19 Dekabr 2024

Cümə axşamı, 13:46

AVROPA LİDERLƏRİ

Azərbaycanlı cüdoçular qitə birinciliyində yüksək nəticələr göstəriblər

Müəllif:

15.11.2023

Fransada keçirilən cüdo üzrə Avropa çempionatı Azərbaycan milli komandasının tarixi uğuru ilə yadda qaldı. Cüdoçular Monpelye tatamisində qazanılan uğurla bu idman növündə qitənin liderlərindən biri olduqlarını sübut etdilər.

 

İki lider

Yığmanın heyətində böyük ümid bəslənilən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək Avropanın ən güclüsü olduğunu göstərdilər. Bu iki qızıl medal yığmamıza komanda hesabında 2-ci yeri tutmaq imkanı verdi. Yalnız təşkilatçı ölkə Fransadan geri qalan milli bununla da tarixi uğuru gerçəkləşdirdi. 14 çəkidə cəmi 8 ölkə təmsilçisi çempionluq yaşamağı bacardı. Onlardan yalnız Azərbaycanla Fransa himni bir dəfədən artıq səsləndirildi. 2020-ci ildə medal sıralamasında 4-cü olan Azərbaycan millisi həmin rekordunu yeniləyərək tarixinin ən yaxşı nəticəsinə imza atdı.

Statistikaya əsasən, Avropa çempionatında iki qızıl medal qazanan Azərbaycan cüdoçuları ikinci dəfə rekordunu təkrarladılar. İdmançılar bunadək yalnız bir dəfə qitənin ən nüfuzlu yarışından 2 çempionluqla dönüb. Bu, 6 il əvvəl yaşanıb. 2017-ci ildə Polşanın Vrotslav şəhərində iki cüdoçu bütün rəqiblərinə qalib gəlib. Maraqlıdır ki, həmin vaxt da uğur eyni çəkilərdə qeydə alınıb. İndiki kimi 73 kq çəkinin ən güclüsü olan Hidayət Heydərovla yanaşı, 100 kq çəkidə rəqib tanımayan Elxan Məmmədov da bayrağımızı ən yüksəkdə dalğalandırıb.

Hazırda millinin lideri sayılan Hidayət Heydərov Monpelyedə qazandığı zəfərlə Avropanın üçqat ən güclüsü oldu. Hidayətə qədər bu uğura yalnız bir Azərbaycan cüdoçusu imza atıb. Söhbət Elçin İsmayılovdan gedir. Hidayət hazırda məşqçi işləyən Elçin İsmayılova məxsus rekordu təkrarlayıb.

Zelim Kotsoyev qızıl medal qazanmaqla sübut etdi ki, Azərbaycan ağır çəkilərdə də qələbələrə qadirdir. 100 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Kotsoyev ağır çəkini qismən həll etdi. Finalda Gürcüstanın ən güclü cüdoçularından biri İlya Sulamanidzeni üstələməsi Kotsoyevin olimpiadada uğurlu çıxış edə biləcəyinə ümid verir.

Fransada qazanılan iki çempionluqla Azərbaycan cüdoçularının Avropada qazandığı medalların sayı 54-ə çatdı. 30 ildə əldə olunan mükafatlardan 13-ü qızıldırsa, təmsilçilərimiz 16 dəfə bu şansı finalda uduzaraq əldən verib. Bürünc medalların sayı daha çoxdur: 25.

 

Yeni məqsəd – Olimpiada “qızılı”

Üçqat Avropa çempionu Hidayət Heydərov qitə yarışındakı qələbədən sonra təəssüratlarını “Region+”la bölüşərək növbəti hədəfin olimpiada olduğunu deyib: “Növbəti dəfə çempion olmaq gözəl hissdir. Artıq üçüncü dəfə bunu bacarmışam. Titulu qoruyub saxlamağa çalışacağam. Bütün yarışlara çempion olmaq üçün gedirəm. Başqa heç nə fikirləşmirəm. Proqram və intizam düzgün olandan sonra qızıl medala inam daha da artır. Hazırda əsas hədəfim gələn il Parisdə baş tutacaq olimpiadaya hazırlaşmaqdır. Planetin ən böyük yarışına xüsusi proqramla hazırlıq keçəcəyəm. Olimpiadada hədəfim qızıl medal qazanmaqdır. Yarışın çətin olacağını bilirəm. Amma Vətənə qızıl medalla qayıtmaq istəyirəm”.

Dünya və Avropa çempionatlarında daim bürünc medal qazanan Kotsoyev ilk Avropa çempionluğunu böyük nəticə kimi qiymətləndirib: “Qızıl medal qazanmağıma çox sevinirəm. Çıxışımdan öncə Hidayət Heydərov məni ruhlandırdı. O, artıq çempion olmuşdu. Söyləyirdi ki, mən bacarmışam, sən də bacaracaqsan. Bütün görüşlər çətin alındı. Amma final gərginliyinə görə seçildi. İlya Sulamanidze güclü rəqibdir. Buna qədər iki dəfə üz-üzə gəlmişdik, hər ikisində o qələbə qazanmışdı. İndi həm Avropa çempionu oldum, həm də məğlubiyyətə görə revanş aldım”.

 

Yeni transfer - Toprak

Yeri gəlmişkən, Azərbaycan cüdo millisində yeni idmançı çıxış edəcək. Beynəlxalq Cüdo Federasiyası Açelya Toprakın 2023-cü il noyabrın 3-dən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. A.Toprak qadınlardan ibarət milli yığmanın tərkibində 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
O, Azərbaycan millisində çıxışını belə əsaslandırıb: “Dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan cüdo millisinə qoşulduğum üçün həyəcanlı və sevincliyəm. Mən şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına  namizədliyimi Azərbaycan milli yığmasının tərkibində davam etdirə biləcəyəm. Həyatım  olimpiadaya həsr olunub və inanıram ki, bu gözəl mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Azərbaycanı Paris Oyunlarında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm”.

Azərbaycan Cüdo Federasiyası idmançının transferində əsas məqsəd kimi komandada daxili rəqabəti artırmaqla yanaşı, perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaq kimi şərh edib.

Qeyd edək ki, 73-cü Avropa çempionatı 2024-cü il aprelin 25-28-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.



MƏSLƏHƏT GÖR:

105