22 Noyabr 2024

Cümə, 02:42

DAHA BİR BƏND

Serbiya-Bolqarıstan interkonnektoru Azərbaycandan Avropaya qaz tədarükünün artırılmasına imkan verəcək

Müəllif:

15.12.2023

Başa çatmaqda olan ilin sonlarında Azərbaycan qazının Avropaya sabit ixracı zəncirinin qurulması prosesində daha bir vacib hadisə baş verib. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə üç iştirakçı ölkənin prezidentləri – İlham Əliyev, Aleksandr Vuçiç və Rumen Radev iştirak ediblər. «Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik», - deyə İlham Əliyev mərasimdəki çıxışında bildirib.

Açıqlanan məlumatlara görə, Azərbaycan aprel-iyun ayları ərzində Avropaya boru xətti ilə ən çox qaz nəql edən 5 ölkə sırasındadır. Digər ölkələr Norveç (47,7% payla), Şimali Afrika (19,6%), Böyük Britaniya (13,8%) və Rusiyadır (12,4%).

 

Cəmi bir ilə yeni bənd

Son bir neçə ildə yaranmış geosiyasi vəziyyət Avropanın enerji xəritəsini sürətlə dəyişir. Yeni şəraitdə Azərbaycan «Köhnə dünya» üçün əsas qaz tədarükçülərindən biri kimi, mövqeyini sürətlə möhkəmləndirir. Rəqəmlər bunu açıq şəkildə göstərir: 2021-ci ildə Azərbaycandan Avropaya qaz nəqlinin həcmi 8 milyard kubmetrdən bir qədər artıq olubsa, bu il bu rəqəm artıq 12 milyard kubmetrə çatır. Söhbət ölkənin ümumi qaz ixracının 50%-dən gedir. «Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək», - deyə Prezident İlham Əliyev «Euronews» telekanalına bu günlərdə verdiyi müsahibədə bildirib.

Hazırda ixrac potensialı baxımından diqqətlər əsasən Balkanlara yönəlib. Xatırladaq ki, apreldə Azərbaycan, Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniya arasında «Həmrəylik halqası» razılaşması imzalayıblar. Məqsəd «Cənub Qaz Dəhlizi» vasitəsi ilə Xəzər qazı ixracının həcminin artırılması üçün Avropanın daxili qaz interkonnektorlarından istifadə olunmasıdır. Ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsi ilə yeni perspektiv istiqamətlər daha ciddi aktuallıq qazanıb. Bolqarıstan müqavilədə nəzərdə tutulmuş həcmdə (ildə 1 milyard kubmetr) Azərbaycan qazını məhz bu interkonnektor vasitəsilə əldə etməyə başlayıb. İlkin illik nəql gücü 3 milyard kubmetr olan (layihədə ümumi nəql gücü 5 milyard kubmetr nəzərdə tutulub) bu qaz xətti Serbiya, Şimali Makedoniya, Rumıniya, perspektivdə isə Moldova və Ukraynanı qazla təmin edə bilər. Məhz bu səbəbdən, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya operatorları həcmi artacaq Azərbaycan qazının Mərkəzi Avropaya onların şəbəkələri vasitəsilə nəqlini təklif ediblər.

Azərbaycan qazı 2023-cü ildən IGB vasitəsilə Rumıniya bazarına çıxır. Serbiya ilə interkonnektorun istismara verilməsindən sonra isə bu ölkəyə də qaz nəqli başlayıb. Serbiyanın mədənçıxarma sənayesi və enerji naziri Dubravka Cedoviç-Xandanoviç açılış mərasimində layihə haqda da danışıb. Nazir layihənin illər əvvəl planlaşdırıldığını, onun həyata keçirilməsinin uzun çəkdiyini, lakin işlərin cəmi bir ilə başa çatdırıldığını bildirib. «Azərbaycanlı dostlarımızla qaz nəqlilə bağlı razılığa qısa bir vaxtda gəldik», - deyə nazir qeyd edib: «Coğrafi baxımdan Azərbaycanla qonşu olmasaq da, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur».

Dubravka Cedoviç-Xandanoviç jurnalistlərə müsahibəsində deyib ki, qaz xəttinin tam gücü ilə işə salınması nəzərdə tutulub, gələcəkdə isə ehtiyac yaranacaqsa, onun nəql gücü 3,2 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Serbiyanın qaza olan tələbatı, demək olar ki, 100% ödəniləcək. «Hazırda bu boru xətti üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2026-cı ilədək 400 milyon kubmetr qaz idxalına dair müqavilə imzalamışıq. 2027-ci ildən isə nəql həcmi təxminən 3 dəfə artırıla bilər», - deyə nazir bildirib.

 

Nümunəvi tərəfdaşlıq

Serbiya, Azərbaycan və Bolqarıstanın «daha təhlükəsiz və daha yaxşı gələcək naminə öz davamlı işi və bu işə göstərdiyi diqqətlə» nümunəvi ölkələr olduğuna Bolqarıstan Prezidenti Rumen Radev də əmindir. O, Bolqarıstan-Serbiya interkonnektorunun yaradılmasına startın həmkarı Vuçiçin Sofiyaya fevralın əvvəlində etdiyi səfər zamanı start verildiyini xatırladıb və işlərin bir ildənr də az müddətdə başa çatdırıldığını bildirib. «Bolqarıstan-Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir», - deyə R.Radev qeyd edib. Dövlət başçısı bildirib ki, Ukrayna müharibəsi Avropa ölkələrini logistika və enerji sahələrində yalnız yeni resurslar, yeni yollar, yeni səmərəli həll vasitələri tapmağa deyil, həmçinin daha intensiv, daha güclü beynəlxalq xəritə yaratmağa vadar edib.

Avropanın enerji xəritəsini dəyişə biləcək layihələrdən olan yeni interkonnektor Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi qiymətləndirilib. «Mən Avropa Komissiyasına maliyyə dəstəyi göstərdiyinə və həmçinin bütün Avropa üçün mühüm olan bu layihəni təşviq etdiyinə görə minnətdaram», - deyə R.Radev qeyd edib.

Məlum olduğu kimi, Avropa İttifaqı bu layihəyə təxminən 50 milyon avro məbləğində qrant ayırıb, Avropa İnvestisiya Bankı isə 25 milyan avro güzəştli kredit verib. Daha 20 milyon avro Bolqarıstan ərazisində interkonnektorun tikintisinə ayrılıb. Serbiyanın Aİ-dəki daimi nümayəndəsi Emmanuel Jofre onun əhəmiyyətindən danışarkən deyib: «Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Biz həm də ümumi enerji balansında qazın payının artırılmasının mümkünlüyünü qeyd edirik ki, bu da Avropa İttifaqının «yaşıl sazişi»nə uyğun olaraq iqtisadiyyatımızın karbonsuzlaşdırılması istiqamətində bir addım olaraq, kömür kimi daha çox çirkləndirən enerji mənbələrindən təbii qaz kimi daha az çirkləndirən enerji mənbələrinə keçidə şərait yaradır».

 

Plan genişlənməkdir

Azərbaycana gəlincə, onun üçün Serbiya-Bolqarıstan interkonnektoru hasil etdiyi qazın ixrac coğrafiyasının genişləndirilməsi işində daha bir bənddir. Hazırda Azərbaycan 8 ölkəyə təbii qaz ixrac edir və Serbiya bu siyahıda 9-cudur. «Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək», - deyə Prezident İlham Əliyev bildirib.

Gələcəklə bağlı planlarda, əlbəttə ki, qaz tədarükü coğrafiyasının genişləndirilməsi, Avropa məkanındakı yeni interkonnektorlar vasitəsilə başqa ölkələrin bazarlarına da çıxışın əldə olunmasıdır.

Azərbaycanın Balkan ölkələri ilə enerji əlaqələrinin genişləndirilməsi üzrə perspektiv planlarına İon-Adriatik qaz kəməri (IAP) də daxildir. Bu kəmər vasitəsilə Azərbaycan qazı Albaniyadan Monteneqro vasitəsilə Xorvatiyaya və Bosniyaya nəql olunacaq ki, oradan da bu «mavi yanacağ»ın Mərkəzi Avropaya tədarükü mümkün olacaq. Bu planların reallaşdırılması daha 3 Balkan ölkəsinin təbii qazla təchizatına imkan verəcək, bununla da Azərbaycan qazının Balkan qaz bazarına yayılması təmin ediləcək.

Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycandan Avropaya əlavə qaz həcminin nəqli üçün «Cənub Qaz Dəhlizi»nin genişləndirilməsi nəzərdə tutulur. Söhbət dəhlizə daxil olan bütün boru xətlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsindən gedir – Cənubi Qafqaz boru xətti, TANAP və TAP.

Bütün bunlar nəzərə alınaraq, İlham Əliyevin də dediyi kimi, mədən yanacağı hasilatı ilə bağlı layihələrə investisiya qoyuluşları davam etdiriləcək, çünki Azərbaycan nəhəng resurs ehtiyatlarına malikdir, Avropada isə Azərbaycan qazına böyük tələbat var.

«Şahdəniz» konsorsiumu öz növbəsində, 2027-ci ilədək Aİ-yə illik ixrac həcminin 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması üçün hasilatın artırılması istiqamətində işlər aparır. «Şahdəniz» yatağından qaz hasilatının artırılması ilə onun tədarük coğrafiyası da genişlənəcək.

«Avropanın 10-dan artıq ölkəsinin Azərbaycan qazına olan ümumi illik tələbatı 30 milyard kubmetr təşkil edir. Bu mənada, Azərbaycanın reallaşdırdığı layihələr əlavə həcmin tədarükü üçün vacib mənbədir», - deyə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Bir sözlə, Avropanın enerji xəritəsi simasını Azərbaycanın iştirakı ilə sürətlə dəyişir. İndiyədək belə qısa müddətdə bu qədər iri layihələrin reallaşdırılması təcrübəsinə çətin rast gəlinsin.

 

XƏBƏR

2024-cü ildə «Abşeron»dan hasilat 1,5 milyard kubmetrə çatacaq

Proqnozlara görə 2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yatağında qaz hasilatı proqnozlara əsasən, 1 milyard 473,9 milyon kubmetr təşkil edəcək. Bu barədə «Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi»ndə bildirilir. Qeyd olunur ki, 2023-cü ilin yekunlarına əsasən «Abşeron» yatağında qaz hasilatı 707,55 milyon kubmetr səviyyəsində gözlənilir. Beləliklə, 2024-cü ildə yataqda hasilat 2023-cü illə müqayisədə 2,1 dəfə artacaq.

Proqnozlara görə, 2024-cü ildə «Abşeron» yatağından kondensat hasilatı 2023-cü ildəki 2 milyon barel ilə müqayisədə 4,05 milyon barel səviyyəsində proqnozlaşdırılır.

Xəbər verildiyi kimi, Fransanın «TotalEnergies» şirkəti və SOCAR 2023-cü il iyulun 10-da «Abşeron» qaz-kondensat yatağının işlənməsinin ilkin mərhələsi üzrə hasilata başlanıldığını elan edib. Energetika Nazirliyinin məlumatına görə, iyul-oktyabr aylarında «Abşeron» qaz-kondensat yatağından 500 milyon kubmetr qaz və 200 min ton kondensat hasil edilib.

Hazırda ilkin mərhələdə hasilat gücü gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.



MƏSLƏHƏT GÖR:

108