5 Noyabr 2024

Çərşənbə axşamı, 16:09

BUZ DÖYÜŞÜNÜN REANİMASİYASI

Azərbaycanda hokkey komandası yaradılıb

Müəllif:

01.04.2024

Qış idman növləri arasında hokkey populyarlığına görə ön sıralardadır. Buz üstə hokkey üzrə yarışlar ilk dəfə Şimali Avropalılar tərəfindən oynanılıb. 19-cu əsrin ortalarında isə primitiv formada Kanadada oynanmağa başlanılmış, ilk rəsmi hokkey oyununun 1855-də Kinqston, Ontarioda oynandığı barədə məlumatlar var. İlk rəsmi yarış 1865-ci ildə bir universitet şagirdi olan Robertson tərəfindən təşkil edilib. Daha sonra Robertson, ilk buz üstə hokkey qaydalarını inkişaf etdirib. Bu qaydaların tələbinə görə komandalar doqquz oyunçu ilə meydana çıxırdı. 1909-cu ildə milli hokkey təşkilatı oyunçu sayının altıya endirilməsinə qərar verdi.

 

İnkişaf üçün əsas

Müstəqillikdən öncə Azərbaycanda hokkey idman növünün inkişafı ilə bağlı müəyyən işlər görülüb, amma sonradan yarımçıq dayandırılıb. Azərbaycanda hokkeyin inkişaf təşəbbüskarlığı məşhur sovet məşqçisi Anatoli Tarasova məxsusdur. O, Azərbaycan SSR İdman Komitəsinin xahişi ilə federasiyanın gələcək prezidenti Valeri Laryukovu Bakıda hokkey məktəbi açmaq və idmanı inkişaf etdirmək üçün paytaxtımıza göndərdi. Elə həmin il Respublika Buzlu Hokkey Federasiyası yaradıldı. Bakıda buz sarayının (indiki Heydər Əliyev adına İdman-Konsert-Kompleksi) əsasında 200-ə yaxın uşağın iştirak etdiyi hokkey məktəbi var idi. Bu, Azərbaycanda hokkeyin inkişafı üçün əsas olmalı idi.

İllər sonra buz meydançası yığışdırıldı və zal digər idman növlərinin ixtiyarına verildi. Ötən ildən etibarən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası bərpa edildi, ardınca isə ilk dəfə buz üzərində hokkey komandası yaradıldı.

Hazırda müxtəlif yaş kateqoriyasında olan uşaqlar könüllü olaraq hokkey məşqlərində iştirak edirlər. 18 hokkeyçinin iştirak etdiyi məşqlərə maraq artmaqda davam edir. Hazırlığın keçirilməsində əsas məqsəd hokkeyin inkişaf etdirilməsi, bu idman növündə kütləviliyin təmin edilməsinə nail olmaqdır.

 

Artan maraq

Yeni yaradılan buzüstü hokkey komandasının məşqçisi Zaur Məmmədəliyev bu idman növünə olan marağın artdığını təsdiqləyib. Mütəxəssis hokkeyin ölkəmizdə əvvəllər də mövcud olduğunu bildirib: “1990-cı ildə hokkey komandası yaradılsa da, sonradan fəaliyyətini dayandırdı. Məqsədimiz bu idman növünü Azərbaycanda inkişaf etdirmək, uğurlu nəticələr qazanmaqdır. 2-3 uşaqla başlamışdıq, artıq 20-dən çox hokkeyçimiz var”.

Z.Məmmədəliyev beynəlxalq yarışlara qatılmaq üçün zamana ehtiyac olduğunu söyləyib: “Təxminən 5 ildən sonra beynəlxalq turnirlərdə çıxış edə bilərik. Çünki yeni idman növü sürətlə inkişaf edə bilməz. Uşaqları məşq etdirmək lazımdır. Balacalarda bu idman növünə olan maraq bizi sevindirir”.

 

Böyük arzu ilə

Komandanın baş məşqçisi Aleksandr Blinov da yeni yaradılan xokkey komandası haqqında danışıb: “Komandamızın formalaşması bir müddət əvvəl başlayıb. Artıq altı ay ərzində əhəmiyyətli irəliləyiş əldə etmişik”.

“2-3 nəfərlə başlamışdıq, indi 17-20 hokkeyçimiz var. Düzdür, onlar fərqli yaş qruplarında və kateqoriyalardadırlar. Amma biz işləyirik”, - o əlavə edib. 

Baş məşqçi qeyd edib ki, əvvəllər buz üzərində belə sürüşə bilməyən uşaqlar indi ümumi qrupla məşq edirlər: “Ən əsası odur ki, hər kəs məşqə böyük maraqla və həvəslə gəlir. Hər kəs xoşbəxtdir və bu, onların xoşuna gəlir. Məşq onlar üçün sanki bayramdır”.

Mütəxəssis komandanın hədəfləri barədə də danışıb: “Qarşımıza ən yüksək hədəflər qoymuşuq. Yarışlara çıxmaq, turnirlərdə iştirak etmək istəyirik. Beynəlxalq səviyyəyə çıxmaq niyyətindəyik. Əks halda işimizin mənası olmaz. Hədəflərə çatmaq üçün burada hər şey mümkün qədər keyfiyyətli, maksimal dərəcədə sürətlə edilir. Düşünürəm ki, qarşıdakı 5 ildə konkret nə isə deyə bilərik”.

Qeyd edək ki, Heydər Əliyev İdman-Konsert Kompleksində hokkey həvəskarları da məşq edir. Həvəskarlar xüsusi saatlarda buz meydançasından yararlana bilərlər.



MƏSLƏHƏT GÖR:

74