21 Dekabr 2024

Şənbə, 00:44

İSTANBULDA YENİ İL

Türkiyənin əsas meqapolisi 2024-cü ilin gəlişini necə bayram edib?

Müəllif:

15.01.2024

Yeni il Azərbaycanda ən sevilən və gözlənilən bayramlardandır. Həmin günlərdə insanlar ardıcıl olaraq bir neçə gün dincəlmək, yaxud səyahət etmək imkanı qazanır. Çoxları məhz belə edir. Son statistikaya görə, 10 bayram günündə Heydər Əliyev Beynəlxalq Aeroportunun xidmətlərindən, təxminən 160 min sərnişin istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,7% çoxdur. 2022-2023-cü ilin analoji dövründə bu rəqəm 118 min təşkil edib.

Bayram günlərində Bakı aeroportundan 35 aviaşirkət 72 istiqamətdə uçuşlar həyata keçirib. Ən məşhur marşrutlar İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Sankt-Peterburq və Doha olub.

Reytinqdə İstanbulun ilk yeri tutması isə heç də təəccüblü deyil. Bu şəhər Azərbaycanın səyahət həvəskarlarının siyahısında liderdir. Yeni il bunu bir daha təsdiqləyib.

 

«Yılbaşı»ndan «Yeni yıl»a

Bayram üçün İstanbula uçuş AZAL-ın sürprizi ilə başlayıb. Birincisi, bütün sərnişinlərə şam ağacı və qaradam formasında hazırlanmış dadlı pryanik paylanıb. İkincisi, təyyarədə hər kəsi əcnəbi, ingilis dilində danışan ekipaj qarşılayıb ki, bu da hamının təəccübünə səbəb olub. Sən demə, Yeni ildə sərnişin axınınını kəskin artması ilə əlaqədar, AZAL uçuşların təşkilinə Litvanın «GetJet» aviaşirkətinin də cəlbi üçün lizinq razılaşması imzalayıbmış. Amma təyyarələr və ekipaj əcnəbi olsa da, stüardessalar azərbaycanlılar idi. Hazırda belə reyslər yalnız İstanbula yox, həm də Dubay, Milan, Vyana, Almatı, Astana və digər şəhərlərə uçur.

İstanbul aeroportuna enişdən sonra diqqəti dərhal bir məqam çəkib: əvvəllər Türkiyədə Yeni ili «Yılbaşı» adlandırırdılarsa, indi ona «Yeni yıl» deyirlər. Hər halda, hər yanda «Yeni yılınız kutlu olsun!» təbrikini görmək mümkün idi. Bununla yanaşı, qeyd edilməlidir ki, Yeni il dünyəvi bayramdır və islam ənənələrinə görə, Türkiyədə onun qeyd edilməsi o qədər də qəbul olunmur. Amma Türkiyənin «turizm Məkkəsi» olan İstanbul müasir, dünyəvi şəhərdir və son illərdə burada köhnə ilin başa çatmasını, yeni ilin gəlişini böyük təntənə ilə qeyd edirlər. Burada getdikcə daha çox ailə bayrama hazırlaşır, şam ağacı qurur, hədiyyələr alır, Yeni il gecəsi isə küçələr səhərədək insanla dolu olur. Buna onları bayram günlərini İstanbulda qeyd etmək üçün şəhərə axışan xarici turist kütləsi də sövq edir.

Görünür, Yeni il günü və gecəsi Taksim meydanına, həmçinin şəhərin əsas gəzinti yeri olan İstiqlal küçəsinə çox sayda polis və xüsusi texnikanın cəlbi də bundan irəli gəlir. İstiqlal küçəsi boyunca hər yol kəsişməsində (onların sayı, yəqin ki, 50-dən çoxdur) ən azı 15-20 polis əməkdaşına rast gəlinirdi – istər formada, istərsə də mülki geyimdə. Bir sözlə, «təzadlar şəhəri»nin bütün turizm zonaları nəzarətdə idi. Polis əməkdaşlarından birinin sözlərinə görə, həmin günlərdə xidmət aparmaq üçün asayiş keşikçilərinin bir hissəsi İstanbula regionlardan cəlb edilibmiş. Axşama yaxın Taksim meydanı və «Cümhuriyyət» abidəsi ümumiyyətlə mühasirəyə alınmışdı, metro çıxışlarında isə sərnişinlərin sənədləri yoxlanılırdı. Bu, növbəti gün səhər saatlarınadək belə davam edib. Şükürlər olsun ki, hər hansı insident qeydə alınmayıb…

 

Qiymətlər

Bu il Yeni ildə İstanbula biletin qiyməti əvvəlki qədər baha və qorxunc deyildi (əvvəllər bir istiqamətdə uçuş bəzən 1500 manata başa gəlirdi). Bu dəfə iki istiqamətdə uçuş üçün bileti 600-700 manata (yükdən asılı olaraq) əldə etmək mümkün idi.

Hotellərin qiyməti haqda isə eyni sözləri söyləmək mümkün deyil. Əyləncə məkanlarına, kütləvi gəzintilərə yaxın olmaq üçün turistlər hoteli, adətən, Taksimə yaxın yerlərdə, Sultanəhməd və Nişantaşı rayonlarında tutmağa çalışır. Bu il də istisna deyildi. Nəticədə, xüsusilə Yeni il şənlikləri üçün hotel qiymətləri çox yüksəlmişdi. Əvvəlki illərdə mərkəzi rayonlarda üç ulduzlu hotellərdə iki nəfərlik otaq 35-40 avroya başa gəlirdisə, bu dəfə ən aşağı qiymət 60-70 avro idi. Üstəlik, bu qiymətə yalnız ən sadə, səhər yeməyinin olmadığı və ya çox kasad olduğu hotellərdə qalmaq mükmün idi. Əksər hotellərdə orta qiymət 100-120 avrodan başlayırdı. Dörd ulduzlu hotellərdə isə bu, 150-250 avro təşkil edirdi. Yəqin ki, belə bir vəziyyətdə «beş ulduzlular»dan danışmağa dəyməz. Bununla yanaşı, hotel administratorlarının əksəriyyəti bunun onlardan asılı olmadığını, şəhərdə ümumilikdə qiymətlərin kəskin şəkildə bahalaşmasından irəli gəldiyini deyirlər.

 

Gəz ki gəzəsən

Əksər turistlər uyğun hotel axtarışı ilə yanaşı, şam etmək və gəzmək üçün də cəlbedici yerlər axtarışında olurlar. Bu işin qayğısına əvvəldən qalanlar «Bosforda Yeni il kruizi» ekskursiyası üçün bilet əldə etmişdilər. Yaxtada 200 avroya başa gələn gəzintiyə yemək (yerli və Avropa mətbəxi), limitsiz içki, o cümlədən alkoqollu içkilər, peşəkar DJ və rəqslərlə dolu əyləncə proqramı, həmçinin Yeni il üçün bəzədilmiş şam ağacı, Şaxta baba («Noel baba») və Qar qız daxildir.

Büdcə problemi olmayan turistlər Yeni ili beşulduzlu qlamur hotellərdə qeyd etməyi sevirlər. Söhbət «InterContinental Istanbul 5*», «The Marmara 5*», «Four Seasons Hotel at the Bosphorus» və digərlərindən gedir. Onların əksəriyyətindən sanki ləzzətli şam, freyverk, kokteyllər və diskotekalara əlavə olaraq, möhtəşəm mənzərə də açılır. Belə hotellərdə və tanınmış klublarda bayram qeyd etmək ən azı 300-500 avroya başa gəlir. Amma bu qiymətə belə, bilet tapmaq çox çətindir.

Maddi durumu bir qədər məhdud olan turistlər isə Taksim və İstiqlal ərazisində yerləşən və səhərə qədər işləyən kiçik restoranlar, klublar və barlarla əvvəlcədən danışmalı olurlar. Yeni ildə belə yerlərə giriş ödənişlidir, çünki qonaqlar üçün xüsusi proqramlar hazırlanır. Daha bir uyğun variant isə İstiqlalda yerləşən məşhur «Nevizade»dəki bahalı olmayan balıq restoranlarıdır. Burada bir nəfər 1000 lirəyə (60 manat) normal şam edə bilər. Məsələn, balıq (çupra və ya levrək) 250 lirə, salat 150-200 lirə, dəniz məhsulları ilə hazırlanmış tort 300 lirə, bir bokal şərab 250 lirədir.

Yeni il gəzintisi üçün ən populyar yer əvvəlkitək, Taksim, İstiqlal küçəsi, Nişantaşı, həmçinin Qalata körpüsüdür. İnsanlar balıq restoranlarında şam etmək və atəşfəşanlıqları izləmək üçün məhz buraya üz tuturlar.

 

Yeni və köhnə görməli məkanlar

Bu Yeni ildə İstanbulda nadir görünən isti hava şəraiti hökm sürürdü. Gündəlik orta hərarət 15-16 dərəcə təşkil edirdi ki, bu da İstanbulu gəzmək, onun çoxsaylı görməli yerlərinə baş çəkmək üçün yaxşı imkan idi.

Turistlər üçün ən populyar məkanlar əvvəlkitək, Ayasofiya və Sultanəhməd məscidləri, həmçinin yaxınlıqda yerləşən Bizilikadır. İlin adi vaxtlarından fərqli olaraq, Ayasofiya məscidinin qarşısında uzun növbə var idi. Amma maraqlıdır ki, gözləyənlərin növbəsi kifayət qədər tez çatırdı. Üstəlik, xoşbəxtlkidən, oraya giriş hələ ödənişsizdir. Onun əcnəbilər üçün 2024-cü il yanvarın 15-dən etibarən ödənişli olacağı gözlənilir. Dolmabağça sarayı qarşısında da uzun növbə var idi. Əcnəbilər oraya daxil olmaq üçün 1050 lirə (60 manat) ödəməlidirlər. Yerli əhali üçün bu qiymət 150 lirədir.

İstanbulda olarkən görməli olduğunuz məkanlardan biri də Topqapı sarayıdır. Söhbət XIX əsrin ortalarınadək Osmanlı imperiyasının bütün sultanlarının iqamətgahı olmuş məkandan gedir. Qalata qülləsi və Qalata körpüsü (burada «balık-ekmek» adlandırılan balıq sendviçini dadmaq olar), İstiqlal küçəsi və qırmızı tramvayları olan Taksim meydanı, Süleymaniyə məscidi, Sirkəçi vağzalı, Eminönü meydanı və Şahzadə adaları da öz yerində.

Son illər turistlər arasında İstanbulun Asiya hissəsinə, xüsusilə Kadıköy rayonuna baş çəkmək də çox populyardır. Bura mağazaların xüsusi bəzədilmiş piştaxtaları, rəngarəng fənərləri və ümumilikdə bayram atmosferi ilə məşhurdur. Amma turist axınının artması ilə burada da qiymətlər «əl yandırır». Məsələn, kiçik armudu stəkanda türk çayının qiyməti 35 lirə, kofe ən azı 70 lirə, bir porsiya şiniyyat isə 300-400 lirədir.

Bundan başqa, Türkiyə hökuməti İstanbulun qonaqlarını bu yaxınlarda bərpa edilmiş Fənər və Balat rayonlarına da dəvət edir. Onlar Eminönüdən və ya «Haliç» metrosundan 3 tramvay dayanacağı məsafəsindədir. Qızıl Buynuzun cənub sahilində yerləşən, keçmiş yunan rayonu olmuş Fənər və yəhudi rayonu olmuş Balat zəngin tarixi irsi, gözəl atmosferi ilə öyünə bilər. Bu, xarici turistlər tərəfindən sevilən yerlərdir. İstanbulun populyar Türkiyə filmləri və seriallarının bəzəyi olan məşhur rəngarəng, koloritli evləri məhz burada yerləşir. Əlbəttə, bir-birinə bitişik bu rayonların tam daha mötəbər məkanlara çevrilməsi üçün yerli qurumlar hələ çox iş görməlidir. Amma siz «əsilli», koloritli məkanların həvəskarısınızsa, oraya mütləq baş çəkin.

Yox, İstanbulun «Avropa həyatını» sevirsinizsə, Beşiktaşın məşhur və zəngin Bəbək rayonuna yollanın. O, Ortaköy məscidindən başlayır. Bəbəkdən Mərmərə dənizi ilə Qara dənizi birləşdirən Bosfor sahillərinə möhtəşəm mənzərə açılır. Bu, cütlüklərin səhər yeməyinə yolandıqları, bayram və ya istirahət günlərini keçirmək, mafi Bosforun möhtəşəm gözəloliyindən zövq almaq üçün gəldikləri, kafelərə, balıq restoranlarına üz tutduqları məkandır. Bəbək sahili velosiped sürmək, qaçmaq üçün də əladır. Yayda isə burada üzənlərə də rast gəlinir. Mütləq küçələri gəzin, İstanbul türklərinin elitar həyatı ilə tanış olun. Sahil boyunca səyahəti davam etdirmək fikrinə düşsəz, 45 dəqiqə sonra gözəllikdə heç də geri qalmayan Sarıyerə çatacaqsınız.

İstanbulun geniş yayılmış ictimai nəqliyyatından istifadə etməklə, bu yerlərin praktik olaraq, hamısını gəzmək mümkündür. Bayram günlərində «İstanbulkart» (70 lirə) vasitəsilə tamvay, avtobus və metroda gediş haqqı 15 lirə (85 qəpik) təşkil edirdi. Lakin şəhər rəhbərliyi artıq gediş haqqının 17,70 lirəyə (1 manat) qaldırıldığını bəyan edib.

Sonda bir sözlə demək olar ki, İstanbul çox gözəldir. Həm yayda, həm qışda, həm də yazda və payızda. Yeni ilin İstanbulunu görməyə macal tapmamısınızsa, 2025-ci il üçün səyahət planlaşdırılmasına indidən başlaya bilərsiniz. Yaxşı yol!



MƏSLƏHƏT GÖR:

99