Müəllif: Nigar BAĞIROVA
Mühacir ədəbiyyatı hər zaman xüsusi əhvali-ruhiyyə deməkdir. Bu əsərlərin qəhrəmanlarının başına nələrin gəlməsindən asılı olmayaraq, bütün hadisələrin, düşüncələrin, hisslərin ana xətti hədsiz nostalji və qayıdış həsrəti ilə bağlıdır.
Həmyerlimiz Mehriban Əfəndi mühacirət mövzusuna həsr olunmuş “I Sat Alone by the Gate” (“Qapının qarşısında tək oturdum”) bestseller kitabının müəllifidir. Mehriban xanımın özü də yaxın keçmişdə düz iki dəfə mühacirət edib: əvvəlcə Azərbaycandan ABŞ-yə, sonra isə əks istiqamətdə. İyirmi il ABŞ-də yaşayan və kitab nəşr etdirən Azərbaycan yazıçısı indi doğma vətənindədir və bizimlə birlikdə bestsellerinin ərsəyə gəlməsindən əvvəl baş verənləri xatırlayır. Qeyd edək ki, adıçəkilən kitab “Greenleaf Book Group Press” (ABŞ) və “TEAS Press” (Azərbaycan) tərəfindən nəşr olunub. “I Sat Alone by the Gate” romanı türk dilinə də tərcümə olunub və tezliklə Türkiyədə kitab mağazalarında satışa çıxarılacaq. Hazırda roman Azərbaycan dilinə tərcümə olunur və gələcəkdə onun rus dilinə də tərcümə olunması planlaşdırılır. ABŞ-də kitab “Barnes and Noble” mağazalarında satılır. Onun elektron versiyasını “amazon.com” saytında əldə etmək mümkündür.
- Mehriban xanım, siz öz yaşayış yerinizi, məskunlaşdığınız ölkəni dəyişmisiniz. Əvvəl ABŞ-də yaşayışa uyğunlaşmalı oldunuz, iyirmi il sonra isə yenidən Azərbaycanda. Proses necə gedir? Uyğunlaşa bilmisinizmi? ABŞ-dəki yerlər və imkanlar üçün darıxırsınızmı?
- Bəli, 20 il bir yerdə yaşadıqdan sonra ölkəni dəyişmək ekstremal idmanın növü kimi bir şeydir. Əslində, mən özüm belə bir addım ata bilməzdim. Həyat yoldaşımın arzusu ilə vətənə qayıtdım. O da mənim kimi 20 ilə yaxın ABŞ-də yaşasa da, hər zaman vətənə qayıdacağı günün gələcəyinə ümid bəsləyirdi. Bu, çox romantik, hətta vətənpərvər səslənir. Əlbəttə ki, başqa müsahibədə belə bir şey oxusaydım, bəlkə də buna şübhə ilə yanaşardım. Amma bunun başqa izahı yoxdur.
Yeni bir ölkəyə uyğunlaşmaq hər zaman çətindir. Mən bunu həyatın bu xüsusi mərhələsinə həsr olunmuş kitab yazmaqla başa düşdüm. Yeni ölkədə olanda həm yeni imkanlardan, küçələrdən və adlardan, həyatda yeni roldan ilhamlana, həm də tam tənhalıq hissi ilə baş-başa qala bilərsiniz. Bir an kədərlənirsiniz və sizdə belə bir hiss yaranır: sanki dünyada heç kəs sizinlə maraqlanmır.
Təəccüb hissi ilə qeyd etmək istərdim ki, yeni ölkəyə uyğunlaşma yaşa dolduqca da asanlaşmır. Bakıda həyata alışmaq da mənim üçün çətin idi. Uyğunlaşma prosesi hələ bitməyib, amma özümü bir il əvvəlkindən daha yaxşı hiss edirəm.
Əlbəttə ki, ABŞ üçün darıxıram. Yaşadığım şəhər, ABŞ-də çox öyrəşdiyim aydın qrafik və planlı həyat üçün darıxıram. Texasda insanlar böyük evlərdə yaşayırlar. Odur ki, evim, dekorasiya etdiyim qonaq otağı, divanda kitab oxuyan zaman keçirdiyim sakit saatlar üçün darıxıram. Səhərlər qaçdığım park, musiqiçilərin, rəssamların, şairlərin daim toplaşdığı köhnə kafe üçün darıxıram. Hətta Hyustonun amansız istisi üçün belə darıxıram. Bakıya qayıtmaq mənə nə qədər vərdişlərə bağlı olduğumu, insanlara, əşyalara, havaya nə qədər öyrəşdiyimi anlamağa kömək edib. Bir çox insanlar sonsuz səyahət etdiyimi düşünür, amma dostlarımdan birinin mənə söylədiyi kimi, “sənin uçmaq üçün qanadlara və hər dəfə qayıtmaq üçün bir evə ehtiyacın var”.
- Mühacirətdən bəhs edən, “I Sat Alone by the Gate” adlı bestseller kitabın müəllifisiniz. Mövzu yeni deyil, amma yenə də özünə cəlb edir. Bəs əsərinizin taleyi xoşbəxtdirmi?
- Çox gözəl sualdır! Yox, mən onu xoşbəxt adlandırmazdım. Kitab asan deyil, nəzərə almaq lazımdır ki, mühacirət də asan proses deyil. Romanımın baş qəhrəmanı məktəbi təzəcə bitirmiş, anası və qardaşı ilə birlikdə Bakıdan Çikaqoya köçmüş 18 yaşlı Məryəmdir. Gələndən Bu şəhərə köçəndən sonra Məryəm və ailəsi üçün hər şey istədikləri kimi getmur. Ana həyat yoldaşından boşanmalı olur, pul çox tez bitir və Məryəm ailəni dolandırmaq üçün işləməli olur. Hamımıza tanış olan qayğı və isti mühitdə böyüyən qəhrəmanım birdən-birə böyüklərin həyatına düşür. Cəmi bir həftə əvvəl olan uşaqlıq dövrü bir anda başa çatır. Beləliklə, o, köçdükləri mənzildən çıxır, qatar və avtobusla ilk işinə gedir. Bu, onun həyatda ilk ciddi imtahanıdır. Onun yolu asan deyil, lakin kövrək və təcrübəsiz Məryəmin çox güclü insan olduğu üzə çıxır.
- Kitab üzərində işləyən zaman onu kimin üçün yazdığınızı, auditoriyanızın kimlərdən ibarət olacağını düşünürdünüzmü?
- Auditoriya nəşriyyat komandası tərəfindən çox diqqətlə müəyyən edilib. Buraya bir neçə kateqoriya daxildir. Söhbət qadın taleləri, real hadisələrə əsaslanan sevgi əsərlərini oxumağı və bu mövzuda filmlərə baxmağı sevən 30-60 yaşlı mühacir qadınlardan gedir. Onlara həm immiqrasiya mövzusu, həm də müxtəlif mədəniyyətlərin buna necə münasibət bəsləməsi maraqlıdır. Bunlar əsasən işləyən evli, uşaqlı qadınlardır və onlar üçün kitablar başqa bir dünyaya qərq olmaq, gündəlik qaçhaqaça ara vermək üçün bir yoldur.
6 şəhər və 9 tədbiri əhatə edən kitab turuna çıxan zaman ABŞ-də Azərbaycan diasporu timsalında kifayət qədər böyük auditoriyamın olduğunu aşkar etdim. Bütün şəhərlərdəki dostlarım, oxucularım təqdimatlarıma gəldilər, kitabı alıb mənə dəstək oldular, təəssüratlarını amerikalılarla bölüşdülər. Son vaxtlar kişi oxuculardan getdikcə daha çox rəy alıram və onların da mənim romanımı oxuması çox xoşdur.
- İki cür yazıçı var... Elələri var ki, yazmağı bacarır, amma deməyə sözü yoxdur. Elələri də var ki, fikir və hisslərlə dolu olsa da, yaza bilmirlər. Əlbəttə, bunların hər ikisinə sahib olan şanslı insanlar da mövcuddur. Necə düşünürsünüz, ilk iki kateqoriyaya aid olanlar özlərinə inanmalı, yaradıcı olmalı, bacarıqlarını inkişaf etdirməli və özlərini yazıçılıqda sınamalıdırlar, yoxsa yox? Yeri gəlmişkən, özünüzü yazıçı, yoxsa yazan insan hesab edirsiniz?
- İnsanlar müxtəlif səbəblərə görə yaza bilərlər. Hisslərinizi aydınlaşdırmaq, dünyanı necə gördüyünüzü və onu hansı hissələrə ayırdığınızı anlamaq üçün yaza bilərsiniz (və yazmalısınız!). Bundan başqa, bizi ağırlaşdıran məsələlərdən azad olmaq üçün yaza bilərik. Həyatda hansısa yolu anlamaq, yaşamaq və unutmaq üçün də yazmaq mümkündür. Bütün bunlar söz vasitəsilə sağalmanın bir yoludur və mən bunu hər kəsə tövsiyə edirəm. Sonuncu dəfə oturub nəsə yazdığınızı xatırlayın. Bundan dərhal sonra qısamüddətli olsa da, daxili sakitlik yaranır... Daxili yüngülləşmə, boşalma. Yəni daxilimizdəki yeri boşaldır və bunun sayəsində qəlbimizi doldururuq. Amma bu dəfə gündəlik mənasız məsələlərlə deyil, yüngül, mücərrəd, sehrli bir şeylə. Ən azından bu an üçün yazmağa dəyər.
İndi isə yazıçının peşəkar fəaliyyətindən danışaq. Bununla bağlı Stiven Kinqin məsləhət verib və onu tez-tez xatırlayıram: “Əgər siz yazmamağı bacara bilmirsinizsə, o zaman yazın”. Ümumiyyətlə, yazıçılar üçün pul qazanmaq çox çətindir. Üstəlik, bu iş emosional işgəncə ilə doludur (yeri gəlmişkən, mən də istisna deyiləm). Buna görə də yalnız başqa cür hərəkət edə bilməyən dəlilər özlərini buna məruz qoymalıdırlar. Belə xaotik cavab üçün üzr istəyirəm, amma dürüst olacağıma söz vermişdim.
İtaliyada mühəndislik təhsili almış, lakin hazırda media sahəsində çalışan həmkarımla bu gün nahar etdim. O etiraf edib ki, həyatı haqqında kitab yazmaq arzusundadır, lakin süjet ona çox sadə görünür. “Mən hələ kifayət qədər yaşamamışam”, - o dedi. Ona belə bir sual verdim: “Dostluq münasibətləri, sevgi, məyusluq, ümid hisslərini yaşamısan? Əgər belədirsə, o zaman sənə lazım olan tək şey qapısı olan bir otaq, bir fincan çay, ya qəhvə və aydın məqsədə can atmaqdır. Yazıçı olmaq üçün bu kifayətdir”. “Bu zaman sizdən məsləhət ala bilərəmmi?”, - məndən soruşdu. “Əlbəttə”, - deyə cavab verdim. Bu çətin işdə yazıçı olmaq istəyənlərə əlimdən gələn köməyi etməyə çalışıram.
- Kitabınız bu qədər populyar olmasaydı, bundan sonra nə edərdiniz? Özünüzü sınamağa davam edərdiniz, yoxsa kitab yazmağa son qoyardınız?
- Mən hər zaman yazacağam. Bunu altı il əvvəl, yəni kitabımın birinci fəslini bitirəndə başa düşdüm. Bu rahatlıq hissini uzun müddətdir ki, yoqada, meditasiyada, dünyanı gəzərkən axtarırdım. Lakin bunu bu həmin sadə ritualla - oturub hekayə yazmaqla, duyğuların dərinliklərini araşdırmaqla, amerikalıların dediyi kimi tədricən “soğanın qabığını soymaqla” tapdım. Axı, duyğular çoxqatlıdır və şanslısınızsa, sadə görünən bir hekayədən inanılmaz dərinlik çıxara bilərsiniz. Əlbəttə ki, romanımda buna nail olduğumu iddia etmirəm, amma hər dəfə oturub yazı yazanda bunu etməyə çalışıram.
Siz populyarlıq və uğurdan danışırsınız. Özümə tez-tez belə bir sual verirdim: “Mənim üçün uğur nədir?” Bu bestseller statusu ola bilər - mən bundan imtina etməyəcəyəm, bu, kommersiya uğuru ola bilər - bu da gözəldir! Amma oxucu rəylərini oxuyanda və onları canlı görmək imkanım olanda daxilimdəki “uçmaq hissi”ni sözlə ifadə edə bilmərəm. Bu anlarda ruhən “doluram” - yazıçıların belə məqamları az olur. Biz daim daxilən boşalırıq. Əsəb pozğunluqları və psixi qeyri-sabitlik də məhz bundan qaynaqlanır. Məşhur yazıçıların tərcümeyi-hallarını oxuyun - hər şey tapa bilərsiniz: bipolyardan tutmuş intihara qədər. Odur ki, sənət adamları üçün mənəvi baxımdan dolğunluq həyati əhəmiyyət kəsb edir. Mən bundan sonra əsərlər yazmamağı bacara bilmərəm - buna görə də sevin və dəyər verin. Mən hələ uzun müddət sizinləyəm.
- Yaradıcılıqdan başqa, vaxtınızı nəyə ayırırsınız?
- Uşaqlarıma, həyat yoldaşıma və vaxtaşırı olan baş ağrılarına. Bir məsələni deməyi unutdum: bu yaxınlarda korporativ fəaliyyətə geri döndüm. Mən neft şirkətində korporativ strategiya departamentində işləyirəm. Bu bəzən yaradıcılığımla dissonans yaradır, amma fərqli hərəkət etməyi də bacarmıram. Mən analitik işi sevirəm. Bu, mənim istər ədəbiyyat, istərsə də incəsənətlə bağlı (akrillə rəsm çəkir - müəllif) bütün yaradıcı layihələrim üçün istək, maraq və həvəs yaradır. Çox mütaliə edirəm və bu xüsusiyyətimlə hər kəsi qıcıqlandırıram, çünki istənilən vəziyyətdə bir kitab götürür və ona qərq oluram. Həyat yoldaşımla kofe məkanlarına getməyi, onunla hər şeyi müzakirə etməyi, sarkastik zarafatlar etməyi, sataşmağı sevirəm. Onunla hər mövzu haqqında danışa bilərəm və həyatda belə bir insanı tapdığıma görə çox xoşbəxtəm. Bu yaxınlarda onun şou-biznes sahəsində çalışan əmisi oğlu ilə sənətə bağlı adamın sənətdən tamamilə uzaq olan biri ilə münasibət qurmasının nə dərəcədə vacib olduğunu müzakirə etdik. Əks təqdirdə, münasibətlər “Viki Kristina Barselona” filmindəki Penelopa Kruz və Xavyer Bardemin canlandırdığı personajlarda kimi olacaq. Söhbət hər an “partlamağa” hazır, qeyri-sabit, çox böyük hissləri olan, lakin aralarında sıfır harmoniyanın olduğu iki insandan gedir. Bir sözlə, xaos! Həyat yoldaşım olmasaydı, mənim kompüterimdə tamamlanmamış bir əsər qalardı. Onunla birlikdə isə bestseller kitab yazdım və həyatımdakı ən vacib arzularımdan birini gerçəkləşdirdim.
- Neft sektorunda fəaliyyətlə yazıçılığı necə uyğunlaşdırmağı düşünürsünüz?
- Hər ikisi ilə məşğul olmaq niyyətindəyəm. Mən hələ sırf yazıçılıqla məşğul olmaq fikrində deyiləm, amma gələcəkdə bunu istisna etmirəm. Mən adi insanlar - sadə həyat sürən katiblər, sürücülər, tələbələr haqqında yazıram. Buna görə də bu həyatdan qopduğum təqdirdə, süjetlər üçün xammalım “quruya” bilər. Məni ictimai nəqliyyatdakı, ofis həyatındakı, tıxaclardakı, bulvardakı yağışlı axşamlardakı səhnələrdən ilham alıram. Yəni mənim qəhrəmanlarım adi həyat yaşayırlar. Onlar səhər yeməyi yeməyə, idman zalına getməyə vaxt tapmırlar. Bu insanlar axşamlar valideynlərinə zəng edir, uşaqları ilə ev tapşırığı edir, ildə bir dəfə sinif yoldaşları ilə görüşürlər. Bir sözlə, onlar haradadırsa, mən də oradayam. Bu mənim həyatımın bir hissəsidir.
- Güman ki, növbəti əsərləriniz üçün yetişmiş mövzularınız var. Sirr deyilsə, onlardan hansını nəsrinizdə və hansı dildə açmaq istədiyiniz barədə məlumat verərdiniz.
- Əvvəlcədən danışmaq mənə düşmür. Amma sual verdiyiniz üçün bir az məlumat verə bilərəm. İnanıram ki, yazıçı mövzunu deyil, məhz mövzu yazıçını seçir. İnsan o zaman səmimi əsər yaza bilər ki, ona istər həyat təcrübəsi, istərsə də ruhun ən dərin tellərinə toxunan başqa bir insanın hekayəsi ilə yaranmış hansısa dərin hisslər aşılansın. Məsələn, tanımadığın adamla qatarda oturmusan, o da sənə öz taleyindən danışıb. Həmin şəxsdən ayrılandan sonra bu hekayəni illər boyu xatırlayırsan, kiməsə danışırsan və bununla həmin hekayə canlanır. Bu hekayənin öz taleyi, öz həyatı var. Hamımız bunu edirik. Yazıçılar sadəcə olaraq bu hekayələri kitaba çevirirlər.
Mən də çoxları kimi nənəmin hekayələrini dinləyib böyümüşəm. Onlar həmişə həyəcanlı idilər. Məsələn, mənim babam kəşfiyyatçı idi, onlar Bombeydə üç il yaşayıblar, İslam inqilabından sonra Təbrizdə çətin həyat keçriblər. Babam nənəmin çantasının içinə sənədləri tikmişdi, nənəm Ağdaşda İkinci Dünya müharibəsi dövründə ac illər keçirib və s. Bunlar mənə uşaq vaxtı əyləncəli macəralar kimi görünürdü. Yalnız bu yaxınlarda bu barədə düşündüm və onun çox mürəkkəb və həyəcanlı, macəralarla dolu bir həyatı olduğunu başa düşdüm. Bu mövzu daim beynimdə fırlanır. Hiss edirəm ki, bu romana çevriləcək. Tarixi romanları çox sevdiyim üçün onu yazmaq ədəbi fəaliyyətimin məqsədlərindən biridir. Bunu bacara bilib-bilməyəcəyimi isə zaman göstərəcək...
MƏSLƏHƏT GÖR: