24 Noyabr 2024

Bazar, 01:41

BAYDEN GEDƏCƏKMİ?

Demokratlar qələbələri davam etdirsələr də, onların lideri sorğularda məğlub olur

Müəllif:

15.11.2023

«Biz qələbə qazanmaqdan əl çəkmiriksə, o, (Tramp) məğlub olmaqdan əl çəkmir», - deyə ABŞ prezidenti Co Bayden noyabrın 7-də keçirilmiş və Demokratlar Partiyası üçün uğurlu alınmış regional seçkidən sonra sevinclə bildirib. Bu seçki demokratlar üçün respublikaçıları yalnız «rəqib meydanı»nda – qırmızı, respublikaçıpərəst və «tərəddüd» içərisində olan ştatlarda məğlub etdikləri üçün uğurlu sayılmır. Bu qələbə gələn il keçiriləcək prezident seçkisində də demokratların işinə yarıya bilər.

Demokrat qubernator Endi Beşir Kentukkidə ştatın respublikaçı baş prokuroru Deniel Kemerona qalib gələrək, postunu qoruya bilib. Halbuki Kemeron sabiq prezident Donald Tramp və GOP-un («Grand Old Party» - Respublikaçılar Partiyasının ləqəbi) Senatdakı lideri Mitç Makkonnell tərəfindən dəstəklənirdi. Respublikaçılar deyirlər ki, onların namizədi seçkidə respublikaçıların fəallığını artırmaq niyyəti ilə Trampın ritorikasından istfiadə etdiyi üçün uduzub. Kemeronun televiziya reklamında Trampın onu dəstəklədiyi bildirilir, Kentukki «Trampın ərazisi» adlandırılırdı.

Virciniyada demokratlar Nümayəndələr palatasına nəzarəti ələ keçirib, ştat Senatında çoxluğu qoruyub saxlayıblar. Halbuki burada da respublikaçıların yerli qanunverici orqana tam nəzarət etməsi üçün qubernator Qova Qlen Yankin çox güc və əhəmiyyətli vəsait sərf etmişdi.

Pensilvaniyada demokratlar Ali Məhkəmədə daha bir yer qazanmaqla, çoxluğu təmin ediblər. Gələn il keçiriləcək seçkidə namizədlər səsvermə qaydalarını və ya onun nəticələrini mübahisələndirərsə, demokratlar məhkəmədə qazandıqları üstünlükdən yararlana biləcəklər.

Ohayoda yerli Konstitusiyada abortlar da daxil olmaqla, «reproduktiv qərarların qəbulu və həyata keçirilməsi hüququ» ikirəqəmli üstünlüklə qəbul edilib. Halbuki Tramp burada iki dəfə (2016 və 2020-ci illər) böyük üstünlüklə qələbə qazanmış, bu yaxınlarda isə qubernator vəzifəsinə və ABŞ Konqresində senator postuna respublikaçılar seçilmişdi.

Qeyd edilməlidir ki, Baydenin vəzifə başına keçməsindən bu yana demokratlar prezident seçkisi ilə əlaqəli olmayan səsvermələrdə davamlı olaraq yüksək nəticələr göstərirlər. Bu, ötən il keçirilmiş aralıq seçkisinə və bu il təşkil olunmuş bir neçə növbədənkənar seçkiyə də aiddir.

 

Trampdan qurtuluş

Respublikaçı senator Mitt Romninin fikrincə, abortun qadağan edilməsi tələbi və Trampın 2020-ci il seçkisinin nəticələrinin saxtalaşdırıldığına dair əsassız bəyanatları partiyaya ziyan verir. «Abortlar haqda nə qədər çox danışırıqsa, işlərimiz o qədər pisləşir», - deyə o, bildirib. Romni demokratların Virciniyadakı reklamlarında davamlı olaraq abort hüququna dəstək ifadə edildiyini xatırladıb: «Biz hələ də 2020-ci ilə boylanaraq vaxt itiririksə, Amerika xalqı irəli gedir və keçmişdən yox, gələcəkdən danışmaq istəyir».

Nyu-Cersi ştatının sabiq qubernatoru, Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq istəyən Kris Kristi isə əmindir ki, onun partiyasının məğlubiyyətlərinə yalnız Trampdan qurtulacaqları halda son qoyulacaq.

Senator Stiv Deyns də hesab edir ki, respublikaçıların Senat üzvlüyünə namizədləri abort məsələsində mövqelərini elə müəyyənləşdirməlidirlər ki, seçici üçün cəlbedici olsun. O, namizədlərin aborta federal qadağanın qoyulması haqda respublikaçıların özləri tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləməli olduqlarını düşünür.

 

Xəbərdarlıq işarələri

Demokratların qeyd olunan lokal qələbələrinə baxmayaraq, partiya Baydenin təkrar prezident seçilməsi üçün təşkil olunan kampaniyanın vəziyyətindən çox narahatdır. «The Washington Post» yazır ki, onları prezident və komandasının xəbərdarlıq işarələrinə etinasız yanaşması, sabiq prezident Donald Trampla amansız mübarizənin olacağını göstərən əlamətlərə fokuslanmaması narahat edir. Bu narahatlıqların əsaslı olduğu isə növbəti dəfə Kentukki, Virciniya və Pensilvaniyada seçkilərin keçirildiyi günlərdə ortaya çıxıb. Müxtəlif sorğular göstərib ki, Tramp milli səviyyədə və bir neçə «tərəddüdlü» ştatlarda Baydeni üstələyir. CNN xəbər verir ki, 2024-cü il seçkisində hipotetik revanşda Tramp 49, Bayden 45% səs qazanacaq. «CBS News» tərəfindən keçirilmiş sorğuya qatılanların isə 51%-i Trampı, 48%-i Baydeni dəstəkləyib. «New York Times/Siena College poll» tərəfindən aparılmış araşdırma göstərib ki, Tramp «tərəddüddə olan» 6 vacib ştatdan 5-də Tramp üstün mövqedədir. 2024-cü il seçkisinin nəticələrini isə məhz bu ştatların həll edə biləcəyi düşünülür.

Güman edilir ki, qarşıdan gələn seçkinin taleyi 4 ştatdan asılı ola bilər: Arizona, Corciya, Viskonsiya və Nevada. Hələlik Tramp Nevadada Baydeni 10, Corciyada 6, Arizona və Miçiqanda 5, Pensilvaniyada 4%-lə üstələyir. Bayden rəqibini yalnız Viskonsiyada üstələyə bilib, o da cəmi 2% ilə. Halbuki, 2020-ci ildə hazırkı prezident 6 ştatın hamısında rəqibindən cüzi rəqəmlərlə də olsa, üstün idi.

 

Superstar

Ağ Ev və demokratların lideri öz növbələrində, bu narahatlıqları azaltmağa çalışırlar. Onlar iddia edirlər ki, seçkiyə bir il qalmış sorğular, adətən, mövcud prezidentlər üçün ürəkaçan olmur və onlar seçicilərin səsvermə günü verəcəkləri qərarı əks etdirə bilməz. Onların sözlərinə görə, elektoratın böyük hissəsi indiki mərhələdə siyasəti izləmir və Baydenin durumun onun qarşısına respublikaçılardan olan rəqibinin rəsmi şəkildə çıxmasından sonra yaxşılaşacaq.

«Seçkiyə bir ildən də artıq vaxtın qaldığı bir zamanda edilən proqnozlar adətən bir sonra yaşanacaq hadisələrdən fərqlənir», - deyə Baydenin seçki kampaniyasının iştirakçılarından olan Kevin Munoz bildirib. O, xatırladıb ki, sorğular 2012-ci ildə Barak Obamanın prezident seçkisində, 2022-ci ildə isə demokratların Konqresə seçkidə məğlub olacağını göstərsə də, bir il sonra nəticələr fərqli olub. «Nə vaxt söhbət Donald Tramp isə Co Bayden arasında seçimdən gedəcəksə, bu rəqəmlər dəyişəcək», - deyə 2012-ci ildə Obamanın təkrar prezident seçilməsi üçün aparılmış kampaniyaya rəhbərlik etmiş Cim Messina qeyd edib.

Lakin son araşdırmalar göstərir ki, artıq Baydenə simpatiya bəsləyən insanlar belə, seçkinin onların arzuladıqları kimi yekunlaşacağına şübhə etməyə başlayıblar.

Bayden tərəfdarlarını narahat edən daha bir məqam var. Onlar düşünürlər ki, 2020-ci il seçkisində demokrat liderin qələbə qazanmasında önəmli rol oynamış qaradərili seçicilər bu dəfə fərqli mövqe tuta bilərlər. Onların bir çoxu, xüsusilə gənclər Baydenin tələbə borclarına münasibətindən (prezidentin tələbələrin borclarının bağışlanması cəhdi Ali Məhkəmə tərəfindən rədd edilib) məyus olublar. Qaradərili seçiciləri Co Baydenin İsrailə birmənalı dəstək verməsi də qane etmir. Amma «Black Voters Matter» fondunun («Qaraların səsi önəmlidir») həmtəsisçisi Kliff Olbrayt düşünür ki, bu kateqoriyadan olan seçicilərin əksəriyyəti yenə də Baydeni dəstəkləyəcək. «Lakin prezidentin seçki kampaniyasını aparanlar elektoratla işi gücləndirməsələr, bu seçciilərin bir hissəsi səsverməyə qatılmaqdan imtina edə bilər», - deyə Olbrayt qeyd edib.

Prezidentin bəzi müttəfiqləri iddia edir ki, son sorğular İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların qızğın vaxtında təşkil olunduğundan, zamanla nəticələr dəyişə bilər. Məsələ ondadır ki, Bayden İsrailin əməliyyatlarına tam dəstək verir, qaradərili və liberal demokratlar isə bunun əleyhinədir.

Hazırkı dövlət başçısının reytinqinin aşağı olmasını onun yaşı ilə də əlaqələndirirlər. Seçicilərin 71%-i bu və ya digər dərəcədə hesab edir ki, Bayden «effektiv prezident olmaq üçün çox qocadır». Trampa münasibətdə belə düşünənlər cəmi 39%-dir.

«Bayden ölkəyə effektiv rəhbərlik edəcək ağla sahibdirmi?» sualına respondentlərin 62%-i mənfi, 35%-i müsbət cavab verib. Trampa münasibətdə bu rəqəmlər müvafiq olaraq, 44% və 52%-dir.

Bayden yaşı ilə bağlı tənqidlə hələ 2020-ci ilin seçki kampaniyası zamanı da üzləşmişdi. O vaxtdan prezident davamlı olaraq, belə tənqidlər eşidir. 80 yaşlı Bayden ABŞ tarixinin ən qoca prezidentidir. O, 2024-cü ildə təkrarən dövlət başçısı seçilərsə, ikinci səlahiyyət müddətini 86 yaşda başa vuracaq.

Demokratları düşündürən daha bir məsələ Baydenin diqqətinin iqtisadiyyata yönəldilməsi strategiyasının nə qədər effektiv olduğu, düşüncə tərzi və taktikanı dəyişməyin zamanının çatıb-çatmadığıdır. Onların iddiasına görə, prezident daha fəal kampaniya aparmalı, Tramp və digər respublikaçılarla daha zirək mübarizə aparmalı, diqqəti məsələn, demokratların daha üstün olduqları abort hüququ kimi sosial məsələlərə yönəltməlidir. Hər halda, «The Hill» belə yazır.

Sabiq prezident Barak Obamanın böyük məsləhətçisi Devid Akselrod da Baydenin yaş məsələsinə toxunub, bunu onun «düzəldilməsi mümkün olmayan ən böyük çatışmazlığı» kimi qiymətləndirib. Akselrod hətta Baydeni 2024-cü il seçkisinə qatılmamağa da çağırıb: «O, bunun ağıllı addım olub-olmadığını müəyyənləşdirməlidir. Düşünməlidir ki, bu, onun maraqlarına uyğundur, yoxsa ölkənin?»

Təcrübəli demokrat strateq Saymon Rozenberq isə əmindir ki, Baydenin komandası hələ qaradərili elektoratla, həmçinin Latın Amerikasından olan seçicilərlə, xüsusilə gənclərlə çox işləməlidir: «Baydenlə gənc seçicilər arasında məsafə var. Biz bu məsafəni aşmalıyıq. Ən zəif yerlərimizdən biri budur və onu həll etməliyik».

 

Prioritetlər

Baydenin seçki kampaniyası ilə məşğul olan şəxslər deyirlər ki, hazırda onlar informasiyaların toplanması, seçicilərə müraciət üsullarının test edilməsi, hansı vasitənin işə daha çox yarıyacağının müəyyənləşdirilməsi ilə məşğuldurlar. Lakin görünən odur ki, prezident strategiyasını dəyişməyi düşünmür və özünün «baydenomika» adı almış iqtisadi proqramını Donald Trampla mümkün revanşın mərkəzi elementinə çevirmək istəyir.

«Bloomberg News» ilə «Morning Consult» tərəfindən müxtəlif ştatlarda aparılmış sorğular göstərib ki, iqtisadiyyat bir çox amerikalının həyatında əsas yeri tutur. Ola bilsin ki, Bayden administrasiyası dövlətin infrastrukturun inkişafında, ilkin tələbat mallarının ucuzlaşmasında vacib rol oynamasını mütləq sayan «tərəddüdlü» ştatlarda bu mənada uğur qazansın.

Virciniyada noyabrın 7-də keçirilmiş parlament seçkisində qalib gəlmiş demokratlar Baydenin prezidentlik platformasının lokallaşdırılmış versiyası ilə çıxış ediblər: iqtisadi artıma nail olunması, iş yerlərinin yaradılmasına dəstək və reproduktiv azadlığın müdafiəsi. Deyəsən, bu, Baydenin komandasında ümidlər yaradıb. Hər halda, onlar digər ştatlardakı seçkinin də nəticələrinə istinadən, seçicilərin əksəriyyətinin Baydenin əsas prioritetlərini dəstəklədiklərini deyirlər.



MƏSLƏHƏT GÖR:

79