Müəllif: Natiq NAZİMOĞLU
Gürcüstanda yeni hökumət fəaliyyətə başlayıb. Bu, onun daxili və xarici siyasətində özünü necə göstərəcək?
Prioritetlər və vəzifələr
Yeni Gürcüstan hökuməti özünəməxsus rokirovka ilə formalaşıb. Əvvəlki baş nazir İrakli Qaribaşvili hakim «Gürcü arzusu – Demokratik Gürcüstan» partiyasının sədri vəzifəsinə keçib, partiyaya 2021-ci ildən rəhbərlik edən İrakli Kobaxidze isə hökumət başçısı olub. Kobaxidzenin baş nazir postuna namizədliyi hakim partiyanın Siyasi Şurası tərəfindən də dəstəklənib və bunu partiyanın qurultayında fəxri sədr, «Gürcü arzusu»nun yaradıcısı, milyarder Bidzina İvanişvili bəyan edib.
Beləliklə, Gürcüstan parlamenti fevralın 8-də Kobaxidze və hökumətin yeni tərkibini böyük səs çoxluğu ilə təsdiqləyib. Əvvəlki kabinetlə müqayisədə, yeni heyətdə cəmi bir (baş nazirdən başqa) dəyişiklik var. Müdafiə naziri postunda Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri İrakli Çikovani əvəzləyib. Elə həmin gün ölkə prezidenti Salome Zurabişvili Kobaxidzenin baş nazir təyin olunması haqqında sərəncam imzalayıb.
Amma baş nazir və Nazirlər Kabinetinin tərkibində dəyişikliyin səbəbi haqda hər hansı rəsmi açıqlama yoxdur. Bununla bağlı siyasi ekspertlər belə, ciddi versiya səsləndirə bilmirlər. Gürcüstanın faktiki lideri sayılan İvanişvili isə Qaribaşvilinin baş nazir postundan gedişini belə şərh edib: «Bunu mən yox, o özü istədi!» Qaribaşvili isə öz növbəsində deyib: «Mən yeni heç nə deyə bilmərəm, çünki yeni heç nə yoxdur. Bizim komandamızda özünəməxsus iş üslubu və daxili demokratiya var. «Gürcü arzusu»nun baş naziri postunu hamıdan çox mən tutdum – 11 ilin 5 ilini. Komandanın başqa uğurlu liderlərinə də özlərini göstərmək imkanı yaradılmalıdır».
«Özünü göstərmək imkanı»nın yaradıldığı İrakli Kobaxidze isə partiyanın qurultayındakı çıxışında «Gürcü arzusu»nun fəxri sədrinə minnətdarlıq etməklə kifayətlənib: «Bidzina İvanişvili vətənə xidmət məsələsində hər birimiz üçün nümunədir».
Yeni hökumətin hədəf və vəzifələri «Avropa dövləti qurmaq naminə» adlı proqramda cəmlənib. İrakli Kobaxidze onu parlamentin deputatlarına təqdim edib.
İqtisadiyyata gəlincə, hökumətin bu istiqamətdəki prioriteti Gürcüstanın «qlobal və regional səviyyədə aparıcı iqtisadi mərkəz»ə çevrilməsidir. Nəticədə, «iş yerlərini artırmaq, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq imkanı yaranacaq». Kobaxidze hökuməti turizmin inkişaf etdirməyi, kənd təsərrüfatına, yerli investisiyalara və sahibkarlıq fəaliyyətinə dəstəyi artırmağı, elm, texnologiya və innovasiyaları dəstəkləməyi, sosial müdafiə sistemini gücləndirməyi planlaşdırır. Bununla yanaşı, Avropa İttifaqına üzvlüyə namizəd olan ölkənin qarşısında Gürcüstanın iqtisadiyyatını da Aİ-yə üzvlüyə hazırlamaq vəzifəsi də durur.
Xarici siyasətdə prioritet Aİ-yə və avro-Atlantik strukturlara qoşulmaq, NATO ilə əməkdaşlıq, ABŞ ilə, Çinlə strateji tərəfdaşlıq, bütün region dövlətləri ilə əməkdaşlıqdır.
Yeni kabinetin proqramına əsasən, «Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli, Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası» «yalnız hökumətin prioriteti yox, həm də vacib milli vəzifə»dir». Bu isə özündə «işğal olunmuş ərazilərdən Rusiya qoşunlarının çıxarılmasını, həmin ərazilərdə beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasını və prosesdə beynəlxalq iştirakın genişləndirilməsini» əks etdirir.
Bununla yanaşı, Gürcüstan rəhbərliyində xarici siyasətlə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır. Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlamentdə yeni hökumətin təsdiqlənməsindən iki gün əvvəl – fevralın 6-da verdiyi illik hesabat da bunu təsdiqləyib.
Zurabişvili hamıya qarşı
Bu, Zurabişvilinin prezident vəzifəsində son illik hesabatı idi. Çünki onun səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatacaq. Prezident çıxışında İvanişvilini tənqid edib və bildirib ki, «bu gün ictimaiyyətin suallarının əsas ünvanı baş nazir, parlamentin sədri və ya hakim partiya yox, real olaraq ölkəni idarə edən şəxsdir». Zurabişvilinin sözlərinə görə, ölkədə «elit korrupsiya yeni miqyas alıb», «hakimiyyət qanadları arasında vacib olan balans pozulub və bu, demokratiya üçün ciddi maneəyə çevrilib». Hakim partiyanın prezidentə impiçment elan etmək cəhdini xatırladan dövlət başçısı hesab edir ki, bu, hakimiyyət üçün «müstəqil prezident institutunun qəbuledilməz olduğunu» göstərib. Zurabişvili Gürcüstanın Avropa yolunun «təhlükə ilə üz-üzə qaldığını» da deyib.
Prezident hakim partiyanı anti-Qərb təbliğatı aparmaqda, Rusiya ilə sıx əlaqələr qurmaqda günahlandırıb. «Ukrayna ilə münasibətlərin getdikcə pisləşməsi, ən məsuliyyətli məqamda benəlxalq sanksiyalar üzündən Aİ və ABŞ-dən uzaqlaşmaq bizim xarici siyasi oriyentasiyamızı sual altında qoyub», - deyə dövlət başçısı qeyd edib.
O zaman hələ baş nazir postuna namizəd olan İrakli Kobaxidzeyə müraciət edən prezident onun «anti-Avropa ritorikası»nı da tənqid edib: «Siz cəmiyyətə Avropa düzənini necə tətbiq etməyi düşünürsünüz?»
Zurabişvilinin çıxışı İvanişvilinin dəstəklədiyi hökumətlə prezident arasındakı fikir ayrılıqlarını çılpaqlığı ilə ortaya qoyub. Kobaxidze isə artıq baş nazir təyin olunduqdan sonra bildirib ki, sələfi Qaribaşvili kimi, o da Zurabişvilinin xaricə səfərlər etməsinə imkan verməyəcək. Yeni hökumət başçısı «Gürcüstan Konstitusiyasını dəfələrlə pozmuş» Zurabişvili ilə əməkdaşlığın çətin olacağını da deyib. O, dövlət başçısının əvvəllər baş nazirlə razılaşmadan bir neçə xarici səfər etdiyini nəzərdə tutur. Ölkə Konstitusiyasına əsasən, prezident xarici siyasətdə təmsilçilik funksiyasını yalnız hökumətin razılığı ilə həyata keçirə bilər.
Zurabişvili ilə Kobaxidzenin qarşılıqlı tənqidləri göstərir ki, hökumətlə prezident arasındakı ziddiyyət yeni baş nazirin dövründə də davam edəcək. Amma bunun səbəbi heç də yalnız daxili səbəblər deyil. Gürcüstanın regional və qlobal siyasətdəki yeri və rolu məsələsində də onların fikirləri fərqlidir.
Gürcüstandakı seçki ərəfəsində geosiyasi nüanslar
Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə üzvlüyə namizəd statusunun verilməsi Rusiya ilə Qərbin bu ölkədə nüfuz savaşında yeni səhifə açıb. Aydındır ki, Qərb Cənubi Qafqazda mövqelərin genişləndirilməsi məsələsində Gürcüstandan əsas element kimi istifadə etmək istəyir. Amma bu prosesin uğuru sonda Tbilisinin siyasətində regional yönümlü, yoxsa avropapərəst tendensiyanın, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizliyin taleyi üçün həlledici əhəmiyyət kəsb edən Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı bu amilin özünü necə göstərəcəyindən asılı olacaq.
Şübhə yoxdur ki, Aİ üçün Gürcüstan həm də Ermənistanın hərbi-texniki təchizatı üçün tranzit ölkə və İrəvanın Rusiyanın geosiyasi nüfuz dairəsindən çıxarılmasında «vasitəçi» kimi də önəmlidir. Bəs Tbilisi bu rolu oynamağa rıza olacaqmı? Razı olacaqsa, bu, Azərbaycan və Türkiyənin əsas strateji tərəfdaşı olan Gürcüstanın perspektivinə necə təsir göstərəcək?
Etiraf etmək lazımdır ki, artıq beynəlxalq arenada Gürcüstanın Azərbaycanın qeyd-şərtsiz dəstəklənməsi kursundan çəkilməyə başladığını göstərən elementlər var. Halbuki otuz il idi hər iki ölkə bütün beynəlxalq qurumlarda qarşılıqlı olaraq bu prinsipdən çıxış edirdilər. İndi isə məsələn, AŞPA-da Gürcüstanın nümayəndə heyəti Azərbaycanı dəstəkləməkdən çəkinib və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması ilə bağlı səsverməyə qatılmayıb. Bu mənada, Gürcüstan Prezidenti Zurabişvilinin davranışı da qəribə təsir bağışlayır. O, azərbaycanlı həmkarı İlham Əliyevin növbədənkənar Prezident seçkisində qələbə qazanmasından yalnız 5 gün sonra təbrik edib.
Amma Zurabişvilinin bu mövqeyi Gürcüstan hökumətinin sərt tənqidi ilə qarşılanıb. Baş nazirin müavini, mədəniyyət və idman naziri Teya Sulukiani Zurabişvilinin İlham Əliyevin təbrik etməkdə gecikdiyini deyərək bildirib ki, «Gürcüstan Prezidentinin susması dövlətimizə ziyan vurur, halbuki Zurabişvilinin vəzifəsi Azərbaycanla tərəfdaş münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi olmalıdır». «O isə əksini edir», - deyə Sulukiani bildirib.
Zurabişvilinin «gözləməsi»nə baş nazirin digər müavini, müdafiə naziri İrakli Çikovani də etiraz edib. «Hər kəs bilir ki, bizim Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığımız, güclü əməkdaşlığımız var. Bizim Azərbaycan lideri ilə də xüsusi münasibətlərimiz var və bu, ölkələrimiz arasında dəfələrlə uğurlu layihələrin reallaşdırılmasına imkan verib. Digər yandan adi diplomatiya etikası da belə təbriklərin vaxtında ünvanlanmasını tələb edir», - deyə o, vurğulayıb.
Gürcüstanın yeni hökumətinin bu mövqeyi göstərir ki, Kobaxidze və ətrafı Gürcüstanın və bütünlükdə regionun maraqları baxımından Azərbaycanın çəkisini, əhəmiyyətini yaxşı anlayır. Bununla yanaşı, onlar Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkə statusu, yəni Brüsselin də mövqeyi ilə hesablaşmaqla yanaşı, güman ki, müxtəlif istiqamətlərdə Tbilisinin maraqlarını təmin etmək üçün manevr etməyə də çalışırlar. Bu, özünü ən çox Gürcüstanın Aİ və Rusiya ilə münasibətlərində göstərir: Kobaxidze hökuməti Avropaya inteqrasiya kursunun davam etdirilməsilə yanaşı, Moskva ilə qarşıdurmadan qaçmağa da çalışacaq. Bu, özünü artıq bir sıra məqamlarda göstərib. Məsələn, Tbilisi bir yandan Rusiya ilə qarşıdurmaya istinad edərək, regional «3+3» formatında iştirakdan boyun qaçırıb, digər tərəfdən isə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Rusiya ilə sərhəddə partlayıcı maddələrdən ibarət yükü (ümumilikdə 14 kq) saxlaması da maraqlıdır. Qurumun açıqlamasında bildirilir ki, yük Odessadan Voronejə aparılırmış. Fevralın 5-də verilmiş açıqlamada deyilir ki, bu işdə 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı iştirak edirmiş. Ukraynanın Gürcüstandakı səfirliyi Tbilisini «məsələni siyasiləşdirməməyə» çağırsa da, o zaman hələ baş nazir vəzifəsinə namizəd olan İrakli Kobaxidze «söhbətin siyasiləşdirməkdən getmədiyini» bildirib. «Kənardan kimlərsə Gürcüstanı Rusiyanın qəzəbinə gətirməyə çalışırsa, bu, ciddi narahatlıq yaradan vacib məsələdir. Bu, Ukrayna məmurlarının açıq şəkildə söylədikləri fikirləri bir daha təsdiqləyir – onlar bizim ölkəmizlə ikinci cəbhənin açılmasını istəyiblər və güman ki, hələ də istəyirlər», - deyə Kobaxidze qeyd edib.
Gürcüstan xüsusi xidmət orqanlarının bu işinin Rusiyanın siyasi dairələri tərəfindən yüksək qiymətləndirilməsi isə təəccüblü deyil. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa hətta bildirib ki, Moskva «Ukrayna partlayıcılarını tutmuş Gürcüstana minnətdarlıq etməlidir». Rusiyada Moskva-Tbilisi münasibətlərinin mümkün yaxşılaşması haqda fikirlər də eşidilməyə başlayıb.
Bütün bunlarla yanaşı, yaxın illər üçün Gürcüstanın xarici siyasətinin hansı xarakter daşıyacağını ölkədə bu il keçiriləcək parlament və prezident seçkilərindən sonra bilmək mümkün olacaq. Yeni baş nazir Kobaxidze açıq deyib ki, onun təqdim etdiyi hökumət proqramı yalnız oktyabrda keçiriləcək parlament seçkisinədək olan dövrü əhatə edir. Odur ki, Gürcüstanın aparıcı dövlət xadimlərinin, o cümlədən də radikal müxalifət liderliyinə doğru gedən Zurabişvilinin son bəyanatlarını qarşıdan gələn seçkilərə özünəməxsus hazırlıq saymaq olar.
MƏSLƏHƏT GÖR: