23 Noyabr 2024

Şənbə, 23:27

SARSILMAZ QARDAŞLIQ

İlham Əliyevin Ankaraya rəsmi səfəri Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin növbəti nümayişi oldu

Müəllif:

01.03.2024

Azərbaycan Prezidenti İlham Əliyev çoxdan formalaşmış ənənəyə uyğun olaraq, dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini qardaş və müttəfiq Türkiyəyə edib. Səfərin nəticələri Bakı ilə Ankara arasında strateji müttəfiqlik amilinin regional və Avrasiya miqyasında getdikcə daha da gücləndiyinin növbəti təsdiqi olub.

 

Birliyin təsdiqi

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı 3 sənəd imzalanıb: «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu», «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş» və «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş».

Aydındır ki, səfər Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostlq və müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndiyini nümayiş etdirmək məqsədi də daşıyırdı və buna tam nail olunub. Hər halda, səfərin gedişində prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səsləndirdikləri vacib bəyanatlar bunu bir daha ortaya qoyub.

 

İki ordu-bir yumruq

Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin əsaslarından biri hərbi əməkdaşlıqdır. İlham Əliyevin prezident seçkisinin ardından Azərbaycan Silahlı Qüvvələrinin hərbi obyektlərinə baş çəkməsi və xüsusilə orada Azərbaycan Ordusunun istifadəsinə yeni verilmiş, Türkiyə istehsalı olan «Bayraktar Akıncı» hücum dronlarının uçuşunu izləməsi əlamətdar hadisə idi.

Ankarada Ərdoğanla geniş tərkibdə keçirilən görüşdə isə İlham Əliyev 2024 və ya 2025-ci ildə Azərbaycanda «Baykar Holding»in təlim, tədris və təmir mərkəzinin açılacağına ümidini ifadə edib.

«Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır», - deyə İlham Əliyev Ərdoğanla birgə mətbuat konfransında bildirib: «İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub».

Dövlət başçısı deyib ki, «bizim ordularımız bir yumruq anlamına gəlib».

 

Geniş format

Bakı ilə Ankara iqtisadi sahədə də əməkdaşlığı genişləndirir. Səfər çərçivəsində tərəflər iki ölkə arasında ticarət dövriyyəsi həcminin rekord həddə – 7,5 milyard dollara çatdığına xüsusi vurğu ediblər. Bununla yanaşı, R.T.Ərdoğan deyib ki, «15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik».

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu ilin mayında Ankarada keçiriləcək 11-ci iclasında qarşılıqlı ticarət dövriyyəsi həcminin artırılması üçün «yol xəritəsi»nin təqdim ediləcəyi gözlənilir. Bu, o deməkdir ki, iki ölkə həyata keçirdikləri enerji və nəqliyyat-kommunikasiya layihələrinin gücünü artırmağı düşünür. Buraya «Orta dəhliz»ə inteqrasiya olunmuş Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi də daxildir. Tərəflər Qars-Culfa dəmir yolu magistralının qiymətləndirilməsini həyata keçirməyi də düşünür. Gələcəkdə o, Zəngəzur dəhlizi ilə birlikdə Cənubi Qafqaz nəqliyyat şəbəkəsinin, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin bir hissəsinə çevriləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına Prezident Əliyevin Ankaraya səfəri çərçivəsində imzalanmış gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşma da öz təsirini göstərəcək.

Səfərin ən maraqlı nəticələrindən biri isə Türkiyə-Azərbaycan Universitetinin yaradılması layihəsinə start verilməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu memorandum «ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq». İlham Əliyev isə bildirib ki, «yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək».

 

«Bizim ailəmiz Türk dünyasıdır»

Azərbaycan-Türkiyə müttəfiqliyinin türklükdən gələn əsası da var və bu, İlham Əliyevin Ankaraya rəsmi səfərinin gedişində bir daha təsdiqlənib. Prezident Əliyev hələ inauqurasiya mərasimindəki çıxışında ölkənin xarici siyasi prioritetləri arasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səylərin artırılmasını da göstərmişdi. «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır», - deyə İlham Əliyev bildirmişdi.

İlham Əliyev Ərdoğanla görüşdə də TDT-nin əhəmiyyətinə diqqət çəkib: «Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək».

Yeri gəlmişkən, bu ilin iyulunda Şuşada təşkilatın qeyri-formal sammitinin keçirilməsi nəzərdə tutulur və bu, beynəlxalq arenada onün güclənməkdə olduğunu göstərən daha bir əlamətdar hadisə olacaq. Bu mənada, xüsusi diqqət çəkən məqam İlham Əliyevin toplantıya TDT-də müşahidəçi statusuna malik Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın da dəvət etməsidir. Azərbaycanın dövlət başçısı bildirib ki, «bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək».

Azərbaycan-Türkiyə birliyi şübhəsiz ki, Türk dünyasının birlləşməsində əsas amildir. Bu iki ölkə arasında 2021-ci ilin iyununda müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasından sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş qardaşlıq münasibətləri davamlı olaraq, yeni xüsusiyyətlər qazanır. Məsələn, İlham Əliyevin Ankaraya səfərinin gedişində Türkiyə Prezidenti Azərbaycanın Türkiyədə ötən ilin fevralında baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyi bir daha yüksək qiymətləndirib. Ərdoğan göstərilmiş yardıma, həmçinin Azərbaycanın dəhşətli zəlzələnin baş verdiyi Kahramanmaraşda 32 hektarlıq ərazidə 1000 evin inşasını həyata keçirdiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Beləliklə, Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi getdikcə daha da güclənəcək, zamanla yalnız Cənubi Qafqazın deyil, bütünlükdə Türk dünyasının geosiyasətini müəyyənləşdirən amilə çevriləcək.

 

«Regionda uzunmüddətli sülh üçün tarixi pəncərə»

İlham Əliyevin Türkiyəyə səfərinin nəticələri geosiyasi kontekstdə son dərəcə əhəmiyyətlidir, çünki bu nəticələr Cənubi Qafqazın təhlükəsizliyinin əsas komponenti kimi Ermənistan-Azərbaycan nizamlanması prosesinə birbaşa təsir göstərir

İlham Əliyev Ərdoğanla birgə mətbuat konfransında deyib: «2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad edib və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq».

Ankaranın Bakıya siyasi dəstəyi özünü Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsində də göstərir. Yəni bu, davamlı olaraq, Ermənistan-Azərbaycan münasibətlərindən asılı vəziyyətdədir. Başqa sözlə, birinci məsələ bundan sonra da ikincidən asılı qalacaq. Müvafiq olaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan, Türkiyə-Ermənistan münasibətləri də normallaşmayacaq. Rəsmi İrəvan davamlı olaraq, Türkiyə ilə sərhəddə nəzarət-buraxılış məntəqəsi açmağa hazır olduğunu bildirsə də, bu, mövcud vəziyyətə heç bir təsir göstərmir.

Bu mənada, Ərdoğanın İlham Əliyev ilə görüşdə səsləndirdiyi bir fikir də maraqlıdır: «Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir». Bununla yanaşı, o, Ermənistanı Azərbaycanla sülh prosesinə «uzunmüddətli strateji perspektiv prizmasından baxmağa» çağırıb.

Geosiyasi mənada Bakı ilə Ankaranın xarici güc mərkəzlərinə mesajları da vacibdir. İlham Əliyev Qarabağ münaqişəsinin başa çatdığını dəfələrlə dilə gətirərək, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizama salınmasında vasitəçilərə ehtiyacın olmadığını deyir. Burada qərəzli, ermənipərəst mövqe tutan, prosesə soxularaq ona yalnız mənfi təsir göstərən vasitəçilərə ümumiyyətlə yer ola bilməz. Azərbaycan Prezidenti ilə görüşdə R.T.Ərdoğan da bu fikirləri təsdiqləyib: «Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik». Bu yerdə Ankaranın erməni tərəfinə uzaq Qərb fövqəldövlətlərindən hərbi dəstək gözləməkdənsə, qonşu dövlətlər – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmasına dair əvvəllər etdiyi çağırışları da yada salmaq olar.

Beləliklə, Türkiyə-Ermənistan nizamlanmasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bağlı olduğu İlham Əliyevin Ankaraya səfəri zamanı bir daha təsdiqlənib, bununla da Ankara ilə Bakının bir-birinin həyati əhəmiyyətli maraqlarına vahid yanaşmadan çıxış etdikləri bir daha ortaya qoyulub. Bəli, söhbət münasibətləri möhkəm qardaşlıq və strateji müttəfiqlik təməlinə əsaslanan tərəflərdən gedir.



MƏSLƏHƏT GÖR:

93