12 Mart 2025

Çərşənbə, 17:07

PRAKTİKİ OPERA

Əvəz ABDULLAYEV: “Bacarıqlarınızı döyüş meydanında, münaqişələrdə üzə çıxarmağa ehtiyac yoxdur, onları səhnədə təqlid etmək daha yaxşıdır”

Müəllif:

15.01.2024

Azərbaycanın xalq artisti, Almaniyanın Manheym şəhərindəki Milli Operanın aparıcı solisti, Əvəz Abdullayev operaya gəlməmişdən qabaq özünü başqa peşələrdə də sınayıb. Lakin taleyin hökmü ilə opera həmsöhbətimizin işinə, sevdiyi peşəsinə, xilasına, həyatına çevrilib. Bəs bu gün Azərbaycanın opera həyatında nələr baş verir, Opera və Balet Teatrının bərpasından sonra mədəniyyətimiz necə dəyişəcək? Bütün bu məsələlər haqqında onunla söhbətləşdik.

- Azərbaycan akademik musiqisinin dünya səviyyəsində uğurlarından danışanda ilk öncə ağlımıza vokalçılarımızın uğurları gəlir. Bu, niyə instrumental musiqi ilə bağlı deyil? Əgər teatrdan danışırıqsa, buraya hətta balet deyil, ölkəmizdən kənarda tamaşaçıların qəlbini inamla fəth edən opera vokalçıları daxildir...

- Əgər musiqimizdən və onun Azərbaycandan kənarda uğur qazanmasından danışırıqsa, o zaman onu təbliğ etmək, dəstəkləmək lazımdır. Bu məqsədlər üçün müəyyən strategiya, planlar olmalıdır. İlk növbədə özümüzə belə bir sual verməliyik: niyə Azərbaycan musiqisi hələ də dünya platformalarında tam şəkildə təmsil olunmur? Xaricə dəvət olunmuş bəzi dirijorlarımızın qastrol proqramı çərçivəsində Azərbaycan bəstəkarlarının cəmi bir-iki əsərini ifa etməsi təbliğat sayıla bilərmi? Bu, Azərbaycana nə verəcək? 2019-cu ildə Niderlandda Firəngiz Əlizadənin “Nəsimi-Passion” əsərinin “Amsterdam Royal Consertgebouw”da dünya premyerasının necə keçirildiyini yaxşı xatırlayıram. Orada bəstəkarın dəvəti ilə solist kimi iştirak edirdim. Demək, auditoriyada bir-iki nəfər istisna olmaqla, demək olar ki, azərbaycanlı yox idi. Az qala unutmuşdum, dünya premyerasından beş dəqiqəlik reportaj çəkən bir çəkiliş qrupu da var idi... Dünyanın heç bir yerində belə edilmir! Bu konserti canlı yayımlamaq, bu münasibətlə ölkəmizdə bayram ab-havası yaratmaq, yazılar dərc etmək, verilişlər hazırlamaq lazım idi! Düşünürəm ki, şirkətlərimiz, müəssisələrimiz öz büdcələrinin müəyyən faizini xeyriyyəçilik və mədəniyyətə sərf etsələr, daha yaxşı olardı. Bununla istedadlı tələbələrin xaricdə təhsil alması, musiqiçilərin müsabiqələrə ezamiyyətləri, ustad dərsləri, ən yaxşı kulinariya məktəblərində aşpazların hazırlanması, müsabiqələrdə iştirakları ilə bağlı xərcləri ödənilərdi. Bu, ixtisaslı mütəxəssislərin daha sonra ölkəyə qayıdacağına zəmanətdir. Bütün bunlar ucuz deyil və nadir hallarda hər kəs onu tam formatda ödəyə bilər. Fakt budur ki, beynəlxalq müsabiqələr yüksək səviyyədədir və orada iştirak etmək istəyən musiqiçilər bu tələblərə cavab verməlidirlər. Buna görə də ustad dərslərimizə məşhur musiqiçiləri dəvət etmək yaxşı olardı. Əlbəttə ki, bunun həyata keçirildiyini bilirəm. Amma daha çox olmalıdır. Təbii ki, 10 nəfəri xaricə oxumağa göndərməkdənsə, iki-üç musiqiçini bir neçə aylıq müddətə ölkəmizə gətirmək daha ideal olardı. Sadəcə, bununla bağlı razılığa gəlmək lazımdır. İnanın ki, biz, həmçinin uzun illər xaricdə işləyən, əlaqələri olan şəxslər bununla bağlı yardım göstərə bilər. Mədəniyyət Nazirliyinin tərkibi dəyişib, bu istiqamətdə irəliləyəcəyimizə dair ümid var, amma vaxt daralır. Yaxşı olardı ki, görüşüb söhbət edək, vəziyyəti yaxşılaşdırmaq üçün bəzi fikirlər təklif edək.

- Siz uzun müddətdir ki, Manheym Milli Operasının aparıcı solisti, Azərbaycanın xalq artistisiniz. Odur ki, bir məsələni müqayisə etmək imkanınız var... Almaniyada qarşılaşdıqlarınızdan opera həyatımıza nə gətirərdiniz və əksinə?

- Bəli, mən uzun illərdir ki, Manheymdə Milli Operanın aparıcı solistiyəm. Bakıda opera teatrımızın rəhbərliyi dəyişdi, biz buna çox şadıq. 20 il bundan əvvəl edilməli olan təmirə başlanıldı. İslahatlar aparılır və bu gözəldir, mən şəxsən Yusif Eyvazova və onun komandasına, onun müavini Səbinə Əsədovaya çox minnətdaram, hər ikisi əla sənətkar, ifaçılardır və buna görə də nə etmək lazım olduğunu çox gözəl bilirlər. Əgər onu təkcə Manheymlə deyil, digər ölkələrlə müqayisə etsək, Bakıdakı teatrımıza münasibətdə mən sənətçilərin, bütün işçilərin əməkhaqqının artırılmasını məsləhət görərdim, çünki bu, çox mürəkkəb sənət növüdür. Mən daha çox nizam-intizam əlavə edərdim, amma əminəm ki, teatr bərpa olunandan və tamhüquqlu mexanizm kimi işə başlayandan sonra hər şey yaxşı olacaq. Burada, Qərbdə bir çox teatrlarda “fan-klub” kimi ənənə var. Bunlar mövsümi biletləri olan opera pərəstişkarları deyillər. Onlar praktiki olaraq teatrda işləyirlər, bütün tamaşalara çıxış imkanları var, teatrın sponsorudurlar. Repertuar formalaşanda onların nümayəndələri nə görmək istədiklərini deyirlər və onların rəyi teatr rəhbərliyi tərəfindən nəzərə alınır. Onlarla məsləhətləşmələr aparılır və tövsiyə etdikləri tamaşalar növbəti ilin repertuarına salınır. Bu adamlar teatrın işinə böyük töhfə verirlər, çünki məlum olduğu kimi, dekorasiyalar, qonaq rəssamlar, dirijorlar, rejissorlar - bütün bunlar çox pul tələb edir: səyahət, hotellər, qonorarlar. Opera hələ də elit sənət növüdür və onun bayağılaşmasını, bir növ şou-biznes səviyyəsinə düşməsini istəməzdim. Baletdə sənətkarların “ömrü” çox qısa olur. Yəni baletdə ustalığın zirvəsi kifayət qədər gənc yaşda olur. Amma operada dramaturq sənətkarının ustalığı sanki şərab kimi, yəni zamanla yetişməli, səsi güclənməlidir. Yəni bunlar vaxt tələb edir və operanın qarşısındakı vəzifələr tamamilə fərqlidir. Opera sənəti xüsusilə dövlət tərəfindən qorunmalıdır. Nə yaxşı ki, islahatlara başlamışıq. Amma Mədəniyyət Nazirliyinin teatrla məşğul olan insanlarla məsləhətləşməsini çox istərdim. İnanın ki, çox şey məsləhət görülə bilər. Ümid edirəm ki, vəziyyət dəyişəcək və nazirlik bu məsələyə daha da böyük maraq göstərəcək.

- Opera müğənnilərinin necə formalaşması ilə bağlı yayılmış bir fikir var: insan tələb olunan yaşa qədər musiqinin əsaslarını öyrənir, musiqi məktəbini bitirir, səsi formalaşana qədər müəyyən mədəni “bəkqraunda” malik olur. Amma bəzən insanlar Yaradanın onlara bəxş etdiyi səs, istedad sayəsində opera səhnəsinə, kobud desək, küçədən gəlirlər. Bəs həyatınızda bariton necə “baş verib” və operaya maraq necə yaranıb?

- Mədəni baxımdan “bəkqraund” varsa, uşaq musiqi məktəbində solfecio keçirsə, musiqi alətində məşq edirsə, daha sonra konservatoriyada təhsil alırsa, yəni uzun yol gedirsə, bu, əlbəttə ki, yaxşıdır. Amma başqa hallar da var və onların sayı çoxdur. Mənim başqa peşələrdən gələn çoxlu həmkarlarım var. Məsələn, mən Milli Aviasiya Akademiyasını bitirdim, mühəndis-mexanik ixtisası aldım. Üstəlik, yaxşı oxuyub mütəxəssis oldum. Ancaq o vaxt müəyyən çətinliklər var idi, buna görə də çox istəsəm də, peşəmdə bir gün də işləmək imkanım yox idi. Amma hər şey təsadüfi deyil. Hərbi xidmətdən sonra mətbəxdə işləməklə bağlı maraqlı təklif aldım. Anam aşpaz, bacılarım isə qənnadı məmulatları ilə məşğul olduğu üçün uşaqlıqdan ətrafımda hamı çörək bişirir, yemək bişirirdi. Maraqlandım və mən iaşə şirkətində - Asiya mətbəxlərinin verildiyi restoranda işləməyə başladım. Mən uzun illər belə işləmişəm. Bir gün dostum mənə böyük tenorların ariyaları olan bir disk verdi. Bu məqamda qeyd edim ki, həmin dövrə qədər klassik musiqiyə qulaq asmamışdım, marağım yox idi. Mən diskə qulaq asdım və Rucero Leonkavallonun “Pagliacci” operasındakı Kanionun ariyasında sadəcə “itdim”. Yadımdadır, bütün gecəni bu iki dəqiqəlik ariyaya qulaq asdım. Bu ariyadan aralana bilmirdim. Səhər artıq buna “yoluxmuşdum”. Bu ariyanı ifa etməyi çox istəyirdim, nədənsə tenor olduğum qərarına gəldim. Daha sonra musiqi müəllimi olan qonşum mənimlə bir neçə mahnı hazırladı və onun köməyi ilə musiqi məktəbində ifa etdim. Sonra baş aşpaz kimi çalışdığım mətbəxdə oxumağa başladım və qonaqlar yanıma gəldi və dedilər: cavan oğlan, ifa etməyi bu qədər istəyirsənsə, konservatoriyaya get, burada nə işin var?! Amma özüm üçün ifa edirdim və peşəkar karyera qurmaq ağlıma belə gəlmirdi. Yenə bəxtim gətirdi. Turist avtobusunda xorla oxuyan zaman məni Respublika Qadınlar Cəmiyyətinin sədri Zemfira Verdiyeva eşitdi. Cəmiyyətin nümayəndələri Təhsil Nazirliyinə məktub yazdılar, sonra Fərhad Bədəlbəyli məni dinlədi. Nəticədə, dərhal ikinci kursa (ikinci ali təhsil - müəllif) daxil oldum və orada 27 yaşımda solfecio ilə məşğul olmağa başladım. Sözün düzü, bir ildən sonra məni opera teatrımıza solist kimi işə götürdülər. Mənim karyeram belə başladı.

- Ən sevdiyiniz opera tamaşaları hansılardır?

- Bəxtim gətirib ki, sevimli opera tamaşalarım çoxdur və oxumaq istədiyimi seçə bilirəm. Repertuarımda 50-yə yaxın əsas rol var və yəqin ki, onların 45-ni favorit adlandırmaq olar. Buraya Verdi, Puççini, Rimski-Korsakov, Massne və Azərbaycan opera musiqisi daxildir. Məsələn, Firəngiz Əlizadənin “İntizar” əsərini çox bəyənirəm. Bu əsərdə iki bariton partiyasını - həm müsbət, həm də mənfi obrazları ifa edirəm. Bu da çox yaxşı nümunədir. Çox istəyirdim ki, bu opera Almaniya teatrlarının birində tamaşaya qoyulsun. Rəhbərlik partitura istədi və mən də köhnə rəhbərliyinin dövründə bunu Mədəniyyət Nazirliyimizə çatdırdım. Təsəvvür edin ki, bir neçə ay ərzində musiqinin notunu göndərə bilmədilər. Təsəvvür edin, teatrın direktoru bununla bağlı yaranmış problemi görüb partituranı özü tapdığını deyəndə təəccübləndim. Ancaq opera partiyalarında çoxlu Şərq melizmləri olduğu üçün səhnələşdirmə ideyasından imtina edilməli oldular – bunu hər müğənni ifa edə bilməz. Daha sonra Firəngiz xanım dedi ki, bu, problem deyil, musiqini Qərb ifaçılarının rahatlığı üçün uyğunlaşdıra bilər. Odur ki, Mədəniyyət Nazirliyinə müraciət edildi, amma heç bir kömək olmadı. Hətta nazirlik buna maraq belə göstərmədi. Buna görə də ideya reallaşmadı.

- Görkəmli dirijorumuz Yalçın Adıgözəlovla bu yaxınlarda söhbətimizdə belə bir fikir səsləndirildi ki, Üzeyir Hacıbəyovun “Koroğlu” operası başqa taleyə layiqdir. Sizcə, psixoloji fəndlərə qərq olmuş eksperimental teatr dövründə qəhrəmanlıq operası maraq yarada, ən əsası xaricdə dərin təəssürat bağışlaya bilərmi?

- Əgər bəzi dəyişikliklər edilərsə, “Koroğlu”, “İntizar” və “Sevil” dünya səhnələrində ifa edilə bilər. Bu yaxınlarda xəbər yayılmışdı ki, gürcü tamaşası italyan dilinə tərcümə olunub və İtaliya teatrlarında böyük uğurla nümayiş etdirilib. Onu tamaşaçılar ayaq üstə alqışlayıblar. Bizim operalarımızı niyə belə səviyyələrə qaldırmayaq? Əlbəttə, “Koroğlu” böyük populyarlığa layiqdir, lakin bunun üçün səy göstərmək lazımdır, dəstək lazımdır, çünki əsəri populyarlaşdırmaq çox çətin məsələdir. Bir nəfər belə bir layihəni təbliğ etmək iqtidarında deyil, belə fikir cəfəngiyyatdır.

- Yaxın vaxtlarda təmirdən sonra Azərbaycan Opera və Balet Teatrı fəaliyyətə başlayacaq. Yəqin ki, yeni repertuar yenilənəcək. Necə düşünürsünüz, repertuar teatrları indiki dövrdə ümumiyyətlə həyat qabiliyyətlidirmi? Bir çox sənətçilərin aylarla, illərlə səhnəyə çıxmadığı və parlayacağı anı gözlədiyi dövrdə köhnə sovet ənənəsindən imtina etmək daha yaxşı olmazdımı?

- Bəli, repertuar teatrı həyat qabiliyyətlidir. Amma əsərləri necə səhnələşdirib tamaşaçıya təqdim etmək tamamilə başqa məsələdir. Eyni tamaşalarda rejissor tərtibatını, səhnələşdirməni dəyişə və ya onları başqa şəraitə və zamanlara köçürə bilərsiniz. Onsuz musiqi yenə də gözəldir və bu, həmişə çox böyük maraqla qarşılanacaq. Təbii ki, repertuara yeni adlar əlavə etmək lazımdır. Məsələn, bir tamaşa iki ildir ki, göstərilirsə, onu başqasına dəyişmək lazımdır. Əgər tamaşaçı həmin tamaşanı bəyənirsə, onu geri qaytarmaq olar. Sadəcə, repertuarı artırmaq lazımdır, sonra boş qalan bütün sənətçilər günəş altında yer tapacaqlar. Truppa böyüməlidir, ona görə ki, ölkədə bircə opera teatrı var və ölkə kiçik deyil. Truppanın bir hissəsi Azərbaycanın şəhərlərinə qastrollara çıxarsa, konsertlər verərsə, hətta dekorasiyasız kamera formatında tamaşalar təqdim edərsə, yaxşı olardı. Müasir dünyada iki lazer proyektor istənilən dekorasiyanı əvəz edə bilər. Sadəcə istək lazımdır. Ümid edirəm ki, sənətçilərimiz həm ölkə daxilində, həm də xaricdə qastrollara çıxacaqlar.

- Opera dramatik musiqili tamaşadır. Yəni vokalla yanaşı, aktyorluq bacarığı da lazımdır. Bəs əl hərəkətləri, mimikalar olmadan yalnız vokal partiyaların və resitativlərin peşəkar ifasına ümid etmək olarmı? Opera müğənnisinin aktyor kimi qiymətləndirilməsini heç vaxt eşitməmişəm. Yəni xaric oxuyub-oxumamasına, nəfəsinin çatıb-çatmamasına və s. kimi məsələlərə diqqət yetirilir.  

- Əgər dramatik tamaşadan sonra izləyici sadəcə səsin gücünə deyil, opera artistlərinin ifasına görə göz yaşları içində zalı tərk edirsə, bu, hər şey deməkdir. Yəni təkcə bu məsələ kifayət edir. Təkcə vokal və ya musiqi ilə tamaşaçını təəccübləndirmək mümkün deyil: onlar yüksək keyfiyyətli avadanlıq və CD-lər alıb evdə onlardan həzz ala bilərlər. İndi səhnədə əsl dram oynanılır. İnsanlar teatrda tamaşaya baxırlar. Onları sizin dediyiniz, əl hərəkətləri, mimikalarla heyrətləndirmək mümkün deyil.  Odur ki, onlara heyrətamiz bir şey göstərmək lazımdır. Söz verirəm ki, teatrımız təmir olunduqdan sonra operasevərləri təkcə köhnə repertuar tamaşaları deyil, çoxlu sürprizlər gözləyir. Gələn il teatr öz tamaşaçılarını sevindirəcək. Gözləyin!

- Bakı teatrsevərləri nə vaxt sizi səhnədə canlı görüb eşidə biləcəklər?

- İnşallah, gələn ay. Məni “Bohema” operasında, rəssam Marselin obrazında görə bilərsiniz. Bu rol mənim üçün əzizdir, rəsm çəkməyi çox sevirəm və bu, mənim hobbilərimdən biridir. Yeri gəlmişkən, bu tamaşa ilə çox maraqlı bir hadisə bağlıdır. Operanın səhnəyə qoyulacağı alman opera festivallarının birində rejissor təklif etdi ki, bütün tamaşa boyu kətanla gəzim və elə bil rəsmlər çəkirəm. Dedim, niyə “sanki”? Deyəsən, on tamaşa ərzində partnyorlarımı, dirijoru, bəzi tamaşaçıları çəkdim: kimsə ifa edəndə səhnənin kənarına çıxıb mənə maraqlı olan insanların rəsmini çəkirdim. Elə oldu ki, tamaşada iştirak edən uşaq xorunda əlil arabasında olan qız var idi. Onda sümük xəstəliyi var idi və kresloda iştirak edirdi. Bir gün fasilə zamanı foyeyə çıxarkən, pəncərədən işıq şüasının düşdüyü boş bir uşaq arabası gördüm. Çox bədii idi və mən bu kompozisiyanı çəkməyə bilməzdim. Elə alındı ki, artıq rənglənmiş kətanda bu uşaq arabası tam mərkəzdə yer aldı. Sonra bu rəsm hərracda yaxşı qiymətə satıldı və pul əlil uşaqlara yardım fonduna köçürüldü. Mən artıq təyyarədə olarkən, evə qayıtmağa hazırlayarkən birdən telefonuma zəng gəldi. Təsəvvür edin, zəng edən əlil arabasındakı həmin qız idi. O, ağlayaraq dedi ki, onun kreslosunu onsuz boş çəkdiyim üçün mənə minnətdardır, çünki bu, sağalmağa ümidin olduğunu göstərir. “Mən gəzə biləcəyəm”, - söylədi. Düşünürəm ki, bu sözlərdən sonra bütün uçuş boyu nələr hiss etdiyim haqda danışmaq artıq olar. Ümumiyyətlə, bu, gözəl operadır, mən onu çox sevirəm və düşünürəm ki, fevralda tamaşaçılar böyük zövq alacaqlar.

- Opera sizə nə verib? Bəzən həyatı böyük opera bəstəkarlarının musiqisi olmadan təsəvvür edə bilirsinizmi?

- Opera mənim üçüncü peşəmdir və bu, məni çox dəyişdi. Mən musiqiyə çox minnətdaram. Düzünü desəm, Qərbdə çoxdan adiləşən xor ifaçılığı, musiqi dərsləri və solfecionun məktəblərdə tətbiqinin vaxtı çatıb. Klassik musiqi şüuru dəyişir. Bu, dərmandır və sağaldır. Həm də uşaqların aktyorluğa başlaması yaxşı olardı. Uşaqları ibtidai məktəbdə sadəcə bəzi səhnəciklərlə məhdudlaşdırmaq olmaz, onlar böyüdükcə Şekspirin pyeslərindən, Nizaminin, Firdovsinin şeirlərindən tamaşalar qoysalar yaxşı olardı... Bəlkə də sadəlövhəm, amma mənə elə gəlir ki, dünyadakı bütün müharibələr insanların uşaqlıqda kifayət qədər oynamaması səbəbindən baş verir. Bəxtim gətirdi, 50-yə yaxın rolumdan 47-si mənfi obrazdır. Mənfi obrazları - qatilləri, satqınları, əclafları, eyni Mefistofel və ya burada Manheymdə ifa edəcəyim “Boris Qodunov” operasındakı şeytanı yüz dəfə emosional olaraq şişirdərək yaşayacağam. Artıq həyatda buna ehtiyacım yoxdur, çünki neqativ emosiyaları səhnədə “boşaltmışam”. Ümumiyyətlə, mən meditasiya zamanı ifa edirdim, mantralar oxuyurdum, çünki bir vaxtlar hind praktikalarında ciddi şəkildə məşğul olurdum. İndi belə bir imkana, panaseyaya malik olan vaxt başa düşürəm ki, bu, bir çox problemlərdən qurtulmaqdır. Teatr, ifa etmək insanı açır, bu, əsl xəzinədir. Bacarıqlarınızı döyüş meydanında, münaqişələrdə üzə çıxarmağa ehtiyac yoxdur, onları səhnədə təqlid etmək daha yaxşıdır.



MƏSLƏHƏT GÖR:

125