19 Dekabr 2024

Cümə axşamı, 14:19

“DİŞLİ” OAZİSDƏ

Şarm əl-Şeyx azərbaycanlı turistlər üçün ən məşhur istiqamətlərdən birinə çevrilib

Müəllif:

01.11.2023

Şarm əl-Şeyx gözəl təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan Qırmızı dənizin sahilində yerləşən çox gözəl kurort şəhəridir. Bu şəhər Azərbaycanın aparıcı turizm agentliklərinin Misirə hazır turpaketlər satması səbəbindən 2023-cü ildə Azərbaycan vətəndaşları üçün çox populyar istiqamətə çevrilib. İki aviaşirkət - AZAL və “Air Cairo” Şarm əl-Şeyxə həftədə bir dəfə çarter reysi həyata keçirir. Uçuşlar, hotellər, yemək, sığorta və transferlərin qiymətlərinin daxil olduğu turpaketlər o qədər cəlbedicidir ki, demək olar ki, bütün reyslər tam bron edilir. Bütün bunlar barədə sıra ilə bəhs edəcəyik.

 

Müqəddəs dağa doğru

Misirin ən məşhur kurortu Şarm əl-Şeyx Sinay yarımadasında yerləşir. Ekskursiyalar zamanı bələdçilər turistləri bu sualla çaşdırmağı xoşlayırlar: “Şarm əl-Şeyx, ümumiyyətlə, Misir harada yerləşir? Afrikada, yoxsa Asiyada?” Qeyd edək ki, Misir Afrikanın şimalında yerləşir. Lakin ölkənin Sinay yarımadası (Şarm əl-Şeyxin yerləşdiyi bölgə) Qərbi Asiyanın bir hissəsi hesab olunur. Beləliklə, Misir həm Şimali Afrikada, həm də Qərbi Asiyada yerləşir.

Rəvayətə görə, Sinay dağlarının adı onların formasına görə verilib. Bu dağlar yekədişə bənzəyir. Bu da ərəb dilində hərfi mənada “sin” kimi səslənir. Qədim ivrit dilindən tərcümədə Sinay “çox zirvəli dağ” deməkdir. Ümumiyyətlə, Sinay dağı xristianlıq, islam və iudaizmin müqəddəs kitablarında xatırlanır. Bu dağ haqqında həm “Qurani-Kərim”, həm “Bibliya”, həm də “Müqəddəs kitab”da bəhs edilib. “Bibliya”ya görə, Sinay dağı Musa peyğəmbərin yer üzündəki bütün xalqların əməl etməli olduğu 10 əmrinin yer aldığı daş lövhələrinin olduğu məkandır  Müsəlmanlar Sinayı “müqəddəs dağ” adlandırırlar. Buna görə də 9-cu əsrdə onun zirvəsində məscid tikilib. Misirdə deyirlər ki, əgər insan sübh çağı Sinaya qalxarsa və günəşin ilk şüaları altında dua edərsə, Allah onun bütün günahlarını bağışlayacaq və o, dağdan yenilənmiş insan kimi qayıdacaq. Odur ki, Şarm əl-Şeyxə gələn turistlər arasında ən populyar turlardan biri məhz Sinay yarımadasının ən yüksək dağına gecə qalxmaqla bağlı olan turlardır.

 

Kustonun sualtı dünyası

Ümumiyyətlə, Şarm əl-Şeyxə səfər üçün ən yaxşı aylar sentyabr-noyabr və fevral-may aylarıdır. Bu zaman suyun temperaturu üzgüçülük üçün, hava isə (orta hesabla 25-35 dərəcə) ekskursiyalar üçün əlverişlidir. Hətta bu kurortda gecələr belə havanın temperaturu 16 dərəcədən aşağı düşmür, gündüzlər isə adətən 20-21 dərəcə olur. Qışda dəniz əsasən avropalılar üçün rahatdır. Lakin azərbaycanlılar üçün su çox sərin olacaq.

Sinay yarımadasında böyük məmnunluq hissi ilə qeyd edirlər ki, son illərdə Misir getdikcə daha çox piramidalarla deyil, balıqları, mərcanları və dayvinqi ilə Qırmızı dənizin sualtı dünyası ilə əlaqələndirilir. Burada təxminən 1200 növ balıq və 250 mərcan növü var. Dayvinq ümumiyyətlə turizmin sütunlarından biridir. Hurqada indi dünyada adambaşına düşən ən çox sualtı üzgüçülüklə bağlı təlimatçıya malikdir. Burada suya dalmaq üçün 40-dan çox yer və 100-ə yaxın dayvinq mərkəzi var. Amma Şarm əl-Şeyxdə dayvinq mərkəzləri üç dəfə azdır. Bu mərkəzlərin təklif etdiyi xidmətlərin qiymətləri də bir qədər yüksəkdir. Lakin bu dayvinq mərkəzlərinin üstünlüyü mərcan riflərinə yaxın yerləşməsidir. Hətta sahildə yerləşən bəzi hotellərdə dayvinq mərkəzləri fəaliyyət göstərir. Burada yaxta, qayıq və ya katamaranla dənizə çıxmağa ehtiyac yoxdur, çünki bir çox yerlərdə mərcan rifləri, demək olar ki, sahildən başlayır. Lakin Şarm əl-Şeyxdən olan təcrübəli dayverlər hələ də Dahab (100 km) və “Blue Hole” sualtı şaquli mağaraya yollanırlar. Bura onlar üçün ən təhlükəli istiqamət hesab olunur. Eyni zamanda bura Qırmızı dənizin rifləri arasında ən sirli və gözəllərindən biridir.

Həvəskar dayvinqə üstünlük verən turistlərə isə snorklinq üçün maska almaq kifayətdir: onlar burada hər yerdə satılır (qiymətlər 10 dollardan başlayır). Beşulduzlu hotellərin bir çox çimərliklərində mərcan rifləri və balıqlar olan yerlər var. Siz həmçinin Dahab və “Blue Hole”da ekskursiya turuna çıxa (30-35 dollar) və ya Jan-Jak Kustonun Qırmızı dənizin sualtı dünyası haqqında filmlərini çəkdiyi Ras-Muhammed qoruğuna baş çəkə bilərsiniz.

Nəzərə almaq lazımdır ki, bəzi mərcan növləri yanıqlara və suluqlara səbəb olan zəhər ifraz edir. Buna görə də onlara toxunmamaq, mərcanı qoparmamaq tövsiyə olunur. Misirdən mərcanın çıxarılması üçün cərimə 2 min dollara başa gələ bilər. Əgər mərcan suvenir formasındadırsa, o zaman buna icazə verilir, ancaq möhürü olan qəbz və mağazadan sertifikat lazımdır.

Yeri gəlmişkən, gecə saatlarında Şarm əl-Şeyxdə turistlərə dənizdə çimmək qadağandır. Gecələr yırtıcı balıqlar ova çıxır və sahilə yaxın üzürlər. Söhbət təkcə köpəkbalıqlarından getmir. İnsanlar qaranlıqda digər balıqların tikanlarına və ya zəhərli üzgəclərinə toxunaraq yaralana bilərlər. Üstəlik, bu zaman yaxınlıqda xilasedicilər də olmayacaq.

Onu da nəzərə almaq lazımdır ki, Şarm əl-Şeyxdə krandan axan suyu nəinki içmək tövsiyə edilmir, bu, hətta qadağandır. Ondan axan su keyfiyyətsiz, duzsuzlaşdırılmış dəniz suyudur. Bundan başqa, gözləri yumaq, dişləri fırçalamaq və ya meyvələri yumaq da tövsiyə edilmir. Nəticədə, infeksiyaya yoluxmaq və ya mədə-bağırsaq traktını pozmaq riski yüksəkdir. Ən yaxşı həll yolu şüşədə içməli su almaqdır. Bir çox hotellər qonaqlara pulsuz şüşə suyu təklif edir.

 

Keyfiyyət baxımından mənfi məqam

Şarm əl-Şeyx sahillərində çoxlu hotellər, çimərliklər və istirahət zonaları var. İnternetdəki məlumatlara görə, kurortda müxtəlif sinif və qiymət kateqoriyalarında 200-dən çox hotel var: təxminən 70 beşulduzlu, 60 dördulduzlu və bir qədər az üçulduzlu. Əslində, kurort bir neçə əsas rayona bölünür. Turistlər arasında ən populyarı Misirin Las-Veqası hesab edilən “Naama Bey”dir (“Naama Bay”). Burada həyat sutkanın bütün saatlarında sürətlə axır. Bu rayonda kazinolar, mağazalar, restoranlar, ən yaxşı və uzun piyada gəzinti yeri və özünün dayvinq mərkəzi var. Üstəlik, əksər hotel çimərlikləri qumludur. Amma onun zəif cəhəti 1980-1990-cı illərdə tikilmiş və son illərdə ciddi şəkildə yenilənməmiş, “əldən düşmüş” hotel bazasıdır.

Şəhərin yeni turizm zonası “Nabq Bey”dir (“Nabq Bay”). Burada əsasən uzun ponton körpüləri və geniş mərcan rifi olan yüksək səviyyəli hotellər yerləşir. Tez-tez əsən küləklər səbəbindən havanın temperaturu digər yerlərə nisbətən bir qədər aşağı olur.

Mərkəzi hissədə yaşamağı sevənlər isə Hadaba rayonunu seçirlər. Burada kiçik dükanların olduğu məşhur Köhnə şəhər, “Il Mercato” ticarət küçəsi, məşhur Sahaba (“El Sahaba”) məscidi və Farşa (“Farsha”) bar-restoranı var. Hadaba rayonu qayalı sahilə malik yüksəklikdə yerləşir.

“Şarks Bey” (“Sharks Bay”) və “Koral Bey” (“Coral Bay”) rayonlarında isə çoxlu yeni, köhnə hotellər, riflər və dayvinq mərkəzləri var. Hava limanının yaxınlığında yerləşən Montaza rayonu mərcan rifi və qumlu çimərliklərin vəhdətidir. Ancaq hotellərdən kənarda mərkəzləşdirilmiş infrastruktur və əyləncə məkanları yoxdur. Buna görə də bu məqsədlə başqa yerlərə getməli olacaqsınız.

Azərbaycandan Şarm əl-Şeyxə turpaketlərin qiymətlərinə gəlincə, pandemiyadan sonra bahalaşan “turizm dünyası”nı nəzərə alsaq, onların kifayət qədər münasib olduğunu söyləyə bilərik. Belə ki, orta paket (təyyarə, “hər şey daxil” yemək sisteminin təklif olunduğu hotel, sığorta və transfer daxil olmaqla) mövsüm ərzində 550-700 dollara başa gəlir. Üstəlik, turizm şirkətlərinin təkliflərində 650 dollara “beşulduzlu tur” tapa bilərsiniz. Bu da turizm bazarındakı əksər təkliflərlə müqayisədə xeyli ucuzdur. Üstəlik, mövsümlərarası Misirə turlar xeyli ucuzlaşır. Bu ilin sentyabrında-oktyabrın əvvəlində beşulduzlu hotellərdə (tam pansionla) istirahət üçün turpaketlər 350 dollara, üçulduzlu hotellərdə isə 155 dollara qədər ucuzlaşıb.

Bir sözlə, Azərbaycanda turizm mövsümünün sonunda səyahət etmək imkanı olan hər kəs bu təklifləri dəyərləndirib, Qırmızı dəniz kənarında sərfəli qiymətlərlə dincələ bilər.

Amma Şarm əl-Şeyxdəki mehmanxanalarla bağlı bir böyük və ciddi problemi qeyd etmək lazımdır. Bir çoxumuz Dubayda olmuşuq və buna görə də bilirik ki, BƏƏ-də əksər hotellər öz reytinqlərindən bir, hətta iki klas yüksək xidmət göstərirlər. Məsələn, Dubaydakı üçulduzlu hotellər əslində dördulduzlu, dördulduzlu hotellər isə beşulduzlu hotellər səviyyəsindədir. Yəni daha geniş çeşiddə xidmətlər və keyfiyyət daha aşağı qiymətə təqdim olunur. Amma Şarm əl-Şeyxdə hər şey tam əksinədir. Bəli, veb-saytlarda gözəl üçulduzlu hotelləri görə bilərsiniz və təəccüblənərsiniz: “Görəsən, belə böyüklükdə “3 ulduz” varmı?”

Amma 4 və ya 5 ulduzlu hotellərdə fotoşəkillərə və xidmətlərin təsvirinə baxdıqdan sonra təklif olunan tur paketini götürməyə tələsməyin. Hotellə bağlı rəyləri diqqətlə araşdırmadan tur alsanız, çox məyus ola bilərsiniz...

Çox vaxt təklif olunan ucuz paketlərin əksəriyyətinə köhnə infrastrukturu olan və təmir olunmamış hotellər daxildir. Belə ki, Şarm əl-Şeyxdə 1980-ci illərdə tikilmiş və heç vaxt əsaslı təmir edilməmiş kifayət qədər çox sayda hotel var. Yəni onların vəziyyəti “Photoshop” proqramından istifadə edilərək təqdim olunan fotolardakı kimi deyil. Belə hotellərdə mebellər sınıqdır, santexnika istənilən səviyyədə deyil, antisanitariya hökm sürür və xidmətlər keyfiyyətsizdir. Üstəlik, belə hotellər ağcaqanadlar, digər xoşagəlməz həşəratlar və keyfiyyətsiz yeməklərlə “fərqlənir”. Bu mehmanxanaların personalı kobud və zəhlətökən olur. Siyahını uzatmaq olar və bütün bunları sosial şəbəkələrdə qonaq rəylərində asanlıqla tapmaq mümkündür. Nəzərə alın ki, məşhur hotel rezervasiya saytlarında bütün rəylər etibarlı deyil. Onlar (burada hər şey təriflənir və reytinq üçün ən yüksək bal verilir) çox vaxt saxta olur. Bundan başqa, bir çox hotel işçiləri qonaqlardan əlavə xidmətlər göstərmək üçün müsbət rəy bildirmələrini tələb edirlər. Odur ki, turlar alan zaman rəyləri diqqətlə oxuyun və Bakıda fəaliyyət göstərən turizm agentliklərinin bəzi tövsiyələrinə qulaq asın (onlar bir çox təfərrüatları yaxşı bilirlər. Lakin satışları artırmaq üçün həmişə onlar haqqında danışmırlar).

Başqa bir nüansı diqqətinizə çatdırmaq istərdim.  Şarm əl-Şeyxdə Ermənistandan çox sayda turist var. Əlbəttə ki, bu məsələyə turizm mövsümündə gündəlik uçuşlar və ucuz turlar təsir göstərir. Buradakı orta statistik hoteldə, mağaza və restoranların əksəriyyətində erməni dilində danışan insanları görmək olur.

 

Viza, görməli yerlər və hədiyyələr

Şarm əl-Şeyxdə həm Misirin, həm də qonşu ölkələrin görməli yerlərini ziyarət etmək üçün bir çox imkanınız olacaq. Amma bunun üçün siz hava limanında Misirə 25 dollara viza alıb-almamaq barədə qərar verməlisiniz.  Lakin Şarm əl-Şeyxdə 14 gün ərzində qalmağı planlaşdırırsınızsa, ümumiyyətlə viza almağa ehtiyac yoxdur. Bu halda, təyyarədə və ya hava limanında miqrasiya kartını doldurmalısınız və pasport nəzarətində sizin pasportunuza “Sinay möhürü” vurulacaq. Bununla Sinay yarımadasında vizasız qala bilərsiniz. Belə ki, Şarm əl-Şeyxdən əlavə, Taba, Nurveyb, Dahab, Ras-Muhammed təbiət qoruğu, Musa dağı, Beytlehem və Müqəddəs Yekaterina monastırına baş çəkmək imkanı əldə edəcəksiniz.  Əgər Sinaydan kənar ərazilərə, məsələn, Qahirəyə, İsrailə, İordaniyaya səyahət etməyi planlaşdırırsınızsa, anketi doldurduqdan sonra Misir hava limanındakı viza kassasına 25 dollar ödəməlisiniz.

Ümumiyyətlə, Şarm əl-Şeyxdə hər zövqə və yaşa uyğun çoxlu sayda ekskursiyalar, eləcə də ekskursiya büroları var. Ekskursiya seçimi etmədən (taksilərdə bir istiqamətdə gedişhaqqı 5 dollardır) kurortun dükanlarının, Sahaba məscidinin, Soho və “Naama Bay” meydanlarının, “Səmavi Kafedral” adlı yeni kopt kilsəsinin və “prezident” məscidinin yerləşdiyi Köhnə şəhəri ziyarət etməyə dəyər. Bundan başqa, 2020-ci ildə Misir Prezidenti tərəfindən açılan və Misir sivilizasiyasının müxtəlif aspektlərini özündə ehtiva edən, 5200-ə yaxın orijinal əsərin nümayiş etdirildiyi Şarm əl-Şeyx Muzeyinə də baş çəkə bilərsiniz. Lakin buranı “Genena City” ticarət mərkəzinin kürsü mərtəbəsində yerləşən və yalnız artefaktların surətlərinin nümayiş olunduğu Tutanxamon Muzeyi ilə qarışdırmayın.

Təbiətsevərlər mütləq qorunan təbiət zonalarına ekskursiya etməlidirlər. Onların arasında ən maraqlısı şəhərdən 25 kilometr məsafədə yerləşən və beş ekosistemə malik olan Ras-Muhammed təbiət qoruğudur: dəniz, laqun, səhra, sahil və mərcan. Bura dayvinq üçün möhtəşəm yerdir. Bu qoruqda dəniz həyatı zəngin və çox müxtəlifdir. Burada dəniz sahilində rahat gəzə, nadir balıqlara baxa, mərcan riflərini və manqrovları görə bilərsiniz. Park 260 min hektardan çox ərazidə yerləşir və buraya müxtəlif ekskursiyalar çərçivəsində (15-35 dollar) yollana bilərsiniz.

Qeyd etdiyimiz kimi, Şarm əl-Şeyx yaxınlığındakı əsas turizm istiqamətlərindən biri Sinay səhrasıdır. Burada Musa dağı, VI əsrdə tikilmiş Müqəddəs Yekaterina monastırı, yaxınlıqda Dahab şəhəri və s. yerləşir. Məhz buradan zəvvarlar günəşin ilk şüalarını qarşılamaq üçün sübh tezdən Sinay dağına qalxırlar. Səhər yeməyi və ya naharın daxil olduğu turlar 30-35 dollara başa gəlir. Mavi laqun və ya Rəngli kanyona səfərin qiyməti isə 30-35 dollardır. Səyahət yeri və üsulundan asılı olaraq dayvinq turlarının qiyməti 15-50 dollar arasında dəyişir. Uşaqlı ailələr üçün aşağı hissəsi şüşəli olan qayıqla (10 dollar) və ya sualtı qayıqla (20-25 dollar) ekskursiya maraqlı olacaq. Bu qayıq səfərləri sizə Qırmızı dənizin bütün zəngin sualtı dünyasını göstərəcək. Ümumiyyətlə, suda ekskursiya ilə bağlı bir çox ucuz təkliflər var və hər kəs maraqlı bir şey tapacaq.

Şübhəsiz, Şarm əl-Şeyxdən ən məşhur turlardan biri Qahirəyə səyahətdir. 24-26 saat çəkən avtobus turuna (45-55 dollar) Gizada piramidalara, Sfinksə, Misir Milli Muzeyinə, papirus fabrikinə səfər, Nil boyunca gəzinti və suvenir mağazasına baş çəkmək daxildir. İki günlük ekskursiyalar da var (170-180 dollar): Qahirəyə və İsgəndəriyyəyə. Təyyarə ilə isə qədim Luksor şəhərinə (220-250 dollar) getmək olar.

Şarm əl-Şeyxdə səfər edənlər avtobusla Qüdsü və Ölü dənizi (125 dollar), həmçinin İordaniyadakı qədim Petra şəhərini (215 dollar) ziyarət etmək üçün unikal imkana malikdirlər. Doğrudur, bu ekskursiyalar üçün xüsusi vizalar tələb olunur. Buna görə də Şarm əl-Şeyxə çatan kimi bununla bağlı dərhal qərar verməlisiniz. Səyahət agentlikləri ilə turların qiymətini mütləq aşağı salmağa çalışın. Belə ki, tur üçün elan edilən ilkin qiymət hər zaman yüksək olur.

Şarm əl-Şeyxdə alış-verişə gəlincə, onları saymaqla bitirmək olmaz. Burada adi suvenirlərdən tutmuş təbii müalicəvi yağlara qədər (qara zirə, Çin simmondiyası, arqan, əkin indausu toxumu və s.) hər şey almaq mümkündür. Yağ satışı ilə məşğul olan ixtisaslaşmış brend mağazalarda təklif olunan qiymətlər apteklərdə və adi mağazalarda tapa biləcəyiniz qiymətlərdən düz 10 dəfə (!) yüksək olacaq. Yeri gəlmişkən, Şarm əl-Şeyxdə çox dadlı manqolar (1 kiloqramı 1-1,5 dollar), təbii manqo şirəsi satılır, həmçinin tərkibində xurmanın olduğu çoxlu şirniyyatlar təklif edilir. Amma şopinq və suvenirlərin əldə edilməsi üçün ən uğurlu, sərfəli yer “Manqo” mağazalar şəbəkəsidir. Sinay yarımadasına xoş gəlmisiniz!



MƏSLƏHƏT GÖR:

114