20 Dekabr 2024

Cümə, 20:56

“BAYER”İN DÜŞƏRGƏSİNDƏ

“Qarabağ”ın baş məşqçisinin Almaniyaya yürüşü

Müəllif:

01.02.2024

Futbol üzrə Azərbaycan çempionatında yaranan fasilədən istifadə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya səfər edib. Təcrübəli məşqçi qısamüddətli səfər zamanı Leverkuzenin “Bayer” klubunun düşərgəsində olub, baş məşqçi Xabi Alonso ilə görüşüb. Məqsəd ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaq idi.

 

Alonsoya Qarabağ xalçası

Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib, sonra fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müxtəlif illərdə “Barselona”, “Qalatasaray” və “Çelsi” klublarına baş çəkən Q.Qurbanov Xosep Qvardiola, Frank Raykard və Antonio Konteylə görüşüb. 51 yaşlı Qurbanov mütəmadi olaraq ona maraqlı olan həmkarlarının iş metodu ilə maraqlanır və təcrübəsini artırmaqdan yorulmur. Dəfələrlə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilən Q.Qurbanovun daim təcrübəsini artırması təqdirəlayiq addımdır. Onun sözlərinə görə, futbol daim inkişaf edir, uğurların davamlı olması üçün məşqçilər də üzərində işləməli, yeniliklərə hazır olmalıdırlar.

“Qarabağ”ın baş məşqçisi jurnalistlərə açıqlamasında “Bayer”in oyun üslubu və uğurlu nəticələrinin onu cəlb etdiyini deyib: “Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.

O, “Bayer”in məşqində iştirakını uğurlu hesab edir: “Səfərin ilk günündə “Bayer”in məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Almaniya və Azərbaycan təmsilçiləri müvafiq olaraq birinci və ikinci yerləri tutataq öz qruplarından növbəti mərhələyə yüksəliblər.

 

Yaxşı təcrübə

Q.Qurbanov həmkarı ilə hələ oyunlar zamanı ünsiyyət qurduğunu bildirib: “Bayer”lə hər iki oyunumuz bizə yaxşı təcrübə oldu. Səfərdə çətinlik çox yaşadıq. Bakıdakı oyunda komandam rəqibdən çəkinmədi, 90 dəqiqə yaxşı mübarizə sərgilədi. Sonda penalti zərbəsinə görə uduzduq. Amma “Bayer”in daha güclü olduğunu etiraf etməliyik. Almaniya klubu böyük turnirlərin finalında mübarizə aparıb. Xabi Alonsonun iş prinsipi məhz oyun baxımından maraq oyatdı. Futbolçu kimi həm millidə, həm aparıcı klublarda böyük uğurlar qazanıb. İndi isə “Bayer”də mübarizə komanda formalaşdırıb. Həm Bundesliqada, həm avrokuboklarda məğlubedilməzlik seriyası qazanıb. Leverkuzen təmsilçisinin çox az məğlubiyyəti var. Alonso ilə müxtəlif mövzularda danışdıq. Çox istərdim ki, münasibət bu səfərlə kifayətlənməsin. İmkan olduqca belə səfərlərimiz olsun və təcrübəmizi artıraq”.

“Bayer”in baş məşqçisi Xabi Alonso da təcrübə mübadiləsindən razı qalıb və Avropa Liqasında “Qarabağ”a azarkeşlik edəcəyini söyləyib: “Məlumdur ki, növbəti oyununuz “Braqa”ya qarşı olacaq. Bu matçda sizə uğurlar arzu edirəm. Mən “Qarabağ”ı dəstəkləyəcəyəm”.

Xatırladaq ki, fevralın 15-də “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə baş tutacaq, bir həftə sonra isə komandalar Bakıda üz-üzə gələcək.

Q.Qurbanov önəmli matç barədə fikirlərini “Region Plus” jurnalı ilə bölüşüb: “Gərgin matç olacaq. Portuqaliya klubları tez-tez taktikanı dəyişməyi sevir, əzmkar mübarizə ilə diqqəti cəlb edir. Heyətlərində təcrübəli futbolçuların sayı çoxdur. Hər iki oyun “Qarabağ” üçün çətin olacaq. Biz rəqibdən çəkinmirik, bu mərhələdə də layiqli oynamağa çalışacağıq”.



MƏSLƏHƏT GÖR:

106