20 Dekabr 2024

Cümə, 16:13

AVROPADA 16 MÜKAFAT

Buxarestdə keçirilən Avropa çempionatında güləş üzrə Azərbaycan yığması yüksək nəticə göstərib

Müəllif:

01.03.2024

Azərbaycan güləşçiləri üçün 2024-cü ildə ilk ciddi sınaq Avropa çempionatı ilə bağlı oldu. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında güləşçilər ümumilikdə 16 medal qazandılar. 5 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan ümumi sıralamada həm medalların sayına, həm də əyarına görə Türkiyədən sonra 2-ci yeri tutdu.

 

Ən yaxşı nəticə

Azərbaycanın yunan-Roma yığması 3 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında xallara görə 2-ci, medalların əyarına görə isə 1-ci yeri tutdu. Bu nəticə medalların əyarına görə yunan-Roma güləşi üzrə millinin Avropa çempionatlarında ən yaxşı nəticəsidir.

Yunan-Roma güləşi üzrə milli haqlı olaraq son illərdə ölkənin ən güclü komandası sayılır. Rumıniyadakı nəticələr bu fikri növbəti dəfə təsdiqləyir. Millinin liderlərindən biri Həsrət Cəfərov (67 kq) ikinci dəfə Avropa çempionu oldu. Təcrübəli Murad Məmmədov (63 kq) və gənc Nihat Məmmədli (60 kq) karyeralarında ilk dəfə Avropa çempionatında qızıl medala layiq görüldü. Debütant Rəşad Məmmədovun finala qədər irəliləməsi, sonda gümüş medal qazanması çempionatın sürprizlərindən oldu. Millinin kapitanı Eldəniz Əzizlinin zədələnməsinə görə heyətə son anda daxil edilən R.Məmmədov gələcəkdə əsas komandanın üzvü olmağa layiq olduğunu sübut etdi. Digər güləşçilərdən Ülvi Qənizadə gümüş, Beka Kandelaki bürünc medalla kifayətləndi. Yunan-Roma güləşi üzrə komandada üçqat Avropa, ikiqat dünya çempionu Rafiq Hüseynov və dünya çempionatının mükafatçısı Sənan Süleymanov zədələr səbəbindən komandanı və potensiallarını layiqincə təmsil edə bilmədilər.

Qadın güləşi üzrə milli komanda 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü yeri tutdu. Milli medalların əyarına görə son 8 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atdı. Qadın güləşçilərdən ibarət komandanın çıxışını yalnız müsbət qiymətləndirmək olar. Yığmanın 35 yaşlı lideri Mariya Stadnik (50 kq) növbəti dəfə qitədə rəqibi olmadığını əyani sübut etdi. Stadnik karyerasında 10-cu dəfə Avropa çempionu oldu. 59 kq-da çıxış edən 29 yaşlı Alyona Kolesnik ilk dəfə qitə çempionatının qalibi adını qazandı. Elis Manolova (65 kq) bu dəfə çempionatı bürünc medalla başa vurdu.

 

Sərbəst güləşçilər üçüncü yerdə

Ümumilikdə Semyon Şterevin rəhbərlik etdiyi məşqçi heyətinin komandanı irəli apardığını söyləmək olar. Olimpiya çempionu Toğrul Əsgərovla veteran güləşçi Ağahüseyn Mustafayevin məşqçi kimi qadın yığmasında işi hazırda müsbət nəticə verir.

Sərbəst güləş üzrə milli isə 1 gümüş və 6 bürünc medalla komanda hesabında 3-cü yeri tutdu. İki il əvvəl Avropa çempionatının ən yaxşı komandası olan milli bu dəfə qızıl medal qazana bilmədi. Əliabbas Rzazadə və Hacı Əliyevin yoxluğunda millinin digər güləşçiləri gözlənilən nəticəni qazanmadı. Maqomedxan Maqomedov finalda uduzmaqla ikinci oldu. Turan Bayramov bürünc medalla kifayətləndi. Osman Nurmaqomedov isə ümumiyyətlə medalsız qaldı. Gənc güləşçilər Nurəddin Novruzovla (61 kq) Arseni Cioyev bürünc medalla məşqçiləri sevindirdi. Ümumilikdə, 10 çəkidə 7 medal qazanan sərbəst güləş üzrə millinin nəticəsini qənaətbəxş adlandırmaq olar.

 

Olimpiya arzusu

Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Murad Məmmədov “Region plus” jurnalına açıqlamasında Rumıniyada uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Yarışdan əvvəl Xorvatiyada keçirilən turnirdə qolumdan zədə almışdım. Ciddi zədə idi. Həkimlər cərrahi əməliyyatı məsləhət gördülər, lakin imtina etdim. Çünki belə olduqda 5-6 ay yarışlardan kənarda qala bilərdim. Məşqləri davam etdirib, Avropa çempionatına qatıldım. Avropa çempionatında 4 görüş keçirdim. Əsas görüşlərim yarımfinal və final görüşlərim oldu. Yarımfinal görüşündə Rusiya idmançısına qalib gəlib finala vəsiqə qazandım. Finalda Ukrayna idmançısına qalib gələrək Avropa çempionu oldum. Bütün idmançılar kimi mənim də arzum olimpiya çempionu olmaqdır”.

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov “Region plus” jurnalına açıqlamasında komandanın daha yaxşı nəticə əldə etmək iqtidarında olduğunu söyləyib: “Hər çəki dərəcəsində medal qazana bilərdik. Bunun üçün böyük şans da var idi. Təəssüf ki, alınmadı. Bütün güləşçilərimiz fəxri kürsüdə yer alsaydılar, əla nəticə olardı. Gənc güləşçilərimizin ilk “üçlük”də qərarlaşmaları sevindirici haldır. Onlar digər gənclər üçün nümunədirlər. Yalnız qızıl medalın olmamasına görə təəssüflənirəm. Maqomedxan Maqomedova ümid edirdik. Amma finalda uduzaraq gümüş medalla kifayətləndi. İnşallah, növbəti dəfə daha da yaxşı nəticələr qazanarıq”.

Onun sözlərinə əsasən milli komanda üçün iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ənənəvi Yaşar Doğunun xatirə turnirində gənclərdən ibarət heyət təmsil olunacaq. Əsas heyət Bakıda keçiriləcək lisensiya xarakterli turnirə hazırlaşacaq.



MƏSLƏHƏT GÖR:

96