Müəllif: Elçin HÜSEYNOV
Şübhəsiz ki, yay əksər azərbaycanlılar və digər ölkələrin sakinləri üçün ilin ən çox gözlənilən fəslidir. Yay günəş, çimərliklər, istirahət, dadlı dondurma, kəndə və təbiətə səyahətlər, açıq havada kafe və restoranlar, macəralar, xarici ölkələrə səfərlər deməkdir. Bu fəsil ən əsası arzuların həyata keçməsinə imkan verən, uzun müddət ərzində gözlənilən tətil deməkdir.
Alimlərin fikrincə, 2024-cü il rekord göstəricinin qeydə alındığı 2023-cü ildən daha isti ola bilər. Bu, Sakit okeanın ekvator hissəsinin normal səviyyədən üç dərəcədən çox istiləşməsinə səbəb olan temperatur fenomeni - “El Nino”nun təsiri ilə bağlı olacaq. Bəs bu, insanlarda yayda istirahət etmək və əylənmək istəyini dayandıra bilərmi? Əlbəttə ki, YOX. Axı, bir çox insan ilin əvvəlindən pula qənaət edir, tətilini planlaşdırır, səyahət tarixləri və istiqamətləri müəyyənləşdirir, bilet alır, hotellər bron edir... Üstəlik, insanlar yaxşı görünmək üçün pəhriz saxlayırlar.
2024-cü ildə ən yaxşı səyahət istiqamətləri
Yəqin ki, hər kəsi 2024-cü ildə ən maraqlı və ən yaxşı turistik istiqamətlər maraqlandırır. Səyahətçilər üçün dünyanın ən böyük platforması olan “TripAdvisor” bu ilin ən trend istiqamətlərini artıq açıqlayıb. Maraqlıdır ki, azərbaycanlıların bəyəndiyi Avropa marşrutları hətta ən gözlənilən marşrutlar siyahısına belə, daxil edilməyib. Reytinqdə ən yaxşılar arasında Tokio, Seul, Halonq körfəzi (Vyetnam), Palavan adası (Filippin), Sapa adlı ucqar kənd (Vyetnam), Boqota şəhəri (Kolumbiya), Taylandın məşhur Pattaya şəhəri, Alaxuela (Kosta-Rika), Pnompen (Kamboca) və Kuala-Lumpur var. “TripAdvisor”un reytinqində ilk 25-liyə Avropadan cəmi 1 şəhər düşüb. Bu, reytinqdə 21-ci yeri tutan Rumıniyanın Braşov şəhəridir.
Azərbaycanın paytaxtı Bakı şəhəri isə “2024-cü ilin ən yaxşı qastronomik istiqamətləri” siyahısında 13-cü yerdədir. Bu siyahıya Hanoy, Roma, Krit, Kusko, Florensiya, Yeni Delhi, Barselona, Yeni Orlean, Lissabon, Pxuket, Paris və Caypur kimi şəhərlər, həmçinin Krit adası rəhbərlik edir.
Məşhur səyahət bələdçisi olan “Lonely Planet” də 2024-cü ildə səfər üçün ən yaxşı istiqamətlərin siyahısını açıqlayıb. Bununla bağlı bəzi sürprizlər olub. Məsələn, “Lonely Planet” Monqolustanı geniş açıq məkanları, macəra tədbirləri, fərqli yemək və musiqi mədəniyyətinə görə ən yaxşı istiqamət adlandırıb. İlk 10-luğa həmçinin Meksika, Xorvatiya, Benin, Özbəkistan, Hindistan, Mərakeş, Çili, Pakistan və Sent-Lüsiya daxil olub.
Bu il ziyarət üçün tövsiyə olunan şəhərlərin reytinqinə isə Keniyanın paytaxtı Nayrobi başçılıq edir. Nayrobi özünəməxsus ritmləri, dərin təəssürat yaradan yerli restoranları, incəsənət və mədəniyyət məkanlarının daim yenilənməsinə görə “Lonely Planet” ekspertləri tərəfindən ən yaxşı şəhər istiqaməti seçilib. İlk onluğa həmçinin Paris, Praqa, Monreal, Mostar (Bosniya və Herseqovina), Filadelfiya, Manaus (Braziliya), Cakarta, İzmir və Kanzas Siti daxildir.
Qiymət-keyfiyyət nisbətinin ən yaxşı olduğu yerlərə Orta Qərbi ABŞ, Əlcəzair, Polşa, Nikaraqua, Bolqarıstan, Normandiya (Fransa), azərbaycanlıların artıq sevdiyi Misir, İkariya (Yunanıstan) və Yeni Zelandiya daxildir.
Yeri gəlmişkən, Rusiya Səyahət Sənayesi İttifaqının məlumatına görə, Azərbaycan rusiyalıların 2024-cü ildə yay tətilini keçirməyi planlaşdırdıqları ilk 10 ölkə sırasındadır.
Büdcəli, lakin komfortlu istirahət
Azərbaycanda bir çox insan tətilini iyun, iyul və avqust aylarında keçirməyi planlaşdırır. Amma hər kəs büdcəli tətilin imkanları haqqında məlumatlı deyil. Məsələn, may, sentyabr və ya hətta oktyabr ayları ilə bağlı da. Qeyd edək ki, hər kəsin sevdiyi Türkiyədə çimərlik mövsümü artıq may ayında aktiv fazadadır: xüsusilə Antalya bölgəsində (Alanya, Kemer, Belek, Side və s.). Bu ərazidə çimərliklərlə yay mövsümü oktyabrın sonuna qədər davam edir. Ən əsası isə buradakı qiymətlər həm yazın sonunda, həm də məxməri mövsümdə xoş mənada təəccübləndirir.
Birincisi, turpaketlər 50% endirimlə təklif edilə bilər. Söhbət 40-50% endirimlərin elan edildiyi, lakin adi yay qiymətləri ilə demək olar ki, eyni olan qış dövründə təklif olunan turlardan getmir. Beləliklə, may və ya payız aylarında Türkiyəyə bir həftəlik 250-350 dollara (bilet, hotel və yeməklə birlikdə) “isti” turpaket tapmaq olduqca mümkündür.
İkincisi, aktiv olmayan yay mövsümündə həm aviabiletlər, həm də hotellər üçün qiymətlər həmişəkindən xeyli aşağı ola bilər. Bir çox aviaşirkətlər sərnişin fəallığının az olması səbəbindən mövsümdən əvvəl və sonra endirimlər təklif edir. Eyni şey, yayda - pik dövründə hotel nömrələrinin qiymətlərini 20-50% aşağı salan hotellərə də aiddir. Belə ki, dünyanın bir çox ölkələrinin çimərliklərində endirimli qiymətlərlə dincəlmək istəyənlər həm yazın sonları, həm də payız üçün - dənizin isti olduğu, yüksək temperaturunun və turistlərin çox olmadığı, lakin qiymətlərin ürəkaçan olduğu vaxtlarda - istirahətlərini rahatlıqla planlaşdıra bilərlər.
Bu “layfhak” təkcə Türkiyəyə deyil, demək olar ki, bütün ölkələrə aiddir. İtaliyanın Amalfi sahillərində (Pozitano, Salerno, Amalfi və s.) yayda hotel nömrələri yazın sonu və payızın əvvəlindəki qiymətlərdən 5 dəfə baha ola bilər. May ayında Monteneqroya turpaketlərin qiyməti də turisti kifayət qədər sevindirə bilər. Eyni məsələ Misir kurortlarına, bir çox ərəb və Avropa ölkələrinə aiddir.
Təcrübəli səyahətçilər erkən və büdcəli yay tətili üçün uyğun günləri aylar əvvəldən seçirlər. Məlumat üçün bildirək ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarına əsasən, 2024-cü ildə bu günlər qarşıdan gələn mövsümün qeyri-iş günləri hesab edilir: 10, 11 aprel - Ramazan bayramı; 9 May - Faşizm üzərində Qələbə Günü; 28 May - Müstəqillik Günü; 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 16, 17 iyun - Qurban bayramı. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına əsasən, 2024-cü ildə beş günlük iş həftəsi ilə istirahət günləri də iyunun 18 və 19-dur.
Qiymətlər, qiymətlər...
Təbii ki, bu gün hər kəs, ilk növbədə, yay turpaketlərinin qiyməti ilə maraqlanır. Yanvar ayından etibarən bir çox turizm agentlikləri erkən bron kampaniyası çərçivəsində Azərbaycan vətəndaşlarına turpaketlər təklif edir. Bunlara baqajla hava səyahəti, yeməyin də daxil olduğu hotel nömrələri (“hər şey daxil”), qrup transferi və sığorta daxildir.
İyun ayı üçün 7 gecəlik ən cəlbedici qiymətlər Marmaris, Fethiye kimi istirahət mərkəzlərinin yerləşdiyi Dalaman bölgəsi istiqamətində təklif olunur. Ən ucuz təklif sadə üçulduzlu hotellərdə yerləşdirilməklə 417 dollardan başlayır. Dörd ulduz üçün hazırda Marmarisdə 505 avrodan başlayan qiymətləri ödəməli olacaqsınız, 5 ulduz üçün minimum qiymət isə 645 avrodur. Fethiye və Ölü dənizdə “hər şey daxil” paketlərin qiyməti indi ən azı 850 dollara başa gələcək. Mövsüm ərzində isə bu paketlərin qiymətləri 150-200 dollar daha baha olacaq. Avqust üçün Marmarisə sadə beşulduzlu hotellərdə 6 gecəlik paketlər 855 dollardan başlayır.
Türkiyənin başqa bir sevimli kurortu olan Bodrumda 7 gecəlik təkliflər hazırda üçulduzlu hoteldə 750 dollardan, dördulduzlu hoteldə 800 dollardan, beşulduzlu hoteldə isə 920 dollardan başlayır.
Vizasız Avropaya üstünlük verənlər üçün yenə də yaxşı xəbərlər var. İyunun 10-dan sentyabrın 9-dək sevimli və yaşıl Monteneqroya tur paketləri əldə edə bilərsiniz. İndi erkən rezervasiya ilə siz hələ də iyun ayı üçün həftəlik paketləri 668 avrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz. Amma qeyd etmək lazımdır ki, ən ucuz paketlərə adətən yalnız səhər yeməyi daxildir. “Hər şey daxil” paketlər 300-400 avro baha olacaq.
Unutmayın ki, bunlar erkən rezervasiya tur paketlərinin qiymətləridir - yayda müraciət etdiyiniz zaman qiymət mütləq daha yüksək olacaq.
Güman ki, yayda Bakıdan Şarm əl-Şeyx, Dubay, Əbu-Dabi, Doha kimi isti kurortlara turist səfərləri ucuz başa gələcək. Ancaq eyni zamanda, belə kurortlarda iyul və avqust aylarında, həmçinin iyun və sentyabr aylarında dözülməz isti (+40-50°C) nəzərə alınmalıdır. Buna görə sağlamlıq vəziyyətinizi düzgün qiymətləndirin.
Amma qonşu Gürcüstanda Batumi, Kobuleti və Sarpi kimi kurortlarda istirahət qiymətlərinin təxminən ötən mövsümlə eyni olacağı gözlənilir: həftəlik 600-650 dollar. Biletləri öncədən alıb istəyinizə uyğun hotel və ya apartament seçsəniz, bu məbləği bir az da azalda bilərsiniz.
MƏSLƏHƏT GÖR: