
YENİDƏN DÖYÜŞƏ
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev üçüncü dəfə Olimpi fəth etmək niyyətindədir
Müəllif: Nadir XOSROVOĞLU
Azərbaycan idmançıları gələn il Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlığı davam etdirirlər. Paralimpiya Oyunlarında cüdo növündə ən böyük ümidlər İlham Zəkiyevlə bağlıdır. İkiqat paralimpiya çempionu, cüdoda bütün mümkün titulların sahibi zədə səbəbindən Bakıda lisenziya xarakterli yarışda iştirak etmədi. “Region plus”un jurnalisti tanınmış idmançımızla görüşərək həm hazırlıq, həm də cüdoda baş verən dəyişikliklə barədə məlumat alıb.
- Bakıda Paris Olimpiadasına lisenziya xarakterli cüdo turniri keçirildi. Sizin orada iştirak etməməyiniz ancaq zədə ilə bağlı idi?
- Zədə tam sağalmadığına görə məşqçilər iştirak etməyi məsləhət görmədi. Çünki zədəni yeniləmək riski var idi. Lisenziya yarışları qarşıda olacaq. Ona görə ilin sonunda Yaponiyada keçiriləcək yarışa hazırlaşmağı qərara aldıq.
- Bakıdakı yarışda iştirak etmədiyinizə görə dünya reytinqində mövqeyiniz dəyişdi...
- Tamamilə doğrudur. Bakı turnirindən öncə reytinqdə birinci pillədə qərarlaşmışdım. Bu yarışda iştirak etmədim, rəqiblər isə xal ehtiyanı artırdı. Hazırda dördüncü yerdəyəm. Reqlamentə əsasən ilk onluqda hər ölkədən bir cüdoçu Paraolimpiadaya lisenziya qazanacaq. Fikrimcə, Parisə yollanmaq şanslarım yüksəkdir. Dekabrda Tokio Qran-Prisində iştirak etməklə lisenziya xalımı artıracağam.
- Paralimpiya Oyunlarında artıq yeni qaydalar tətbiq olunur. Bu qaydalarla bağlı nə düşünürsünüz?
- Çox doğru qərardır. Dəfələrlə bir sıra tanınmış idmançılarımız Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə müraciət edib. Mən də bu barədə şikayət etmişəm. Tam görmədiyim halda, nisbətən zəif görən idmançılarla mübarizə aparmışam. Uduzmuşam, buna görə əsəb keçirmişəm. İndiyədək beş olimpiadada iştirak etmişəm. Əvvəl yarışlar 3 kateqoriya üzrə keçirilirdi: B1-zəif görənlər, B2- orta görənlər, B3- heç görməyənlər. Mən isə bütün yarışlarda orta görənlərlə güləşmişəm. Təbii ki, bu, çox çətinlik yaradırdı. Uzun illərdir Azərbaycan Cüdo Federasiyası olaraq müəyyən qurumlara müraciət edirdik ki, bu halı aradan qaldırsınlar. Çünki digər növlərdə heç görməyən idmançıların kateqoriyası ayrıdır. Şükürlər olsun ki, məsələ həllini tapdı və iki kateqoriya yarandı. Artıq bundan sonra mən də J1 kateqoriyasında çıxış edəcəyəm. Yeni qaydalara əsasən yarışlar J1 və J2 kateqoriyaları üzrə olacaq. Yəni J1-də tam görməyənlər, J2də isə nisbətən zəif görənlər çıxış edəcək. Bu qaydalar ədalət prinsipini qoruyur.
- Paris sizin üçün altıncı paralimpiada ola bilər. İlham Zəkiyev hazırda bütün mümkün titulların sahibidir. Fransada əsas hədəfiniz nə olacaq?
- Beş paralimpiadada iştirak etmişəm. Sonuncu Tokiodakı yarışda da 3-cü yeri tutdum. İki dəfə qızıl, iki dəfə bürünc medala layiq görülmüşəm. Hazırda ən böyük arzum üçüncü dəfə paralimpiya qalibi olmaqdır. İstərdim ölkə idmanı tarixində daha bir yenilik edim. Zirvəni fəth etmək üçün üzərimdə daha çox çalışmalıyam. Əvvəlki uğurlar tarixdə qalır. Lisenziya qazandıqdan sonra paralimpiadaya xüsusi proqramla hazırlaşacağam.
- Cüdoçularımızdan kimlər paralimpiadaya vəsiqə qazana bilər?
- Ad çəkmək istəmirəm. Amma altı lisenziya gözləyirəm. Fikrimcə, paralimpiada komandamız hər zaman olduğu kimi mötəbər yarışda Azərbaycanı layiqincə təmsil edəcək.
- Qarabağ müharibəsində iştirak edən qazilərimizi paralimpiya hərəkatına cəlb etmək üçün layihəyə başlamısınız. Hazırda bununla bağlı işlər necə gedir?
- Qazilərimiz konkret idman növünə kriterilərə uyğun olaraq yönəldilir. Onların idmançı kimi yetişdirilməsi çətin olmayacaq, buna onların mübariz və döyüşçü ruhları kömək edəcək. Xüsusi şöbə fəaliyyət göstərir. Qəhrəman qazilərimizin cəmiyyətə adaptasiyası və sosial-psixoloji reabilitasiyasına dəstək verməyə hazırıq. Bizə müraciət edənlərə lazımi dəstək göstəririk. Paralimpiya hərəkatı barədə məlumat veririk və maraqlandığı idman növünə istiqamətləndiririk.
Azərbaycanda paralimpiya hərəkatı inkişaf etməkdədir. 44 günlük Vətən müharibəsindən sonra qazilərimizlə dəfələrlə görüşlərimiz olub. Mən özüm də müraciət etmişəm ki, qazilərimiz Milli Paralimpiya Komitəsinə üz tutsunlar, biz də onların əlilliyinə uyğun olaraq lazım olan idman növünə yönəldək. Bizim peşəkar məşqçilərimiz də onlarla məşğul olsunlar. Necə ki, qazilərimiz üçrəngli bayrağımızı Qubadlıda, Zəngilanda dalğalandırıblar, beynəlxalq arenalarda da dalğalandırsınlar.
MƏSLƏHƏT GÖR: