24 Noyabr 2024

Bazar, 00:38

HUSİ FIRTINASI

Yəmən husilərinin ticarət gəmilərini hədəfə alması regiona və dünyaya nə vəd edir?

Müəllif:

01.01.2024

ABŞ Qırmızı dənizdən keçən yük gəmilərini Yəmən husilərinin hücumundan qorumaq üçün hərbi-dəniz koalisiyası yaradıb. Müdafiə naziri Lloyd Oustin ABŞ-nin 5-ci donanmasının yerləşdiyi Bəhreynə səfəri zamanı “Rifah Mühafizəsi Əməliyyatı”nın başladığını elan edib.  

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder əməliyyatın əsas hədəfi kimi, Qırmızı dənizin Yəmən sahillərində birgə dəniz patrulunun təşkil olunmasını qeyd edib. Ancaq açıqlamadan bəlli olub ki, bütün koalisiya üzvləri Qırmızı dənizə gəmi göndərmək niyyətində deyil, bəzi ölkələr hərbçilər yollamaqla və ya “başqa formada” dəstək verəcəklər.

Vaşinqton ilk günlərdə koalisiyaya 10 ölkənin (ABŞ, Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, Seyşel adaları və İspaniya) üzv olduğunu və qarşıdakı dövrdə daha 10 ölkənin də üzv olacağını bəyan etsə də, təxminən bir həftə sonra Fransa, İspaniya və İtaliya koalisiyadan çıxdıqlarını bəyan ediblər. Analitiklər bunu Vaşinqtonun cəhdinin uğursuz olması kimi şərh ediblər.

Pentaqon sözçüsü Rayder “könüllülərin ittifaqı” adlandırdığı koalisiyaya qoşulmaq üçün “qapıların açıq” olduğunu bildirib. Bu koalisiyaya cavab olaraq Yəmənin Husi hökuməti səfərbərlik elan edib. Yəmən müdafiə naziri isə ərəb ölkələrinə müraciət edərək koalisiyaya qoşulmamağa çağırıb, əks təqdirdə həmin ölkələrə məxsus gəmilərin də hədəfə alınacağı ilə bağlı xəbərdarlıq edib.

 

Qırmızı dəniz yeni sahibləri – husilər

Məlumdur ki, Yəmən 1990-cı illərdə ictimai-siyasi proseslərə qarışıb. Eyni dövrdə Yəmənin şimalında, əsasən Səda şəhəri və ətraflarında yaşayan və şiə Zeydizm hərəkatının ardıcılları olan Husi qəbilələri “Ənsarullah” təşkilatını yaratdılar. 2010-cu ildə, yəni “Ərəb baharı” başlamamışdan əvvəl husilər zeydi olan Əli Abdullah Salehin rəhbərlik etdiyi Yəmən dövlətinə altı dəfə qarşı çıxdılar, lakin məğlub oldular.

Ancaq 2011-ci ilin “ərəb baharı” dalğası Yəməni də “vurdu”. Əli Abdullah Saleh bir ilə yaxın Yəmən nümayişçilərinə müqavimət göstərdikdən sonra 2012-ci ildə hakimiyyəti vitse-prezident Əbdürəbbi Mansur Hadiyə verərək hakimiyyətdən istefa etdi.  

Lakin Mansur Hadi hökumətinin ölkədə milli birlik yarada bilməməsi, inqilabdan sonra yaranan anarxiya ölkədə siyasi parçalanmanı daha da dərinləşdirdi. Nəticədə siyasi qüvvələrin dil tapa bilməməsindən istifadə edən husi “Ənsarullah” hərəkatına aid qüvvələr 2014-cü ilin sentyabrın 23-də hücum edərək Yəmənin paytaxtı Səna şəhərini ələ keçirdi. Tezliklə husilər yeni birlik hökuməti qurdular.

İran tərəfindən dəstəklənən husilərin Yəməndə hakimiyyəti ələ keçirməsi xüsusilə də həmin vaxt İranla münasibətlərdə gərginlik yaşayan Səudiyyə Ərəbistanı tərəfindən narazılıqla qarşılandı.

Beləliklə 2015-ci ildə BMT-nin sanksiyası ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 10 ölkədən ibarət koalisiya martın 26-da Yəmənə - husilərə qarşı hərbi əməliyyata başladı. Ancaq 10 ölkənin hərbi qüvvələri, o cümlədən Mansur Hadiyə sadiq silahlı qüvvələr, o cümlədən Cənubi Yəmən (keçmiş Yəmən Xalq Demokratik Respublikası tərəfdarları) separatçılarının silahlı dəstələri husilərə qarşı müharibədə qalib gələ bilmədi. Yəməndə ağır aclıq və xəstəliklər yayılsa da, husilər koalisiyaya qarşı müqavimət göstərə bildilər və nəticədə ötən ildən etibarən Səudiyyə Ərəbistanının da iştirakı ilə sülh danışıqları bərpa olundu və atəşkəs imzalandı. Əlbəttə ki, burada həm də İran-Səudiyyə münasibətlərinin yumşalması amilinin də rolu var idi.

Təxminən 8 il davam edən çətin müharibə husilərə ciddi hərbi təcrübə qazanmağa imkan verdi. Onlar müharibənin əvvəlində kəskin silah çatışmazlığından əziyyət çəkirdilərsə, daha sonra BƏƏ-dəki strateji hədəfləri və Səudiyyə Ərəbistanındakı “Aramco” neft terminallarını vurmağa qadir olan raketlər və pilotsuz uçuş aparatları (PUA) əldə etdilər.

 

Husilər qlobal nəqliyyat nəhənglərinə ziyan vurur

Qəzzanın bombalanmasından sonra oktyabrın sonlarında ilk dəfə husilər İsrailə cavab zərbəsi endirəcəklərini elan edəndə dünya bunu ciddi qarşılamadı. Lakin husilərin tezliklə İsrailin Qırmızı dənizdəki limanlarını raket və dronlarla vurması narahatlığı artırdı. Düzdür, bu raket və dronların böyük hissəsi ABŞ və müttəfiqlərinin Qırmızı dənizdəki gəmiləri, eləcə də İordaniyadakı hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulurdu, lakin sızan məlumatlara görə, bir neçə raket və dron İsrail ərazisinə düşmüşdü.

Noyabrın 21-də isə husilər gözlənilmədən Qırmızı dənizdə Yaponiyadan İsrailə yük apardığı iddia edilən konteyner gəmisini ələ keçirdilər. Dekabrın 3-də isə ilk dəfə husilər bu dəfə Yəmən sahil ərazilərindən Qırmızı dənizdən keçən və İsrailə yük apardığını iddia etdikləri gəmiləri raket atəşinə tutdular. Bu isə husilərin həm də sahildən gəmiləri vurmaq imkanına sahib olduğunu göstərdi. Bütün bunlar husilərin sahildən gəmilərə hücum etmək qabiliyyətini nümayiş etdirdi və o qədər ciddi təhlükəyə çevrildi ki, gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina etdilər.

Belə görünür ki, ABŞ-nin husi hücumuna qarşı gəmiləri qorumaq məqsədilə yaratdığı dəniz koalisiyası belə böyük şirkətləri fikrindən döndərməyib.

Artıq ekspertlər husilərin Qərb iqtisadiyyatına ciddi zərər vuracağını düşünürlər. Söhbət itirilən vaxt və yanacaqdan gedir. Belə ki, Çin və ya Tayvandan çıxan yük gəmisi Avropaya Qırmızı dənizdən keçməklə orta hesabla 25 gün ərzində, 18,5 min kilometr qət etməklə çatdığı halda, alternativ Afrikanın cənubundan dolanıb keçməklə 34 gün və 25 min kilometr məsafə qət etməli olur. Aradakı fərq və itirilən zaman göz qabağındadır.

İkinci cəbhənin açılması və bunun ardınca ABŞ-nin husilərə qarşı raket və hava hücumlarının Qırmızı dənizi nə dərəcədə təhlükəsiz edəcəyini söyləmək çətindir. Ancaq bir şey aydındır: yəmənli üsyançılar Qərb ölkələri və xüsusən də İsrail üçün ciddi başağrısına çevriləcək.

 

Ərəblər niyə antihusi koalisiyasına qoşulmadılar?

Maraqlıdır ki, hələ yalnız Bəhreyn ABŞ-nin yaratdığı “Rifah” koalisiyasına qoşulub. Amerikalı rəsmilərin açıqlamasından sonra bəzi media orqanları koalisiyaya başqa ərəb ölkələrinin də qoşulacağını yazsa da, bu xəbərlər təsdiqini tapmadı. Xüsusən də 8 ildir husilərlə müharibə aparan Səudiyyə Ərəbistanı və BƏƏ-nin koalisiyaya qoşulmaması sual doğurdu. Bu barədə “Əl-Ahram” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin regional və ərəb regionu bölməsinin müdiri Məhəmməd İzzəddin ərəbdilli mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, ərəb ölkələrinin koalisiyaya qoşulmamasının arxasında dayanan əsas səbəb antihusi koalisiyasının hədəflərinin aşkar olmamasıdır. Çünki ərəb ölkələri bu koalisiyanın yalnız deyildiyi kimi, Qırmızı dənizdə gəmilərin səfər təhlükəsizliyinin təmin olunması, Qərb ölkələri və ABŞ-nin müttəfiqlərinə məxsus gəmilərin mühafizəsi, yoxsa regionda baş verə biləcək yeni müharibənin qarşısını almağa hesablanmış bir koalisiya olduğu aydın deyil.

Ekspertlərin fikrincə, ABŞ-nin rəhbərlik etdiyi antihusi koalisiyası Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyindən daha çox İsrailin müdafiəsi, həmçinin yeni regional müharibə təhlükəsi və mümkün hücumlardan narahatdır.

Digər bir səbəb isə ərəb ictimai rəyinin mümkün qınağıdır. Çünki husilər əsas hədəf olaraq İsraili göstərir və Qəzzada haqsız müharibəyə görə İsrail gəmilərini hədəfə alacaqlarını bəyan edirlər. Bu səbəbdən də indiki halda hər hansı ərəb dövlətinin, xüsusən də Səudiyyə Ərəbistanı kimi ərəb dünyasının liderliyinə iddialı dövlətin husilərə qarşı koalisiyaya qoşulması onun nüfuzuna zərbə vura bilər. Üstəlik, koalisiyaya qoşulması Səudiyyə Ərəbistanının husilərlə başlanmış dialoq prosesinə zərbə vura bilər.

Hətta Misir kimi, iqtisadiyyatı böyük ölçüdə Qırmızı dəniz nəqliyyatından asılı olan ölkənin belə koalisiyaya qoşulmaması onu göstərir ki, əksər ölkələr bu koalisiyanın daha çox İsrailin müdafiəsinə xidmət etdiyini düşünür. Qahirə hesab edir ki, hazırda koalisiyaya qoşulmaq onun nüfuzuna xələl gətirə bilər. İndiki şəraitdə koalisiyanın legitimlik qazanması antihusi koalisiyasını İranla əlaqələndirmək və Tehranı bu koalisiyaya qarşı qoymaqdır. Başqa sözlə, Qırmızı dənizdəki gərginliyin İsraillə bağlı olmadığı, İranın regionda yeni təxribatı olması qənaətini yaratmaqdır. Bu isə indiki vaxtda çox çətindir.

Doğrudur, İran rəsmi olaraq husilərlə bağlılığını qəbul etməsə də, Yəmən üsyançılarını dəstəklədiyini də gizlətmir. Ancaq koalisiyanı bu şəkildə İranla bağlamaq özü də risklidir, çünki Tehrandan daha çox region ölkələrinin buna necə reaksiya verəcəyi bəlli deyil. Məsələn, rəsmi olaraq “Rifah” koalisiyasına qoşulmayan İsrail hökuməti dekabrda bəyanat yayaraq koalisiyaya qoşulan ölkələri “İranın terror oxuna” qarşı savaşa dəstək verdikləri üçün təşəkkür edib. Bu isə iordaniyalı siyasi ekspert Möhsün əş-Şabakinin dediyi kimi, regionun ərəb ölkələrini qorxudur.

 

Amerikalılar Qırmızı dənizə rifah gətirə biləcəkmi?

Vaşinqtonun rəsmi açıqlamalarından belə məlum olur ki, “Rifah” koalisiyası əsasən Qırmızı dənizdə gəmiləri husi hücumlarından qorumaq üçün patrul fəaliyyəti ilə məşğul olacaq. Lakin o da bəllidir ki, husilər yalnız gəmilərə silahlı qruplarla hücum edib onları qaçırmır, həm də onları sahildən gəmi əleyhinə raketlərlə vurur. Aydın məsələdir ki, koalisiya husilərin gəmilərə atəş açmaq imkanını aradan qaldırmaq üçün sahil ərazilərini, yəni husilərin hərbi infrastrukturunu bombalamalı olacaqlar. Bu isə hərbi qarşıdurmanın genişlənməsi riski yaradır. Üstəlik, ABŞ hərbi qüvvələrinin Yəmən ərazilərini bombalaması faktiki olaraq hərbi əməliyyatların geniş coğrafiyaya yayılması demək olacaq. Başqa sözlə, ikinci cəbhə açılmış olacaq. Bu, azı ərəb ictimai rəyində belə qəbul olunacaq. ABŞ-nin Qəzzada müharibəni başa çatdırmaq istədiyi bir vaxtda belə bir vəziyyətin yaranması Vaşinqtonun regional maraqlarına nə qədər cavab verdiyi də sual altındadır. Yeni müharibə ocağı Yaxın Şərqdə onsuz da kövrək olan sülh ümidlərini daha da dərinə basdırmış olacaq.



MƏSLƏHƏT GÖR:

94