Müəllif: İlqar VƏLİZADƏ
Beynəlxalq təhlükəsizlik sisteminin zəiflədiyi, müxtəlif ölkələrin kooperasiyasından ibarət qlobal və regional platformaların sürətlə tənəzzülə uğradığı şəraitdə türk əməkdaşlığı formatı dinamik inkişafdadır. Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən növbəti – 10-cu sammiti bunu bir daha təsdiqləyib. Əksər müşahidəçilər hesab edirlər ki, türk dövlətləri Səmərqənd sammitindən bu yana çoxşaxəli gündəliyin praktik olaraq bütün maddələrinin reallaşdırılması işində ciddi nəticələr əldə ediblər.
Bununla yanaşı, qarşılıqlı ticarətin artımı, logistika əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət ayrılır.
Türk birliyinin iqtisadi lokomotivi
Bu ilin mayında 500 milyon dollar kapitala malik Türk İnvestisiya Fondunun yaradılması qərarı rəsmiləşdirilib. Onun mənzil qərargahı İstanbulda yerləşəcək. Fondun yaradılmasına dair ilk təklifi Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin 2019-cu ildə Bakıda keçirilmiş sammitində irəli sürmüş və o zaman təklif digər iştirakçılar tərəfindən də dəstəklənmişdi. Yeni yaradılacaq qurum regiondaxili ticarətin, kiçik və orta sahibkarlığın, logistika zəncirlərinin, kənd təsərrüfatının, «yaşıl» enerji və turizmin inkişafına kömək edəcək.
Qeyd edək ki, türk dövlətlərinin qarşılıqlı ticarəti bunadək də kifayət qədər dinamik inkişaf edib. Məlumatlar göstərir ki, 2021-ci ildə bu ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollardan bir qədər çox olubsa, 2022-ci ildə bu rəqəm 27,5 milyard dollara çatıb. Ticarətin üçdə ikisindən çoxu isə Türkiyənin payına düşüb.
Mövcud dinamika göstərir ki, ilin sonuna türk dövlətlərinin çoxtərəfli ticarət dövriyyəsi 30 milyard dolları ötə bilər. Amma bu, əlbəttə ki, son hədd olmayacaq.
Bununla yanaşı, ticarət-iqtisadi münasibətlərin əsas təkanverici qüvvəsi çoxmilyonluq investisiya layihələridir. Məsələn, Türkiyənin Türkmənistanda, Özbəkistanın Qazaxıstanda həyata keçirdiyi layihələr – nəhəng istilik elektrik stansiyalarının tikintisi, həmçinin xammal emalı sahəsində müəssisələrin qurulması və s. Mərkəzi Asiya ölkələri və Azərbaycan isə öz növbələrində, Türkiyənin dəhşətli zəlzələdən əziyyət çəkən cənub-şərq regionunun yenidən qurulmasına yardım edir.
Türk qrupuna aid digər dövlətlər arasında da birgə layihələr reallaşdırılır. Özbəkistan Azərbaycanda avtomobil zavodu tikir, Azərbaycan Özbəkistanın enerji sektorunda investisiya layihələri reallaşdırmağı planlaşdırır. Qazaxıstan yüklərin daşınması üçün Özbəkistanda logistika mərkəzi qurur, Özbəkistan Qazaxıstanın cənubunda pambıq emalı müəssisəsi inşa edir. Bundan başqa, Azərbaycan İssıkgöl sahilində beş ulduzlu hotel tikintisi ilə də məşğuldur.
Siyasi və hərbi-siyasi aspektlər
Səfərlərin dinamikası göstərir ki, türk qrupu arasında dialoq əvvəlkitək intensiv templərlə inkişaf edir. Səmərqənd sammitindən ötən il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə, Azərbaycanın dövlət başçısı İlham Əliyev Qazaxıstana, Özbəkistan lideri Şavkat Mirziyoyev Astanaya və Bakıya, Türkiyə Prezidenti Sərdar Berdiməhəmmədov Ankara və Daşkəndə səfər edib. Bununla yanaşı, Mərkəzi Asiyanın 4 türk dövləti və Azərbaycan liderləri arasında sentyabrda Düşənbədə məşvərətçi görüş də olub, TDT-yə daxil olan bütün dövlət başçıları isə Anakarada qurumun növbədənkənar sammitində də bir araya gəlib.
İstər rəsmi, istərsə də digər görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, dialoqun səviyyəsini daha yüksəyə qaldıran vacib qərarlar qəbul edilib. Məsələn, Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan liderinin isə Bakı səfəri zamanı ölkələr arasında Ali Dövlətlərarası Şuranın yaradılmasına dair müqavilələr imzalanıb. Bu, strateji əhəmiyyətli qərarların qəbulunda ölkə başçıları arasında daha effektiv kommunikasiyanın qurulmasına imkan verəcək.
Türk dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığının inkişafından danışarkən müdafiə qurumları arasında əlaqələrin intensivləşdiyini də vurğulamaq lazımdır. Söhbət yalnız hərbi-texniki yox, həm də sırf hərbi əməkdaşlıqdan gedir. Oktyabrda Xəzərin Azərbaycan sektorunda Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və hərbçilərin iştirakı ilə «Xəzri-2023» adlı birgə taktiki təlim keçirilib, Qazaxıstanın müdafiə naziri R.Jaksılıkovun Bakıya səfəri zamanı iki ölkənin müdafiə nazirlikləri arasında 2024-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb. İki həftə sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov Özbəkistana səfər edib. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu ilin yayında isə Daşkənd yaxınlığındakı Çirçik poliqonunda Azərbaycan və Özbəkistan «UZAZ-2023» adlı birgə taktiki komanda-qərargah təlimləri keçirilər.
44 günlük müharibədə qazanılmış qələbə, Azərbaycan Ordusunun topladığı təcrübə son illər Mərkəzi Asiya ölkələrinin xüsusi marağında olan məsələdir. Bu isə azərbaycanlı hərbçilərin bu ölkələrdən olan həmkarları ilə əməkdaşlığına əsas yaradır.
Türk qrupu dövlətlərinin hərbi-texniki və hərbi əməkdaşlığın fəallaşması prosesinin avanqardında Türkiyə dayanır. Bu, keçmiş SSRİ respublikaları olan türk dövlətlərinin Silahlı Qüvvələrinə NATO standartlarını tətbiq etmək istəyi ilə bağlıdır. Türkiyə Şimali Atnalntka Alyansının hərbi-sənaye kompleksini sürətlə inkişaf etdirən aparıcı üzvlərindəndir. Onun istehsal etdiyi silahlar xüsusilə son illərdə özünü yaxşı tərəfdən bütün dünyaya göstərir. Türkiyənin pilotsuz uçuş aparatları istehsalı texnologiyasından Azərbaycan və Qazaxıstanda da istifadə olunur. Qazaxıstan Mərkəzi Asiyanın Türkiyədən ən çox PUA alan ölkəsidir.
Türkiyə türk dövlətləri qrupu üçün hərbi təhsil, hərbi hazırlıq və terrorçuluqla mübarizə məsələlərində də cəlbedicidir.
Nəqliyyat-logistika prioritetləri
Çoxtərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sahəsidir. Türk dövlətlərinin nəqliyyat strategiyasının özəyini Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) təşkil edir. Eyni zamanda Mərkəzi Asiya coğrafiyasında paralel kommunikasiyaların inkişafı əlavə əhəmiyyət qazanır. Söhbət ilk növbədə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsindən gedir. Son dövrlərdə bu layihəyə Türkmənistan tərəfindən də marağın artdığı müşahidə olunur.
2022-ci ildə TBNM ilə yük daşımalarının həcmi əvvəlki illə müqayisədə 2,5 dəfə (1,5 milyon tonadək) artıb. Bu ilin ilk 9 ayında isə daşıma həcmi ötən ilin analoji dövrünə nisbətdə 85,3%-lik artım dinamikası göstərib. Beləliklə, ilin sonuna həcmin iki dəfə artacağını gözləmək olar. Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu idarələrinin yüklərin daşınması və qeydiyyat prosedurunun sadələşdirilməsi üçün birgə müəssisələr yaratmaları bu dinamikanın qarşıdakı illərdə də qorunub saxlanacağını düşünməyə əsas verir. Üstəlik, istər Azərbaycan, istər qonşu Gürcüstan, istərsə də Mərkəzi Asiyada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, onun ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəal müzakirələr gedir.
Eyni sözləri TBNM-ə paralel olaraq Özbəkistan və Türkmənistan ərazisindən keçən marşrut haqda da söyləmək olar. Məsələn, Türkmənbaşı və Ələt limanları arasında konteyner daşımalarının artımı bunun təsdiqidir. Ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin 6 ayı ərzində bu marşrutla konteyner daşımaları 2,9 dəfə artıb, ilin sonuna isə onun 5, hətta 6 dəfə artacağı gözlənilir.
Türk dövlətlərinin əməkdaşlığında mədəniyyət sahəsində əməkdaşlıq da önəmli yer tutur.
Türk perspektivləri sammiti
Region və dünya üçün çox çətin olan indiki dövrdə Astanada keçirilən sammit TDT-nin iştirakçı dövlətlərin xarici siyasətində nə qədər əhəmiyyətli yer tutduğunu göstərir. Sammitə «Türk əsri» adı verilib ki, bu da bu əməkdaşlığın regional siyasətdə uzunmüddətli amilə çevrilməsi niyyətini göstərir. Liderlərin toplantıdakı çıxışlarında, həmçinin sonda qəbul olunmuş yekun bəyannamədə diqqət ənənəvi olaraq, iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin gücləndirilməsinə yönəlib. Bununla yanaşı, sammitdə ilk dəfə olaraq ekoloji gündəm də geniş müzakirə edilib, «yaşıl» texnologiyalar və «yaşıl» enerji məsələlərindən bəhs olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq birlik tərəfindən tanınması, TDT-nin digər beynəlxalq təşkilatlar – İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşğılı Təşkilatı ilə əlaqələri genişləndirməsi kimi mövzular da diqqət mərkəzində olub.
Sammitdə beynəlxalq gündəm də müzakirə olunub, Qəzzada İsrail-HƏMAS qarşıdurması nəticəsində yaranmış humanitar problemin aradan qaldırılmasının vacibliyi vurğulanıb. TDT üzvlərinin əksəriyyəti İsraillə yaxşı münasibətlərə malik olduğundan, Fələstindəki mövcud vəziyyətin qiymətləndirilməsi məsələsinə ehtiyatla yanaşılıb.
Maraqlıdır ki, sammitdə Azərbaycanın erməni separatizmi üzərindəki yekun qələbəsinə özünəməxsus siyasi qiymət verilib. Üzv ölkələrin dövlət və hökumət başçıları Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal antiterror tədbirlərinin nəticələrini yüksək qiymətləndirib, TDT-nin növbəti qeyri-formal sammitinin Şuşada keçirilməsi haqda razılığa gəliblər. Bu, Azərbaycan xalqının erməni separatçılığı ilə çoxillik mübarizəsinin nəticələrinin təşkilatın bütün üzvləri tərəfindən rəsmi və yekun təsdiqi olacaq, rəmzi mənada, «Qarabağ Azərbaycandır!» tezisini bir daha təsdiqləyəcək!
MƏSLƏHƏT GÖR: