23 Noyabr 2024

Şənbə, 19:24

ÇOX UZUN İLLƏRƏ

BP-nin Azərbaycanda layihələrlə bağlı planları şirkətin uzun müddət ərzində ölkədə qalmaq niyyətindən xəbər verir

Müəllif:

01.02.2024

2024-cü ildə Azərbaycanda “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü daxil olmaqla, bir çox tarixi hadisələr qeyd olunacaq. Azərbaycanın neft strategiyasına start verildiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının işlənməsi layihəsinin bu il 30 illik yubileyi qeyd olunacaq. Bununla ölkəyə xarici sərmayə axınının əsası qoyulub, onun iqtisadi və siyasi sabitliyini, firavan gələcəyi təmin edilib.

İldönümün rəqəmi bütöv, yaş yetkin, hekayə maraqlıdır. 30 il ərzində çox böyük işlər görülüb, 7 hasilat platforması istifadəyə verilib, 584,7 milyon ton neft və 216,3 milyard kubmetr səmt qazı hasil edililib. Qarşıda bizi layihə ilə bağlı az əhəmiyyət kəsb etməyən hadisələr gözləyir. Belə ki, çox yaxın gələcəkdə AÇG blokunda yeni hasilat platformasından - “Mərkəzi Şərqi Azəri”dən ilk neft hasilatı gözlənilir və bu da ölkədə neft hasilatının sabitləşməsinə töhfə verəcək. Bundan başqa, bu il AÇG blokunda dərin yaylardan təbii qaz (“deep-gas”) hasilatına başlanılacaq. Bu, Azərbaycanda “mavi yanacaq” hasilatının ümumi həcmini artırmağa imkan verəcək.

Bu arada, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin Bakıya səfəri bu layihələrin, eləcə də Britaniya şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunub.

 

Optimallaşdırma yolunda

Q.Birrelin səfəri beş gün (16-20 yanvar) davam edib və kifayət qədər məhsuldar olub. Səfərin məqsədi BP-nin regiondakı biznesinin gedişatı və operatoru olduğu layihələr üzrə 2024-cü il üçün nəzərdə tutulan işlərlə tanış olmaq olub. Vitse-prezident Britaniya şirkətinin regional nümayəndəliyinin rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirib, bu yaxınlarda dənizdə quraşdırılmış yeni “Mərkəzi Şərqi Azəri” platformasına baş çəkib.

Bundan əlavə, Q.Birrell Azərbaycanın Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb.

“Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunub”, - “BP-Azerbaijan” şirkətinin məlumatında qeyd edilib.

Bundan əlavə, Azərbaycanın Cəbrayıl rayonunda günəş elektrik stansiyasının (GES) birgə inşası da müzakirə olunub.

AÇG-nin ölkə iqtisadiyyatında davam edən rolunu nəzərə alsaq, bu layihənin danışıqların əsas mövzusu olduğunu təxmin etmək çətin deyil. Axı, 30 il təkcə bütöv rəqəm deyil, həm də yatağın istismar müddətidir ki, bu da onun neft ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Neft hasilatının azalması onun satışından əldə edilən gəlirdə və müvafiq olaraq həm dövlət, həm də investorlar üçün müəyyən göstəricilərdə özünü göstərir.

Məlum olduğu kimi, neft bərpa olunan enerji mənbələri kateqoriyasına aid deyil və buna görə də səhmdarların qarşısında müasir texnologiyaların tətbiqi ilə yatağın işlənməsi müddətinin maksimum dərəcədə uzadılması vəzifəsi durur.

“2024-cü ildə biz AÇG blokunun 30 illiyini qeyd edəcəyik və artıq bir neçə ildir ki, blokda neft hasilatının azaldığını müşahidə edirik. Bununla əlaqədar həm SOCAR, həm də Azərbaycanın dövlət qurumları ilə mütəmadi olaraq iş aparılır. Hazırda əsas müzakirə mövzusu 2049-cu ilə qədər yataqların maksimum səmərəli idarə edilməsinə nail olunması ilə bağlıdır”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

SOCAR ilə quyuların və layların bərpası məsələlərinə dair həm rəhbərlik, həm də işçi qruplar səviyyəsində müzakirələr davam edir.

“Biz SOCAR-la neft hasilatının azalması problemi, həm operator kimi BP-nin, həm də Dövlət Neft Şirkətinin texniki imkanları hesabına rezervuarların istismar müddətinin uzadılması və hasilatın səmərəliliyinin maksimum artırılması ilə bağlı müzakirələr aparırıq”, - B.Aslanbəyli vurğulayıb.

 

4D mövsümü

2024-cü il yanvarın 20-dən BP 4-ölçülü (4D) seysmik tədqiqat proqramına başlayıb. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinin daha da optimallaşdırılmasına yönəlmiş işlərin bir hissəsidir.

Proqramın məqsədi AÇG blokunda “Balaxanı” və “Fasilə” məhsuldar layları öyrənməkdir. Tədqiqat seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik ərazini əhatə edəcək. Proqram beş il üçün nəzərdə tutulub (2024-2028-ci illər) və təxminən 370 milyon dollara başa gələcək. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

Beş il ərzində dənizdibi qovşaqlardan, həmçinin “Murovdağ” və “Quba” təchizat gəmilərindən istifadə edilməklə 5 monitorinqin aparılması nəzərdə tutulur. Tədqiqat işlərini “Caspian Geo LLC” şirkəti həyata keçirəcək.

Bir sözlə, BP əmindir ki, bu iş şirkətin özü və onun layihə tərəfdaşları, bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

“Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək”, - BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai bəyan edib.

 

İlk neft

Eyni zamanda BP yeni “Mərkəzi Şərqi Azəri” hasilat platformasının istismara verilməsinə fəal şəkildə hazırlaşır. Bu, blokda ümumi neft hasilatına müsbət təsir göstərməlidir.

Neft və qaz sənayesində “Mərkəzi Şərqi Azəri” ən son texnoloji standartlara uyğun qurulmuş müasir platformadır. Bu, lazım gələrsə, üzərində insanın iştirakı olmadan məsafədən idarə oluna bilər.

“Bu platformadan gözləntilər böyükdür... İnanıram ki, bu platforma yaxın illərdə AÇG-də neft hasilatının sabitləşməsinə töhfə verəcək”, - B.Aslanbəyli vurğulayıb.

Ümumiyyətlə, “Mərkəzi Şərqi Azəri” layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Onunla bağlı 6 milyard dollar dəyərində yekun investisiya qərarı 2019-cu il aprelin 19-da qəbul edilib. Bu layihə ilə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi, həmçinin 48 quyunun qazılması nəzərdə tutulur.

BP və onun AÇG üzrə tərəfdaşları əlavə quyuların qazılması və dəniz qurğularının quraşdırılması yolu ilə gündəlik 100 min barelə qədər neft və 350 min kubfut təbii qaz hasilatına nail olmağı gözləyirlər.

 

İlk “dərin qaz”

Bu ilin digər əlamətdar hadisəsi AÇG blokunda dərin yaylardan təbii qaz (“deep-gas”) hasilatı olacaq. Azərbaycan hakimiyyəti “deep-gas” layihəsi çərçivəsində “mavi yanacaq” hasilatına bu ilin sonuna kimi başlanılacağını gözləyir. Bu məqsədlə BP “Qərbi Çıraq” platformasında ilk hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır.

2023-cü ildə A22z quyusu AÇG-də dərin qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi üçün qazılıb. Hazırda əldə edilmiş məlumatların təhlili, o cümlədən hasilat məsələləri, daha dəqiq desək, layihənin texniki və kommersiya şərtləri ilə bağlı SOCAR və Azərbaycanın dövlət qurumları ilə müzakirələr davam etdirilir.

AÇG-də dərin qaz ehtiyatları hazırda 300 milyard kubmetr həcmində proqnozlaşdırılır. Onun işlənməsinin ölkədəki digər qaz yataqları (“Şahdəniz”, “Abşeron”, “Ümid Babək”) ilə birlikdə Azərbaycanda qaz hasilatının artmasına töhfə verəcəyi gözlənilir.

 

“Yaşıl dəstək”

Əsası “Əsrin müqaviləsi” ilə qoyulmuş BP ilə əməkdaşlıq bu müddət ərzində genişlənərək, neft-qaz çərçivəsindən çoxdan kənara çıxıb. Şirkət ölkədə kiçik və orta biznesə, Azərbaycanın təhsil və ekologiya sektoruna fəal dəstək verir, Ermənistanın işğalından azad edilmiş ərazilərdə meşələrin bərpası və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində yardım göstərir.

Məsələn, Şərqi Zəngəzur iqtisadi rayonunda BP Zəngilan rayonunda tarixi çinar meşələrinin bərpası və meşə zolağının yaradılması layihəsini həyata keçirməyi planlaşdırır.

Şərqi Zəngəzurda, lakin artıq Cəbrayıl rayonunda BP şirkəti 240 MVt gücündə yeni günəş elektrik stansiyasının inşasına hazırlaşır. İnvestisiyalar 200 milyon dollar həcmində qiymətləndirilir. Bu layihə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunduğundan, həm də bu enerjinin beynəlxalq bazarlara çıxarılması baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu, həm də BP-nin bərpa olunan enerji sektoruna investisiyaları genişləndirmək və enerji səmərəliliyini artırmaq maraqlarına cavab verir.

Artıq Azərbaycanın vergi orqanları layihəni həyata keçirəcək “Shafag (Cəbrayıl) Solar Limited” şirkətinin Azərbaycan nümayəndəliyini qeydiyyatdan keçirib. Onun rəsmi nümayəndəsi Böyük Britaniya vətəndaşı Qari Consdur (BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti).

Gözlənilir ki, gözəl adı olan (“Şəfəq”) GES-də ildə 500 kVt/saat elektrik enerjisi istehsal olunacaq. Yekun investisiya müqaviləsinin imzalnmasını gözləmək və stansiyanın fiziki tikintisinə keçmək qalır. Həm şirkət, həm də hökumət bu prosesin bu il ərzində başlayacağını gözləyir.

Neft və təbii qaz hasilatı sahəsində uzunmüddətli əməkdaşlıqla yanaşı, SOCAR ilə BP “Metan Rəhbər Prinsipləri” (MGP) və Anlaşma Memorandumu imzalamaqla Azərbaycanın neft-qaz sektorunda metan səviyyəsinin azaldılması sahəsində də əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

2023-cü il noyabrın 30-da qlobal metan emissiyalarını azaltmaq üçün yeni təşəbbüs elan edilib. Bu təşəbbüsün bir hissəsi olaraq SOCAR və BP Azərbaycanın enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsinin hazırlanması səylərini dəstəkləmək üçün əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirmək niyyətindədir.

Sənədə əsasən, şirkətlər metan səviyyəsinin azaldılması, tullantıların ölçülməsi, hesabat, audit və s. üzrə bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində birgə çalışacaqlar.

“Bu memorandumun imzalanması qarşılıqlı əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyir. Əminik ki, bu əməkdaşlıq metan qazının azaldılması və iqlimin qorunmasına əhəmiyyətli töhfələr verəcək. Birlikdə metan idarəetmə texnologiyaları üzrə təcrübə və fikirləri bölüşəcək, birgə texnologiya sınaqları və kampaniyaları üçün imkanları müəyyən edəcək və metan emissiyalarının azaldılması ilə bağlı məlumatlılığın artırılmasına töhfə verəcəyik”, - SOCAR-ın vitse-prezidenti Əfqan İsayev söyləyib.

“Biz Azərbaycanda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş bu mühüm sənədi imzalamağa çox şadıq. Bu sənəd qeyd olunan sahədə səyləri birləşdirməyə imkan verəcək. İnanırıq ki, birlikdə sənayenin, cəmiyyətin və hökumətin metan emissiyalarının azaldılması səylərinə daha güclü dəstək verə bilərik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkədə metan sahəsinə əhəmiyyətli dəyişikliklər gətirmək üçün SOCAR-la sıx işləməyə davam edəcəyik”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Beləliklə, gələcəkdə həyata keçiriləcək işlərin həcmi onu deməyə əsas verir ki, BP fəaliyyət sahələrini genişləndirərək uzun illər burada qalmağı planlaşdırır. Birgə layihələrin həyata keçirilməsi nəticəsində əldə edilən nailiyyətlər isə onu deməyə əsas verir ki, belə səmərəli qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da Azərbaycanın, onun iqtisadiyyatının və enerji sektorunda yeni istiqamətlərin inkişafına töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

97