24 Noyabr 2024

Bazar, 00:31

ƏDALƏTSİZLİK İNDEKSİ

ABŞ Azərbaycana münasibətlə növbəti dəfə ikili standartlardan çıxış edib

Müəllif:

15.01.2024

2024-cü il başlar-başlamaz, ABŞ növbəti anti-Azərbaycan addımını atıb. Dövlət Departamenti Azərbaycanı «dini azadlıqlar pozulduğu üçün müşahidə olunmalı ölkələr»in siyahısına daxil edib. Ənənəvi olaraq tolerantlığı ilə tanınan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanla bağlı bu qərarın qəbulu, əlbəttə ki, Bakı-Vaşinqton dialoquna təsirsiz ötüşməyəcək.

 

Komissiyadan növbəti səfehlik

ABŞ Dövlət Departamenti hər il «dini azadlıqlar indeksi»ni açıqlayır və bu zaman Birləşmiş Ştatlarda fəaliyyət göstərən Beynəlxalq Dini Azadlıqlar Komissiyasının (USCIRF) hesabatlarına istinad olunur. Sonuncunun mövqeyi onun ABŞ federal hökumətinin müstəqil komissiyası statusu ilə müəyyən edilir. Onun hazırladığı və Dövlət Departamentinin təsdiqlədiyi «qara siyahı»da 12 ölkə var (Rusiya, Çin, KXDR, Nikaraqua, Myanma, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Eriteriya). Qurum hesab edir ki, bu ölkələr «dini azadlıqların xüsusi ciddi pozulması halları ilə bağlı ciddi narahatlıq yaradır».

Daha bir siyahı isə bu cərgəyə əlavə oluna biləcək potensial ölkələrdən ibarət «xüsusi müşahidə siyahısı»dır. Dövlət katibi Entoni Blinkenin rəhbərlik etdiyi qurum Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamın yer aldığı bu «watchlist»ə Azərbaycanı da əlavə edib. Bu siyahının mövcudluğunun prinsipi «nəzarətdə olan» ölkələrdə dini azadlıqlar sahəsində vəziyyətə nəzarət olunmasından ibarətdir. Onlardan hər hansında bu sahədə durum pisləşərsə, həmin ölkə də «qara siyahı»ya salınır və ona sanksiyalar tətbiq olunur.

Lakin USCIRF-nin Dövlət Departamenti tərəfindən açıqlanmış hesabatından görünür ki, «dini azadlıqlar» məsələsi bu və ya digər ölkədəki daxili siyasi vəziyyətlə sıx bağlıdır. Bu, Azərbaycana aid hesabatda da görünür. Məsələn, sənəddə iddia olunur ki, «ölkədə siyasi müxalifət kəskin azalıb», «siyasi məhbuslar var» və s. Sənəddə Azərbaycan qanunvericiliyi də tənqid olunur. Guya hökumət «Dini etiqad azadlığı haqqında» Qanun və ona edilən dəyişikliklərlə ölkədə dini praktikanı nəzarətdə saxlayır.

Belə təəssürat yaranır ki, ABŞ Azərbaycan dövlətinin dini radikalizm və ekstremizmin qarşısının alınması istiqamətindəki səylərini qəbul etmir. Azərbaycanın Qərbin nüfuzunun yayılmasında alət kimi istifdə olunan xristian sektalarının fəaliyyətinə qarşı atdığı qanuni addımlar isə Vaşinqtonu dəqiq qane etmir. Hər halda, USCIRF-nin hesabatında Azərbaycandakı «Yehova şahidləri» icmasının illərdir rəsmi qeydiyyat gözləməsindən narazılıq ifadə olunur.

Hesabatın yekun hökmü ondan ibarətdir ki, Birləşmiş Ştatlar Azərbaycana təzyiq göstərməlidir və Dövlət Departamenti bu nəticə ilə tam razıdır. Üstəlik, Co Bayden administrasiyasının «müstəqil komissiya»nın qənaəti ilə razılaşdığı əsas məqam Azərbaycanın Qarabağ regionunda yaşananlarla bağlıdır. Artıq burada, necə deyərlər, «pişiyin quyruğu görünür».

 

Amerikanın marağı və erməni izi

Azərbaycanın «dini azadlıqlar» kontekstində nəzarət edilməli olan ölkələr siyahısına salınmasının yeganə əsası Qarabağda 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən sonra guya oradakı xristian məbədlərinə «təhlükə»nin yaranmasıdır. Halbuki Dövlət Departamentinin Azərbaycan əleyhinə qərarın qəbulu zamanı istinad etdiyi hesabatda faktlar tam təhrif olunub. Guya 2022-ci ilin dekabrından başlayaraq, Qarabağ erməniləri «ciddi ərzaq, yanacaq və dərman problemi ilə üzləşib»miş, Azərbaycan hökuməti «Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizdə – nəqliyyat marşrutunu tam blokadaya alıb»mış. Azərbaycanın özünün Qarabağ regionunun dağlıq hissəsində cinayətkar, separatçı xuntanın mövcudluğuna son qoyduğu, erməni işğalından azad edilmiş əraziləri üzərində suverenliyini tam bərpa etdiyi antiterror tədbirləri isə amerikalıların hesabatında «hərbi cinayət» kimi təqdim olunub. Guya bu tədbirlərin məqsədi «regionun zorla geri qaytarılması» imiş və bu zaman «100 mindən çox etnik erməni oradan kütləvi şəkildə çıxmalı olub». Bununla yanaşı, hesabatda «Dağlıq Qarabağ və son illər Azərbaycanın nəzarətinə qayıtmış qonşu ərazilərdəki dini obyektlərin qorunması və müdafiəsindən narahat olan» «çoxsaylı təşkilatlar»a istinad edilib.

Azərbaycanın isə Vaşinqtonu geniş istifdə etdiyi ikili standartlar siyasətində günahlandırması üçün tam əsasları var. Hər halda, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu 30 ildə Birləşmiş Ştatlar bir dəfə olsun, Ermənistanı hərbi təcavüz həyata keçirmiş ölkə adlandırmayıb. Halbuki bu təcavüz nəticəsində məsələn, Azərbaycan xalqının çoxsaylı mədəni irs abidələri, o cümlədən məscidlər və digər müqəddəs məkanları məhv və ya təhqir edilib.

ABŞ Dövlət Departamentinin Azərbaycanın dini azadlıqların pozulması riski üzündən nəzarət edilməli olan ölkələr siyahısına salınmasını pisləyən Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında xüsusi vurğulanır ki, Amerika təşkilatının hesabatının hazırlanmasında ermənipərəst mənbələrdən istifadə olunub, hadisələrə məqsədli şəkildə yanlış izah verilib. Məsələn, Dövlət Departamenti Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyinə dair bir kəlmə də danışmır.

«Ermənistan Azərbaycan ərazilərinin işğalı vaxtı Qarabağ və Şərqi Zəngəzurda məscidlər heyvan saxlama yerlərinə çevrilib, yararsız vəziyyətə salınıb, Qafqaz Albaniyası irsinə aid abidələr erməniləşdirilib, müsəlman qəbiristanlıqları talan edilib», - deyə Komitənin bəyanatında bildirilir.

Dövlət Komitəsindən bildiriblər ki, hazırda Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış dini və tarixi abidələri fəal şəkildə bərpa edir: «Dövlət Departamentinin bəyanatında Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsinin, hətta oradakı minlərlə erməni dilində olan kitabın qorunub saxlanıldığının qeyd edilməməsi təəccüb doğurur. Bu cür qərəzli və əsassız qiymətləndirmələr Bakı-Vaşinqton münasibətlərinə xələl gətirir». Qurum hesab edir ki, əslində, Ermənistan və xüsusilə müsəlmanların hüquqlarının ciddi şəkildə pozulduğu ABŞ nəzarətə götürülməlidir.

Beləliklə, Amerika komissiyasının ermənipərəst hesabatının və ABŞ Dövlət Departamentinin anti-Azərbaycan qərarının əsl səbəbi məlumdur. Vaşinqton Cənubi Qafqaz regionunda yeni reallıq yaratmış Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmir. Bakı Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə ölkə Konstitusiyası ilə nəzərdə tutulmuş bütün hüquqları tanımağa hazır olduğunu desə də, Vaşinqton bunu da nəzərə almaq istəmir. Halbuki burada söhbət həm də dini, təhsil, dil, milli kimliyin qorunub saxlanması hüquqlarından gedir. Amerika Azərbaycan dövlətinin milli və dini mənsubiyyətindən asılı olmayaraq, ərazisində yerləşən bütün mədəniyyət abidələrini qoruduğunu da «görmür». Bu mənada, Qarabağda və bütünlükdə Azərbaycan ərazisindəki xristian abidələri də Azərbaycanın ümumi mədəni irsinin ayrılmaz hissəsidir.

ABŞ-ın tərəfsiz olmadığını göstərən daha bir məqam: Dövlət Departamentinin əsas götürdüyü yalan dolu hesabat erməni lobbisinin fəalı Daniel Aşbaxyan tərəfindən hazırlanıb. O, USCIRF-yə gələnədək ABŞ-dakı əsas erməni diaspor təşkilatlarından olan Amerika Erməni Assambleyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsini tutub. Belə çıxır ki, Dövlət Departamenti Azərbaycandakı vəziyyəti düzgün, obyektiv qiymətləndirməsi mümkün olmayan şəxsə Birləşmiş Ştatların dini azadlıqlar sahəsindəki siyasətinə təsir etmək, Bakı-Vaşinqton münasibətlərinə zərbə vurmaq imkanı yaradıb. Üstəlik, bu zərbə şübhəsiz ki, Amerikanın Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək perspektivinə də öz təsirini göstərəcək.

 

Dövlət Departamenti səhvini təkrarlayır

Əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə xarakterizə olunan, bununla da Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şansın yarandığı yeni regional reallıqda əsas heyrətləndirici olan heç də Vaşinqtonun Bakıya ənənəvi qərəzli münasibət göstərməsi deyil. Söhbət ondan da getmir ki, ABŞ qlobal miqyasda ən uğurlu multikulturalizm ənənələri göstərən, müxtəlif millətlər və dinlərdən olan insanlar arasında sülh və barışığın hökm sürdüyü Azərbaycana qarşı növbəti biabırçı ədalətsizlik aktına imza atıb. Hər halda, Azərbaycan Birləşmiş Ştatlar tərəfindən ilk dəfə deyil ədalətsizliklə üzləşir. Bu ölkə ötən illər ərzində qanunvericiliyinə Azərbaycanla bağlı müxtəlif məhdudlaşdırıcı düzəlişlər belə, edib. Əsas paradoks ondadır ki, belə bir vəziyyətdə Vaşinqton Azərbaycanla Ermənistan arasında vasitəçiliyə iddiasını davam etdirir. Hər halda, Dövlət Departamentinin yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda bir araya gəlməsini gözləməsi bundan xəbər verir. Halbuki Azərbaycan bu iki ölkəyə münasibətdə neytrallıq göstərməyən hər hansı dövlətin vasitəçiliyinə imkan verməyəcəyini hər zaman açıq şəkildə ifadə edib və buna lap elə bu yaxınlarda amerikalıların özləri də şahid olublar. Bakı bunu onlara yalnız Azərbaycanla düşmənçilik yolu seçərək, ermənipərəst mövqe tutan Fransanın timsalında göstərməyib. ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərdən sonra yaranmış böhranın aradan qaldırılması işinə sonda dövlət katibinin özü qarışmalı olmuşdu. O'Brayenin Bakıya yalnız bundan sonra etdiyi səfər isə sanki Azərbaycan-ABŞ münasibətləri üçün son zamanlar yaranmış çətinliklərin aradan qaldırılması pəncərəsi açmış, eyni zamanda Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasında Vaşinqtonun vasitəçiliyinin bərpasına imkan yaratmışdı. Lakin indi, ABŞ-ın beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna növbəti dəfə zərbə vurmaq cəhdindən sonra belə çıxır ki, Blinken və onun rəhbərlik etdiyi qurum Bakı-Vaşinqton dialoqunu yenidən «dalana dirəyib». Bu isə əlbəttə ki, Bakı-İrəvan danışıqlarında «Vaşinqton meydançası»nın perspektivinə öz təsirini göstərəcək. Həqiqətən də, ABŞ-ın «dini azadlıqlar»dan narahatlıq bəhanəsi ilə guya Azərbaycanın özünə məxsus Qarabağ regionunda «pozuntular»a yol verdiyi fikrini gündəmdə saxlamağa çalışdığı şəraitdə Vaşinqtonun vasitəçiliyi bərpa edə biləcəyini gözləməyə dəyərmi?

İndi bir şey məlumdur – Azərbaycan xalqı və dövləti üçün Amerikanın hakimiyyət mərkəzlərinin «cızma-qara»sının heç bir dəyəri yoxdur. Azərbaycan bundan sonra da yalnız öz milli maraqlarından çıxış edəcək, dövlət müstəqilliyini gücləndirmək üçün əlindən gələni əsirgəməyəcək. Bu reallığı nəzərə almayan, üstəlik, ona mane olmağa çalışan Birləşmiş Ştatlar isə bir daha əmin olacaq ki, anti-Azərbaycan fəaliyyəti heç kimə geosiyasi dividend qazandırmayacaq.



MƏSLƏHƏT GÖR:

89