24 Noyabr 2024

Bazar, 01:54

FƏSADLARA YOL AÇAN DREYF

Ermənistan qlobal və regional güc mərkəzləri arasındakı qarşıdurmanın obyektinə çevrilib

Müəllif:

01.12.2023

Bu gün Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin əsas təzahürlərindən biri Qərbin region üzərində nəzarəti ələ almaq cəhdləridir. ABŞ və Avropa İttifaqı bu məqsədlə Ermənistanla açıq oyun oynayır, öz planlarını həyata keçirmək üçün alət kimi ondan istifadə edir, İrəvanı Qərbin nüfuz dairəsinə çəkməyə çalışır.

 

Forpostu Rusiyanı atır?

Ermənistanın Qərbə doğru dreyfi özünü onun hökumətinin KTMT və Rusiyadan davamlı şəkildə narazılıq etməsi ilə göstərir. Baş nazir Nikol Paşinyan və ətrafı mütəmadi olaraq, KTMT-ni Azərbaycanla savaş zamanı Ermənistana kömək etməməkdə günahlandırır. Belə məlum olur ki, İrəvan bu qurumdakı müttəfiqlərindən, ilk növbədə isə Rusiyadan onun Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə yardım gözləyirmiş. Söhbət Azərbaycan Ordusunun 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qazandığı qələbə ilə bitmiş işğaldan gedir.

Hələ 2022-ci ilin noyabrında Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının birgə bəyannaməsini imzalamaqdan boyun qaçırmış, bunu sənəddə «Azərbaycanın təcavüzü»nə siyasi qiymətin verilməməsi ilə izah etmişdi. 2023-cü ilin əvvəlində isə İrəvan KTMT-nin Ermənistan ərazisində keçirməyi planlaşdırdığı hərbi təlimin baş tutmasına imkan verməyib, üstəlik, özünün qurumun baş katibinin müavini kvotasından imtina edib, blokdakı nümayəndəsini geri çağırıb.

Ermənistanın KTMT-də təmsilçiliyi məsələsi ətrafında ajiotaj Azərbaycanın 2023-cü il sentyabrın 19-da keçirdiyi, azad olunmuş Qarabağ üzərində suverenliyinin tam bərpası ilə bitmiş antiterror tədbirlərindən sonra daha da artıb. Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, hətta parlamentin spikeri Alen Simonyan KTMT-nin noyabrın 23-də Minskdə keçirilən toplantısına və digər müvafiq tədbirlərinə qatılmaqdan imtina ediblər. Üstəlik, sammit ərəfəsində qurumun baş katibi İmanqali Tasmaqambetov bildirib ki, rəsmi İrəvan təşkilatdakı tərəfdaşlarından Ermənistana birgə yardımın göstərilməsi məsələsinin toplantının gündəliyindən çıxarılmasını istəyib.

Bəs İrəvanın bu «incikliyi» onun KTMT-ni tərk etməyə, Rusiya ilə müttəfiqliyə son qoymağa hazır olduğu anlamına gəlirmi? Axı bu halda Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası oradan çıxarılmalı, Rusiya Sərhəd Qoşunlarının Ermənistan Respublikasının sərhədlərini qorumasına son qoyulmalıdır.

Paşinyan Minsk sammitinə qatılmaqdan imtina etdikdən az sonra bildirib ki, o, Ermənistanı KTMT-dən çıxarmaq üçün zəmin yaratmağa çalışmır, çünki belə işlərdə zəmin «ya olur, ya da olmur». «Sadəcə olaraq, biz düşünmək üçün həm KTMT-yə vaxt veririk, həm də özümüz vaxt qazanırıq», - deyə baş nazir qeyd edib. Bununla da o, Ermənistanın xarici oyunçularla təhlükəsizlik sahəsində münasibətləri şaxələndirmək qərarına gəldiyini göstərib.

Eyni qeyri-müəyyənlik Ermənistanın MDB üzvlüyü məsələsində də davam edir. Bu ilin oktyabrında Paşinyan MDB Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının Bişkekdə keçirilən toplantısına qatılmaqdan imtina edib. Bununla yanaşı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov İrəvanın MDB liderlərinin dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-formal görüşünə qatılmaq niyyətində olduğunu açıqlayıb.

Bütün bunların fonunda bir şey tam aydındır: Ermənistan rəhbərliyi faktiki olaraq postsovet məkanında Rusiyanın rəhbərlik etdiyi strukturları tərk etməyin məqsədəuyğun olub-olmadığı haqda düşünməkdədirsə, Qərblə yaxınlaşmaq məsələsində tərəddüd yoxdur və qərar artıq qəbul edilib. Bu mənada, ilk növbədə, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd rayonlarındakı müşahidə missiyasının böyüdüyünə diqqət çəkmək lazımdır. 2023-cü il noyabrın 20-də Yerevanla Brüssel Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının statusuna dair razılaşma imzalayıblar. Üstəlik, indi missiyanın tərkibinə Kanada təmsilçilərinin də əlavə olunması qərarlaşdırılıb.

Beləliklə, Ermənistan ötən 30 ildə hansı məqsədlə Rusiya ilə müttəfiqliq idisə, indi eyni məqsədlə Qərblə sıx hərbi-siyasi əməkdaşlıq qurmaq istəyir. İrəvanda ümid edirlər ki, vaxtilə onun Ermənistanla qarşıdurmasına Rusiya kömək edirdisə, indi eyni işi ABŞ ilə Aİ görəcək. Bu köməyin əsas elementlərindən biri təsadüfən Qərbdən silah və hərbi texnikanın alınması deyil.

 

Qərb tədbirlər görür

İndi Ermənistanın «bir nömrəli» müttəfiqi roluna Fransa iddialıdır. Son aylar ərzində iki ölkə arasında Ermənistana Fransa silah və hərbi-texnikasının tədarükünə dair bir sıra razılaşmalar imzalanıb. Söhbət məsələn, «Mistral» zenit-raket kompleksi kimi hava hücumundan müdafiə sistemlərindən, «Ground Master 200» çoxfunksiyalı radarlardan və s. gedir. Bundan başqa, Fransa artıq Ermənistana «Bastion» zirehli avtomobillərinin tədarükünə də başlayıb.

Doğrudur, Fransa silahlarının baha olması Ermənistanın alıcılıq qabiliyyətilə bağlı sualı aktuallaşdırır. Əvvəllər ermənilərin əsas silah tədarükçüsü Rusiya onları İrəvana kreditlə satırdı. Üstəlik, sonradan Moskva bu kreditin bir hissəsini müttəfiqinə bağışlamışdı. Odur ki, Ermənistan Rusiyadan silah və hərbi texnikanı praktik olaraq, hədiyyə alırdı. Fransanın isə eyni cür davranmayacağı aydındır. Amma eyni zamanda, Qərb İrəvanı «öz qanadı altına» çəkmək üçün lazımi maliyyə sxemləri tapmağa çalışır.

Nəzərə almaq lazımdır ki, Ermənistanın Qərbə doğru dreyfində avanqard güc kimi Fransa çıxış etsə də, prosesi ABŞ dəstəkləyir, hətta kurasiya edir. Bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin sözləri də təsdiqləyir. O'Brayen bildirib ki, Fransa ABŞ və Aİ-nin «Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı əlavə tədbirlərinə» «əhəmiyyətli» yardım göstərir.

Aydındır ki, Qərb fövqəldövlətlərinin «Ermənistanın təhlükəsizliyini təmin etmək» cəhdlərinə daxili siyasi amillər də ciddi şəkildə təsir edir. Fransanın erməni lobbisi ölkənin siyasi elitasının beyninə çoxdan yerləşib. Erməni lobbisi ənənəvi olaraq, ABŞ-da da güclüdür. Burada erməni lobbisi amili seçki kampaniyaları ərəfəsində və dövründə xüsusilə fəallaşır. İndi isə Birləşmiş Ştatlar yeni prezident seçkisinə hazırlaşır və bu səbəbdən, dövlət başçısı postuna namizədlər erməni əsilli vətəndaşların da səsi uğrunda mübarizə aparır. Co Bayden administrasiyasının Cənubi Qafqaz siyasətinin ermənipərəst mövqe göstərməyə başlamasında da bir il sonra keçiriləcək prezident seçksinin ciddi rolu var. Nəhayət, Amerikanın böyük ölçüdə ümumilikdə Qərbin siyasi istiqamətini müəyyənləşdirən strategiyasının formalaşmasında geosiyasi maraqlar da mühüm yer tutur.

 

Geosiyasi amil

ABŞ və ümumilikdə Qərbin Cənubi Qafqaz planları ilk növbədə, burada Rusiyanın maraqlarının sıxışdırılması, İranın mövqeyinin zəiflədilməsi, Türkiyənin regiolnal məsələlərdə getdikcə artan rolunun qarşısının alınmasına hesablanıb. Türkiyəyə münasibətdə, şübhəsiz ki, onun NATO üzvü, ABŞ-ın müttəfiqi olduğu nəzərə alınır. Amma Ankara buna rəğmən, Rusiya və İranın nəhəng regional dövlətlər üçün Cənubi Qafqazda xarici güc mərkəzlərinin, məsələn, Qərbin hökmranlıq etməsinin yolverilməzliyinə dair mövqeyini bölüşür.

İran da öz davranışları ilə göstərir ki, strateji baxımdan o da Qərbin Cənubi Qafqaz ölkələri ərazisində iddialı olmasını istəmir. Ermənistanda ABŞ və Fransanın, demək, NATO-nun mövqeyinin güclənməsi İranın milli təhlükəsizliklə bağlı uzunmüddətli maraqlarına açıq təhdiddir.

Bununla yanaşı, O'Brayenin «Ermənistanın təhlükəsizliyinin təmini» kimi ifadə etdiyi «əlavə tədbirlər» məhz Qərbin bu ölkəyə nəzarətinin güclənməsini nəzərdə tutur. Dövlət katibinin köməkçisi açıq şəkildə bildirib ki, ABŞ ilə Aİ Ermənistanın trans-Atlantik dünya ilə yaxınlaşması üçün birgə plan hazırlayır. Söhbətin nədən getdiyini təbii ki, Moskvada da yaxşı anlayırlar. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın son bəyanatı təsadüf deyil. Zaxarova bildirib ki, «Qərb Ermənistandan vəhşicəsinə yapışaraq, onu Rusiyadan qoparmağa çalışır».

Amma bu, Ermənistana qaranlıq perspektiv vəd edir: o, fövqəldövlətlər arasında qarşıdurma meydanına çevrilə bilər. Bu mənada, əksər ekspertlər bu ölkənin Suriya və ya Ukraynanın vəziyyətinə düşə biləcəyini deyir. Amma bu məsələdə bütün güc mərkəzləri Azərbaycanın mövqeyini də nəzərə alınmalıdır. Bakı Qərbin Ermənistana hərbi yardımını öz milli maraqlarına, təhlükəsizliyinə təhdid sayır. Odur ki, Azərbaycan Ermənistandan gələcək istənilən təhdidin qarşısını almaq üçün hüquqlarından istifadə edə biləcəyini qəti şəkildə ifadə edir. Söhbət həm də 44 günlük müharibə nəticəsində darmadağın olmuş ölkənin ABŞ və Fransanın köməyi ilə yenidən hərbiləşdirilməsinin yaratdığı təhdiddən gedir. Hər halda, hələ də anti-Azərbaycan siyasətindən əl çəkməyən Ermənistana tədarük olunan silah və hərbi texnika avtomatik olaraq, Bakı üçün qanuni hərbi hədəflərə çevrilir. Üstəlik, Qərbin İrəvana Bakının maraqlarına zidd olaraq göstərdiyi bu yardım iki ölkə arasında sülh prosesinə də maneədir.

 

Bakı prioritetlərini yerbəyer edir

Qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilmiş Ermənistan Azərbaycanla sülh prosesinə iki formada mane olur. Birincisi, o, Rusiya meydanında danışıqlardan imtina edir, ikincisi, ABŞ və Fransanın paralel vasitəçilik etməyə çalışdıqları Qərb müstəvisini Bakıya təzyiq vasitəsinə çevirməyə çalışır. Nəticədə, Azərbaycan Brüssel və Vaşinqton platformalarından imtina edib. Bakıda hesab edirlər ki, Qərbin aşkar anti-Azərbaycan mövqeyi tutduğu bir şəraitdə bu platformalar sülh prosesi üçün hər hansı dəyərə malik deyil.

Beləliklə, Azərbaycan Qərb mərkəzlərinin Qranadada planlaşdırdıqları beştərəfli, həmçinin Brüssel və Vaşinqtonda planlaşdıran üçtərəfli danışıqlardan imtina etməli olub. Çünki Avopa İttifaqı ilə Birləşmiş Ştatlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bitməli olan sülh prosesinə Azərbaycanın suverenliyinə toxunacaq maddələr əlavə etməyə çalışır, bununla da onun daxili işlərinə qarışmaq istəyir. Söhbət 2020-ci ii müharibəsindən sonra gündəmdən çıxmış «Dağlıq Qarabağ məsələsi»nin müzakirə masasına qaytarılması cəhdlərindən gedir. Üstəlik, bu cəhdlər Qərb dairələrinin bütünlükdə Qarabağ üzərində suverenliyini bərpa etmiş, bir günlük antiterror tədbirləri ilə separatçı rejimin mövcudluğuna son qoymuş Bakıya qarşı ədalətsiz, tamamilə yalan ittihamlar irəli sürməsi fonunda baş verir. Ermənipərəst mövqe tutan ABŞ və Aİ neytrallıqdan, qərəzsizlikdən tam imtina ediblər ki, bu da Qərbin tərəflər arasında hər hansı formada vasitəçi olmaq şansını sıfra endirib. İrəvan isə Azərbaycanla danışıqlarda öz mövqelərini gücləndirə bilmək üçün Qərb mərkəzlərinin vasitəçiliyindən imtina etmək istəmir. Ermənistanın hökumətpərəst dairələrində, həmçinin ekspertlər arasında belə bir ideya dolaşır ki, danışıqlar prosesində əldə olunacaq razılaşmaların reallaşdırılacağına zəmanət lazımdır. Amma bu məsələnin əks tərəfi də var: Ermənistanın özü üçün istədiyi “qarant statusu”nu Qərb vasitəçilərinin özləri necə görürlər?

Aydındır ki, Qərb üçün Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin qarantı olmaq onun Cənubi Qafqazda geosiyasi hökmranlığını təsdiqləməsi üçün ciddi rıçaq qazanması anlamına gəlir. Odur ki, Vaşinqton bundan sonra da Qərbin himayəsi altında Azərbaycan-Ermənistan danışıqlarını bərpa etməyə çalışacaq. ABŞ-ın dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi də bunu təsdiqləyir.

Amma Bakının prioritetləri konkretdir: sülh prosesinin uğuru Ermənistanın Azərbaycanla suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülhə nə qədər hazır olmasından asılıdır. Bu isə həm də Azərbaycanın hələ də Ermənistanın işğalı altında qalan 8 kəndinin azad olunmasını da nəzərdə tutur. Bundan başqa, Ermənistanın qlobal siyasətin bu və ya digər güc mərkəzlərinin əlində silah rolu oynadığı bir şəraitdə sülh müqaviləsinin imzalanmasının heç bir praktik mənası yoxdur. Xüsusilə, bu silah Azərbaycana qarşı yönəlibsə. Yeri gəlmişkən, son amilin mövcudluğu Ermənistan üçün nəinki sülh, mövcudluğunu qorumaq şansı belə, saxlamır.



MƏSLƏHƏT GÖR:

90