12 Mart 2025

Çərşənbə, 17:21

KAPRİ - TƏNBƏLLƏR ÜÇÜN CƏNNƏT

Neapol körfəzindəki ada ilə bağlı bir vaxtlar Heydər Əliyevin dediyi kimi “bütün dünyanı valeh edən” ən maraqlı məqamlar

Müəllif:

01.01.2024

“Siz artıq Kapridə olmusunuz?”. Neapolda görməli yerlər axtaran turistdən bunun sorulması adi haldır. Bərə ilə bir saatdan az məsafədə olan bu ada turistlərin sevimli məkanıdır. Onların əksəriyyəti Neapolda olarkən, haqqında çox danışılan Kaprini görmək üçün azı bir gün ayırırlar.

Kaprinin adının mənşəyinə dair müxtəlif variantlar var. Bir versiyaya görə, bu adın mənşəyi “Caprae“ (keçi adası) sözündən gəlir. Digər variant isə “Kaprios” (vəhşi donuz) adı ilə bağlıdır. Bu adı bir zamanlar Kaprini kolonizasiya etmiş qədim yunanlar veriblər. Hər il milyonlarla turist fantastik mənzərələri seyr etmək, tarixi orta əsrlərə uzanan küçələrində gəzmək, heyrətamiz çimərliklərdə günəş vannası qəbul etmək və yerli delikatesləri dadmaq üçün məhz bu adaya gəlirlər. Buradakı iqlim ilin vaxtından asılı olmayaraq isti və mülayimdir. Kapri ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkandır.

2000 ildən çox əvvəl Kaprini sakitliyi və xarici dünyadan kənar olması xüsusiyyətlərinə görə yüksək qiymətləndirmiş Roma imperatoru Oktavian Avqust ona “tənbəllər üçün cənnət” adını vermişdi.

 

Gizli Kapriyə doğru

Əgər Kaprini görmək qərarına gəlsəniz, marşrut təxminən aşağıdakı kimi olacaq. Dərhal qeyd etmək lazımdır ki, adaya tez və asanlıqla çatmaq mümkün deyil. Bu adada hava limanı olsa da, o, yalnız şəxsi və hərbi təyyarələr üçün açıqdır. Ən yaxın hava limanı olan “Naples” (NAP) Neapoldan 37 kilometr məsafədə yerləşir. Turistlərin çoxu Kapriyə “Capodichino” adlanan bu hava limanından keçir. Buradan avtobuslar hər yarım saatdan bir Neapol limanına yola düşür. Oradan isə bərə və kiçik gəmilərlə (təxminən saatda bir dəfə yola düşür) 20-25 avroya adaya gedə bilərsiniz. Kapriyə qədər olan 33 kilometrlik məsafəni bərə ilə təxminən 45 dəqiqəyə qət edəcəksiniz. Biletləri həm onlayn, həm də yerlərdə əldə etmək olar. Lakin nəzərə alın ki, həftə sonları və bayram günlərində cədvəl dəyişə bilər və ona görə də bu məsələ ilə əvvəlcədən maraqlanmağınız məsləhətdir.

Kapriyə Sorrento, Pozitano, Amalfi və Salerno limanlarından da çatmaq olar. Amma bu istiqamətlərdən Kapriyə nəqliyyat vasitələri Neapolla müqayisədə daha gec yola düşür.  

Ümumiyyətlə, Kapri bahalı dənizkənarı kurort hesab olunur. Odur ki, buna uyğun qiymətlərə hazır olun. Onlayn resurslara görə, adada 150-yə yaxın hotel var: həm büdcəli, həm də yüksək kateqoriyalı. Onların ən ucuzunda iki nəfər üçün bir həftə azı 700-900 avroya başa gələcək. Bu halda, iki nəfər üçün orta qiymət təxminən 1900-2000 avro olacaq. Əgər “pulunuzu balta kəsmirsə”, bir həftəsi iki nəfər üçün 20 min avroya olan beşulduzlu hotellərdə yüksək səviyyəli tətil edə bilərsiniz.

Əsas “layfhak”ı unutmayın: payız və qış aylarında hotellər qiymətləri 3-5 dəfə aşağı salırlar. Məsələn, yayda sadə dördulduzlu hoteldə bir gün “Booking”də 346 avrodursa, bu qiymət payız-qışda 82 avro olacaq. Hostellərdə isə 22 avroya çarpayı-yer tapa bilərsiniz.

 

Görməli yerlər

Kapri mağaraları, buxtaları, dərələri və riflərin olduğu, sıldırım qayalarla əhatə olan adadır. Buna görə də burada böyük qumlu çimərliklər yoxdur. Onlar əsasən tənbərlə örtülüdür və pilləkənlər vasitəsilə xüsusi platformalardan dənizə enmək olar. Ada iki əsas yaşayış məntəqəsindən - 15 min insanın yaşadığı Kapri və Anakapridən ibarətdir.

Turistlər əsasən bərə və qayıqlarla mərkəzi Marina-Qrande dəniz limanına gəlirlər. Buradan ekskursiyalar təşkil olunur. Məsələn, bir qrupla katerlə Kaprinin keçmiş əsas “dəniz qapısı”na, indi isə “Marina Pikkola” adlı kurort limanına yollana bilərsiniz. Burada əfsanəyə görə, Odisseyi aldararaq öz “torları”na salmış sirenlər yaşayırmış. Eyni zamanda, gəzinti zamanı diqqət yetiriləcək əsas istiqamət adanın hətta öz adları olan əsas simvolları - Faraloni qayaları olacaq (Stella, Skopolo, Mezzo və s.). Burada bir çox italyan filmləri çəkilib. Buraya “İkinci faciəvi Fantotsi” komediyasının bir epizodu daxildir. Bu epizodda qəhrəman Paolo Vilacio su xizəkləri ilə Stella tunelindən keçərək zəlzələyə səbəb olur.

Qısa müddət ərzində Kaprinin bütün dəniz ətrafındakı görməli yerlərinə baxmaq üçün katerdə adanın ətrafında gəzinti turu sifariş etməlisiniz. Məsələn, mağaralara ekskursiyalar (21 avro) var. Onların arasında ən məşhuru “Mavi mağara”dır  (“Grotta Azzurra”). Bu, içərisindən su axan, saf sapfir kimi mavi görünəcək şəkildə işıqlanan dəniz mağarasıdır. Mağara təxminən 50 metr uzunluğundadır. O, uçurumun dərinliyinə doğru uzanır. Onun dərinliyi təxminən 150 metr, dibi isə qumludur. Bələdçilərin dediyi kimi, dünyada çox az mağara var ki, orada belə parlaq zümrüd-mavi rəngdə olan təmiz su görə bilərsiniz. Ümumi kater ekskursiyalarına “Mavi mağara” və Faraloni ilə yanaşı, Villa Covis, “Yaşıl mağara”, çoxlu mağaraları olan “Marina Pikkola”, Punta Karena mayakı, San Ciakomo monastırı və bir çox maraqlı yerlər daxildir.

Adanın ən yüksək nöqtəsi Solaro dağında yerləşir. Bura dəniz səviyyəsindən 589 metr yüksəklikdədir. Buraya qaldırıcı mexanizmlə qalxmaq mümkündür. Əslində, bu, Kaprinin ən yüksək və ən panoramik nöqtəsidir. Onun zirvəsindən turistlər təkcə Faraloni və şəhərin tarixi hissəsini deyil, həm də Sorrento yarımadasını, Qalli adalarını və bütün Neapol körfəzini görə bilərlər.

Mərkəzi meydandan siz həmçinin funikulyorla Kaprinin tarixi mərkəzi olan Pyançettaya (italyanca: kiçik meydan) baş çəkə bilərsiniz. Burada kiçik, lakin həmişə insanlarla dolu olan kafelər, kilsə var. Buradan dolama yollar dəbli, bahalı butiklərin yerləşdiyi adanın yeni alış-veriş hissəsinə aparır. Ümumiyyətlə, “dünyanın qonaq otağı” adlandırılan Pyançettadan möhtəşəm mənzərə açılır. Buna görə də smartfonlarınızı saysız-hesabsız çəkilişlərə hazırlayın. “Avqust bağları” adlanan ərazini də mütləq ziyarət edin.

Mikroavtobuslardan istifadə edərək cəmi 10 dəqiqəyə Anakapri şəhərinə gedə bilərsiniz. Vaxtilə Aleksandr Düma, Somerset Moem, Oskar Uayld, Lenin, Fyodor Şalyapin və bir çox başqa məşhur şəxsiyyətlər burada zeytun və üzüm bağları arasında dolaşıblar. Burada bir neçə turizm marşrutu var. Biri çoxsaylı bədii emalatxanalara, digəri isə deyilənə görə, İsveç kraliçasının sevgilisi olmuş, isveçli həkim və yazıçı Aksel Munte tərəfindən tikilmiş San-Mikel villasına aparır. Buradan çox uzaq olmayan yerdə müşahidə meydançası var. Buradan təkcə rahat Kapri limanını deyil, həm də Neapol üzərində ucalan nəhəng Vezuvini görə bilərsiniz. Burada iki maraqlı kilsəni ziyarət edə bilərsiniz: Santa Sofia (XVI əsr) - şəhərin əsas məbədi və San-Mikel (XVIII əsrin əvvəlləri). Sonuncuda “Adəm və Həvvanın cənnətdən qovulması” süjeti döşəmədə plitələr vasitəsilə əks olunub.

Təbii ki, bir neçə saat ərzində buradakı görməli yerlərlə tanış olmaq çətindir. Buna görə də, maliyyə baxımından imkanınız olarsa, burada bir neçə gün qala, adanın bütün çoxşaxəli koloritini və ruhunu hiss edə biləcəksiniz.

 

Heydər Əliyev və Kapri

Bir maraqlı faktı bölüşmək istərdim. 1997-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Kapriyə səfər edib. Şahidlərin sözlərinə görə, o vaxt Heydər Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Kapriyə baş çəkmək və onun görməli yerlərinə baxmaq istəmişdi. Sentyabrın 27-də ada ətrafında gəzinti təşkil olunub, burada onu azərbaycanlı rəssamların böyük qrupu müşayiət edib. Dövlət başçısı adanın əzəmətli yerlərini gəzmiş, hətta rəsmi tədbirlərdə də iştirak edərək demişdi: “İtaliyanın görkəmli yerləri ilə dünyanı heyran edən məşhur Kapri adası və onun qonaqpərvər, mehriban sakinləri ilə tanış olmaqdan məmnun qaldığımı bildirirəm”.

Heydər Əliyevin Kapridə olmasının yaddaqalan və emosional anlarından biri də kilsənin qarşısında toyları olan cütlüklə təsadüfi görüş idi. O, bəy və gəlinə xoşbəxtlik və səadət arzulayıb, xatirə olaraq Azərbaycan xalçasını bağışlayıb və deyib: “Qoy bu xalça sizə daim Azərbaycanı xatırlatsın”.

Bu yaxınlarda azərbaycanlı səyyah Azər Qəribin Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filminin təqdimatı olub. Maraqlıdır ki, çəkiliş qrupu bu evli cütlüyü tapmağı bacarıb. Onlar Azərbaycan Prezidenti ilə görüşdən danışıb, 26 il əvvəl hədiyyə edilmiş xalçanı göstəriblər.

 

Kapridə dolma var?

Adanın ətrafında sonsuz gəzintilərdən sonra, əlbəttə ki, yemək istəyəcəksiniz. Burada turistlərə yerli və italyan mətbəxinin maraqlı yeməklərini təklif edən çoxlu kafe və restoranlar var. Bir çox sakinlər əmindirlər ki, İtaliyanın məhz onların ərazisinə düşən sahilləri (Kampaniya regionu) pizzanın vətənidir. Onlar İtaliyada ən məşhur ənənəvi spirtli içkilərdən biri olan limonçellonun (limon likörünün) ilk dəfə burada hazırlandığını iddia edirlər. Yaxınlıqda yerləşən Pozitano və Amalfi şəhərlərinin sakinləri də belə düşünürlər.

Qeyd edək ki, Kapri mətbəxi ənənəvi italyan mətbəxinə bənzəyir, lakin o, özünəməxsus ləzzətə malikdir. Adanın qastronomiyası yalnız yerli məhsullara, yəni dəniz məhsullarına əsaslanır. Məhz buna görə də yeməklərin əsas inqrediyentləri təzə balıq, yerli xüsusi pomidor çeşidi, yarıyumşaq kaçotta pendiri, camış südündən mosarella, badımcan, zeytun yağı və reyhan, cəfəri, qaraqınıq, sarımsaq və acı qırmızı bibərdir.

Aydındır ki, Kapri restoranlarında sizə müxtəlif növ pizzalar və makarondan hazırlanan yeməklər təklif ediləcək. Bəs hansı yeməklərin dadına baxmağa dəyər? Ən çox yayılmış yerli yeməklərdən biri “Ravioli Capresi”dir (orta porsiya 15-20 avro). Bu makaron yeməyinin tərkibində kaçotta, parmezan pendiri, pomidor sousu və mərzə var. Sizin istəyinizlə bu ravioli Azərbaycanda düşbərə, gürzə və ya xəngəl kimi qızardıla bilər. Eyni zamanda sizə Aralıq dənizinin bu hissəsinin “Kyummençana”  (“Chiummenzana”) adlanan ənənəvi pomidor sortlarından olan souslu istənilən növ makaron və ya ravioli hazırlaya bilərlər. Bu sous tez-tez ətlə verilir. Siz həmçinin limonlu ravioli (“Ravioli al limone”) dadına baxa bilərsiniz: 18-20 avro.

Azərbaycanın “əcəbsəndəli” ilə bəzi oxşarlığı olan tərəvəzlərdən hazırlanan “Pennete aumm aumm” yeməyi var. Bu, həm ayrıca, həm də makaronla verilir. Əgər Azərbaycanda qaraciyərlə “cız-bız” və ya kartofla quzu əti hazırlayırlarsa, Kapridə ət əvəzinə kalmardan istifadə olunur (20-25 avro). Yerli təzə kalmar xüsusi dada malikdir və yeməyin özü nazik suxarilərlə verilir.

Kalmarlı dolma da turistdə dərin təəssürat bağışlaya bilər. Burada kalmarlar üzüm yarpağı kimi istifadə olunur və aşpaz qiyməni əlinə keçən hər şeydən hazırlayır: pendir, düyü, zeytun, göyərti və s.

Təbii ki, Kapridəki ən məşhur salatı “Kapreze” (“Insalata Capreze”) hesab etmək olar - 15 avro. Məşhur İtalyan salatı ideal olaraq yalnız yerli məhsullardan hazırlanmalıdır: Kapridən pomidor və ən təzə mosarella. Aşpaz mosarellalı pomidorları dairə-dairə doğrayır, boşqaba düzür, üzərinə zeytun yağı, reyhan və ya oreqanolu sous tökür. Adanı gəzdikdən sonra acsanız, kapreze sendviçi də yeyə bilərsiniz (“Panino Caprese” - 6 avro). Bu yemək burada tapılmayan dönər və şaurma əvəzinə istifadə olunur.

Kafelərdə İtalyan qəhvəsini “Kapri piroqu” və ya məşhur şokoladlı və qozlu tort olan “Kapreze” ilə dadmaq olar. Nəzərə alın ki, Kapridəki kafe və barlarda menyular bar piştaxtalarında etibarlı olan qiymətləridir. Əgər ofisiantın xidmət etdiyi masada oturmaq istəyirsinizsə, sifarişin qiyməti demək olar ki, iki dəfə artır. Odur ki, pul yığın, marşrutunuzu planlaşdırın: “tənbəllər cənnətinə” xoş ​​gəlmisiniz!



MƏSLƏHƏT GÖR:

125