Müəllif: Ağasəf NƏCƏFOV
Son 20 ildə Rusiya ilə Azərbaycan qarşılıqlı faydalı ticarətə, dinamik inkişaf edən investisiya tərəfdaşlığına əsaslanan möhkəm iqtisadi zəmin formalaşdırmağa nail olub. Bu əlaqələrin uğuru həm də 260-dan çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sazişdən ibarət güclü hüquqi bazaya əsaslanır. Bu ölkələr sənaye, kənd təsərrüfatı və bir sıra digər sahələrdə investisiya komponentini dərinləşdirməyə davam etdirir. Üstəlik, turizm sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Rusiyanın Baş naziri Mixail Mişustinin, eləcə də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun Bakıya bu yaxınlarda səfəri zamanı iki dövlət arasında ticari-iqtisadi əlaqələr və onların genişləndirilməsi perspektivləri barədə ətraflı müzakirə aparılıb.
Kənd təsərrüfatı sahəsində əsas tərəfdaşlar
Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son vaxtlara qədər Rusiyanın region ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 40%-i Azərbaycanın payına düşüb. Rusiya uzun illərdir ki, Azərbaycanın kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının idxalçıları arasında birinci yeri tutur.
“İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq”, - Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş naziri Mixail Mişustinin başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edərkən deyib.
“Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq”, - Azərbaycan lideri vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı sahəsində Rusiya ilə Azərbaycan bir-birini tamamlayır: “Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir”.
Azərbaycandan təzə meyvə və tərəvəz tədarükü strukturunda Rusiya ənənəvi olaraq birinci yeri tutur. Bu ölkəyə tədarüklər bütün kənd təsərrüfatı məhsullarının üçdə ikisindən çoxunu təşkil edir. Buraya pomidor, alma, albalı, gilas, mövsümi təzə kartof, şaftalı, fındıq və s. daxildir. Bundan başqa, ötən ilin sonundan Azərbaycan yumurta və toyuq əti üzrə aparıcı tədarükçü kimi çıxış edir. Öz növbəsində o, Rusiya şirkətlərindən taxıl (ərzaqlıq buğda), həmçinin un, qənnadı məmulatları, kolbasa, tərəvəz və yağ, təzə və konservləşdirilmiş balıq və s. əldə edir. Üstəlik, Rusiya rublunun zəifləməsi fonunda 2023-cü ildə alınan ərzaq məhsullarının həcmi dinamik şəkildə artıb və görünən odur ki, 2024-cü ildə də bu tendensiya davam edəcək.
Sənaye kooperasiyası
“Sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir”, - Prezident İlham Əliyev qeyd edib.
Bu sahədə əldə olunan nailiyyətlər artıq kifayət qədərdir. M.Mişustinlə Baş nazir Əli Əsədovun görüşündə birgə sənaye müəssisələrinin inkişafı da müzakirə olunub. Enerji, sənaye və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.
Bununla əlaqədar Gəncə Avtomobil Zavodunda Rusiyanın “KamAZ” və “Ural” markalı ağır yük avtomobillərinin bir sıra modellərinin yığılması layihəsini, Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “AzərMaş” şirkəti ilə Rusiyanın “Qorki avtomobil zavodu” şirkətinin orta tutumlu yük avtomobillərinin istehsalı layihəsini qeyd etmək olar.
Bu yaxınlarda Rusiya-Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Cənubi Qafqaz regionunda ən böyük texniki servis mərkəzinin tikintisini başa çatdırıb. Burada yük və kənd təsərrüfatı maşınlarına geniş çeşiddə texniki və servis xidmətləri göstəriləcək.
Bundan başqa, Rusiyanın “R-Pharm” şirkəti ilə birlikdə Pirallahı sənaye parkında dərman istehsalı müəssisəsi tikilib. Bu ölkənin aparıcı bankı olan “Qazprombank” isə Sumqayıtda “SOCAR Polymer” neft-kimya zavodunun tikintisinin əsas investoru olub: 10 il müddətinə 489 milyon dollar kredit verib.
Ümumilikdə Azərbaycanda Rusiya kapitallı 760-dan çox şirkət fəaliyyət göstərir, onlar həmçinin həyata keçirilən layihələrdə podratçı qismində iştirak edir. XXI əsrin ilk iyirmi ilində Azərbaycan iqtisadiyyatında Rusiya sərmayələrinin həcmi 4,2 milyard dollara çatıb. Bunun da 2,8 milyard dollardan çoxu neft sektoruna aiddir. Azərbaycandan olan iş adamları isə Rusiya iqtisadiyyatına 1,5 milyard dollara yaxın sərmayə qoyublar. Buraya əsasən Şimali Qafqazda sanatoriya və kurortlar, Dağıstanda istixana təsərrüfatları və digər kənd təsərrüfatı müəssisələri və s. daxildir.
Nəqliyyat və enerji mübadiləsi
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli əməkdaşlığın əsas istiqaməti həmçinin nəqliyyat-logistika sektorudur ki, onun inkişafı üçün müvafiq sənədlər imzalanıb: “Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir. ... Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir”.
Moskva Bakının həm bu mənada, həm də cənub və qərb istiqamətlərində yeni avtomobil və dəmir yolu infrastrukturunun formalaşdırılması sahəsində səylərini dəstəkləyir.
Söhbət Zəngəzur dəhlizi layihəsinin və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Bakıdan Astaraya dəmir yolu xəttinin həyata keçirilməsindən gedir. Ötən il mayın 17-də Rusiya və İranın nəqliyyat nazirliklərinin rəhbərləri 170 kilometrlik Rəşt-Astara hissəsinin birgə maliyyələşdirilməsi, layihələndirilməsi və tikintisi haqqında saziş imzalayıblar. Bu layihə üçün dövlətlərarası kreditdə Rusiyanın payı 85% təşkil edəcək. Rusiya öz və İran ərazilərində “dar” yerləri genişləndirmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutu infrastrukturunu modernləşdirmək üçün təxminən 1,5 milyard dollar ayırmağa hazır olduğunu bildirib. Bu layihənin əsas həlqəsi olan Azərbaycan da Rəşt-Astara xətti istifadəyə verilənə qədər (təxminən 2027-ci ilin sonuna) öz ərazisində işləri başa çatdırmağa hazırlaşır.
Yeri gəlmişkən, hazırda Azərbaycan və Rusiya arasında tranzit də daxil olmaqla yükdaşımaların həcmi dinamik şəkildə artır. “Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir”, - Rusiya hökumətinin başçısı Mixail Mişustin Bakıya səfəri zamanı qeyd edib.
Azərbaycan-Rusiya-İran enerji körpüsünün möhkəmləndirilməsi istiqamətində uğurlu işlər həyata keçirilib. Azərbaycan və Rusiyanın enerji sistemləri hələ sovet dövründən iki xətt - Dərbənd (330 kV) və Yalama (110 kV) ilə birləşdirilib. Bundan başqa, ölkələr üçüncü paralel yüksək gərginlikli xəttin çəkilməsi barədə razılığa gəliblər. Söhbət 330 kilovoltluq Abşeron-Yaşma-Dərbənd elektrik xəttindən gedir. Onun istismara verilməsi nəinki Rusiya ilə enerji mübadiləsini yaxşılaşdıracaq, həm də Azərbaycan ərazisindən tranzit imkanlarını artıracaq. Son illərdə Rusiya sərhədindən bütün marşrut boyunca sistem yarımstansiyalarının və elektrik xətlərinin avadanlıqları da yenilənib. Belə ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 8-də yenidən qurulan, şuntlayıcı reaktor ilə təchiz edilmiş 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Gələcəkdə aparılan modernləşdirmə nəticəsində bu yarımstansiya tranzit elektrik enerjisinin artan axınlarını dəstəkləyə biləcək. Bir sözlə, Rusiya ilə Azərbaycan sərhəd ötürücü sisteminin imkanlarının artırılması və enerji körpüsünün formalaşdırılması istiqamətində işlərin intensivləşdirilməsi planlaşdırılır.
Turizm sahəsi prioritetdir
“Bakıdakı danışıqlar ikitərəfli əməkdaşlığın inkişafına nəzər yetirmək, əməkdaşlığın yeni sahələrini müəyyən etmək, həmçinin iki ölkənin sahibkarları və özəl sektoru arasında qarşılıqlı əlaqəni artırmaq üçün yaxşı fürsətdir”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikovla görüşündən sonra yazıb.
“İkitərəfli ticarət dövriyyəsinin göstəriciləri dinamik şəkildə artır. Rusiya-Azərbaycan ticarət dövriyyəsinin yarıdan çoxu - 54,2%-i milli valyutalarda həyata keçirilir. Rusiya Azərbaycan iqtisadiyyatına ən böyük beş investordan biridir: ötən ilin sonunda Rusiya Federasiyası Azərbaycana təxminən 274 milyon dollar sərmayə qoyub. Hazırda respublikada Rusiyanın iştirakı ilə müxtəlif layihələr həyata keçirilir: İT sektoru və aviasiya sənayesindən tutmuş tibb və yüngül sənayeyə qədər. Bu layihələrin ümumi məbləği təxminən 624 milyon ABŞ dollarıdır”, - M.Reşetnikov Bakıda danışıqlar zamanı bildirib.
Bu məqamda qeyd edək ki, qonşu dövlətlər tərəfdaşlıqda turizm sektorunu prioritet sahə kimi müəyyən ediblər. Bu da təəccüblü deyil, çünki ötən il ölkəmizə turistik axının təxminən 30%-i rusiyalı qonaqların payına düşüb. M.Reşetnikov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə qeyd edib ki, pandemiyadan əvvəlki göstəricilər hələ tam bərpa olunmasa da, 2023-cü ilin statistikasına əsasən, Azərbaycan rusiyalı turistlərin getdiyi ölkələr arasında birinci yerdədir. Onun sözlərinə görə, MDB ölkələrinə səfərlər təşkil edən Rusiya turoperatorlarının fəaliyyətini stimullaşdırmaq üçün qanun layihəsi hazırlanır. Bu sənəd Azərbaycanın turizm sektoru ilə tərəfdaşlığın gücləndirilməsinə yardım göstərəcək. Martın 5-də Bakıda imzalanmış “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi” də eyni məqsədlərə xidmət edir. Bu səndlə iki ölkənin rekreasiya sektorunda əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar nəzərdə tutulur. Rusiya tərəfinin fikrincə, Yol Xəritəsi 2027-ci ilə qədər birgə turizm proqramları hazırlamağa, qarşılıqlı turist axınını 40% artırmağa və ildə 1 milyon səfərə çatmağa imkan verəcək. Görüş zamanı Rusiya ilə müntəzəm birbaşa aviareyslərin genişləndirilməsi, Azərbaycanın Moskvada turizm nümayəndəliyinin açılması, Xəzər dənizində kruiz turizminin inkişafı potensialı və s. ətrafında fikir mübadiləsi də aparılıb.
Bir sözlə, iqtisadiyyat sahəsinə dair Azərbaycan-Rusiya çoxvektorlu planlarla qısa müddətdə həm ticarət dövriyyəsinin, həm də qarşılıqlı investisiyaların həcminin artırılması üçün bütün potensialdan istifadə etmək nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: