5 Dekabr 2025

Cümə, 12:12

MAESTRONUN MİSSİYASI

Yalçın ADIGÖZƏLOV: «Azərbaycan bəstəkarlarının musiqilərinin dünyanın ən yaxşı səhnələrində səslənməsi üçün ciddi işləmək lazımdır»

Müəllif:

01.01.2024

Həmsöhbətimiz Azərbaycanın Xalq artisti, dirijor və pedaqoq Yalçın ADIGÖZƏLOV deyir ki, hər bir dirijor özünü ən yaxşı dirijor hesab edir. Təbii ki, istehza edir. Lakin bununla razılaşmamaq da mümkün deyil, çünki bəlkə də, bütün yaradıcı insanlar məhz bu fikirdədir. Ancaq böyük ustadların zəngin irsini davam etdirməyə layiq olmaq üçün usanmadan çalışmaq, peşəkar olmaq və musiqiyə vicdanla xidmət etmək lazımdır. Maestro missiyasını məhz vicdanlı xidmətdə görür. Müsahibə çapa hazırlanan zaman görkəmli musiqiçi Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinə baş dirijor təyin edilib.

- Hansı işlə məşğul olmasından asılı olmayaraq, peşəkarla söhbətləşən zaman insanı onun peşəsinin incəlikləri, nüansları maraqlandırır. Böyük, görkəmli dirijorlarla orta, hətta güclü peşəkarlar arasında hansı fərqlərin olduğunu sadə insanlara necə izah edərdiniz?

- Dirijor da daxil olmaqla, istənilən böyük sənətkar müstəsna haldır və onun xidmət etdiyi sənət ətrafında hansı ab-havanı yarada bilməsi vacibdir. Musiqiyə xidmət edən dirijor səhnəyə çıxan kimi hər zaman və dərhal görünür. O, hələ konsertə başlamayıb, amma zalda yüksək mənəvi ab-havası hökm sürür, çünki aydındır ki, möcüzənin başlamasına az qalıb. Axı, dirijor vasitəçidir. O, bəstəkarın, bir çox hallarda artıq həyatda olmayan bir insanın arzularını və düşüncələrini tamaşaçıya çatdırmalıdır. Bu gün ifa edilən əsərlərin 90 faizi bu dünyadan köçmüş insanlar tərəfindən ərsəyə gətirilib. Bəs bəstəkar əsərini yaradanda nələr haqqında düşünürdü, hansı hissləri keçirirdi, kimləri sevirdi, nələrdən narahat idi, nədən əziyyət çəkirdi? Bunlar yalnız partitura vərəqindəki notlar, işarələr və “əyri-üyrü xətlər” deyil. Sətirlər arasında olanları görmək və eşitmək vacibdir. Bizim vəzifəmiz ondan ibarətdir ki, insan konsertdən çıxanda və ya tamaşadan sonra eşitdikləri prizmadan özü haqqında düşünsün. Biz sadəcə olaraq podiuma çıxaraq əlimizlə havanı “kəsməyi” deyil, tamaşaçıların ən incə “simləri”nə toxunmaq istəyirik. İndi çoxları dirijor çubuğunu tutur. Amma onların əksəriyyəti öz şəxsiyyəti, karyerası, eqosu ilə məşğuldur...

Bəstəkar, yüksək musiqiyə xidmət etmək haqqında az adam düşünür. Təəssüf ki... Səhnəyə Karayan, Abbado, Klayber, Mravinski, Svetlanov, Niyazi, Temirkanov kimi adamlar çıxanda dərhal sehrli hiss yaranırdı. Böyük sənətkarı güclü peşəkardan fərqləndirən də məhz budur. Əlbəttə ki, bu mənada “peşəkar” çox yaxşı sözdür, çünki böyük dirijor peşəkar, güclü sənətkar olmalıdır, əks halda heç nə alınmayacaq. Ümumiyyətlə, bu peşə qaranlığa bürünüb, sadə insanın əlində çubuq olan bu adamın nə etdiyindən xəbəri yoxdur. Doğrudur, hər bir dirijor özünü ən yaxşı dirijor hesab edir, hər kəs! Bəli, böyük dirijorlar da var. Bir də teatrda illərlə vicdanla xidmət edən sənətkarlar var. Əvvəllər Rusiyada sanki məbəddəki kimi “Teatrda xidmət edirəm” deyirdilər. Teatr da filarmoniya və konservatoriya kimi məbəddir.

- Dirijorluğa başlamaq qərarına necə gəldiniz və ya bununla bağlı istək necə yarandı? Bunda görkəmli bəstəkar Vasif Adıgözəlovun musiqiçi ailəsində böyüməyinizin rolu olubmu?

- Əlbəttə ki, mənim taleyim, görünür, əvvəlcədən müəyyən edilmişdi. Mən yüksək musiqi mənəviyyatının olduğu mühitdə doğulmuşam. Hətta burada söhbət atamın bəstəkar Vasif Adıgözəlov, babamın xanəndə Zülfi Adıgözəlov olmasından, mənim isə üçüncü nəslin nümayəndəsi olmağımdan getmir. Uşaqlıqdan yaradıcı insanların əhatəsində olmuşam. Biz Bəstəkarlar evində yaşayırdıq, ilboyu bütün pəncərələrdən, qapılardan musiqi səsi eşidilirdi. Tofiq Quliyevin, Arif Məlikovun, Ramiz Mustafayevin, Musa Mirzəyevin, Süleyman Ələsgərovun necə işlədiyini eşidirdik... Bu, Hüsü Hacıyev küçəsindəki (indiki Azərbaycan prospekti - red.) bizim məşhur binamız idi. Həmin insanlar əvvəl məktəbdə, sonra isə konservatoriyada müəllimlərimiz olublar. Biz müstəsna mühitdə böyümüşük: bütün söhbətlər yalnız musiqidən gedirdi. Yaxınlıqda Yazıçılar evi, bir az aralıda isə Rəssamlar evi yerləşirdi. Bizim - valideynlərimizin övladlarının daxilində ancaq sənət, bir az da idman, futbol var idi. Başqa heç nə ilə diqqətimizi yayındırmırdıq. Bizi konsertlərə, tamaşalara aparırdılar, Filarmoniyaya, Opera Teatrına gedirdik, yəni heç nəyi qaçırmırdıq. Valideynlərimiz təhsilimizə çox diqqətlə yanaşırdılar. Başa düşürdülər ki, bizi ciddi hazırlamasalar, əsl peşəkar ola bilməyəcəyik. Şübhəsiz ki, onlar bunu istəyirdilər. Mən də indi bunu istəyirəm. Amma qəlbim ağrıyır, təbii ki, indi, bizim dövrümüzdə bir gəncin yaradıcılıqda böyük uğurlar qazanması üçün nələrdən keçməli olduğunu anlayıram. Məsələn, kiçik oğlum dirijorluq peşəsini seçib konservatoriyaya daxil oldu. Doğrudur, onu bu fikrindən daşındırmaq istəyirdim. Şəxsən mən musiqidən başqa heç nə ilə məşğul ola bilməzdim. İnanın, bunu sadəcə gözəl sözlər üçün demirəm. Artıq heç nə mənə musiqi qədər toxunmur. Bəlkə də yalnız idman, daha doğrusu, onun parlaq anları, çünki orada da hər zaman yüksək adrenalin olur. Futboldakı qolu misal göstərmək olar. Bu zaman enerji sərbəst buraxılır və bu, insana dərindən toxunur. Simfoniyada kulminasiya nöqtəsində məhz belə olur. Belə hisslər, belə anlar üçün səhnəyə çıxırıq. Bunu hətta ağrılı vəziyyət də adlandırmaq olar. Prinsipcə, normal, sakit, balanslı insan səhnəyə çıxmaz. Səhnəsiz yaşaya bilməyən insanlar ora gedəcəklər. Klassik musiqiçilər, əksər hallarda, çox pul qazanmırlar. Uca Yaradan musiqiyə xidmət etmək istəyən insanları seçir. Bəziləri bunu daha yaxşı, bəziləri isə daha pis edir. Bu mənada, təbii ki, bəstəkar ailəsində doğulduğum üçün bəxtim gətirib. Atam mənə, həqiqətən, yüksək sənətə, böyük musiqiyə məhəbbət aşılaya bilib. Atamın işini davam etdirə bildiyim üçün sonsuz dərəcədə xoşbəxtəm. Musiqiçi olmasaydım, yəqin ki, qardaşım kimi həkim olardım. Amma elə gətirib ki, o, insan bədənini sağaldır, mən isə konsert salonuna ümidlə gələn insanın ruhunu olmasa da, şüurunu sağaltmağa çalışıram. Düzünü desəm, musiqi tamamilə “pozulmuş” insanı heç vaxt düzəldə bilməz. Paxıl və hirsli adam konsertdən sonra fərqli insana çevrilməyəcək, olduğu kimi qalacaq. Uşaqları uşaqlıqdan maarifləndirmək, yaxşı musiqi dinləməyə məcbur etmək, eyni şəkildə onları muzeylərə aparmaq, onlara oxumaq üçün düzgün kitablar vermək lazımdır.

- Yaxşı dirijor mütləq diktator olmalıdır? Böyük bir komandada ciddi idarəetmə olmadan keçinmək mümkün deyil?

- Ümumiyyətlə, mən “diktator” sözünü bəyənmirəm. Əgər musiqidə diktatorsansa, sənə nifrət edəcəklər. Musiqiçilərin nifrət etdiyi dirijorun yerinə orkestr ifa etməyəcək. Dirijor musiqiçiləri bu sevgi prosesinə cəlb edə bilməyəcək. Axı, biz əslində, səhnədə bir-birimizə olan sevgimizi başa salırıq. Əgər siz nizam-intizamı nəzərdə tutursunuzsa, bu tamam başqa məsələdir. Əgər təşkilatçılıq olmasa, yaradıcılıqda mənalı heç nə baş verməz. Nizam-intizam orduda olduğu kimi dəmir kimi olmalıdır, ancaq özündən başlamalıdır. Dirijor səriştəlidirsə, özünü toparlaya bilirsə, özünü tənqid edirsə, musiqiçilər bunu dərhal görəcəklər. Onu sevmələri vacib deyil, hörmət kifayətdir. Dirijor təkbaşına böyük bir qrupa, bəzən bir anda 250-300 nəfərə nəzarət edir. Hər kəs onun çubuğunun hərəkəti ilə dirijorun iradəsinə, musiqiçi zövqünə, yozumuna tabe olmalıdır. Niyə? Çünki yalnız ona “maestro” deyə müraciət edirlər. Bu o deməkdir ki, o, daha savadlı, istedadlı və xarizmatik olmalıdır. Sonra ona inanacaqlar və möcüzə baş verəcək. Amma qəlblərində diktatora nifrət edəcəklər. Əlbəttə ki, orkestr ifa edəcək, amma yaşayıb nəfəs almayacaq. Belə orkestrlər çoxdur və uzağa getməyə ehtiyac yoxdur: təəssüf ki, burada, bizim yanımızda belə nümunələr var. Mən bunu tələbələrimə öyrətməmişəm. Yeni dövrlər müxtəlif oyun qaydalarını diktə edir. Bu, onların karmasıdır, qoy bunun öhdəsindən özləri gəlsinlər.

- Sizcə, yetişməyə ehtiyacın duyulduğu musiqi varmı? Amma belə bir fikir var ki, dahilərin yazdığı əsərləri dərhal başa düşmək olar. Bu belədir?

- Burada hər şey təhsildən, oxunan kitabların sayından, insanın ümumi inkişafından asılıdır. Çünki gənc, hazırlıqsız bir insanı Salvador Dalinin, Frensis Bekonun və ya Endi Uorholun sərgisinə aparsanız, onun heç nə qavramayacağı aydındır. O cümlədən onu konsert zalına aparsanız və o, İqor Stravinskinin “Müqəddəs Bahar” əsərini və ya Bartokun orkestr üçün konsertini dinləsə, təbii ki, heç nə başa düşməyəcək və şokda olacaq. Amma... Bakıdakı konsertlərimizə çoxlu sayda qeyri-musiqiçilər gəlir: həkimlər, müəllimlər, ziyalılar, gənclər. Filarmoniyadakı proqramlarımızda hər zaman anşlaqdır. Biletlər həmişə tükənir. İncəlikləri başa düşməsələr də, yenə də deyirlər: “Sağ olun, bu, heyrətamiz idi, tüklərimiz biz-biz oldu!” İnsanların proqramı dinləyən zaman tüklərinin biz-biz olması mənim üçün ən böyük qiymətdir. İnsanlar emosional olaraq, sırf intuitiv olaraq hiss etməyə və reaksiya verməyə başlayırlar. Bu, çox vacibdir! Televiziya və radio ekranlarından gələn aşağı səviyyəli musiqi axını isə gənc nəslin zövqünü korlayır, təhqir edir, aşağılayır. Bunu ölkəmdə, xalqımın nümayəndələri arasında görmək məni xüsusilə ağrıdır. Bu yaxınlarda Sankt-Peterburqda çıxış etdim. Orada mənə dedilər ki, məndən qabaq burada bir müğənni beş min nəfərlik stadionda üç saat ərzində fonoqramla çıxış etdi. Onun yaratdığını musiqi adlandırmaq olmaz. Onun dəli olmuş pərəstişkarları küçələri bağlayıb və hətta ona avtomobildən düşməyə belə imkan verməyiblər. Yeri gəlmişkən, həmin müğənni konsertdən klassik musiqiçinin bir ildə qazana bilməyəcəyi qədər pul qazanıb. Bu, bütöv bir gənc nəsil üçün faciədir, mentallıq baxımından böyük uğursuzluqdur. Belə yalançı sənətkarların pərəstişkarları isə valideynləri övladlarına təhsil verməyənlərdir. Bu, çox ciddi problemdir.

- Uzun illər ərzində davam edən peşəkar fəaliyyətinizdə səhnə sizin üçün hər zaman sakitliyin və rahatlığın olduğu evə çevrilibmi? Yoxsa bununla bağlı hər dəfə birinci sinifdə olduğu kimi, həyəcan və qeyri-müəyyənlik var?

- Həyəcan var, hər zaman da olacaq. Bəlkə də illər keçdikcə daha peşəkar, özünə daha inamlı olursan, çünki illər ərzində inkişaf etdirilən bacarıqlar var. Bununla sənə qarşı hiylələrin haradan gələ biləcəyini bilirsən, sürprizləri əvvəlcədən sezməyə hazırsan. Amma orkestrin musiqiçiləri canlı insanlardır. Heç kimə zəmanət verə bilməzsiniz: kiminsə sadəcə əhvali-ruhiyyəsi yoxdur, ailəsində problemləri var, kimsə xəstədir və ya kimsə həmin axşam musiqi ifa etməyə qətiyyən meyilli deyil. Bunu tamaşaçı bilməməlidir, çünki bu, heç kəsi maraqlandırmır. Bundan başqa, dirijorun yüksək temperaturu ola və ya qolu ağrıya bilər. Lakin səhnəyə çıxıb və yaratmaq lazımdır. Belə məsələlər insanları maraqlandırmır, çünki onlar pul verərək əylənməyə gəliblər. Lakin dirijor podiumuna aparan yol eşafota gedən yoldur: gedirsən və səni nə gözlədiyini bilmirsən. Bəzən elə olur ki, hazırlıqsız konsert illərlə sürən silinməz təəssürat yaradır. Amma elə də olur ki, ən xırda təfərrüatına qədər düşünülmüş tamaşa sadəcə “dağılır” - bir səhv, sonra ikinci, kimsə lazımi anda ifa etmədi, digəri səhv notu götürdü, müğənni səhnəyə 10 saniyə gec çıxdı və s. Bütün bunlar ola bilər. Axı, bu, canlı musiqidir. Tamaşaçıların bunları görməməsi üçün çalışırsınız. Bəli, səhnə də, teatr da bizim evimizə çevrilib, çünki bura bizim ərazimizdir, ab-havanı hiss edirik, amma həyəcan hər zaman var. Mənə elə gəlir ki, bu həyəcan aradan qalxarsa, səhnəyə çıxmamaq daha yaxşıdır. Üstəlik, bu həyəcan bir gün əvvəl başlayır. Odur ki, həmin günün səhəri ailəm bilir ki, mənimlə danışmamaq, mənə yaxınlaşmamaq, lazımsız suallar verməmək daha yaxşıdır. Bütün bunlar peşə ilə bağlı olan məsələlərdir.

- Azərbaycan simfonik musiqisinin məna və dərinliyinə görə dünya şedevrləri ilə müqayisə oluna bilən, sizin üçün əlçatmaz zirvəsi nədir?

- Söhbət yalnız simfonik musiqidən gedirsə, bunlar təbii ki, simfonik muğamlardır. Bu mənada mənim üçün ilk yerdə hər zaman maestro Niyazinin təkraredilməz partiturası, şah əsəri olan “Rast” simfonik muğamıdır. Bu əsər 20-ci əsrin klassik simfonik musiqisinin şah əsərlərindən biridir və əhəmiyyətinə görə Ravel, Debüssi və impressionist bəstəkarların musiqisi ilə müqayisə edilə bilər! Bu, muğam milli koloriti və Qərbi Avropa bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri əsasında yaradılıb. Möhtəşəm musiqidir! Təbii ki, buraya Fikrət Əmirov və onun simfonik muğamları - “Şur”, “Kürd ovşarı” və “Bayatı-Şiraz” daxildir. O cümlədən Vasif Adıgözəlovun “Segah” partiturası. Əgər söhbət səhnə əsərlərindən gedirsə, buraya dahi Üzeyir Hacıbəyovun yazdığı bütün əsərlər daxildir.

Biz hamımız bu adamın çörəyini yeyirik, ona borcluyuq, minnətdarıq və hər gün məzarı qarşısında baş əyməliyik. Qarayevi, Əmirovu, Niyazini yetişdirən məhz o olub. Buraya yaşlı nəsil - Cövdət Hacıyev, Soltan Hacıbəyov, Rauf Hacıyev, sonra orta nəsil - Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Aqşin Əlizadə, Azər Rzayev və bir çox başqaları daxildir. Bütün bunlar məhz Üzeyir Hacıbəyovun xidmətləridir! “Leyli və Məcnun” xrestomatiyadır, “Koroğlu” operası dünyanın istənilən səhnəsində, məsələn, “Metropolitan Opera”, Qrand Operada, Kovent Qardendə tamaşaya qoyula bilər... Amma biz indiyədək bunu etməmişik. Dünya “Koroğlu”, “Sevil” haqqında məlumatlı deyillər. Baxmayaraq ki, bu əsərlər dram və musiqi materialına görə Verdi və Puççininin əsərlərindən heç də geri qalmır. İnanın, biz onları böyük italyan operaları ilə eyni rəfə qoya bilərik. Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla”, Əmirovun “1001 gecə” baletləri dünyanın ən yaxşı səhnələrinə layiqdir. Allaha şükürlər olsun ki, Arif Məlikovun “Məhəbbət əfsanəsi” dünyanın bütün aparıcı teatrlarında nümayiş etdirilib. Nəhayət, 50 ildən sonra tamaşa Azərbaycana qayıtdı. Bu paradoks, fars haqqında danışmamaq mümkün deyil, amma danışmaq da utancvericidir. Lakin bu, mədəniyyət sahəsi ilə məşğul olan rəsmilərin susqun razılığı ilə baş verdi... Burada fəxr ediləcək bir şey yoxdur, bu, Azərbaycan musiqisi tarixində şanlı səhifə deyil: yarım əsrə yaxın bir müddətdə bu balet bizim ölkəmizdən başqa bütün dünyada nümayiş etdirilirdi. Bəs bunun səbəbi nə idi? Amma bu, mənim cavablandıra biləcəyim sual deyil.

- Simfonik orkestrin konsertinə hazırlaşsaydınız, bir dirijor kimi proqrama mütləq nələri daxil edərdiniz?

- Əgər konsert bir bəstəkarın yaradıcılığına, yubileyinə həsr olunmursa, o zaman proqrama müxtəlif dövrlərdən, üslublardan, məktəblərdən olan bəstəkarların musiqilərini daxil etməyə çalışıram. Məsələn, mən Bax və Şnitkeni, yaxud Stravinski ilə Rimski-Korsakovu eyni konsertdə ifa etməyi çox sevirəm. Və ya Şostakoviç, Qarayev, Adıgözəlov və ya Şostakoviç, Qarayev, Məlikov. Bu proqramlar xüsusilə postsovet məkanında böyük maraq doğurur. Keçmiş sovet respublikalarına çox səfər edirəm və buna görə də mühakimə edə bilərəm. Belə ki, baba, ata və nəvələr formatı çox yaxşı qarşılanır. Fakt budur ki, Dmitri Şostakoviç Bakıya gələndə Qarayevin bütün tələbələrini “nəvələri” adlandırdı. Dedi ki, Qarayev mənimlə, sən isə Qarayevlə oxuyursan. Çox gənc bəstəkarları proqrama daxil etməyə çalışıram. Məsələn, Ayaz Qəmbərlini. Təbii ki, bəstəkarlarımızın əsərlərinin başqa ölkələrin musiqiçiləri tərəfindən ifa edilməsi çox vacibdir. Məsələn, bu yaxınlarda Kiyevdə konsert oldu və Kiyev Dövlət Opera və Balet Teatrının solisti tərəfindən iki romans - Asəf Zeynallının “Ölkəm” və Niyazinin “Arzu” əsəri Azərbaycan dilində ifa olundu. Bu, heyrətamiz idi. Mədəniyyətimizin başqa ölkələrə çatdırılması çox vacibdir. Keçən il Rio-de-Janeyroda braziliyalı pianoçu ilə Vasif Adıgözəlovun üçüncü fortepiano konsertini böyük uğurla ifa etdik. Üstəlik, məndən xəbərsiz atamın konsertini seçmişdi.

- Biz keçmişi indiki dövrlə müqayisə etməyi çox sevirik: ot daha yaşıl, şəkər daha şirin, günəş daha parlaq idi və s. Azərbaycanın musiqi həyatında, məsələn, 30 il bundan əvvəl nə yaxşı və pis idi? İndi ölkənin musiqi həyatında sizi dissonansa salan nələr baş verir?

- 30 il əvvəl burada xaos var idi, biz başqa şey haqqında düşünürdük - mədəniyyətimizi necə xilas edək, bizim yaratmadığımızı necə qoruyub saxlayaq. Məsələn, təməli Üzeyir Hacıbəyovun qoyduğu simfonik orkestri. Məni, gənc dirijoru Vyanadan çağırıb simfonik orkestrin baş dirijoru təyin etdilər, çünki burada heç kim qalmamışdı – hamı qaçırdı. Dirijorlar, musiqiçilər... Onda əməkhaqqı 10 “şirvan”, yəni 20 dollar idi. Amma o vaxt Türkiyədə musiqiçilər 2 min dollar alırdılar. Ən çətin vaxtlarda, vətəndaş müharibəsi ərəfəsində olduğumuz zaman, həmkarlarımız xaricdə gözlədilər. Daha sonra onlar istilik sistemi olmayan zallarda əməkhaqqısız işləyərək qoruduqlarımız üçün qayıtdılar. Biz getsəydik, artıq bərpası mümkün olmayan bir ağ ləkə yaranardı. Amma zaman dəyişdi, musiqiçilərimiz sərbəst şəkildə dünyanın ən yaxşı məkanlarında konsert verə bilirlər və təbii ki, vokalçılarımız xüsusilə uğur qazanıblar. Şübhəsiz ki, 30 il əvvəl tamaşaçılar fərqli idi. Söhbət sovet ənənələri, klassika ilə tərbiyə olunan tamaşaçılardan gedir. Elit sənət hər zaman dar dinləyici dairəsi tərəfindən qiymətləndirilir. Biz heç vaxt kütləviliyə arxalanmamışıq. Sadəcə hər şeyi yüksək keyfiyyətlə etmək lazımdır və məhz o zaman insanlar konsert salonlarına gələcəklər. Bilirsiniz, əgər yüksək səviyyədə konsertin alınmayacağını başa düşürümsə, mən ondan imtina edirəm. Yalnız keyfiyyət və peşəkarlıq sizi xilas edəcək. Hər şey unudulacaq, yalnız möhtəşəm notlar, möhtəşəm kitablar və rəsmlər qalacaq.

- Həyat yolunu seçməyinizə təsir edən üç musiqiçinin, dirijorun, bəstəkarın adını sadalayardınız.

- Həyat yolunu seçməyimə üç nəfər təsir edib... Onlardan biri mənim kumirim və mənim üçün həyatda ən böyük nüfuzlu şəxs olan atam Vasif Adıgözəlovdur. Hər gün danışdığım insan, hətta indi belə. Atam mənim yol göstərən ulduzumdur. Uca Yaradana şükür edirəm ki, mənə belə bir insan göndərdi. Növbəti, əlbəttə ki, Maestro Niyazidir. Onun xarizması, mənə olan münasibəti. O, məni digər dahi müəllimim, İlya Aleksandroviç Musinə tövsiyə etdi. İlya Aleksandroviç Musin dirijor pedaqoji məktəbinin əfsanəvi müəllimi idi. Mənə Sankt-Peterburqda onun yanında 5 il təhsil almaq qismət olub. Bunlar mənim seçimimə təsir edən üç görkəmli insandır. Onların xatirəsini böyük ehtiramla yad edirəm.

- Bəs dirijor Yalçın Adıgözəlov nə arzu edir?

- Yalçın Adıgözəlov vətəni Şuşada ultra müasir, dəbdəbəli konsert zalının inşasını arzulayır. Arzu edirəm ki, hər il keçirilən “Xarıbülbül” festivalına ən yaxşı orkestrləri, ən yaxşı solistləri dəvət edək və bununla Şuşada dünya klassiklərinin şah əsərlərini ifa edək. Arzu edirəm ki, Opera və Balet Teatrında təmir işləri tezliklə başa çatsın ki, biz görkəmli opera və baletlərimizi canlandıraq. On min tamaşaçının iki saat açıq havada Azərbaycan musiqisini dinlədiyi məşhur “Arena di Verona” səhnəsində ölkəmizi təmsil edən ilk dirijor olmaq mənə qismət olub. Musiqimiz dünyanın hər yerində eşidilir. Məsələn, hər il mənim Rio Orkestrində qonaq dirijor olduğum ölkədə - Braziliyada, Keyptaunda, Meksikada, İsraildə, Çexiyada, Vyetnamda. Yəni bizim musiqimiz hər yerdə tanınır. Amma Azərbaycan bəstəkarlarının musiqisinin dünyanın ən yaxşı səhnələrində bütün gözəlliyi ilə səslənməsi üçün ciddi işləməliyik. Bunu missiyam kimi görürəm. Bir şey söyləmək istədim... Böyük Musiqiyə qulaq asın və yüksək sənəti dərk edin.



MƏSLƏHƏT GÖR:

205