24 Noyabr 2024

Bazar, 22:14

İXRAC VEKTORU

Məqsəd 2030-cu ilə qədər kənd təsərrüfatı sektorunu rəqabətqabiliyyətli, yüksək texnologiyalı, ixracyönümlü sənayeyə çevirməkdir

Müəllif:

01.12.2023

Son iki ildə qlobal ərzaq böhranı və idxal inflyasiyasının artması Azərbaycanın aqrar-sənaye kompleksində (ASK) islahatları sürətləndirən drayver rolunu oynayıb. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixracın genişləndirilməsidir. Son illərdə biz xarici tədarüklərin həcmini əhəmiyyətli dərəcədə artırmağa, onların coğrafiyasını şaxələndirməyə nail olmuşuq. Bu gün postsovet ölkələrinin ənənəvi bazarları ilə yanaşı, Azərbaycanın kənd təsərrüfatı sənayesinin məhsulları Yaxın Şərq, Şimali Afrika, Çin, həmçinin Avropa ölkələrində satılır. Bu istiqamətdə növbəti addım Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Polşa və Şimali Makedoniyaya səfərləri olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair memorandumlar imzalanıb.

 

Asılılığı azaltmaq

Azərbaycanın kənd təsərrüfatı sektorunda struktur dəyişiklikləri və onun texniki baxımdan modernləşdirilməsi ərzaq idxalının 80%-ni əvəz etməyə imkan verib. Bu göstəriciyə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artıq bir neçə ildir ki, Azərbaycanı uğurlu ölkələr sırasına daxil edir. Lakin son qlobal böhran bu sahədə bir sıra ciddi sənaye problemləri ortaya çıxarıb. Azərbaycanın əkinçilik təsərrüfatları hələ də elit toxumların, pestisidlərin, fosfatların və bir sıra digər gübrələrin idxalından ciddi dərəcədə asılıdır. Bundan başqa, heyvandarlıq və quşçuluq təsərrüfatları isə daha çox xaricdən tədarük edilən qarışıq yem, vitaminlər, vaksinlər və s. təchizatına yönəlib. Eyni zamanda yerli emal müəssisələri, xüsusilə ət-süd kombinatları quru süd, ət, müxtəlif əlavələr və qida ilə bağlı kimyəvi maddələr, qablar, avadanlıqlar, istehlak materiallarının idxalından əhəmiyyətli dərəcədə asılıdır. Böhran dövrlərində dünya bazarında bu malların bahalaşması səbəbindən aqrar-sənaye kompleksi və yeyinti sənayesi ciddi problemlərlə üzləşir. Xammalın, komponentlərin və yarımfabrikatların idxalının bahalaşması isə yerli istehsalın maya dəyərinin artmasına səbəb olur.

Bu vəziyyətdən çıxmağın yeganə yolu Azərbaycanda aqrar-sənaye kompleksi və yeyinti sənayesi üçün zəruri olan məhsullar istehsal edən müəssisələrin lokallaşdırılmasını sürətləndirməkdir. Artıq ikinci ildir ki, FAO-nun ekspertləri məhz buna çağırış edir. FAO inkişaf etməkdə olan ölkələrə xarici ölkələrdən ərzaq təchizatından asılılığı azaltmağı və yerli istehsalı artırmağı tövsiyə edir. BMT-nin proqnozlarına görə, iqlim amillərinin pisləşməsi, şirin su çatışmazlığı, münbit torpaqların azalması, kənd təsərrüfatında istehsal xərclərinin artması səbəbindən gələcəkdə ərzaq böhranının təkrarlanma ehtimalı çox yüksəkdir.

 

Həlli vacib problemlər

BMT strukturunun aqrar sektorun islahatları və transformasiyası ilə bağlı tövsiyələri bir sıra parametrlərə görə Azərbaycanın hələ də üzləşdiyi problemlərə uyğundur. Ölkənin aztorpaqlı fermalarının xeyli hissəsi texniki cəhətdən kifayət qədər təchiz olunmayıb və güzəştli maliyyələşməyə çıxışda çətinliklər yaşayır. Müasir aqrotexniki texnikanın olmaması, kimyəviləşdirmə və suvarma işlərinin kifayət qədər yüksək səviyyədə aparılmaması səbəbindən belə təsərrüfatlar məhsuldarlığı ölkədə fəaliyyət göstərən iri aqroparklar səviyyəsinə çatdıra bilmirlər. Üstəlik, bir sıra sənaye sahələrində kiçik təsərrüfatlarda məhsulun yüksək maya dəyəri hətta daxili bazarda da rəqabət qabiliyyətini azaldır.

Ölkədə kənd təsərrüfatının inkişafına mane olan mənfi amillərə son bir neçə ildə intensivləşən və suvarma suyu qıtlığına səbəb olan səhralaşma proseslərini göstərmək olar. Azərbaycanda şirin suyun təxminən 70%-i kənd təsərrüfatında istifadə olunur. FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, əsas vəzifə tarlalarda müasir izolyasiya texnologiyaları və qənaətcil suvarma sistemlərinin tətbiqi yolu ilə kanallarda su itkilərini azaltmaqdır. Onun sözlərinə görə, su ehtiyatlarından istifadəyə elektron nəzarət sistemlərini tətbiq etmək və xammalın becərilməsindən, son məhsulun istehsalından tutmuş istehlakçılara çatdırılmasına qədər rəqəmsallaşmanı inkişaf etdirmək lazımdır.

“Kənd təsərrüfatının rəqəmsallaşdırılması istehsal prosesində səmərəliliyi artırmaqla yanaşı, FAO-nun beşillik ölkə proqramının əsas məqsədlərindən biri olan gənc mütəxəssislər nəslinin cəlb edilməsində kənd təsərrüfatı sektorunu daha cəlbedici edəcək”, - M.N.Hayat qeyd edib.

 

Mühüm məqsədlər

Son illər Azərbaycanın aqrar-sənaye kompleksi nisbətən aşağı artım templəri nümayiş etdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında respublikada cəmi 3% artımla təxminən 10,9 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Üstəlik, bitkiçilik seqmentində bu rəqəm daha da aşağıdır. Qlobal ərzaq böhranının nəticələrini aradan qaldırmaq üçün ölkə hökuməti qarşısında aqrar islahatların intensivləşdirilməsi vəzifəsi qoyulub. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaxın 7 ildə kənd təsərrüfatı sahəsini genişmiqyaslı transformasiyalar gözləyir.

Məhsuldarlığın, ilk növbədə, qabaqcıl kənd təsərrüfatı texnologiyalarının tətbiqi, qənaətcil suvarma sistemlərinin inkişafı, bu sahədə idarəçiliyin rəqəmsallaşdırılması, aqrar sahədə enerji xərclərinin azaldılması üçün “yaşıl texnologiya”ların tətbiqi, emalda itkilərin azaldılması və s. hesabına artırılması nəzərdə tutulur. Sadalanan bütün yeniliklərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaqların mənimsənilməsində istifadə edilməsi nəzərdə tutulur.

“Bu günədək Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Nəticədə, 2020-2023-cü illərdə ümumilikdə 132 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib”, - Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə bu yaxınlarda keçirilən ictimai dinləmələrdə bildirib.

Onun sözlərinə görə, hazırda potensial mənimsənilən sahələrin təxminən 60%-i istifadə olunur. Qalan əkin sahələrini mina təhlükəsi davam etdiyi üçün əkin dövriyyəsinə vermək mümkün deyil.

Ölkədə kənd təsərrüfatı sənayesinin inkişafı üçün eyni dərəcədə vacib vektor taxılçılıq sahəsində məhsuldarlığın artırılması, həmçinin əlverişsiz iqlim şəraiti nəzərə alınmaqla məhsuldarlığın artırılmasıdır. Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı çərçivəsində ərzaq buğdası istehsalçılarına subsidiyaların verilməsi, ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatlarının sayının genişləndirilməsi və s. təmin edilib.

Digər istiqamət emal və qida sənayesində xərclərin azaldılması, ilk növbədə ixraca yönəldilmiş qida məhsullarının kütləvi istehsalının genişləndirilməsidir. Buna 50-dən çox aqroparkın, kooperativlərin, qablaşdırma və logistika müəssisələrinin inkişafı kömək etməlidir.

 

İxrac liderləri

Maraqlıdır ki, Azərbaycanın aqrar-sənaye kompleksinin ixrac vektoru daxili bazarın darlığı probleminin həlli və istehsalın genişləndirilməsi üçün ən səmərəli yol kimi qiymətləndirilir. Ölkə bu istiqamətdə ciddi irəliləyişlər əldə edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında yerli kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ixracı 733,8 milyon ABŞ dolları təşkil edib və bu da 2022-ci ilin 10 ayının göstəricilərindən düz 9,2% çoxdur. Lakin ötən il bu baxımdan daha uğurlu olub: kənd təsərrüfatı məhsullarının ixracının həcmi 11,8% artaraq 912,4 milyon dollara çatmışdı.  

Kənd təsərrüfatı məhsullarının satışı üçün əsas bazar hələ də Rusiya və digər postsovet ölkələridir. “Azərbaycan Rusiyaya pomidor, xurma, alma, albalı və gilas tədarükündə liderdir. Son vaxtlar şaftalı, fındıq, çiyələk ixracını artırıb. Beləliklə, 2023-cü ilin oktyabr ayının sonuna Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı dəyər ifadəsində 11,3% artıb”, - Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Rusiya bazarına quşçuluq təsərrüfatı məhsullarının, əsasən də ərzaqlıq yumurtalarının ixracı ilə bağlı razılıq əldə olunub. Bu, ölkəmizin ixrac strategiyasında son dərəcə mühüm mərhələdir. Onun sözlərinə görə, qida təhlükəsizliyi nəzarəti sistemi artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğundur.

Ərzaq tədarükü yolunda ölkəmiz ixracın durmadan artdığı Belarus, Qazaxıstan və digər MDB ölkələri ilə çox uğurla əməkdaşlıq edir.

 

Yeni bazarlar

Ən mühüm vəzifə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının şaxələndirilməsidir və bu sahədə ölkə ciddi irəliləyişlər əldə edib. Əgər 7 il əvvəl tədarükün 90%-dən çoxu yalnız postsovet regionunun payına düşürdüsə, sonralar bu nisbət dəyişməyə başladı. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəal dəstəyi ilə xarici dövlətlərə, xüsusilə Türkiyə, Fars körfəzi, Yaxın Şərq və Şimali Afrika dövlətlərinə - Tunis, Misir, İordaniya, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, eləcə də Çinə ixrac artır.

“Azərbaycanın kənd təsərrüfatı məhsullarının 60 %-i MDB ölkələrinin bazarlarına ixrac olunur və əsas hədəf bu məhsulların ixracının şaxələndirilməsidir. Son 3 ildə ixracda davamlı artım müşahidə olunur.

Hazırda Azərbaycan 326 adda kənd təsərrüfatı məhsulu ixrac edir, bazarlarımızın sayı 88-dir”, - AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.

Yeri gəlmişkən, ixracın genişləndirilməsi üçün AZPROMO-nun təşəbbüsü və xarici ölkələrdəki ticarət nümayəndəliklərinin dəstəyi ilə geniş ticarət və şərab evləri sistemi formalaşdırılır. Azərbaycan şirkətləri sərgilərdə iştiraka dəvət olunur, aparıcı pərakəndə satış şəbəkələrində yerli kənd təsərrüfatı məhsullarının “Made in Azerbaijan” brendi ilə tanıdılması üçün reklam və tanıtım kampaniyaları təşkil edilir.

Bu da son deyil. İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan ekoloji təmiz balın “Qarabağ” ümumi brendi ilə Avropa bazarına çıxarılması istiqamətində də danışıqlar aparılır. Azərbaycan narından hazırlanan şirə və şərabın Avropa İttifaqı ölkələrinə tədarükü öyrənilir, ölkəmiz xurma və fındıq ixracında isə dünya bazarında lider mövqe tutur. Cəmi bir il əvvəl Azərbaycan təzə və qurudulmuş xurma ixracına görə dünyada İspaniyadan sonra ikinci yerdə idi. Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının məlumatına görə, 2022/2023-cü il mövsümündə Azərbaycan fındıq tədarükü üzrə dünyada dördüncü yerdə qərarlaşıb. Onun ən böyük alıcıları İsveçrə, İtaliya, Polşa və digər Avropa ölkələridir.

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib. Kənd təsərrüfatı məhsulları arasında fındıq mühüm yer tutur və ixrac potensialına görə qərzəkli meyvələr arasında birinci yerdə qərarlaşıb. 2022-ci ildə ölkəmizdən qabıqlı fındıq ixracı 2021-ci ilə nisbətən 48,5% çox olub”, - Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli Bakıda keçirilən ixtisaslaşmış beynəlxalq konfransda deyib.

Göründüyü kimi, Avropa ixrac vektoru uzunmüddətli perspektivdə yerli kənd təsərrüfatı istehsalçıları üçün əsas olacaq. Bunu Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Polşa və Şimali Makedoniyaya səfəri də sübut edir. Danışıqlar nəticəsində kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumları, həmçinin kənd təsərrüfatı sənayesində təcrübə və innovasiyaların mübadiləsi üçün işçi qruplarının yaradılmasına dair müqavilələr imzalanıb.

Bir sözlə, bütün bunlar son nəticədə kənd təsərrüfatı istehsalçıları üçün əsas stimul rolunu oynayır, onları bütün problemləri tez bir zamanda həll etməyə sövq edir.



MƏSLƏHƏT GÖR:

99