Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan demək olar ki, müstəqillik əldə etdiyi vaxtdan bəri beynəlxalq maliyyə institutları (BMİ) ilə əməkdaşlıq edir. O, bu illər ərzində özünü etibarlı və sadiq tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda Azərbaycanın daxili maliyyə siyasəti ilə bağlı öz fikri var və bu da xarici ekspertlərin fikirlərindən fərqlənir. Qəbul edilmiş qərarların düzgünlüyü BMİ-lər tərəfindən ölkəyə etimadın daha da artmasına səbəb olub.
Ölkənin bu institutların verdiyi kreditlərdən asılı olduğu dövrü keçib və bu gün əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq səviyyəsində qurulub. Bu vacibdir, çünki demək olar ki, bütün BMİ-lər təkcə kreditor kimi çıxış etmir və çətin anlarda dəstək vermir, həm də onlar maliyyə və iqtisadi inkişaf üçün müəyyən regional siyasəti formalaşdırır və üzv ölkələr üçün imic katalizatoruna çevrilirlər. Azərbaycan-BMİ tərəfdaşlığı çərçivəsində son xəbərlər isə bu mənada ölkənin imicinin kifayət qədər yaxşı səviyyədə olduğunu söyləməyə əsas verir.
EBRD - infrastruktura xüsusi diqqət
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın ən müxtəlif təşəbbüslərinin maliyyələşdirilməsində əsas rol oynayıb. Bank 189 layihəyə 3,62 milyard avro məbləğində maliyyə vəsaiti ayırıb. Hazırda bu bankın Azərbaycanda aktiv portfeli 897 milyon avro təşkil edir və bu vəsait 31 layihənin həyata keçirilməsinə yönəldilib. Üstəlik, bankın əsas diqqəti infrastrukturun inkişafına yönəlib. Maliyyə vəsaitinin təxminən 90%-i bu sektora yönəlib. Qalan 10% isə sənaye, kənd təsərrüfatı və maliyyə sahələrinə dair layihələrin payına düşür.
Ötən il - pandemiya böhranının səngidiyi dövrdə tərəfdaşlıq yenidən intensivləşib və Azərbaycanda layihələrə verilən kreditlərin həcmi il ərzində düz 81,4% artıb. Qeyd edək ki, son 7 il ərzində əməkdaşlığın ən məhsuldar ili 2017-ci il olub. Amma pandemiya illərində demək olar ki, tam durğunluq müşahidə olunduğu üçün ötənilki nəticəni yaxşı hesab etmək olar. Üstəlik, BMİ-lərdən kredit alan zaman kifayət qədər uzun və çətin prosedurlardan keçmək lazımdır.
EBRD Azərbaycanda davamlı inkişafın və rifahın təmin edilməsində əsas tərəfdaş olaraq qalır və onunla əməkdaşlıq daha da artacaq. Bunu EBRD ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan İnvestisiya Holdinq arasında 2 ədəd “Handysize” tipli quru yük gəmisinin alınması üçün böyük kredit müqaviləsinin imzalanması sübuta yetirir. Bu müqaviləyə əsasən, gəmilərin alınmasının 70%-ni (38,72 milyon avro) EBRD, 30%-ni isə ASCO daxili imkanları hesabına maliyyələşdirəcək.
“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb.
EBRD həmçinin ASCO-ya korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə bağlı məlumatların açıqlanmasında dəstək verəcək. Bu, gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etməyə yardım göstərəcək və ASCO-nun dayanıqlılıqla bağlı ilk maliyyə alətləri üçün təməl yaradacaq. Nəzərə alsaq ki, EBRD 2023-2025-ci illərdə Azərbaycanda layihələrin həyata keçirilməsi üçün 750 milyon dollar ayırmağı planlaşdırır. Odur ki, bizi yeni başlanğıclarla bağlı daha çox yeni xəbərlər gözləyir.
Dünya dəstəyi
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster Mikayıl Cabbarovla görüşdən sonra bildirib ki, təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. İnvestisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə Dünya Bankı ilə uğurlu tərəfdaşlıq əlaqələri qeyd olunub. Ş.Ştallmayster Azərbaycanın inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb.
Yeri gəlmişkən, Azərbaycanda Dünya Bankının 3,2 milyard ABŞ dolları məbləğində kredit vəsaiti hesabına artıq 49 layihə həyata keçirilib. Hazırda üç layihənin icrası davam etdirilir. Dünya Bankının və Azərbaycan hökumətinin yeni Tərəfdaşlıq Çərçivə Strategiyası çərçivəsində fəal işinə baxsaq, bu layihələrin sayı çox yaxın gələcəkdə arta bilər. Qeyd edək ki, Tərəfdaşlıq Çərçivə Strategiyası Azərbaycanın qısa və uzunmüddətli perspektivdə əsas strateji istiqamətlərini və inkişaf planlarını əks etdirir. Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsinə uyğunlaşdırılmış sənəd regional və qlobal problemlərin həllinə yardım göstərəcək, özəl sektorun inkişafını gücləndirmək və onun kapitalını səfərbər etmək imkanlarını müəyyən edəcək.
Gələcək əməkdaşlığın istiqamətlərinə “ağıllı kəndlər”in yaradılmasına dəstək, Bakının 2040-cı ilə qədər inkişafı üzrə Baş Plan çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi, həmçinin bərpa olunan enerji mənbələri daxil ola bilər. Buraya iqlim dəyişikliyi ilə mübarizə, yaşıllaşdırma və rəqəmsallaşma sahələrini qeyd etmək olar. Son üç bənd dünyanın inkişaf etmiş ölkələrinin əsas gündəmini əhatə edir. Dünya Bankının dərc etdiyi iqlim və inkişafa dair ölkə hesabatında qeyd olunub ki, 2060-cı ilədək dayanıqlı inkişaf və dekarbonizasiya tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycana 44 milyard dollar həcmində investisiya lazım olacaq. Məhz həmin dövrə qədər qlobal iqtisadiyyatın xalis sıfır emissiya səviyyəsinə çatacağı gözlənilir.
Əməkdaşlıq vektorunda bəzi dəyişikliklər başa düşüləndir, çünki Azərbaycanda da ənənəvi enerji və neft-qaz logistikası sahəsində infrastruktur layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə tələbat qismən azalıb. Digər tərəfdən, alternativ enerji, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, kiçik və orta biznesə kredit dəstəyinin artırılması, rəqəmsal transformasiya sahəsində investisiya axınının dəstəklənməsi, Sənaye 4.0-ın əsasını təşkil edən proqramlara maraq artıb.
IMF-nin məsləhətləri
Sadalanan məqamlar Azərbaycanın uzun müddətdir ki, yalnız qiymətləndirmə missiyaları səviyyəsində əlaqələrinin olduğu Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən də təsdiqlənib. Azərbaycan hökuməti hələ 2005-ci ildə bu aparıcı qlobal donorla əməkdaşlığı konsultasiya və texniki yardım səviyyəsi ilə məhdudlaşdıraraq, fonddan borc götürməkdən tamamilə imtina edib.
IMF vaxtaşırı Azərbaycan hökuməti ilə konsultasiyalar aparır və onun nəticələrini dərc edir. Fondun açıqladığı son geniş hesabatda ölkədə iqtisadiyyatın şaxələndirilməsində müsbət tendensiyalar qeyd olunub. Bildirilib ki, bu tendensiyalar idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrinin rolunun məhdudlaşdırılması və iqtisadiyyatın karbondan təmizlənməsi üçün islahatlara səbəb olacaq: “Maliyyə şəffaflığının və məhkəmə müstəqilliyinin təkmilləşdirilməsində irəliləyiş, həmçinin dövlət müəssisələrində özəl sektorun iştirakının artırılması və onların maliyyə sağlamlığının yaxşılaşdırılması istiqamətində davamlı səylər biznes mühitinin yaxşılaşdırılmasına, özəl investisiyaların artırılmasına və məhsuldarlığın yüksəldilməsinə yardım göstərəcək. MONEYVAL-ın tövsiyələrinə əməl etmək də vacibdir. Azərbaycan hakimiyyətinin iqlimlə bağlı öhdəliklərini yerinə yetirmək səyləri alqışlanır”.
Fondun ekspertləri Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı mövqeyini dəstəkləməklə yanaşı, onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmağı tövsiyə ediblər: “İnflyasiya hədəf diapazonuna qayıdıb, Mərkəzi Bank 2021-ci ilin ortalarından 2023-cü ilin may ayına qədər 275 bənd həcmində sərtləşdirdikdən və ehtiyat tələblərini artırdıqdan sonra 2023-cü ilin noyabrında faiz dərəcələrini endirib. Lakin xarici və daxili amillərin yaratdığı inflyasiya riskləri qalmaqdadır. Beləliklə, növbəti yumşaltmaları nəzərdən keçirməzdən əvvəl vergi-büdcə siyasətin sərtləşdirilməsinə, gəlirlərin və əməkhaqqı artımının yavaşladılmasına, eləcə də ərzaq qiymətlərinə mənfi təsir edəcək xoşagəlməz şokların olmamasına ehtiyac var”.
Fondun iqtisadçıları həmçinin hökumətə dövlət müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün tədbirlər görməyi tövsiyə ediblər. Hər halda, bu istiqamətdə işlər həyata keçirilir: məlum olduğu kimi, 2024-cü il ərzində iri dövlət şirkətlərində, yəni SOCAR, “AzerGold” QSC, ASCO, “BakTelecom”, “AzTelekom” və “Azərbaycan Beynəlxalq Bankı” ASC strukturlarında dövlət səhmlərinin bir hissəsinin özəl investorlara satılması ilə bağlı təkliflər hazırlanacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin vurğulayıb ki, hökumətin özəlləşdirmə prosesinə xarici sərmayədarları cəlb etməkdə marağı var, lakin onlar üçün torpaq sahəsi (yalnız icarə) hüququ ilə bağlı məhdudiyyətlər qalır.
IMF isə hələ də dövlət müəssisələrində kommersiya və qeyri-kommersiya fəaliyyətini bir-birindən ayırmağı tövsiyə edir. Tövsiyələrə həmçinin dövlət müəssisələrinin şəffaflığının artırılması və özəl sektorun gələcək iştirakının təşviqi daxildir.
Bütövlükdə, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsində Azərbaycanın inklüziv, davamlı inkişafı təşviq etmək üçün sağlam fiskal və monetar siyasətlər, həmçinin struktur islahatları həyata keçirərkən xarici qeyri-müəyyənlikləri diqqətlə idarə etməsi zərurəti vurğulayıb.
MƏSLƏHƏT GÖR: