24 Noyabr 2024

Bazar, 01:27

VAŞİNQTONA SƏHFİNİ BAŞA SALDILAR

Azərbaycan suverenliyi və ərazi bütövlüyünə kiminsə, o cümlədən Birləşmiş Ştatların əl uzatmasına imkan verməyəcək

Müəllif:

01.12.2023

Son zamanlar Azərbaycan-ABŞ münasibətlərinin kəskin şəkildə pisləşdiyi müşahidə olunur. Səbəb Vaşinqtonun məqsədyönlü şəkildə Bakının maraqlarına zidd addımlar atmasıdır ki, bu da özünü ABŞ hökumətinin konkret bəyanatları və əməllərində göstərir.

 

İkitərəfli münasibətlərə ciddi zərbə

Amerika siyasi isteblişmentini bürümüş aşkar anti-Azərbaycan əhvalı Konqresin Nümayəndələr palatasının Beynəlxalq münasibətlər komitəsində keçirilmiş dinləmələr zamanı özünü tam aydın göstərib. Tədbirin adı öz-özlüyündə hər şeyi deyirdi – «Dağlıq Qarabağın gələcəyi». Məlumdur ki, Azərbaycanın tərkibində belə inzibati ərazi yoxdur. Burada Azərbaycanın tarixi Qarabağ vilayətinin ərazisini özündə birləşdirən Qarabağ iqtisadi rayonu var. Tədbirin təşkilinə Amerikanın erməni lobbisinin açıq dəstəyi ortada idi. Üstəlik, dinləmələr ərəfəsində Nümayəndələr palatasının Beynəlxalq münasibətlər komitəsinin Avropa alt komitəsi sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ilə də görüşmüşdü.

Dinləmələrin əsas siması ABB dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen idi. Toplantıda Azərbaycanın 2023-cü il sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ regionunun dağlıq hissəsindəki separatçı xuntanın mövcudluğuna son qoymasından, bununla da bütün ölkə ərazisində suverenliyini təmin etməsindən ABŞ administrasiyasının narazılığını gizlətməyən O'Brayen Vaşinqtonun Bakıya qarşı atdığı əks addımları da açıqlayıb. Sən demə, Birləşmiş Ştatlar Azərbaycan ərazisindən ermənilərin Ermənistana kütləvi köçünün araşdırılması üçün işə hansısa «yerli» və «müstəqil» müstəntiqlər cəlb edib. O'Brayen bildirib ki, 19 sentyabr hadisələrindən sonra nə qədər ki, «sülh prosesində real irəliləyiş müşahidə edilməyəcək», ABŞ-Azərbaycan münasibətlərində «heç nə yaxşı olmayacaq». Bundan başqa, dövlət katibinin köməkçisi Ağ Evin 1992-ci ildə Azərbaycana qarşı qəbul olunmuş 907-ci düzəlişdən «yan keçilməsi» təcrübəsinin «dondurulacağını» da söyləyib.

ABŞ Senatı isə öz növbəsində, məsələni «sonraya saxlamağı» lazım bilmiyərək, Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan «Erməniləri müdafiə aktı» qəbul edib. Əslində, Bakının ABŞ tərəfindən göstərilən cüzi hərbi yardıma onsuz da ehtiyacı yoxdur. Lakin Konqresdə keçirilən dinləmələr, dövlət katibi köməkçisinin çıxışı və Senatın müvafiq aktı qəbul etməsi Vaşinqtonun Azərbaycana ədalətsiz yanaşdığının, ikili standartlardan çıxış etdiyinin növbəti təzahürüdür. Eyni sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin bəyanatı haqda da demək olar. O, Vaşinqtonun erməni «məcburi» köçkünlərə əlavə olaraq daha 4,1 milyon dollar yardımın ayrıldığını bildirib.

Ötən 30 il ərzində ABŞ ermənilərin Azərbaycan ərazilərini işğal etməsini nəinki susqunluqla müşahidə, hətta təşviq də edib. Məsələn, həmin illər ərzində Amerika Qarabağın dağlıq hissəsindəki işğalçı rejimə yardımlar ayırıb. Bütün bu illər ərzində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktlarına, bir milyon insanın qaçqına çevrilməsinə səbəb olmuş etnik təmizləmələrə məhəl qoymayan, etinasız yanaşan amerikalı xadimlər, hökumət qurumları indi Ermənistanla həmrəylik nümayiş etdirir, Qarabağ ermənilərinin halına acıyır, halbuki onları Azərbaycandan heç kim qovmayıb…

Lakin ABŞ-nin qərəzli, aşkar anti-Azərbaycan mövqeyinə reaksiya verən Bakı bundan sonra da istənilən təzyiq cəhdinin qarşısını kəsəcəyini göstərir. Xüsusilə o, Azərbaycanın bütünlükdə azad olunmuş Qarabağ üzərində bərpa etdiyi suverenliyinə qarşı yönəlibsə…

Belə ki, Milli Məclisin «Erməniləri müdafiə aktı»na cavab olaraq qəbul etdiyi bəyanatda bildirilir ki, «Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında,  öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq». Parlamentarilər xatırladıb ki, «Ermənistan Azərbaycana qarşı işğalını genişləndirərkən, Xocalı soyqırımını törədərkən, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, 907-ci düzəlişi qəbul edib, bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunub. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilirdi. Nəticə etibarilə ABŞ-nin təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərib».

Bəyanatda o da deyilir ki, Vaşinqtonun indiki birtərəfli hərəkətləri onun Azərbaycanda nüfuzunu itirməsilə nəticələnib. Milli Məclis Senatın qərarını ikitərəfli münasibətlərə ciddi zərbə, qəbul olunmuş sənədi isə regionda sülhün qurulması səylərinə ciddi maneə kimi qiymətləndirib.

 

Amerika redaksiyalı sülh müqaviləsi olmayacaq

Bununla yanaşı, Azərbaycanın maraqlarının nəzərə alınmaması, ona təzyiq cəhdləri Amerikanın qurmağa çalışdığı geosiyasi konfiqurasiyalarda da özünü aydın şəkildə göstərir. Vaşinqton özünə tam tabe etdiyi Ermənistanla yanaşı, Azərbaycanla da tərbiyəçi tonunda danışmağa çalışır. Halbuki Bakının Rusiya və İranla siyasi münasibətləri necə qurması ilə bağlı kənar «öyüd-nəsihət»ə qətiyyən ehtiyacı yoxdur. Məsələn, amerikalılar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçməklə nəqliyyat əlaqəsinin qurulması layihəsinə də etiraz edir, faktiki olaraq, hədə dilində danışaraq, «buna son dərəcə ciddi müqavimətin olacağını» və «təşəbbüsün uğur qazanmayacağını» bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Bakının alternativ yolun çəkilməsi ilə bağlı qərarı Ermənistanın 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməməsinin nəticəsidir. «Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur», - deyə nazirliyin bəyanatında bildirilir: «Azərbaycan regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir».

Bununla Azərbaycan bir daha göstərib ki, o, qlobal oyunçular arasında qarşıdurma meydanına çevrilmək niyyətində deyil, bu üzdən də şimal və cənub qonşuları ilə münasibətlərini korlayacaq heç bir kənar təsirləri qəbul etməyəcək. Qərb mərkəzləri, ilk növbədə, ABŞ-nin bu siyasətə münasibətinə gəlincə, Bakı xarici siyasi strategiyasının doğru olduğuna əmindir. Onun məğzini hər hansı qlobal mərkəzə meyillənməkdən imtina, öz gücünə arxalanma və davamlı olaraq, öz milli maraqlarını qoruma təşkil edir.

Bakı üçün tamamilə aydındır ki, ABŞ və ümumilikdə Qərb Azərbaycanla Ermənistandan özünün anti-Rusiya və anti-İran siyasətində alət kimi istifadə etmək istəyir. Amma bu perspektiv faktiki olaraq, suverenliyi olmayan Ermənistana xoşdursa, Qarabağ müharibəsində əldə etdiyi zəfərlə Cənubi Qafqazın lider dövləti statusunu daha da möhkəmləndirmiş Azərbaycanın strategiyasına, milli maraqlarına ziddir.

O da aydındır ki, Bakının Qərb mərkəzlərinə müqavimət göstərməsindən narazı olan, öz planlarını həm də Bakının maraqlarının ziddinə getməklə həyata keçirməyə çalışan ABŞ gələcək Azərbaycan-Ermənistan sülh müqaviləsində İrəvan üçün müəyyən imtiyazlara nail olmaq da istəyir. Onun İrəvanla Bakı arasında belə demək mümkünsə, «Amerika redaksiyasında» sülh müqaviləsi imzalanmadan Azərbaycanla münasibətləri inkişaf etdirməycəəyinə dair siqnalları da bundan qaynaqlanır.

Nə etmək olar? Bu halda ABŞ sonsuzadək gözləməli olacaq. Çünki Azərbaycan öz maraqlarına, suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə zidd hər hansı sənədə imza atmayacaq. O, regionun sülh və əməkdaşlıq deyil, qarşıdurma və münaqişə meydanına çevrilməsinə yönəlmiş heç bir addımı qəbul etməyəcək. Bakının Vaşinqtona qarşı atdığı cavab addımları da bu kontekstdə qiymətləndirilməlidir. Xatırladaq ki, Amerikanın son davranışları qarşısında Bakı ABŞ nümaynədələrinin Azərbaycana səfərlərinin məqsədəuyğun olmadığını bəyan edib, Ermənistan və Azərbaycanın Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşünə «yox» deyib.

 

Casus şəbəkəsinin sonu

Birləşmiş Ştatların anti-Azərbaycan gedişlərinə cavab olaraq, Bakı bir sıra başqa siyasi addımlar da atır. Məsələn, ölkədə USAID-nin, həmçinin onun maliyyələşdirdiyi casus mərkəzləri və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə son qoyulur. Söhbət ABŞ-nin müvafiq orqanlarına Azərbaycanda, onün müxtəlif regionlarındakı vəziyyətlə bağlı məlumat ötürməklə məşğul olan şəbəkədən gedir. Bu, Azərbaycanda sabitliyi pozmaq, Amerikanın nüfuzunu yaymaq məqsədilə fəaliyyət göstərən ABŞ casus şəbəkəsinin sonu deməkdir.

Öz buyruqlarını Azərbaycana qəbul etdirməyə çalışan Birləşmiş Ştatlar bunun üçün bütün yollara əl atır. Bu, Vaşinqtonun bir sıra ölkələrdə müharibələr, qiyamlar, vətəndaş qarşıdurmaları təşkil etdiyi üsullardır. ABŞ-nin İraq, Əfqanıstan, Liviya, Suriya xalqlarını «xoşbəxt etmək» üçün atdığı addımları yada salmaq kifayətdir. Amerikanın bu və ya digər müdaxiləsi, bəzən isə aşkar hərbi təcavüzü nəticəsində bu xalqlar dinc, firavan həyatdan məhrum olublar və illərdir onu bərpa edə bilmirlər.

Qərbin aparıcı fövqəldövlətlərinin siyasəti hələ də irqçiliyə, ksenofobiyaya, islamofobiyaya əsaslanır. Bu, özünü elə həmin ABŞ və Fransanın Ermənistan-Azərbaycan probleminə münasibətlərində də göstərir. Amma Azərbaycan «iztirablı xristian Ermənistanı» üzərində qazandığı sarsıdıcı qələbəni hələ də həzm edə bilməyən bu ölkələrin təzyiqləri qarşısında möhkəm dayanıb. Bakı təkrar-təkrar göstərir ki, onunla təzyiq və göstəriş dilində danışmaq perspektivsiz işdir. Bu, tam şəkildə ABŞ-a da aiddir – onun Azərbaycana münasibətdə adekvat yanaşma nümayiş etdirməsinin vaxtı çoxdan çatıb. Vaşinqton anlamalıdır ki, Azərbaycan heç kimə onun daxili işlərinə qarışmaq, maraqlarının ziddinə getmək, suverenliyinə və ərazi bütövlüyünə əl uzatmaq imkanı verməyəcək.

 

Blinkenin zəngi və Əliyevin şərti

Baş verənlər fonunda ABŞ-nin dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi maraqlıdır. Söhbət zamanı Blinken İlham Əliyevin yüksək rütbəli Azərbaycan rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulmuş əsassız qadağanın aradan qaldırılması ilə bağlı tələbini qəbul edib. Bu şərt dövlət başçısı tərəfindən ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Bakıya səfərinə razılıq verilməsi üçün irəli sürülüb. Söhbət ABŞ Nümayəndələr palatasının Beynəlxalq münasibətlər komitəsində keçirmilmiş dinləmələrdə həqiqətə uyğun olmayan, Azərbaycana, onun suverenliyinə qarşı bəyanatlar səsləndirən O'Brayendən gedir. Bakı-Vaşinqton dialoqunda yaşanmaqda olan böhranın əsas səbəbi məhz bu şəxsin sözügedən bəyanatlarıdır.

Güman ki, Blinkenin İlham Əliyevə zəng etməsində iki məqsəd olub. Birincisi, ABŞ-nin son anti-Azərbaycan bəyanatları və addımları nəticəsində kəskin pisləşmiş Bakı-Vaşinqton münasibətlərindəki böhranın aradan qaldırılması, ikincisi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Amerikanın, daha geniş mənada isə Qərbin vasitəçiliyinin «xilası». Məlum olduğu kimi, ABŞ və Avropa İttifaqının vasitəçi üçün vacib olan neytral, qərəzsiz mövqedən imtina etmələri bu prosesi tam pozulma həddinə çatdırıb.

Blinkenin İlham Əliyevin şərtini qəbul etdiyini nəzərə alsaq, birinci məsələdə yaxın vaxtlarda hansısa dəyişiklik gözləmək olar. İkinci məsələ ilə bağlı suallar isə çoxdur. ABŞ Dövlət Departamentinin Ermənistanla Azərbaycan arasında məhz Vaşinqtonun vasitəçiliyi ilə sülh prosesinin bərpasına çalışdığını qurumun mətbuat katibi Mettyu Millerin Blinkenin Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqları haqqında dedikləri də təsdiqləyib. Onun sözlərinə görə, hər iki söhbət zamanı Amerika tərəfi diqqəti məhz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsinə yönəldib. Belə ki, ABŞ-nin dövlət katibi «Prezident Əliyevə Azərbaycanla Ermənistan arasında möhkəm, mötəbər, regiondakı bütün dövlətlər üçün faydalı olacaq sülh razılaşmasının imzalanmasına hazır olduğu üçün minnətdarlıq edib». Nikol Paşinyanla söhbətdə isə Blinken «ABŞ-nin sülhə nail olunması səylərinə dəstəyini müzakirə edib».

Lakin aydındır ki, sadəcə «faydalı» və «səylər» ifadələri Qərbin, o cümlədən ABŞ-nin vasitəçiliyinin bərpası üçün kifayət deyil. Vaşinqton Ermənistanla Azərbaycan arasında, həqiqətən, vasitəçi ola biləcəyini göstərmək istəyirsə, Bakının qanuni maraqlarına etinasızlığa, erməni narrativlərinin irəli çəkilməsinə, anti-Azerbaycan addımlarına son qoymalıdır. Regionda dayanıqlı sülhə nail olunmasına məhz Ermənistan siyasətinin əsas mane olduğu unudulmamalıdır.

İlham Əliyev ABŞ-nin dövlət katibi ilə söhbət zamanı Azərbaycanın 2023-cü il sentyabrın 11-də təqdim etdiyi sülh müqaviləsi mətninə İrəvanın yalnız noyabrın 21-də cavab verdiyinə əbəs yerə diqqət çəkməyib. Yəni Ermənistanın sənədə münasibət bildirməsinə düz 70 gün lazım gəlib. Bu, ermənilərin sülh müqaviləsi mətninin hazırlanmasından danışıqlar prosesini uzatmaq bəhanəsi kimi istifadə etdiyini göstərir.

Və. İstər ABŞ, istərsə də istənilən digər dövlət Azərbaycanın daha bir prinsipial məsələ ilə bağlı mövqeyini qəbul etməli olacaq: Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi qlobal və regional siyasətin nəhəng güc mərkəzləri arasında geosiyasi çəkişmə predmetinə çevrilməməlidir! Odur ki, Azərbaycan gələcək sülh müqaviləsinin istər Ermənistanın, istərsə də hər hansı xarici maraqlı qüvvənin girovuna çevrilməsinə imkan verməyəcək.



MƏSLƏHƏT GÖR:

97