24 Noyabr 2024

Bazar, 02:18

BÜTÜN GÜNAHLAR TERRORİZMDƏDİR

Qeyri-leqal əfqan miqrantların Pakistandan çıxarılması İslamabad-Kabil münasibətlərini gərginləşdirib

Müəllif:

15.11.2023

Pakistanla taliblərin nəzarətində olan Əfqanıstan arasında ciddi böhran başlayır. Onun əsasını əfqanvstanlı qaçqınların Pakistandan çıxarılmasıdır. Lakin əslində, gərginliyin kökləri Pakistan və bütünlükdə regionun təhlükəsizliyi ilə bağlı olan daha dərin problemlərə bağlıdır.

 

Əfqanıstanlı və pakistanlı taliblər

Oktyabrın əvvəlində İslamabad Pakistana qeyri-qanuni gəlmiş bütün əcnəbiləri ölkə ərazisini tərk etməyə çağırıb. Qərar, ilk növbədə, sayı təxminən 4 milyon olan əfqanıstanlı qaçqınlara aiddir. Pakistana əfqan axınının ilk dalğası hələ Sovet İttifaqının Əfqanıstana qoşun yeritdiyi vaxt baş verib. İkinci belə hal 2021-ci ildə radikal «Taliban» hərəkatının hakimiyyətə qayıdışından sonra yaşanıb – bu dəfə ölkəni təxminən 600 min vətəndaş tərk edib. Nəticədə, bu gün Pakistanda təxminən 1,3 milyon əfqanıstanlı qaçqın kimi qeydiyyatdadır, daha 880 min nəfər ölkədə qalmaq hüququ verən leqal statusa malikdir. 1,7 milyon əfqan isə Pakistan ərazisində qeyri-leqal yaşayır. Qərara əsasən, məhz onlar noyabrın 1-dək ölkəni tərk etməli idilər.

Artıq noyabrın 2-dən Pakistan hökuməti ölkədə qeyri-leqal yaşayan əfqanıstanlı miqrantların deportasiyasına start verib. Bu günlərdə Pakistanla Əfqanıstan arasındakı nəzarət-buraxılış məntəqəsində on minlərlə insan, yüzlərlə yük maşını cəmləşib.

BMT Pakistanı qərarına yenidən baxmağa çağırıb, bunu vətəninə qayıdacaq əfqanların taliblərin təqibi ilə üzləşə biləcəyilə əsaslandırıb. Bundan başqa, milyondan artıq insanın deportasiyası əhalisi onsuz da ağır sosial-iqtisadi vəziyyətdən, həmçinin son zamanların təbiət kataklizmləri nəticəsində yaşanan yoxsulluqdan əziyyət çəkən Əfqanıstanda humanitar fəlakət yarada bilər. Məsələn, ölkənin qərbində bir ay əvvəl baş vermiş dağıdıcı zəlzələ təxminən 2500 insanın həyatına son qoyub.

«Əfqanıstan İslam Əmirliyi» elan etmiş taliban hökuməti siyasi səbəblərlə ölkədən qaçmış, lakin indi geri qayıdan əfqanlara dinc yaşayış zəmanəti verib. Amma onlar Pakistanın qərarını qəbuledilməz sayır, qərara dərhal yenidən baxılmasının vacibliyini bildirirlər.

Kabil-İslamabad münasibətlərini Pakistandan əfqanların kütləvi həbsinə dair gələn xəbərlər də gərginləşdirir. Məlumata görə, Pakistan hökuməti ölkəni könüllü tərk etməkdən boyun qaçıraq əfqanıstanlıları həbs etməklə yanaşı, onların mülkiyyətini müsadirə edir. Buna son dərəcə sərt reaksiya verən taliblər bəyan ediblər ki, «vətənə qayıtmaq məcburiyyətində qalan əfqanların pul və mülklərinə heç kim toxuna bilməz, çünki o, əfqanıstanlıların şəxsi mülkiyyətidir». Bununla əlaqədar, «Taliban» hökuməti İslamabada xəbərdarlıq da edib. Əfqanıstan xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzay taliblərin «iki il əvvəl NATO və Amerikaya qalib gəlmiş hazırlıqlı qüvvələrinin olduğunu» bildirib. «Ümid edir, Pakistanın təhlükəsizlik qüvvələri və mülki hökumətindən davranışlarını dəyişmələrini gözləyirik. Bizi yaşananlara reaksiya verməyə məcbur etməsinlər. Əfqanların reaksiyası bütün dünyaya yaxşı məlumdur. Əfqanlar baş verənlərə hələ ki, xüsusi reaksiya göstərməyiblər. Göstərərlərsə, bu, tarixə yazılacaq. Allaha şükürlər olsun ki, bu gün biz güclü müdafiə qüvvələrinə malikik», - deyə o, bildirib.

Baş verənlər təbii ki, Əfqanıstanın talib hökumətinin maraqlarına uğun deyil. Ölkə faktiki olaraq, aclıq həddindədir. Belə ki, 10 milyon əfqan «ciddi maliyyə çatışmazlığı» üzündən BMT-nin Ümumdünya Ərzaq Proqramının yardımından məhrum olub. Belə bir vəziyyətdə 1,5 milyondan artıq qaçqının geri qayıtması ölkə üçün ən təxminedilməz nəticələr verə, həmçinin taliblərin boru xətlərinin, nəqliyyat yollarının çəkilişinə xarici investisiyaların cəlbi planını poza bilər. Üstəlik, Əfqanıstan iqtisadiyyatını dirçəldə biləcək bu layihələrin baş tutması üçün onlarda Pakistan da iştirak etməlidir.

İslamabad isə qeyri-leqal əfqan miqrantların ölkədən çıxarılması qərarından geri çəkilməyi düşünmür. Ən azı ona görə ki, yerli hökumət onların Pakistan ərazisində qalmasını ölkənin təhlükəsizliyinə təhdid sayır.

 

Təhlükəsizliyə təhdid olarsa

Pakistanla Əfqanıstanın talib hökuməti arasındakı gərginlikdən danışarkən xatırlatmaq lazımdır ki, İslamabad «Taliban» hərəkatının yaradılmasında, sonradan onun dəstəklənməsində heç də az rol oynamayıb. Lakin sonradan taliblər İslamabadın təsir dairəsindən çıxıb və bu, özünü onların Əfqanıstanda hakimiyyətə qayıdışından sonra daha açıq göstərməyə başlayıb.

Bununla yanaşı, Pakistanın özündə yerli «Taliban» - «Təhrik-ə-Taliban Pakistan» («Pakistan talibləri hərəkatı») qruplaşması yaradılıb. Qruplaşmada Pakistanda yaşayan puştunlar hakim rola malikdirlər. Bu xalq Əfqanıstanda ən böyük etnik qrupu təşkil edir. «Təhrik-ə-Taliban Pakistan» «xalis islam» şüarı ilə də olsa, puştun tayfalarının muxtariyyət alması uğrunda mübarizə aparır.

İslamabad hesab edir ki, Pakistandakı taliblərin arxasında da «Taliban» dayanır. O, Kabildən Əfqanıstan ərazisində məskunlaşmış və Pakistana qarşı mübarizə aparan yaraqlıların neytrallaşdırılmasını tələb edir. Əfqanıstanın talib hökuməti «Təhrik-ə-Taliban Pakistan» ilə əlaqələrinin olmadığını desə də, İslamabad Kabillə əməkdaşlığın yalnız onların Pakistan talibləri, həmçinin «İslam Dövləti» və «Əl-Qaida» təşkilatları ilə əlaqələri kəsməsi halında mümkün olduğunu bildirir. Çünki bu üç qrupun yaraqlıları davamlı olaraq Pakistana hücumlar edir, ölkə ərazisində terror aktları törədir, sonda İslamabadın iddiasına görə, məhz Əfqanıstan ərazisinə sığınırlar.

Pakistan hökuməti son zamanlar terrorçuların nəzərəçarpacaq dərəcədə fəallaşmasını da qeyri-leqal əfqan miqrantların ölkədən deportasiyası ilə əlaqələndirir, onların əksəriyyətinin kriminala cəlb olunduqlarını, eyni zamanda vətənlərindəki ekstremist hərəkatlarla əlaqədə olduğunu iddia edir. Pakistan hökumətinin açıqlamalarından belə məlum olur ki, əfqan qaçqınların deportasiyası ilə bağlı qərar iki ölkə sərhədi boyunca gərginliyin artması ilə əlaqədər qəbul olunub. Xatırladaq ki, bu ilin əvvəlindən bu sərhəddə 20-dən artıq terror aktı törədilib. Onların ən miqyaslısı Pakistanın Əfqanıstan və İranla sərhəddə yerləşən, ən böyük əyaləti olan Bəlucistanın Mastunq şəhərindəki məsciddə baş verib və 50-dən çox insanın həyatına son qoyub. Maraqlıdır ki, artıq noyabrın əvvəlində – əfqan qaçqınların deportasiyasına start verildikdən sonra Pakistan hərbçiləri ölkənin mərkəzi hissəsində yerləşən «Mianval» Hərbi Hava Qüvvələri bazasına hücuma hazırlaşan terrorçu qrupu neytrallaşdırıb Aviabazaya hücum planına görə məsuliyyəti Pakistan talibləri ilə əlaqəli «Təhrik-i-cihad Pakistan» qruplaşması öz üzərinə götürüb.

Yaranmış vəziyyəti Pakistan hökumətinə müvəqqəti başçılıq edən Anvaar-ul-Hak Kakar (yeri gəlmişkən, o da puştundur) detallı şəkildə izah edib. Qeyri-leqal əfqan miqrantların deportasiyasının terrorçuluqla mübarizə çərçivəsində həyata keçirildiyini təsdiqləyən hökumət başçısı bildirib ki, İslamabad Kabildəki hakimiyyət dəyişikliyindən sonra Əfqanıstan ərazisindən Pakistana terror hücumları üçün istifadəsinə son qoyulacağına ümid edib. «Təəssüf ki, bu ümidimiz doğrulmadı. Əfqanıstanda müvəqqəti hökumətin formalaşdırılmasından sonra terror insidentlərinin sayı 60%, kamikadzelərin Pakistanda törətdikləri partlayışların sayı isə 500% artıb.  Son iki ildə təşkilinə görə məsuliyyəti «Təhrik-ə-Taliban Pakistan» qruplaşmasının öz üzərinə götürdüyü bu faciəvi hadisələr nəticəsində 2267 günahsız insan həlak olub. Eyni dövrdə terror törətmiş kamikadzelərdən 15-i Əfqanıstan vətəndaşı olub. Bununla yanaşı, Pakistanın hüquq mühafizə orqanlarının həyata keçirdikləri antiterror tədbirləri zamanı 65 əfqan müqavimət göstərdiyi üçün öldürülüb», - deyə Anvaar-ul-Hak Kakar bildirib.

Bununla yanaşı, Pakistana yönəlmiş terror hücumlarının ölkədə 2024-cü ilin yanvarında keçirilməli olan ümumxalq seçkisi ərəfəsinə təsadüf etdiyi də diqqət çəkir. Pakistan hökuməti bu halların qarşısının alınması üçün əlindən gələni etsə də, belə təəssürat yaranır ki, terrorçu şəbəkənin məqsədi Pakistanda siyasi sabitliyə imkan verilməməsi, onun təhlükəsizlik sisteminin zəifliyinin ortaya çıxarılmasıdır. Səbəb?

Ekspertlər hesab edirlər ki, ABŞ-ın başçılıq etdiyi Qərb Pakistanla Çin arasında güclənməkdə olan əməkdaşlığa mane olmaq üçün taliblərdən istifadə etmək istəyir. Məsələn, İslamabadla Pekinin Pakistan ərazisində reallaşdırması planlaşdırılan iqtisadi, nəqliyyat və infrastruktur layihələrinin qarşısının alınması, yaxud artıq həyata keçirilmiş layihələrlə bağlı məyusluğun yaradılması məqsədlər arasında ola bilər. Bundan başqa, Pakistanla taliblər arasında münasibətlərin korlanması ilə Çinin Əfqanıstanda da iqtisadi fəallığı əngəllənə bilər. Belə ki, bu halda çinli investorlar İslamabadın razılığı olmadan Əfqanıstanda hər hansı layihə gerçəkləşdirməkdən çəkinəcəklər.

Bir sözlə, Pakistan-Əfqanıstan gərginliyi gizli geosiyasi səbəblərindən asılı olmayaraq, Avrasiyanın mərkəzi regionlarındakı qeyri-sabitliyin tərkib hissəsidir. İndi burada siyasi təlatümlər yeni, bəzən isə gözlənilməyən şəkil alır. Məsələn, cəmi bir neçə il əvvəl İslamabadla əfqan talibləri arasında gərginliyin başlaya biləcəyini heç kim düşünməzdi…



MƏSLƏHƏT GÖR:

87