Müəllif: Ağasəf NƏCƏFOV
Dünyanın əksər ölkələrində vətəndaşların həyat və sağlamlığına, həmçinin ekoloji baxımdan təhlükəsizliyinə təhdid yaradan texniki cəhətdən yararsız avtomobillərin utilizasiyası məsələsi aktual problemdir. Təxminən yarım əsr əvvəl bu problemin ən çox kəskinləşdiyi inkişaf etmiş ölkələrdə optimal həll yolu tapılıb. Belə ki, bu ölkələrdə avtomobil sahibləri nəqliyyat vasitələrinin utilizasiyasına təşviq edilir. Bundan başqa, bununla bağlı qaydaları pozanlara qarşı sərt cəzalar tətbiq olunur. Nəticədə, belə proqramlar ekoloji baxımdan effektli nəticələrin əldə olunması və təkmilləşdirilmiş yol hərəkəti təhlükəsizliyi ilə birlikdə yerli avtomobil istehsalını stimullaşdırır. Azərbaycan da analoji yolla gedir. Belə ki, ölkədə ötən il “Sənaye və məişət tullantıları haqqında” Qanuna dəyişikliklər qəbul edilib və 2024-cü il fevralın 1-dən Nəqliyyat vasitələrinin utilizasiyası fonduna ödənişlər başlayıb.
“Second hand”ə tələbat daha çoxdur?
Hələ 10 il bundan əvvəl Azərbaycan hökuməti ölkəyə işlənmiş avtomobillərin idxalına nəzarətin gücləndirilməsi, o cümlədən istismar olunan “second hand” (ikinci əl) avtomobil parkı üçün texniki standartlara ciddi əməl olunmasına dair ilk addımları atıb. Bu istiqamətdə görülən tədbirlərdən biri də 2014-cü ilin aprelində tətbiq edilməyə başlanılıb. Bununla “Avro-4” ekoloji standartına cavab verməyən avtomobillərin idxalına qadağa qoyulub. Bundan sonra da bu qəbildən təşəbbüslər həyata keçirilib. Belə ki, 2018-ci ilin dekabrında Azərbaycanda istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyasının bəzi aspektlərini əks etdirən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiq edilib. Üstəlik, ekoloji cəhətdən təmiz hibrid və elektromobillərin idxalı üçün stimullaşdırıcı tədbirlərə start verilib. Belə ki, 2022-ci ildə müəyyən mühərrik həcminə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən, elektrik enerji doldurucularının idxalı da gömrük rüsumundan azad edilib.
2023-cü ilin mart ayının sonunda təhlükəsiz olmayan və köhnəlmiş avtomobillərin tədarükünün qarşısının alınması üçün müntəzəm tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin qərarı ilə istehsal edildiyi tarixdən istifadə müddəti 10 ildən çox olan minik avtomobillərinin (benzin və dizel) idxalı məhdudlaşdırılır. Məqsəd atmosferə atılan zərərli maddələrin miqdarını azaltmaqla insanların həyat və sağlamlığının mühafizəsini gücləndirmək, o cümlədən ətraf mühiti qorumaqdır.
Beləliklə, sadalanan tədbirlər istismar müddəti uzun olan işlənmiş avtomobillərin idxalını müəyyən dərəcədə məhdudlaşdırıb. Lakin bunlar bazarın ümumi mənzərəsini ciddi şəkildə dəyişməyib. Təəssüf ki, bu bazar avtomobilin istehsal illəri baxımından dünyanın inkişaf etmiş ölkələrindəki göstəricilərdən çox uzaqdır. Ötən ilin sonuna Azərbaycanda qeydiyyata alınan 1,774 milyondan çox nəqliyyat vasitəsinin yalnız 15%-dən bir qədər çoxunu yeni kimi təsnif etmək olar. Qalanları isə əhəmiyyətli yürüş məsafəsi olan, köhnəlmiş, yaşı onillik həddini keçən nəqliyyat vasitələridir.
“İstehsal ili 10 ildən 20 ilə qədər olan avtomobillərin sayı 707 min 673-dür ki, bu da 39,3% təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1%-nin yaşı 20 ildən yuxarıdır”, - Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
M.Ağayevin təqdim etdiyi statistik məlumatlara görə, ötən ilin sonunda Azərbaycanda 3138 elektrik mühərrikli avtomobil qeydiyyata alınıb, yəni bu, respublika üzrə avtomobillərin ümumi sayının 0,2%-dən də azdır. Hazırda Azərbaycanda təxminən 42,5 min hibrid avtomobil var və bununla bağlı vəziyyət bir qədər yaxşıdır. Lakin hibrid avtomobillərin əsas payına çox köhnəlmiş və çox vaxt yararsız vəziyyətdə olan, əsasən taksi kimi istifadə edilən “Toyota Prius”lar düşür. Bir sözlə, yuxarıdakı rəqəmləri ümumiləşdirərək söyləyə bilərik ki, öz strukturuna (istehsal illərinə) görə yerli avtomobil parkı inkişaf etmiş ölkələrin deyil, Afrika və Asiyanın yoxsul ölkələrinin göstəricilərinə daha uyğundur.
“Nəqliyyat parkının yaş strukturuna baxanda havaya ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Avtomobil köhnəldikcə atmosferə atılan zərərli tullantılar da artır”, - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.
O, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini xatırladıb: “Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir”.
Köhnə avtomobil – zibilxanaya
Yerli avtomobil bazarındakı disbalansın aradan qaldırılması üçün “Sənaye və məişət tullantıları haqqında” Qanuna əlavə və dəyişikliklər qəbul edilib. Yenilənmiş sənədə əsasən, ölkəyə gətirilən və buraxılışından 4 il keçən avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı tutulacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb. Fond fevralın 1-dən fəaliyyətə başlayıb. Xüsusilə idxal olunan minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı tutulacaq: yaşı 4 ildən 7 ilə qədər olan avtomobillər üçün bu məbləğ 400 manat, 7 ildən yuxarı olan avtomobillər üçün 700 manat müəyyən edilib.
Avtomobil sahibləri utilizasiya haqqı ödəyəcək və nəqliyyat vasitələrini texniki baxışdan keçirəcəklər. Ödənişlərin məbləği isə avtomobilin istehsal ilindən asılı olacaq. Belə ki, bu ödəniş yaşı 4 ildən 10 ilə kimi olan avtomobillər üçün 10 manat, 10-20 ilə qədər olan avtomobillər üçün 20 manat, 20-30 ilə qədər olan avtomobillər üçün 30 manat, 30 ildən yuxarı olan avtomobillər üçün 40 manatdır.
Öz növbəsində, Nazirlər Kabineti 2024-cü il 31 yanvar tarixli qərarı ilə bu fonddan vəsaitlərin formalaşdırılması və istifadəsi qaydasını təsdiq edib.
“Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək”, - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova vurğulayıb.
Maraqlıdır ki, utilizasiya proqramı çərçivəsində utilizasiya ilə məşğul olan şirkətlərin qeydiyyata alınacağı, utilizasiya prosesinin müəyyən ediləcəyi və onların işinə nəzarət olunacağı müvafiq reyestrin aparılması aspektləri işlənib hazırlanıb. Xüsusilə, belə şirkətlərin vergi borcu olmamalı, onların avtonəqliyyat vasitələrinin qəbulu, saxlanılması və utilizasiyası üçün müvafiq qapalı binaları, zəhərli tullantıların, sökülən komponentlərin və mexanizmlərin saxlanılması üçün müvafiq avadanlıq və təhlükəsiz yerləri olmalıdır.
Köhnə avtomobillərin utilizasiyaya verilməsi növbəli və ödənişsiz həyata keçirilir. Bunun müqabilində belə avtomobillərin sahiblərinə güzəştin məbləğini və birdəfəlik ödəməni əks etdirən təsdiqedici sənəd verilir.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun sözlərinə görə, “Təmiz Şəhər” artıq bütün prosesin avtomatlaşdırılması istiqamətində işlərə başlayıb: “Bundan başqa, vətəndaşlar proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və özləri də icraatın hansı mərhələdə olduğunu izləyəcəklər”.
“İstehsalat və məişət tullantıları haqqında” qanuna edilən dəyişikliklər əsasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlanıb. Bu dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən avtosalonlar tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək. Qanunvericiliklə müəyyən edilmiş müddətdə avtomobilin utilizasiyasını təsdiq edən müvafiq arayış təqdim edilmədikdə utilizasiya şirkətləri üçün də cərimələr nəzərdə tutulur. Vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə olunacaqlar. Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Qərar verənlər üçün güzəştlər
Bütün son dəyişikliklərin əsas məqamı odur ki, köhnə avtomobillərin utilizasiyasına vətəndaşların təşviq edilməsi üçün fondda yığılan vəsaitlərdən istifadə olunacaq. Nazirlər Kabinetinin qərarına əsasən, kvadrosikllər və təkərləri dörddən az olan avtonəqliyyat vasitələri üçün utilizasiya güzəştlərinin məbləği 200 manat təşkil edəcək. Minik avtomobilləri və mikroavtobuslar (sərnişin yerlərinin sayı 8-dən çox olmayan), həmçinin çəkisi 3,5 tondan çox olmayan yük avtomobilləri üçün utilizasiya güzəştlərinin məbləği 1,5 min manat olacaq. Daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri, yük avtomobilləri, təkərli və tırtıllı traktorlar, meliorasiya və yol-tikinti maşınları, ekskavatorlar, yükləyicilər və özügedən maşınlar da diqqətdən kənarda qalmayıb.
Utilizasiya nəticələrinə əsasən verilən güzəştli sertifikatdan yeni yerli və ya xaricdən gətirilən avtomobillər alınarkən istifadə oluna bilər: güzəştin məbləği alınan avtomobilin dəyərindən çıxılacaq. “Kimsə yerli istehsala aid yeni nəqliyyat vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər üçün utilizasiyaya müraciət edərsə, ödəniş 70% həyata keçiriləcək. Bu, xarici nəqliyyat vasitəsi alınması daxil olmaqla, müxtəlif məqsədlər ola bilər”, - F.Mütəllimov qeyd edib.
Hazırda ölkədə minik avtomobilləri istehsal edən üç zavodun (Neftçala, Hacıqabul və Naxçıvanda) fəaliyyət göstərdiyini nəzərə alsaq, Azərbaycan vətəndaşlarının bununla bağlı müəyyən seçiminin olduğunu söyləyə bilərik. “Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Sənaye zonalarında ilk avtomobilin istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilib. 2023-cü ildə bu rəqəm 4 233 olub”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb. Yəni 2022-ci ilin göstəricilərinə nisbətən avtomobil istehsalı sektoru 2,1 dəfə artıma nail olub.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının həcmi ildə 5 min ədədə çatmalıdır. Bu göstəricinin tezliklə artması mümkündür. Buna Azərbaycanın avtomobil yığma klasterinin “Türk Avtomobil Sənayesi Konqlomeratı”nı yaratmağa başlayan Özbəkistan və Qazaxıstanın ixtisaslaşmış müəssisələri ilə fəal əməkdaşlığı kömək edir.
Beləliklə, qəbul edilən yeni qərarlar, şübhəsiz ki, bazara, o cümlədən qiymətlərə təsir edəcək. Əsas məsələ odur ki, sonda həm avtomobilçilər, həm iqtisadçılar, həm də ekoloqlar razı qalsınlar.
MƏSLƏHƏT GÖR: