmər və yol» Çinin BMT-də təcrid duruma salınmasının qarşısını alıb. 2019-2021-ci illərdə Qərb ölkələri BMT-nin İnsan Hüquqları Şurası üçün 4 birgə bəyanatla çıxış ediblər ki, orada Sintzyan və Honkonqdakı vəziyyətdən narahatlıq ifadə olunub. Lakin hər dəfə çoxluq Pekini dəstəklədiyindən, Qərb azlıqda qalıb.

 

Borc diplomatiyası

Lakin son zamanlar dünya iqtisadiyyatının artım tempinin azalması və yüksək inflyasiya fonunda bir çox dövlət Çinin borcunun qaytarılmasında çətinliklər yaşamağa başlayıb. Üstəlik, söhbət heç də kiçik məbləğlərdən getmir. Çin bankları onlara ənənəvi kreditləri 5%-lə verib. Bu, BVF-nin son 10 ildə verdiyi güzəştsiz kreditlərin faizi (təxminən 2%) ilə müqayisədə xeyli artıqdır.

Yalnız Mərkəzi Asiya ölkələrinin Çinə borcu 2011-ci ildə 4,7 milyard dollar idisə, 2020-ci ildə bu məbləğ 36,3 milyard dollara çatıb. Hesab olunur ki, «Kəmər və yol» iştirakçısı olan ölkələrin borcunun belə sürətlə artmasına səbəb Pekinin 2020-ci ildədək bu layihədən maksimum gəlir götürmək istəyi olub. Əksər ekspertlər, o cümlədən çinli ekspertlər hesab edirlər ki, həmin ölkələr müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün alternativ mənbə tapmadıqlarından, Çindən kredit götürmək qərarına gəliblər, Pekin isə həmin vəsaitləri heç də güzəştli şərtlərlə ayırmayıb. Nəticədə, borcun qaytarılması ilə bağlı ciddi problemlər yaranıb.

Bəziləri isə düşünür ki, BRI məhz «borc tələsi diplomatiyası»dır: Pekin bilərəkdən ölkələrə geri qaytara bilməyəcəkləri şərtlərlə borc verir ki, sonda onlara siyasi təzyiq göstərə bilsin.

Bununla yanaşı, bəzi hallarda bu tip layihələrdə iştirak, onlardan gələn gəlir ilkin qiymətləndirmədə göstərilən rəqəmlərdən xeyli az olur. Məsələn, Şri-Lankada dəniz limanı və Keniyadakı dəmir yolu layihələrini misal göstərmək olar.

BRI haqqında «borc diplomatiyası» termini xüsusilə Pakistan, Laos, Şri-Lanka, Zambiya və Monqolustan da daxil olmaqla, bir sıra ölkələrin ciddi borc riski ilə qarşı-qarşıya qalmasından sonra populyarlıq qazanıb. Belə hallarda Çin qarşı tərəfə əlavə kredit ayırmağa, yaxud borcun restrukturizasiyasına hazır olsa da, BRI layihəsi haqda mənfi fikirlər getdikcə artmaqdadır. İndi o, getdikcə daha çox tənqid olunur. Tənqidçilər hesab edir ki, «Kəmər və yol» təşəbbüsünün əsasında borc alanlara strateji təsir imkanlarının əldə edilməsi, onların iqtisadiyyatını Çinə tərəf çevirmələrinə nail olunması dayanır. Bununla yanaşı, yerli tələbata lazımi diqqətin göstərilməməsi, maliyyələşmədən şəffaflığın olmaması, suverenliyə etinasızlıq, ətraf mühitə mənfi təsir və korrupsiya da layihə haqda səsləndirilən mənfi fikirlərdəndir.

Çin iqtisadiyyatında artım tempinin zəifləməsi isə BRI üçün daha bir ciddi problemdir. Borcun getdikcə artması (bəzi qiymətləndirmələrə görə, Çinin ümumi borcu ÜDM-in 300%-dən çoxdur), işsizliyin yüksək həddə olması, istehlakçı tələbatının zəifləməsi, həmçinin ölkənin bir sıra nəhəng şirkətlərinin maddi durumu ilə bağlı yaranmış narahatlıqlar Pekini prioritetləri daxilə yönəltmək məcburiyyətində qoyur.

«Kəmər və yol» layihəsi köhnəlib», - deyə «Carnegie» nəşri Çinin Sinqapurdakı biznes lobbiçilərindən birinə istinadən yazır. Onun sözlərinə görə, artıq bir çox sahibkar yeni platformalara keçib. Məsələn, söhbət Çinin də üzv olduğu Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıqdan (HRİT) gedir.

Bundan başqa, son dövrlərdə nəinki Çinin yer almadığı, əksinə, konkret olaraq onun beynəlxalq nüfuzunu artırmasına qarşı olan bir neçə layihə ortaya çıxıb.

 

«Kəmər və yol»a alternativlər

Koronavirus pandemiyasından sonra özünə gələn ABŞ, Aİ, «Böyük yeddilik» ölkələri və onların tərəfdaşları Çinlə rəqabətə girə biləcək bir neçə nəhəng layihəyə start veriblər. 2022-ci ildə G7 ölkələri inkişaf etməkdə olan ölkələrin layihələrinin maliyyələşdirilməsini nəzərdə tutan «Qlobal infrastruktur və investisiyalar üçün tərəfdaşlıq» (PGII) proqramını irəli sürüblər. 2030-cu ilədək bu məqsədlə 600 milyard dolların xərclənməsi nəzərdə tutulur.

Elə həmin il Aİ inkişaf etməkdə olan dünya ilə əlaqələrin güclənməsi üçün 2027-ci ilədək 333 milyard dolların ayrılmasını nəzərdə tutan «Global Gateway» proqramını təsdiqləyib. Oktyabrın sonlarında avropalılar Afrika, Latın Amerikası və Asiya (Çin istisna olmaqla) ölkələrindən biznes liderləri, məmurlar və dövlət başçılarını bu proqramın icrasına həsr olunan foruma dəvət edəcəklər.

Sentyabrın 9-da Yeni Dehlidə keçirilmiş G20 sammitində Hindistan, Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya və ABŞ Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək daha bir ticarət və infrastruktur layihəsini təqdim ediblər. Ona əsasən, müasir «Ədviyyat yolu» üzrə elektrik şəbəkələrinin, limanların, məlumat ötürmə şəbəkələrinin yaradılması, enerji xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihənin müəllifləri deyir ki, onun məqsədi Çinin «Kəmər və yol» təşəbbüsünə etibarlı alternativin yaradılması, Pekinin borc tələsinə düşmüş ölkələrin problemlərinin həllidir.

Yaxın Şərq dəhlizi iki hissədən ibarət olacaq. Şərq hissəsi Hindistanın Mundra limanını qərbdə Fuceyra limanı ilə birləşdirəcək, daha sonra yüklər dəmir yolu ilə Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə Hayfaya (İsrail) daşınacaq. Qərb dəhlizi isə Hayfadan keçərək, Fransa, İtaliya və Yunanıstan limanlarına uzanacaq.

Bu layihə həmçinin Hindistan, İsrail, BƏƏ və ABŞ-ı birləşdirəcək «Hind-İbrahim alyansı»nın yaradılması cəhdi kimi qiymətləndirilir.

 

Sinin mirası

Si Cinpin üçün BRI layihəsi son dərəcə vacibdir. Odur ki, Çin lideri bu layihəni ikinci plana ata bilməz. Kreditləşmə ilə bağlı bütün problemlərə rəğmən, Pekin bu meqalayihədən imtina etməyəcək, çünki o, Si mirasıdır. Məhz onun səyləri nəticəsində 2018-ci ildə Çin Konstitusiyasına daxil edilmiş BRI Çin Xalq Respublikasının 100 illik yubileyinin qeyd olunacağı 2049-cu ilədək de-fakto ölkənin xarici siyasətinin əsasını təşkil edir.

Güman ki, layihələrin sayı, investisiyaların həcmi bir qədər azalacaq və Çin xaricdə ciddi nəzarət altında daha kiçik layihələrlə məşğul olacaq. Lakin Pekin BRI layihəsini bütünlükdə dünya birliyinin maraqlarına cavab verən tarixi uğur kimi təqdim etməkdən əl çəkməyəcək. Çin lideri oktyabrda keçiriləcək üçüncü BRI forumuna məhz bu əhvalda hazırlaşır.

 

Müşahidə güclü olacaq

İlk BRI forumu 2017-ci ildə keçirilib və orada 29 dövlət başçısı, 30 ölkədən nümayəndə və 70 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib. BMT-nin baş katibi isə forumdakı çıxışında Çi Cinpinin «övlad»ını tərifləyərək, onu «qlobal inkişafa ümumi baxışa əsaslanan platforma» adlandırıb, bu layihəni BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf hədəfləri ilə bağlayıb. Ümumi rəyə görə, forum kifayət qədər uğurlu alınıb.

İkinci belə toplantı 2019-cu ildə baş tutub. Bu dəfə foruma 37 dövlət başçısı qatılsa da, geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə fərqli olub: ABŞ Çini «revizionist fövqəldövlət» adlandırıb, Aİ isə «sistem rəqibi» kimi qiymətləndirib. O zaman artıq ABŞ ilə Çin arasında tarif-ticarət ziddiyyəti qızışmışdı, BRI çərçivəsində həyata keçirilən layihələr tənqid atəşinə tutulmağa başlamışdı. Bu üzdən də əsas diqqət müxtəlif tənqidlər qarşısında layihənin imicinin yaxşılaşdırılmasına yönəlmişdi. Çin lideri forumdakı çıxışında layihənin dövrün istənilən çağırışına çevik reaksiya verəcəyini bildirmiş, hamını buna inandırmağa çalışmışdı.

İlk iki forum arasındakı geosiyasi və geoiqtisadi dəyişikliklər gözlənilən üçüncü toplantıdan əvvəl baş verən qlobal hadisələrlə müqayisədə yəqin ki, çox zəif olub. ABŞ-Çin münasibətlərinin daha da pisləşməsi, təhlükəsizlik sahəsində vəziyyətin ağırlaşması, iqtisadi-ticari vəziyyətin qeyri-sabit olması, yeni tərəfdaş və alyansların yaranması, həmçinin Çinin özünün iqtisadiyyatındakı ciddi problemlər fonunda Si Cinpin «övlad»ının nüfuzunu qoruması asan görünmür.

Yeni vəziyyəti və bəzi tərəfdaş ölkələrin mövqelərindəki dəyişiklikləri nəzərə alsaq, forumda baş verənləri bütün dünya son dərəcə ciddi müşahidə edəcək. Pekin sübut etməlidir ki, BRI çoxsaylı problemlərə rəğmən, cəlbediciliyini qoruyub saxlayır və böyük dəstəyə malikdir.



MƏSLƏHƏT GÖR:

97