23 Noyabr 2024

Şənbə, 19:53

PLANIN BAŞLICASI

Bakı rahat nəqliyyat infrastrukturu və “yaşıl dəhlizlər”i olan çoxmərkəzli şəhərə çevriləcək

Müəllif:

15.01.2024

2023-cü ilin sonunda, xüsusən də Azərbaycan paytaxtının sakinlərinin uzun müddətdir ki, gözlədiyi proqram sənədi - Bakının Baş planı təsdiq edilib. Müvafiq qərar ötən il dekabrın 30-da ölkənin Nazirlər Kabineti tərəfindən qəbul olunub. Bununla, 2040-cı ilə qədər nəzərdə tutulmuş şəhərin irimiqyaslı inkişafı strategiyasının həyata keçirilməsinə başlanılıb.

Prezident İlham Əliyev 2018-ci il iyunun 27-də Bakı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb və bu məqsədlə 4 milyon manat vəsait ayrılıb. 2020-ci ilin oktyabrında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilkin layihəni virtual sərgi formatında ictimaiyyətə təqdim edib. Bu, Nazirlər Kabinetinə təsdiq üçün yalnız ötən ilin oktyabrında təqdim olunub.

 

Ümumi müddəalar

Qeyd edək ki, layihəni Almaniyanın “AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb. Bundan başqa, layihənin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib. Paytaxtın Baş planının əhatə etdiyi inzibati ərazisi 212,3 min hektardır.

Ölkənin ən böyük şəhəri üçün belə hərtərəfli inkişaf proqramının olmasının nə qədər həyati əhəmiyyət kəsb etdiyini söyləməyə ehtiyac yoxdur. Son 30 ildə paytaxt durmadan genişlənir, sakinlərin sayı da artır. Üstəlik, elə bir tempdə ki, şəhərin infrastrukturunун inkişafı hər zaman bununla ayaqlaşa bilmir. Nəticədə, həlli genişmiqyaslı və hərtərəfli yanaşma tələb edən problemlər yaranır. Buraya müasir və daha rahat nəqliyyat infrastrukturunun yaradılması, şəhərin tarixi hissəsindəki sıxlığın aradan qaldırılması və paytaxtın turizm zonasına çevrilməsi üçün böyük qurumların mərkəzsizləşdirilməsi, Bakının müxtəlif rayonlarında yeni iş yerlərinin yaradılması və s. daxildir. Son onilliyin aktual məsələləri sırasına ekoloji cəhətdən təmiz ətraf mühitin bərpası və qorunması, havanın çirklənməsinin qarşısının alınması zərurəti də əlavə olunub.

Qeyd edilən məsələlər nəzərə alınaraq, Baş plan 4 prioritet hədəfə əsaslanır:

- şəhərin  dayanıqlı  inkişafı;

- Bakının memarlıq siması və tarixi irsə qayğı;

- yeni şəhərin iqtisadiyyatı;

- şəhər və ətraf mühitin regenerasiyası.

Müəlliflərin qeyd etdiyi kimi, Baş planın əsas məqsədi hazırda vahid mərkəzli aqlomerasiya olan Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi, paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.

“Baş planda icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir. Baş planın icrasına hər bir strateji layihəyə rəhbərlik edən əsas maraqlı tərəflərin cəlb edilməsinə əsaslanan kompleks yanaşma ilə başlamaq vacibdir”, - Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsi qeyd edib.

 

Metrobusda tıxac olmadan

Beləliklə, Bakının inkişafının əsas məqsədlərindən biri çoxmərkəzlikdir. Yəni paytaxtın bir neçə mərkəzdən ibarət şəhərə çevrilməsi, hər birinin ətrafında lazımi infrastrukturun və müəssisələrin olması nəzərdə tutulur. Bu da nəhayət, tarixi mərkəzin yükünü yüngülləşdirəcək.

Bakıdakı mərkəzlər üç kateqoriyaya bölünəcək. Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək, burada paytaxta spesifik və ixtisaslaşmış xidmətlər göstəriləcək, yüksək səviyyəli mədəniyyət obyektləri yerləşdiriləcək. Buraya Bakının altı inzibati şəhər rayonu olan Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami və Xətai rayonları və Qaraçuxur qəsəbəsi daxil olacaq.

Alt-mərkəzlər isə periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə bir növ giriş qapısına çevriləcək. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.

Mərdəkan, Ələt, Zığ, Hövsan, Binəqədi və Lökbatan qəsəbələri alt-mərkəzlər kimi təsnif edilir. Sabunçu isə qarışıq-istifadə təyinatlı yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi layihələndirilib.

Təbii ki, şəhərin normal “yaşama”sı və inkişafı üçün bu gün aktual olan nəqliyyat rabitəsi problemini həll etmək lazımdır. Bakı bu gün meqapolislərə xas olan “gözəlliklər”lə əhatə olunub: yollarda saatlarla davam edən tıxac və sıxlıq, ictimai nəqliyyatın dəqiq qrafikinin, normal piyada zonalarının olmaması və s. Sevindirici haldır ki, Baş planda yol-nəqliyyat probleminin həlli müxtəlif istiqamətli vektorlarda göstərilir. Buraya 2040-cı ilədək yolların uzunluğunun artırılması, yeni alternativ yol infrastrukturunun yaradılması, Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral yolun tikintisi və həm dəmir yolu, həm də metrostansiyalarının sayının təxminən iki dəfə artırılması daxildir. Dəmir yolu stansiyalarının hazırkı 26-dan 54-ə, metrostansiyalarının isə 25-dən 46-ya çatdırılması planlaşdırılır.

Bu tədbirlər nəticəsində 2040-cı ilə qədər metro ilə orta gündəlik sərnişin axınının 1,37 milyon nəfərə və ya ildə 499,3 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda bu rəqəmlər müvafiq olaraq 633 min və 231 milyon nəfərdir. Bakıda dəmir yolu nəqliyyatından ildə 26,8 milyon sərnişin və ya gündəlik orta hesabla 73 min nəfər istifadə edəcək.

Bundan əlavə, 2040-cı ilədək paytaxtda velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 kilometr təşkil edəcəyi planlaşdırılır. Həmçinin Bakıda tramvay və metrobuslar (avtobus sürətli nəqliyyatı) olacaq. 2027-ci ilə qədər şəhərin mərkəzində yeni parkinq yerləri yaradılacaq. 2027-ci ilə qədər bütün avtobus zolaqlarının inşası və onların ümumi uzunluğunun indiki 16 kilometrdən 112,2 kilometrə çatdırılması planlaşdırılır.

 

Daha çox əhali - az problem?

Bakının mərkəzi hissəsinin bilavasitə yaxınlığında paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün yaşıl universitet şəhərciyinin də daxil olduğu yeni intellektual-biznes rayonunun yaradılması təklif edilir. Buraya özəl və dövlət universitetləri, eləcə də tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professor və müəllimlər üçün yaşayış yerləri daxil olacaq.

Bundan əlavə, paytaxtda bilik, ekoloji maarifləndirmə və turizm mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Proqnozlara görə, 2020-2040-cı illərdə Bakı əhalisi 542,7 min nəfər artaraq 3 milyon 169 min nəfərə çatacaq. Bu da sadalanan layihələrin nə dərəcədə məqsədəuyğun olduğunu sübut edir. Təbii ki, yeni nəqliyyat həlləri ilə yanaşı, mənzil fondunun kapitalının artırılması tələb olunacaq. Üstəlik, Baş planın müəllifləri 2040-cı ilə qədər köhnəlmiş mənzil fondunun əhəmiyyətli dərəcədə azalacağını vəd edirlər. Belə ki, 2020-ci ildə paytaxtda köhnəlmiş mənzil fondu 19,5 milyon kvadratmetr idi. Bu göstərici 2027-ci ildə 12,1 milyon, 2040-cı ildə isə 8,3 milyon kvadratmetrə qədər azalacaq.

Baş plana əsasən, bununla əlaqədar şəhərin əsas mühəndis-kommunikasiya şəbəkələri, o cümlədən su, qaz, elektrik və telekommunikasiya sistemləri genişləndiriləcək və müasirləşdiriləcək.

Bakıda sıx məskunlaşmanın ətraf mühitin daha da çirklənməsinə səbəb olmaması üçün göllərin və torpaqların meliorasiyası ilə bağlı ekoloji reabilitasiya layihələri, “hibrid yaşıl dəhlizlər”in salınması, yaşıllıq ərazisinin genişləndirilməsi və “yaşıl istirahət zonaları” Baş planda ayrıca göstərilib.

Həmçinin, 2040-cı ilə qədər Abşeronda bərpa olunan enerji mənbələri ilə işləyən dörd elektrik stansiyası inşa ediləcək. Çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 hektar ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur.

Baş planda Azərbaycan paytaxtının turizm baxımından cəlbediciliyinin daha da artırılmasına yönələn tədbirlər də əksini tapıb. Belə ki, Bakıda 2040-cı ilə qədər kurort turizminin inkişafı üçün 170 hektara yaxın ərazi ayrılacaq, Suraxanı rayonunun Zığ və Hövsan qəsəbələrində dənizkənarı istirahət mərkəzləri yaradılacaq. Eyni zamanda Bakı bulvarının mərhələli şəkildə cənubda Bibiheybətə, şərqdə isə Zığa qədər uzadılması nəzərdə tutulur. Beləliklə, 2040-cı ilə qədər onun ümumi uzunluğu 25 kilometri keçəcək.

Təbii ki, bütün bu irimiqyaslı işlər ciddi investisiyalar tələb edir.

2020-2040-cı illərdə Bakı şəhərinin inkişafına əsaslı vəsait qoyuluşlarına tələbat azı 93,6 milyard manat həcmində qiymətləndirilir. Bu məbləğin, demək olar ki, yarısı, yəni 47,6 milyard manat şəhər ərazisinin inkişafı üçün tələb olunur. Xərclərə görə ikinci yeri nəqliyyat infrastrukturu tutur. Mühəndislik-kommunikasiya sistemlərinə 15,3 milyard manat, bərpa olunan enerji mənbələri və ətraf mühitin mühafizəsi sahəsində layihələrə 13,8 milyard manata yaxın vəsait ayrılmalıdır.

Baş planın müəlliflərinin fikrincə, xərc yükünün böyük hissəsi dövlət büdcəsinin üzərinə düşəcək - 60,5 milyard manat. Xərclərin qalan hissəsini isə özəl sektor öz üzərinə götürməlidir. Doğrudur, xarici investisiyaların həcminin də 30,32 milyard dollar olacağı gözlənilir. Ümumilikdə, 2040-cı ilə qədər investor layihələri üçün 24 min hektar sahənin ayrılması planlaşdırılır.

Planın əsas iqtisadi nəticəsi paytaxtın nominal ÜDM-nin 78% artması olacaq.

Bir sözlə, Baş planda Azərbaycan paytaxtının, demək olar ki, bütün inkişaf istiqamətləri nəzərə alınır və şəhərin artıq üzləşdiyi problemlərin həlli yollarına dair baxış ortaya qoyulur. Ən sevindiricisi hal odur ki, yaxın üç ildə mühüm layihələrin icrasına başlanılmalıdır.



MƏSLƏHƏT GÖR:

101