20 Dekabr 2024

Cümə, 21:18

İDMANIN PAYTAXTLARINDA

Yeni layihə çərçivəsində Quba və Qəbələ idmançıların cazibə mərkəzinə çevrilib

Müəllif:

01.02.2024

Gənclər və İdman Nazirliyi yeni ilə fərqli layihə ilə başlayıb. Qurumun Kollegiya İclasında qəbul edilən qərara əsasən, 2024 və 2025-ci illərdə ölkədə idman paytaxtı olacaq şəhərlər seçilib. Yekun nəticədə Quba 2024, Qəbələ isə 2025-ci ildə Azərbaycanın “İdman paytaxtı” adını daşıyacaq.

Quba şəhərinin “İdman paytaxtı” kimi təqdimatında Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak ediblər. Burada qubalılara maskot “Fuji” təqdim edilib. Daha sonra nazir Fərid Qayıbov idman paytaxtının rəmzi açarını icra başçısı İlqar Mahmudova təqdim edib.

 

Dünyaya açılan Quba

“İdman paytaxtı” layihəsinin əsas məqsədi ölkə idmanının inkişafını regionlara daşımaqdır. Sirr deyil ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İl ərzində Bakı müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına eləcə də turnirlərə ev sahibliyi edir. Bu layihə əsasında isə bölgələrdə olan infrastruktur yenilənəcək, idman yarışları Bakıdan kənarda təşkil ediləcək. İl ərzində Qubada idman həyatı zəngin olacaq.

Gənclər və idman naziri Fərid Qayıbov layihənin əhəmiyyəti barədə bunları deyib: “Qubanın 2024-cü ilin idman paytaxtı seçilməsi təsadüfi deyil. Bu il burada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və tədbirlər keçiriləcək”.

Tədbirdə 20-dən çox idman federasiyasının iştirak etdiyini deyən nazir ilboyu Qubada bütün növ yarışların keçiriləcəyini vurğulayıb: “Bu il Qubada da beynəlxalq turnirlər keçiriləcək. Dövlət tərəfindən yaradılan şərait burada müxtəlif yarışları keçirməyə imkan verir”.

Quba İdman Kompleksinin ötən ilin ən aktiv idman obyekti seçildiyini xatırladan nazir əlavə edib: “Ölkədə fəaliyyət göstərən 50 metrlik dörd hovuzdan biri məhz burada yerləşir. Digər komplekslərimizdə də belə yüksək səviyyəli şəraitin yaradılması, yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Hətta bir çox kompleks artıq tam təmir olunub. Həmçinin paytaxt və regionlarda yeni idman qurğuları istifadəyə verilib. İnanırıq ki, bu qurğular nəticəsində idmanımız daha da inkişaf edəcək, müxtəlif növlər üzrə milli komandalarımıza yeni idmançılar cəlb olunacaq”.

 

Renovasiyadan sonra

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qubanın “İdman paytaxtı” seçilməsi ilə bağlı fikirlərini bölüşüb. İcra başçısı bildirib ki, bu addım rayonda idmanın inkişafına böyük təkan verəcək: “Hazırda Qubada 8 mindən artıq gəncimiz idmanla məşğul olur. Onlar arasında yüksək nailiyyətlər əldə edənlər də var. İnanırıq ki, bu il nailiyyətlərimiz daha da çox olacaq. Bütün federasiyaların burada yarışlar keçirməsi nəzərdə tutulub. Layihə qubalılara böyük dəstək olacaq. İdmana axın artacaq. Çox istərdik ki, gələcəkdə müxtəlif milli komandalarda qubalıların sayı daha çox olsun, onların sorağı dünya və Avropa çempionatlarından gəlsin”.

Quba Olimpiya Kompleksi yenidən təmir edilib və hazırda istənilən mötəbər idman yarışına ev sahibliyi etməyə qadirdir. “İdman paytaxtı” çərçivəsində 2024-cü ildə Qubada təşkil ediləcək seçmə yarışlarda yeniyetmələrin iştirakına şərait yaradılacaq. Qubalılar arasında perspektivli olacaq idmançılar müxtəlif bölmələrə yönəldiləcək.

“Quba - İdman paytaxtı 2024” layihəsi çərçivəsində ilk yarış artıq baş tutub. Azərbaycan Alpinizm Federasiyasının üzvləri Şahdağa yürüş təşkil ediblər. Yürüş zamanı iştirakçılara alpinizm üzrə master-klass keçirilib.



MƏSLƏHƏT GÖR:

108