Müəllif: Sənan NADİROĞLU
2024-cü ildə planetin ən böyük yarışı Yay Olimpiya Oyunları təşkil olunacaq. Dünyanın ən güclü idmançılarının mübarizə aparacağı turnirə Fransa paytaxtı Paris ev sahibliyi edəcək. Yeni il Azərbaycan idman təqvimində zəngin yarışlarla əlamətdar olacaq.
Cüdo, şahmat, güləş
2024-cü ilin ölkədə baş tutacaq ilk beynəlxalq yarışı cüdo ilə bağlıdır. Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, 2024-cü ilin 1-3 noyabrında keçirilməsi nəzərdə tutulan Bakı Böyük Dəbilqə yarışının vaxtı dəyişdirilib. Belə ki, “Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu turnir 16-18 fevral 2024-cü ildə keçiriləcək. Tədbir Milli Gimnastika Arenasında baş tutacaq. Yarışın fevral ayında olması cüdoçulara əlavə üstünlük verəcək. Nəticələrə əsasən idmançılar Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayacaq. Həmçinin, bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq.
Şahmat həvəskarları 2024-cü ildə iki beynəlxalq yarışı canlı izləmək imkanı qazanacaq. Paytaxtda növbəti dəfə “Baku Open” festivalı təşkil ediləcək. 500-dən çox şahmatçının iştirak edəcəyi turnir müxtəlif kateqoriyaları əhatə edəcək. 2024-cü ildə görkəmli şahmatçımızın xatirəsinə həsr olunan sayca 10-cu Vüqar Həşimov Memorialı keçiriləcək. Mötəbər yarışın hazırda hansı şəhərdə baş tutacağı və heyəti məlum deyil.
Aprelin 4-7-də Bakıda güləş üzrə Paris Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri baş tutacaq. Qitənin ən güclü pəhləvanları olimpiadaya vəsiqə uğrunda son mübarizəyə qoşulacaq. Bu yarış gərgin mübarizə ilə yadda qalacaq. Çünki güləşçilər üçün olimpiadaya lisenziya verəcək son turnir olacaq.
2024-cü il Bakıda gimnastika üzrə bir sıra yarışlar təşkil olunacaq. Bu il idman gimnastikası, bədii gimnastika və batut gimnastikası üzrə Dünya Kubokları Bakıda keçiriləcək. Hər üç yarış idmançılara Paris Olimpiadasına lisenziya xalları qazandıracaq.
Avropa Gimnastikasının təşəbbüsü ilə 2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək. Avropa Kuboku martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək. Avropa kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Avropa kubokunda, çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.
2024-cü il oktyabrın 16-19-da Bakı “TeamGym” üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə qərar Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bu, ölkəmizin “TeamGym” üzrə ev sahibliyi edəcəyi ilk Avropa çempionatı olacaq. Bu gimnastika növü ölkəmizdə 2018-ci ildən inkişaf etdirilir. Yığma komandamızın “TeamGym” üzrə Portuqaliyada keçirilən Avropa çempionatına ilk dəfə qatılması ilə “TeamGym” gimnastika növü rəsmi olaraq AGF-nin fəaliyyətinə daxil olub.
Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasına aid qeyri-Olimpiya növü olan komanda yarışıdır. Buraya 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut). “TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar.
Sürət yarışları, kanoe
2024-cü il Formula 1 Dünya Çempionatının təqviminə əsasən ən sürətli idman növü bu mövsümdə də Bakıda qonaq olacaq. Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir. Yeni F1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2024-cü ildə iki beynəlxalq yarışa təşkilatçılıq edəcək. Mayda ənənəvi “Prezident Kuboku”, oktyabrda isə “Mingəçevir Reqatası” keçiriləcək. Hər iki yarışda gənclər və yeniyetmələrdən ibarət komandalar çıxış edəcək.
Qeyd edək ki, il ərzində yazıda yer almayan daha bir neçə yarışın təşkilatçılığı Azərbaycana həvalə oluna bilər.
MƏSLƏHƏT GÖR: