22 Dekabr 2024

Bazar, 07:25

BİTKOİN TRENDDƏDİR

Kriptovalyutaların qiymətlərində rekord artım: səbəblər və nəticələr

Müəllif:

15.03.2024

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin (BTC) qiyməti son bir ayda 71 451 dollara qədər qalxaraq yeni rekordlar vurur. Əlbəttə, bu tendensiya maliyyə bazarında maraq və diqqət oyatmaya bilməz. Belə ki, cəmi 13 il əvvəl qiyməti 1 sentdən də aşağı olan “valyuta robotu”nun belə səs-küylü təntənəsi sektorun ənənəvi alətlərdən açıq şəkildə uzaqlaşmağa başladığını göstərir.

Bitkoin tərəfdarları onu mərkəzləşmədən kənar, hökumətlərin və bankların nəzarətində olmayan yeni maliyyə dövrünün müjdəçisi kimi qəbul edirlər. Hətta onlar bunu dünyanı yaxşılığa doğru dəyişməyə qadir olan gələcək valyuta kimi görürlər.

Digər tərəfdən tənqidçilər o qədər də nikbin deyillər. Belə ki, onlar bitkoini partlamağa hazır olan “köpük” adlandırır, onun volatilliyi və cinayətkar əməllərdə istifadə ilə bağlı potensiala malik olmasına dair xəbərdarlıq edirlər.

 

Rəqəmsal pullar

Müxtəlif hesablamalara görə, hazırda dünyada 10 mindən çox kriptovalyuta var. “CoinMarketCap”ın məlumatına görə, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 1,98 trilyon dollara çatıb (26 fevral tarixinə qədər). Bu fonda bitkoin ən əhəmiyyətli kriptovalyuta olaraq qalır. Belə ki, bazarın yarıdan çoxu, yəni 1 trilyon dollar məhz onun payına düşür.

Bəs bu kriptovalyuta necə işləyir? Mahiyyət etibarilə, o, maliyyə aktivi kimi yerləşdirilir, onun verilməsində ölkənin Mərkəzi Bankı və ya digər pul tənzimləyicisi iştirak etmir. Kriptovalyutalar, o cümlədən bitkoin blokçeyn əsasında fəaliyyət göstərir: ümumi şəbəkəyə qoşulmuş bir çox kompüterlər üzərində paylanmış məlumatların şifrlənməsi və saxlanılması texnologiyası. Əslində, blokçeyn bütün tamamlanmış əməliyyatları əks etdirən məlumat bazasıdır. O, kriptovalyuta proseslərinə dair bütün qeydləri ehtiva edən böyük bir kitabla müqayisə olunur. Hər bir bitkoin sahibində bu kitabın eyni nüsxəsi var. Onlar bu blokçeynə sərbəst şəkildə çıxış imkanına malikdirlər. Qeyd edək ki, kriptovalyuta şirkətlər, təşkilatlar və hətta şəxslər tərəfindən yaradıla bilər. Eyni zamanda bu rəqəmsal pulun əməliyyatlar aparmaq üçün öz qaydaları var. Bu qaydaları pozmaq mümkün deyil.

Bitkoinlər mədənçilər şəbəkəsi tərəfindən yaradılır. Onlar həm səhmləri birjada satılan iri şirkətlər, həm də evdə mədən işlərini həyata keçirən fiziki şəxslər ola bilərlər. Sadə sözlə desək, mədənçi kripto-mühasibdir. O, bütün əməliyyatların reyestrdə qeyd olunmasını, dublikatların olmamasını və kriptovalyuta köçürmələrinin qeyd edilmədən tamamlanmamasını təmin edir.

Ümumiyyətlə, bitkoin mal və xidmətlərin alınması, həmçinin investisiya üçün istifadə oluna bilər. Lakin onun ödəniş vasitəsi kimi istifadəsi hələ də məhduddur. Siz həmçinin bitkoin qəbul edən mağazalardan hədiyyə kartları ala bilərsiniz. Bitkoin debet kartları da var: “BitPay Card”, “Wirex Card”, “Crypto.com Card”. “LocalBitcoins”, “Paxful”, “Bisq” kimi platformalarda digər istifadəçilərin mal və xidmətlərini birbaşa almaq mümkündür. Xidmətlərə gəlincə, bitkoin ilə ödəniş etməklə siz təyyarə biletləri əldə edə və hotel nömrələri rezerv edə bilərsiniz. Bu, “CheapAir”, “Travala”, “Expedia” vasitəsilə mümkündür. Bundan başqa, kriptovalyuta ilə oyunlar və oyun elementləri (“Steam”, “Kinguin”, “Gamestop”), VPN xidmətləri (“ExpressVPN”, “NordVPN”, “Surfshark”) almaq olar.

Bitkoin mübadiləsi də mövcuddur. “Binance”, “Huobi”, “Kraken” və s. birjalarda mal və xidmətlərin alınması mümkündür. Yəni bunu bitkoin ilə ticarət mübadiləsi təklif edən platformalarda etmək olar.

Maraqlısı odur ki, ənənəvi valyutaların limiti məhdud deyilsə, 21 milyondan çox bitkoin ola bilməz. Bitkoinlərin çoxu artıq yaradılıb və dövriyyədədir. Amma onların bəzi hissəsi əbədi olaraq “itib”. Söhbət bitkoinlərin ümumi həcminin təxminən 30%-dən gedir (bəzi bitkoin pul kisələrinin sahibləri parollarını unudublar).

 

Qiymətlərin enmədən əvvəl artması?

Kriptovalyutaların dəyərinin necə formalaşmasına gəlincə, ekspertlər bunun bir çox amillərdən asılı olduğunu qeyd edirlər. Bunlardan da ən əsası tələb və təklifdir. Əlbəttə ki, tələb və təklif hər hansı bir aktivin qiymətini müəyyənləşdirir və bu mənada bitkoin də istisna deyil. 

Bitkoin bazarını təhlil edərkən bilməli olduğunuz başqa bir termin də var: “halving” (iki dəfə azalma). Bu da bitkoin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Beləliklə, istənilən maliyyə sistemi valyutanın ucuzlaşmasının qarşısını almaq üçün saxlama vasitələri təqdim edir.

Bitkoində koinlərin “zərb edilməsi” prosesi ilə BTC blokçeyninə qoşulmuş istifadəçi avadanlığı ilə bağlı mürəkkəb tapşırıqların həlli nəzərdə tutulur. Belə ki, mədənçilərdən biri düzgün həlli tapan kimi zəncirə yeni blok əlavə olunur. Daha sürətli və daha güclü avadanlığa malik istifadəçi hesablamaları daha tez yerinə yetirir və daha tez-tez mükafatlar alır. Ancaq bitkoinin yaradılmasından bəri mədən parametrləri dəyişməsəydi, bütün koinlər “çıxarılardı” və belə yüksək dəyərə malik olmazdı.

Buna görə “halving” yaradıldı. Bu o deməkdir ki, 210 000-ci blokun meydana çıxmasından sonra mükafatın ölçüsü 2 dəfə azalır. Bu proses təxminən 4 ildə bir dəfə baş verir. Koinin tarixində artıq üç “halvinq” olub, sonuncusu 2020-ci ilin mayına təsadüf edir. Növbəti “halvinq” 2024-cü ilin aprelində gözlənilir.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev qeyd edir ki, statistik məlumatlara görə, BTC-nin qiyməti həmişə “halvinq”dən bir neçə ay əvvəl artmağa başlayır və növbəti tarixi maksimuma çatır: “Başqa bir səbəb ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini vaxtından əvvəl aşağı salacağı ilə bağlı ehtimalın artmasıdır”.

Ekspertin sözlərinə görə, digər amillərlə yanaşı, qorxu və tamahkarlıq indeksi (“Fear&Greed Index”) hazırda 79 bənd səviyyəsindədir və bu isə investorların kriptovalyutaları almağa meyilli olması deməkdir: “Bir qayda olaraq, bu göstərici 90 bəndi keçəndə iri investorlar satışa başlayırlar”.

“Halvinq” fonunda kriptovalyutanın qiymətinin artması əsasən spekulyativ xarakter daşıyır. “Halvinq”in tarixini bilməklə, əvvəlcədən yaxşı bir alış nöqtəsi tapmaq, kriptovalyutalar almaq və daha sonra onları məzənnənin spekulyativ artımının zirvəsində satmaq olar. Bitkoinin dəyərinin artması ilə bağlı tarixi məlumatlar nəzərə alsaq, “halvinq”dən bir neçə ay əvvəl bu kriptovalyutaya sərmayə qoymaqla investorların əhəmiyyətli gəlir qazanacağını söyləyə bilərik.

Yeri gəlmişkən, şəbəkədə proqramlaşdırılmış cəmi 32 “halvinq” var. 21 milyon BTC buraxılan kimi koin istehsalı dərhal dayandırılacaq. 2140-cı ildə taleyüklü bir hadisə gözlənilir. Bundan sonra dövriyyədə yalnız mövcud bitkoinlər qalacaq.

Kriptovalyutalar üzrə ixtisaslaşmış analitiklərin fikrincə, bu günlərdə Bitkoin məzənnəsindəki artım həm böyük miqdarda BTC olan pul kisələrinin sayının artmasından göründüyü kimi böyük investorların, həm də spot bitkoin-ETF-ni satın alan institusional oyunçuların kriptovalyuta alışlarının sabit həcmi fonunda baş verir.

Qeyd edək ki, birja investisiya fondu (ETF) səhmləri adi səhmlər kimi satılan investisiya fondunun bir növüdür. ETF səhmlər, əmtəələr və ya istiqrazlar kimi aktivlərə sahibdir və adətən ticarət dəyərini xalis aktiv dəyərinə yaxın saxlamaq üçün nəzərdə tutulmuş arbitraj mexanizmi ilə işləyir. Bitkoin ETF isə Bitkoinin dəyərini izləyən və insanlara faktiki kriptovalyutaya sahib olmadan bitkoinə sərmayə qoymağa imkan verən xüsusi bir ETF növüdür. ETF-lər ənənəvi maliyyə sistemində mövcud olduğundan, bitkoin ETF-ləri daha geniş investorlar üçün sərmayə üçün şərait yaradır. Beləliklə, bitkoin ETF-lərinə tələbatın artması həm də bitkoinin özünün alışlarının artmasına səbəb olur ki, bu da onun dəyərinə müsbət təsir göstərir.

 

Alaq, yoxsa almayaq?

Bitkoinin bahalaşmasının səbəblərini aydınlaşdırdığımızı söyləyə bilərik. Bazar iştirakçılarını daha çox bundan sonra nələrin olacağı maraqlandırır. Amma ekspertlər gələcəklə bağlı uzunmüddətli proqnozlar verməyi öhdələrinə götürmürlər. Lakin onlar əmindirlər ki, bitkoin gələcəkdə də trenddə olacaq.

Doğrudur, bir çox analitiklər hesab edirlər ki, kriptovalyutalar ənənəvi maliyyə dünyasında heç vaxt qəbul edilməyəcək sabun köpüyüdür. Məsələn, Avropa Mərkəzi Bankının Bazar İnfrastrukturu və Ödənişlər Departamentinin baş direktoru Ulrix Bindzayl və bu departamentin müşaviri Yurgen Şaf bəyan ediblər ki, Bitkoin həm ödəniş vasitəsi, həm də investisiya üçün yararlı deyil. Bu bəyanat yanvar ayında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən bu kriptovalyutaya birbaşa investisiya yatıran ilk ETF-lərin işə salınmasının təsdiqlənməsi ilə əlaqədar verilib.

Onların fikrincə, hətta Bitkoinin qanuni ödəniş vasitəsi kimi tanındığı və vətəndaşlara pulsuz olaraq 30 dollar dəyərində bitkoin verildiyi Salvadorda belə ondan geniş istifadə olunmayıb: “Bitkoinlə ödənişlər yavaş, narahat və bahalı olaraq qalır. Bu ödəniş vasitəsindən internetdə cinayətkar əməllər üçün istifadə edilən qaranlıq şəbəkədən kənarda praktiki olaraq istifadə olunmur”.

Mərkəzi bankların və ənənəvi maliyyə bazarı iştirakçılarının kriptovalyutalara soyuq münasibəti yenilik deyil. Azərbaycanda da kriptovalyutalara münasibət belədir. Məsələn, Azərbaycan Mərkəzi Bankı dəfələrlə ehtiyatlı olmağa çağırıb, risklər barədə xəbərdarlıq edib və kriptovalyutanı ödəniş vasitəsi kimi rəsmi olaraq tanımır.

Bu alətlər ölkəmizdə leqallaşdırılmayıb, lakin qadağan da deyil. Yəni kriptovalyutaların saxlanılması və istifadəsi qeyri-qanuni deyil, amma dövlət tərəfindən tənzimlənmir. Lakin son araşdırmalara görə, Azərbaycan əhalisinin 3,4%-i kriptovalyutaya sahibdir və onların arasında ən populyarı bitkoindir. Eyni zamanda elektron ticarət kimi xaricdə kriptovalyutanın alınması 18% məbləğində ƏDV-yə cəlb edilir və Azərbaycan rezidentləri tərəfindən qeyri-rezidentlərin kriptovalyuta pul kisələrinə vəsait köçürüldükdə köçürmə məbləğinin 10%-i tutulur. Həmçinin kriptovalyutalarla əməliyyatlardan əldə edilən vəsait hüquqi və fiziki şəxslər üçün gəlir vergisinə cəlb edilir.

Kriptovalyutalarla bağlı aydın qanunvericiliyin olmaması vergi ödəyiciləri üçün çətinliklər yaradır, çünki vergilərin necə bəyan edilməsi və ödənilməsi hər zaman aydın deyil. Kriptovalyutaların dəyişkənliyi səbəbindən onların dəqiq dəyərini müəyyən etmək çətindir və bu, gəlir bəyan edərkən səhvlərə yol aça bilər.

E.Quliyevin sözlərinə görə, ölkədə bu valyutaya maraq var, lakin kriptovalyutalardan istifadə etmək üçün, ilk növbədə, sosial, iqtisadi və hüquqi şərait yaradılmalıdır: “Bunun üçün insanları maarifləndirmək, müvafiq qanunvericilik aktları qəbul etmək lazımdır. Yalnız bundan sonra kriptovalyutalardan real sektorda ödəniş vasitəsi kimi istifadə etmək mümkün olacaq”.

Onun fikrincə, ölkəmizdə ödəniş vasitəsi kimi alternativ üsulların olması təbii ki, müsbət amil olardı, çünki istənilən halda bu, yeni ödəniş mədəniyyətinin və texnoloji innovasiyanın tətbiqi deməkdir: “Bu, iqtisadi şəffaflığın yeni mərhələsidir. Kriptovalyutalara hüquqi dəyər verilməyənə, təsərrüfat subyektləri arasında ödəniş üsulları texniki cəhətdən inteqrasiya olunmayana qədər ölkəmizdə rəqəmsal valyuta sektorunun inkişafı sual altında qalacaq”.

Bir sözlə, ənənəvi maliyyəçilər kriptovalyutaları qəbul etmək istəməsələr də, bu gün onlar insanların həyatına ciddi şəkildə daxil olub. Kriptovalyutalar insanlara pul qazanmaq üçün yeni imkanlar açır. Bitkoin qiymətlərindəki inamlı artım tendensiyası aydın şəkildə göstərir ki, istəsək də, istəməsək də, texnologiya getdikcə daha çox formalaşmış ənənələri arxa plana keçir.


MƏSLƏHƏT GÖR:

100