Müəllif: Samir VƏLİYEV
Avropada son dönəmdə əsas gündəm Ukraynaya çoxmilyardlıq yardımın ayrılması məsələsidir. Uzun-uzadı razılaşdırmalardan və Macarıstanın siyasi rəhbərliyinə müəyyən təzyiqlərdən sonra (bu ölkənin mövqeyi yardımın ayrılması qərarının qəbuluna əsas maneə idi) Avropa İttifaqı, nəhayət, son qərarını qəbul edib. Macarıstanın baş naziri Viktor Orban ilə əldə olunan kompromis sonda Ukraynaya 50 milyard dollarlıq yardımın ayrılması ilə bağlı razılaşmanın imzalanmasını mümkün edib.
«Bəy verən atın dişinə baxmazlar»
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, razılaşma «Ukraynaya dayanıqlı, uzunmüddətli gözlənilən maliyyə yardımı»nın ayrılmasını nəzərdə tutur və Aİ-nin «onların gələcəyini, azadlığını dəstəkləmək əzmini göstərir».
Üçdə ikisini kreditlər, üçdə birini isə qrantların təşkil etdiyi yardım paketi Rusiya ilə müharibənin aparılması üçün ayrılıb. O, iqtisadiyyatın dəstəklənməsi, bərpa işlərinin aparılması ilə yanaşı, həm də Ukraynanın Aİ üzvlüyünə hazırlanmasına yönəldiləcək. Silah-sursat üçün yardım qərarının ayrı qəbul olunacağı deyilir.
Müharibənin başlamasından keçən təxminən 2 ildə Ukrayna iqtisadiyyatı tənəzzül yaşayır. O, ərazisinin bir hissəsinin itirilməsi və dağıdılması səbəbindən iqtisadi istehsalın üçdə birini savaşın ilk aylarındaca itirib. Məlumdur ki, Ukraynanın Rusiyanın nəzarətində olan şərq və cənub-şərq regionları ölkənin ağır sənaye mərkəzi idi. Bu fakt ölkədə iqtisadi vəziyyəti dərinləşdirən əsas amillərdən biridir.
İnflyasiya 26%-ə çatır, çünki Mərkəzi Bank büdcə kəsirini qapamaq üçün pul çap etmək məcburiyyətində qalıb. 2023-cü ildə iqtisadiyyat bir qədər dirçəlsə də, etiraf olunmalıdır ki, Ukrayna büdcə gəliri qismində əldə etdiyi vəsaitin, demək olar ki, hamısını müharibəyə xərcləyir. Bu isə ciddi defisitə səbəb olur. Hər halda, pensiyalar, müəllimlərin, həkimlərin, tibb bacıları və dövlət qulluqçularının əməkhaqları və s. kimi digər ödənişləri də təmin etmək lazımdır.
Bu ilin büdcəsində defisit 43,5 milyard dollar təşkil edir. Nəzərə alsaq ki, Kiyevə dəstək büdcəsi 50 milyard dollardır və o, 4 ilə bölünəcək, 2024-cü ildə ölkə bu vəsaitdən defisitin azaldılmasına yalnız 13,5 milyard xərcləyə biləcək. Yerdə qalan 30 milyard dollar kimi ciddi məbləğ isə başqa mənbələrdən əldə olunmalıdır (ABŞ, BVF, ayrı-ayrı dövlətlər və ya fondlar, həmçinin fiziki şəxslər).
Amma «bəy verən atın dişinə baxmazlar» deyiminə əsaslansaq, ildə 13,5 milyard dollar da az vəsait deyil və onun ayrılmasını Ukrayna Prezidenti Vladimir Zelenski də özünün «X» sosial şəbəkəsindəki səhifəsində alqışlayıb. Dövlət başçısı bildirib ki, Aİ tərəfindən maliyyə yardımının davam etdirilməsi Ukraynada uzunmüddətli iqtisadi sabitliyi gücləndirəcək ki, bu da «hərbi yardım və Rusiyaya sanksiya təzyiqindən heç də az əhəmiyyət daşımır».
Beləliklə, Avropa Parlamentinin qərarı təsdiqləməsindən sonra Ukrayna yardımın ilk tranşını artıq martda əldə edə biləcək.
Orban üçün «yaxşı» olan Tusk üçün «fəlakət»dir
Macarıstanın vetosunu geri götürməsi, üstəlik, bunu belə tezliklə etməsi gözlənilməz idi. Məlumdur ki, ölkənin baş naziri Viktor Orban cəmi bir neçə ay əvvəl – dekabrda Ukraynaya maliyyə yardımının ayrılmasına qarşı çıxmış və ona veto qoymuşdu. Səsvermədən cəmi bir neçə gün əvvəl isə o, qərarının üzərində dayandığını deyirdi. Macarıstanın belə mövqeyinin səbəblərindən biri, Aİ-tin rəsmi Budapeşti demokratiya tələblərini pozmaqda ittiham etməsi bir neçə il davam edən debatlardan sonra bu ölkənin maliyyələşdirilməsini dayandırması idi. İndi Budapeşt Ukraynaya yardımın ayrılmasına bu qərarın ləğvi qarşılığında razılıq verib. Bununla yanaşı, Macarıstanın baş naziri şərt də qoyub – yardım nəzarətsiz buraxılmamalı, ehtiyac yaranacağı təqdirdə qərara yenidən baxılmalıdır.
Liderlər Orbanı sakitləşdirmək üçün komissiyanın ehtiyac olacağı təqdirdə büdcəni iki ildən bir nəzərdən keçirməsinə razılıq veriblər. Amma bu, gələcəkdə yardımın ayrılmasına veto qoyulması hüququ verməyəcək. Orban bu razılaşmanı «qələbə» adlandırıb.
«Missiya yerinə yetirildi», - deyə o, «X» sosial şəbəkəsində yazıb: «Macarıstanın pulu Ukraynaya getməyəcək və biz birinci və ikinci ilin sonunda vəziyyətə nəzarət etmək mexanizminə malikik. Bizim Ukrayna ilə bağlı mövqeyimiz dəyişməzdir: bizə atəşkəs və sülh danışıqları lazımdır».
Sammit ərəfəsində Avropanın bəzi liderləri Orbana açıq «hücum»a keçərək, onu siyasi oyunlar oynamaqda, şantajda ittiham ediblər. Gərginlik Ukraynaya miqyaslı yardımın göstərilməsinə beynəlxalq dəstəyin zəifləməyə başlaması ilə bağlı narahatlıq fonunda dərinləşir. Eyni zamanda artıq Rusiyanın qələbəsinin bütünlükdə Avropanın təhlükəsizliyi üçün təhdidə çevrilə biləcəyinə dair fikirlər daha çox eşidilməyə başlayıb.
Bundan başqa, Avropa ölkələrinin mövqelərində fərqliliklər də getdikcə daha aydın görünür. Üstəlik, bir neçə ay əvvələdək bu fərq Aİ-nin nəhəng dövlətləri ilə bəzi Şərqi Avropa ölkələri arasında idisə, indi «şərqlilər» arasında da ziddiyyətlər yaşanmaqdadır. «Ukraynanın yorğunluğu deyilən problem yoxdur. İndi yorulan Brüsseldir və onu Orban yorur», - deyə Polşanın baş naziri Donald Tusk sammit zamanı elan olunmuş fasilədə jurnalistlərin suallarını cavablandırarkən bildirib: «Mən anlaya bilmirəm. Mən Viktor Orbanın bu cür son dərəcə qəribə, eqoist siyasi oyununu qəbul etməyi bacarmıram».
Nəzərə almaq lazımdır ki, Polşa ilə Macarıstan Vışeqrad formatının iştirakçılarıdırlar. Baxışlarda fərqlərin olmasına baxmayaraq, Polşanın Tadeuş Moravetskinin rəhbərlik etdiyi əvvəlki hökuməti Macarıstan rəhbərliyinə münasibətdə daha təmkinli mövqe nümayiş etdirirdi. Bu zaman o, həm də qeyd olunan formatın dəstəklənməli olduğu prinsipindən çıxış edirdi. Sələfləri ilə bağlı tənqidi mövqedə olan Tusk hökuməti isə deyəsən, ölkənin xarici siyasi kursunda da ciddi dəyişikliklərə getmək fikrindədir.
Yeri gəlmişkən, Polşa Prezidenti Ancey Duda bu yaxınlarda Krımın Ukraynaya qaytarılması məsələsi haqda danışarkən buna şübhə ilə yanaşdığını deyib. «O, tarixi baxımdan xüsusi əhəmiyyətə malikdir. Tarixə baxsaq, Krım uzun müddət Rusiyanın iləndi olub», - deyə dövlət başçısı qeyd edib. Bu, faktiki olaraq, Polşa daxili siyasətində və xarici siyasətin prinsipial məqamları ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunun göstəricisidir. Halbuki müharibənin ilk ilində, hətta ondan bir qədər də sonrayadək Ukraynanın Krım da daxil olmaqla, ərazi bütövlüyünün bərpasının vacibliyini deyənlərdən biri də məhz Duda idi.
Ukrayna aksentli etirazlar
Fermerlərin ən dramatik etirazı Fransada baş versə də, İtaliya, İspaniya, Rumıniya, Polşa, Yunanıstan, Almaniya, Portuqaliya və Niderlandda da ciddi çalxalanmalar yaşanıb. Statistik məlumatlara görə, Avropa İttifaqında kənd təsərrüfatı ümumdaxili məhsulun cəmi 1,4%-ni təşkil edir. Lakin ötən il Şərqi Avropada sərhəd keçid məntəqələrinin uzun müddət tıxanması ilə nəticələnən ucuz Ukrayna idxalı üzündən yaşanmış etirazlar fermerlərin nüfuzlu təbəqə olaraq, ümumavropa miqyasında siyasi diskussiyaların xarakterinə təsir edə bildiyini göstərib. Odur ki, milli hökumətlər, hətta Aİ rəhbərliyi hazırda yeni-yeni etiraz dalğalarını yatırmaq məcburiyyəti ilə üz-üzə qalıb. Etirazçıların əksəriyyəti qəzəbini əsasən fiskal, tənzimləyici və «yaşıl» siyasətlə əlaqələndirsələr də, konkret ölkələrə xas narazılıqlar da var.
Bütün Avropa üzrə fermerlər bildirirlər ki, enerji, gübrə və nəqliyyat xərcləri xüsusilə Rusiya-Ukrayna müharibəsi üzündən artıb. Bundan başqa, hökumət yüksək inflyasiya fonunda ərzaq məhsullarının qiymətini azaltmağa çalışır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinə mənfi təsir göstərir.
Avropa İttifaqının Statistika Xidmətinin məlumatlarından bəlli olur ki, fermerlərin istehsal etdiyi və qiyməti 2022-ci ildə pik həddə çatmış məhsullar davamlı olaraq ucuzlaşır. 2022-ci ilin üçüncü rübündən 2023-cü ilin eyni dövrünədək bu ucuzlaşma 9% təşkil edib.
Fermerlərin inadkarlığı və etirazların miqyası artıq nəticə verməyə də başlayıb. Avropa Komissiyası kənd təsərrüfatı istehsalının dəstəklənməsi üçün müvafiq subsidiyaların səviyyəsini saxlamaqla, torpaqlarının yalnız minimum hissəsinin boş qalması şərtini aradan qaldırdı. Avropa Komissiyası Ukrayna ixracına görə daşıma rüsumlarını daha bir il – 2025-ci ilin iyununadək dayandıracağını da bəyan edib.
Ayrı-ayrı ölkələrin hökumətləri də müəyyən güzəştlərə gediblər. Amma bunlar kifayət etmir və fermerlər etiraz aksiyalarının davam etdirilməsi çağırışları səsləndirirlər. Nəzərə alsaq ki, iyunda Avropa Parlamentinə seçki keçiriləcək, mövcud vəziyyət Avropanın aparıcı siyasətçiləri üçün başağrısına çevrilir. Məsələn, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2050-ci ilə havaya karbon qazının buraxılması həcminin sıfra endirilməli olduğunu deyir. Bu səbəbdən də o, elə özünün sağ-mərkəzçi partiyasının təzyiqi ilə üzləşir. Partiya «yaşıl» qanunvericiliyin yumşaldılmasını tələb edir.
Avropanın qatı sağçıları fermerlərin etirazından öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə, qarşıdan gələn seçkidə uğur qazanmağa çalışır. Məsələn, Almaniyanın qatı sağçı «Almaniya üçün alternativ» partiyası etirazlara qoşularaq, fermerlərlə həmrəylik nümayiş etdirir.
Bundan başqa, Niderlandın populist sağçı partiyası ötən ilin martında fermerləri dəstəkləməklə, yerli seçkidə böyük uğur qazanıb. Fermerlər və Vətəndaşlar Hərəkatı («BoerBurgerBeweging») hökumətin ekologiya ilə bağlı siyasətini tənqid edərək, Hollandiya Senatında ən böyük partiyaya çevrilib.
İndi çoxları Avropa Parlamentinə seçkidə populist sağçıların uğur qazanacağını, bununla yanaşı isə Ukraynaya dəstəyin azala biləcəyini düşünür. Çünki onlar, bir qayda olaraq, diqqəti əsasən ölkələrinin daxili problemlərinə çəkir, bu problemlər isə getdikcə ağırlaşır. Avropa İttifaqı rəhbərliyinin Ukraynaya yardım paketini hazırkı Avropa Parlamentinin dövründə təsdiqləməyə çalışması təsadüf deyil. Onlar yerlərinə gələ biləcək qüvvələrin yardımın ayrılmasını dəstəkləyəcəyinə əmin olmadıqlarından, vəsaitin köçürülməsini indidən 4 illik müddətə uzadıblar.
MƏSLƏHƏT GÖR: