22 Dekabr 2024

Bazar, 08:18

ULDUZLARIN PARLADIĞI SAN-REMODA

İtaliyanın dünyaca məşhur musiqi paytaxtı haqqında ən maraqlı məqamlar

Müəllif:

15.03.2024

İtaliyanın San-Remo musiqi festivalının 70 ildən çox tarixi var. Bu yarış hələ də ölkənin ən böyük milli tədbiridir və İtaliya əhalisinin dörddə birinin diqqətini çəkir.

Bir vaxtlar bu ən məşhur italyan səhnəsində “Volare”, “Felicità”, “L'italiano”, “Susanna” və bir çox başqa musiqilər səslənib. Bütün Azərbaycanın və ümumilikdə keçmiş SSRİ-nin yaşlı əhalisi yaxşı xatırlayır ki, San-Remo festivalı 1970, 1980 və hətta 1990-cı illərdə musiqi həvəskarları üçün əsas xarici tədbir idi. Onlar bu müsabiqənin yayımını, müxtəlif verilişlərdə festival mahnılarının nümayişini, San-Remo ulduzlarının mahnıları olan plastinkaların buraxılmasını və onların Sovet İttifaqına qastrol səfərlərini səbirsizliklə gözləyirdilər.

Amma çox insan bilmir ki, Avropa tamaşaçılarını məşhur “Eurovision” Mahnı Müsabiqəsini yaratmağa ruhlandıran da məhz bu İtaliya festivalı olub. San-Remo Festivalında iştirak Andrea Boçelli, Adriano Çelentano, Toto Kutunyo, Laura Pauzini, Al Bano və Romina Pauer, Pupo, Cilola Çinkvetti, Eros Ramazzotti və s. bir çox məşhur italiyalı müğənninin karyeralarının başlanğıcı olub. Azərbaycanda çox sevilən Adriano Çelentano isə 1961-ci ildə hərbi xidmətdə olarkən qısamüddətli məzuniyyət alaraq San-Remoda çıxış edən ilk və yeganə müğənnidir. O, həmin vaxt San-Remoda “24 min öpüş” mahnısını ifa edərək ikinci yeri tutub. Bu müsabiqəyə italyan dilində mahnılar ifa edən xarici ifaçılar da gəlmişdilər. Buraya Lui Armstronq, Stivi Uander, Pol Anka, Anna German və s. daxildir.

Yarışın təşkilatçıları da, iştirakçıları da əmindirlər ki, San-Remoda qələbə təkcə şan-şöhrət gətirmir, həm də bu, beynəlxalq səhnəyə çıxış imkanı əldə etmək deməkdir. Buna görə də bu musiqi festivalı İtaliyanın Liquriya sahillərində yerləşən, bütün dünyada məşhurlaşan kiçik San-Remo kurort şəhərində keçirilir.

 

San-Remo-2024

Bu il fevralın 6-10-da ölkənin musiqi paytaxtında 74-cü İtalyan Mahnı Festivalı keçirilib. 22 yaşlı müğənni Ancelina Manqo “La Noia” (“Darıxma”) adlı şən kompozisiya ilə müsabiqədə ən yüksək yeri qazanıb.

Hazırkı müsabiqənin qaydalarına əsasən, yarışan 30 müğənninin hamısı yerli müəlliflər tərəfindən yazılmış, əvvəllər ictimaiyyətə açıqlanmayan, italyan dilində olan mahnılar təqdim ediblər. İlin yeni özəlliyi ondan ibarət idi ki, finala əvvəlki kimi üç deyil, beş mahnı çıxmışdı.

2024-cü ildə müsabiqənin ən yaşlı iştirakçısı məşhur “Ricci e Poveri” qrupu olub. Qrupun müğənniləri olan Ancela Brambatinin artıq 77, Ancelo Sotciunun isə 76 yaşı var. Müsabiqənin ən gənc iştirakçısı daha çox Sancovanni kimi tanınan italiyalı müğənni Covanni Pyetro Damian (21 yaş) olub. Festivalın ulduz qonaqları arasında isə öz qrupu ilə çıxış edən avstraliyalı aktyor Rassel Krou seçilib.

Yeri gəlmişkən, San-Remo Festivalının qalibi ənənəvi olaraq İtaliyanı “Eurovision”da təmsil edir. Xatırladaq ki, bu il mayın 7-dən 11-dək İsveçin Malmö şəhərində Avropanın pop-musiqi üzrə müsabiqəsi keçiriləcək.

 

Dünya dardır və ya Mir-Nurla görüş

Hər birimiz dünyanın dar bir yer olduğuna dəfələrlə əmin olmuşuq və olacağıq. Bəzən planetin ən ucqar guşələrində tanış simalar, dostlar və ya tanışların qohumları, uzun müddət görüşmədiyiniz insanlarla qarşılaşa bilərsiniz. Qonşu ölkələrdən gələn turistlərlə xaricdə tanış olmaq və ünsiyyət qurmaq da maraqlıdır. Məsələn, keçən il İtaliyanın kiçik Bari şəhərində gecə saatlarında yerli bir oğlan könüllü olaraq ucqar ərazidəki hotelimizi tapmağa kömək etmişdi. Sonradan söhbət etdikdən sonra bildik ki, o, əslən Gürcüstandandır və bu şəhərə köçüb. O, ingilis dilindən rus dilinə rəvan şəkildə keçid etdikdən sonra üzlərdə təbəssüm yarandı. Bu gürcü oğlanın xeyirxah köməyi uzun müddət yaddaşlarda qalacaq.

Birdən heç gözləmədiyiniz yerlərdə Azərbaycan dilində cümlələr eşitsəniz, necə reaksiya verərsiniz? Bu, San-Remoda, mərkəzi dəmir yolu stansiyasının yaxınlığında baş verib. Görməli yerləri axtararkən, kiçik bir dönərxananın yanından keçəndə birdən türk dilində cümlələr eşitdik. Danışanlardan biri Türkiyədən idi, ikincisi – daha gənc olan isə oranın əməkdaşı idi. Bizi təəccübləndirən o oldu ki, həmin şəxs Azərbaycandan olduğunu söylədi və bizi söhbətləşməyə, birlikdə nahar etməyə dəvət etdi. Ancaq hələ görməli yerləri ziyarət edəcəyimizi nəzərə alaraq, geri dönəcəyimizi vəd edərək onunla sağollaşdıq. Kifayət qədər gəzdikdən sonra həmyerlimizi ziyarət etmək qərarına gəldik və o, buna görə çox sevindi.

Doğrudur, həmin məkanın xeyli sayda daimi müştərilərinin olması və vaxtın azlığı kifayət qədər söhbət etməyə imkan vermədi. Kifayət qədər utancaq, lakin gülərüz olan Mir-Nur Azərbaycanın Ucar rayonundandır. Buraya bu yaxınlarda gəlməsinə baxmayaraq, o, ziyarətçilərlə italyan və ingilis dillərində rahat şəkildə danışırdı. Müştərilər həm yerli italyanlar, həm də mərakeşli inşaat işçiləri idi.

“Mən onları yaxşı tanıyıram, demək olar ki, hər gün gəlirlər, Şərq menyumuzu və qiymətləri bəyənirlər”, - Mir-Nur qeyd edib.

O, bu kafedə tək çalışmasına rəğmən, eyni vaxtda bir neçə ziyarətçidən sifariş götürdü və təzə hazırlanmış “Marqarita” pizzasını (6 avro) bizə sözün əsl mənasında 10 dəqiqəyə təqdim etdi.

Mir-Nur vətəninə böyük salamlar çatdırıb və San-Remoya gələn bütün azərbaycanlı turistləri kafesini ziyarət etməyə dəvət edib.

 

Parıltısız Liquriya kurortu

Bəli, düzdür, San-Remo musiqi festivalı sayəsində bütün dünyada məşhurlaşıb. Digər tərəfdən bura Aralıq dənizi kurortudur, əslində Monako və Lacivərd sahil ilə “eyni sahil dalğasında”dır. San-Remo İtaliyanın Liquriya bölgəsində yerləşir. Eyni təbiət, eyni qızılı çimərliklər, zərif və təmiz dəniz, parklar.

Təbii ki, turistlərin çoxu San-Remoya yay mövsümündə gəlir (əlbəttə ki, musiqi festivalının fevral ayında keçirildiyini nəzərə almasaq). May-sentyabr aylarında temperatur 27-28 dərəcəyə, son illərdə isə 35-37 dərəcəyə qədər olur. Suyun orta temperaturu 22-23 dərəcəyə çatır. Buradakı çimərliklər əsasən qum və çınqıllardan ibarətdir və yayda sahildə həm dəbdəbəli hotellər (iki nəfər üçün 400-500 avro), həm də sadə, ucuz variantları (90-120 avro)  tapa bilərsiniz. Qışda bu qiymətlər təxminən iki dəfə aşağı olur.

Doğrudur, San-Remonun mərkəzi hissəsi Nitsa, Monte-Karlo, Sen-Trope, Antibe və digər yaxınlıqdakı sahil şəhərlərində olduğu kimi təcrübəli turistdə xüsusi təəssürat yaratmır. Burada Lacivərd sahilinin günəşli sahillərindəki kimi parıltı yoxdur və görünür, şəhər rəhbərliyi uzun müddətdir ki, şəhərin turistik görünüşünə diqqət yetirmir.

Amma San-Remo mərkəzi, qədim məhəlləsi olan La-Pinya (La Pigna) ilə öyünə bilər. Orta əsr görünüşünü saxlayan bu məhəllədə çoxlu dolama dar küçələr, enişlər və örtülü keçidlər var. Bakının İçərişəhərində olduğu kimi burada da azmaq çox asandır. Lakin bu, antik dövrə yüksək qiymət verən şəxsləri dayandırmır. Tarixi 17-ci əsrə uzanan “Madonna della Costa” məbədi də burada yerləşir. Oradan isə Saray küçəsinə çıxmaq (“via Palazzo”) və burada yerləşən görməli yerləri araşdırmaq olar. Onların arasında 13-cü əsrdə tikilmiş qədim San Siro kafedralı var. Şəhərin dini baxımdan başqa görməli yerini - Xilaskar Məsihin şərəfinə olan ənənəvi Rus Pravoslav Kilsəsini (Rus Kilsəsi - Chiesa Russa) ziyarət etməyi unutmayın. Məbədin içərisində pravoslav rus ikonalarına həsr olunmuş sərgi var.

San-Remonun əfsanəvi Monte-Karloya yaxın ərazidə yerləşdiyini buradakı kazino da göstərə bilər. Bu kazino 1905-ci ildən bəri davamlı olaraq mərc oyunları həvəskarları üçün fəaliyyət göstərir, lakin onun əsas ziyarətçiləri şəhər sakinləri deyil, turistlərdir. Baxmayaraq ki, Monte-Karlodan fərqli olaraq, San-Remo sakinlərinə rəsmi olaraq kazinoda oynamaq icazəsi verilir.

Mərkəzi sahil ərazisi kimi yerli liman turistlər üçün elə də cəlbedici deyil. Burada ən maraqlı məkan hər bir bakılının tanıdığı sahibkar və alim Alfred Nobelin dəbdəbəli malikanəsidir. O, ümumilikdə altı il yaşadığı San-Remonu tez-tez ziyarət edərmiş. A.Nobel 1896-cı ildə burada vəfat edib. Nobel villasını “mənim yuvam” adlandırıb.

San-Remonun məşhur turistik yerlərindən biri sirli, Bussana-Bekya (Bussana Vecchia) adlı “ruhlar şəhəridir”. Əsası IX əsrdə qoyulmuş qədim yaşayış məskəni 1887-ci il zəlzələsi nəticəsində, demək olar ki, tamamilə dağılıb.

Yerli sakinlər xarabalıqlara qayıtmadılar və yeni rayon yaratdılar. Bussana-Bekyada insanlar tədricən məskunlaşmağa başladılar. Üstəlik, buranın bərpasında rəssamlar iştirak ediblər. Turistlər buraya qədim küçələri kəşf etməyə gəlirlər: onlar çox mənzərəlidir və bir çox binalar zəlzələdən sağ çıxıb və koloritini itirməyib.

Şopinq həvəskarları mərkəzdə yerləşən “La Vaska” adlanan Cakomo Matteotti küçəsini ziyarət edə bilərlər. Burada məşhur beynəlxalq brendlərin mağazaları arasında 70 ildən artıqdır ki, San-Remo Festivalının keçirildiyi Ariston konsert zalı da var. Festival binasının özü arxitekturası ilə heç də heyranedici olmasa da, hər il davamlı uğuru ilə izdihamlı pərəstişkarları və turistləri cəlb edir.

İtalyan musiqisinin paytaxtına xoş gəlmisiniz!



MƏSLƏHƏT GÖR:

98