20 Dekabr 2024

Cümə, 13:17

PARİS ÜMİDLƏRİ

Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında şansları

Müəllif:

01.04.2024

Bu ilin əsas idman yarışı Fransa paytaxında baş tutacaq. Avqustda Paris şəhəri planetin ən mötəbər idman yarışı – XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. 2020-ci ildə dünyanı bürüyən pandemiyaya görə bu dəfə idmançıların lisenziya qazanmaq üçün 4 deyil, 3 il vaxtı olub. Olimpiadaya 4 ay qalıb və “Region plus” Azərbaycan idmançılarının Paris Olimpiadasında iştirak şanslarını qiymətləndirməyə çalışıb.

Hazırda Azərbaycan idmançıları Paris Olimpiadasına 6 növdə, 11 lisenziya qazanıblar: Ruslan Lunyov (güllə atıcılığı), Murad Allahverdiyev, Maqomed Abdullayev, Nicat Hüseynov (hamısı boks), Anna Skidan (yüngül atletika), Zöhrə Ağamirova (bədii gimnastika), Maqomedxan Maqomedov, Sənan Süleymanov, Həsrət Cəfərov (hamısı güləş), Qasım Məhəmmədov (taekvondo), Selcan Mahsudova (batut gimnastikası).

 

Əsas ümidlər güləşlə bağlıdır

“Ağır artilleriya” adlandırdığımız güləş millisi hər zaman olimpiadada ən böyük heyətlə təmsil olunub. Pəhləvanlarımız bütün olimpiadalardan Vətənə medalla qayıdıb. Paris Olimpiadasından əvvəl güləşçiləri iki lisenziya turniri gözləyir. Onlardan biri Bakıda keçiriləcək. Hazırda üç idmançımız Parisə vəsiqə əldə edib. Ötən il Belqradda təşkil olunan dünya çempionatında sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq), “klassik”lər Sənan Süleymanov (77 kq) və Həsrət Cəfərov (67 kq) Olimpiadaya lisenziya qazanıb. Təbii ki, əsas ümidlər Bakıdakı Avropa təsnifat turniri (4-7 aprel) ilə bağlıdır. Burada finalçılar Oyunlara vəsiqə əldə edəcək. Son vakansiyalar isə İstanbuldakı dünya təsnifat turnirində (9-12 may) sahiblərini tapacaq. Orada hər çəkidə üç güləşçi Parisə bilet sifariş edə biləcək.

 

Boksla bağlı perspektivlər

Boksda da Olimpiadaya seçim bir neçə turnirdən ibarət çoxpilləli yolla gerçəkləşir. Ötən il idmançılar Parisə qitə turnirlərindən vəsiqə qazanıblar. Avropa Oyunlarında bu vəzifənin öhdəsindən Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gəliblər. Fevralda İtaliyadakı yarışda Nicat Hüseynov karyerasında ilk dəfə olimpiadaya vəsiqəni təmin edib. İndi dəri əlcək sahiblərinin yalnız bir şansı var. Son lisenziya turniri mayın 23-dən iyunun 5-dək Banqkokda baş tutacaq.

 

Cüdoda lisenziyalarla bağlı 10 gözlənti

Cüdoda kişilərdən ibarət millimiz, demək olar ki, bütün çəkilərdə işinin öhdəsindən gəlib. Bəzi çəkilərdə bir neçə təmsilçimiz bu vəzifənin öhdəsindən gəlməkdədir. Bu da rəqabəti daha da artırır. Hazırda kişi yığmasında 7 yerə 9 iddiaçı var. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollai, Zelim Tskayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauridir (+100 kq). Görünür ki, komandanın liderləri Heydərovla Kotsoyev indidən Olimpiadaya hazırlığa köklənə bilər.

Qadın cüdosunda lisenziyalar uğrunda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Açelya Toprak (57 kq) mübarizə aparır. Cüdo millimizin Paris Olimpiadasında ən azı 10 cüdoçu ilə təmsil olunacağı gözlənilir.

 

Bədii gimnastika və son şans

Ötən il Zöhrə Ağamirova Valensiyadakı dünya çempionatında vəzifənin öhdəsindən gəlib. O, öz karyerasındakı ikinci Olimpiadaya hazırlaşır. Batut gimnastikasında isə Selcan Mahsudova Paris Olimpiadasına lisenziya qazanıb. Onun uğuru batut gimnastikasında ölkə idmanında ilk lisenziya kimi tarixə düşüb.

İndi növbə qrup hərəkətlərindəki komandadadır. Onlar Budapeştdəki Avropa çempionatında (24-28 aprel) iştirak edəcəklər. Məhz Macarıstan paytaxtı son lisenziya sınağıdır. Bu yarışda yalnız bir yer Parisə vəsiqə qazanacaq. Amma qitənin əksər aparıcı yığmaları artıq son iki dünya çempionatı sayəsində Olimpiadaya bileti əldə edib. Yığmamız son vəsiqə üçün mübarizənin müəyyən mənada favoritidir. Avropa çempionu olan qrup hərəkətləri üzrə yığmamız Paris Olimpiadasına lisenziya qazanmaq üçün qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmalıdır.

 

İdman gimnastikası

Bu növdə vəsiqələr dünya kuboku və Avropa çempionatında sahiblərinə qovuşacaq. Kubokda lisenziya mübarizəsi ayrı-ayrı təmrinlərdə gedəcək. Hər növdə iki idmançı Fransaya bilet qazanacaq. Bu dörd mərhələdən üçünün nəticələrinə əsasən müəyyənləşəcək. Son şans isə aprelin sonundan mayın əvvəlinədək Riminidə təşkil ediləcək Avropa çempionatında olacaq. Kişi və qadın çoxnövçülüyünün hərəsində iki yerin sahibi dəqiqləşəcək.

 

Taekvondo - yeganə lisenziya

Komandamızın aktivində yalnız bir vəsiqə var. Bunu da Qaşim Maqomedov (58 kq) “Böyük dəbilqə”də əldə edib. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan Parisdə taekvondoda cəmi 1 idmançı ilə təmsil olunacaq. Martın əvvəllərində keçirilən yarışlarda taekvondoçular uğur qazana bilməyiblər.

 

 

Atıcılıq

Azərbaycan atıcıları bu il bir neçə lisenziya xarakterli turnirdə iştirak ediblər. Macarıstan turniri idmançılar üçün uğurlu olmayıb. Təqvimdə Doha lisenziya turniri (22-30 aprel), Lonatodakı Avropa çempionatı (15-27 may), Osiyekdəki təsnifat yarışı (20-28 iyun) da var. Bir sözlə, idmançıların vəzifənin öhdəsindən gəlmək üçün bir neçə şansı olacaq. Hazırda yalnız güllə atıcımız Ruslan Lunyovun Olimpiadada iştirakı dəqiqləşib.

 

Ağırlıqqaldırma

Burada seçim reytinqə görə aparılır. İlk olimpiya cədvəli aprelin 28-dəki sıralamaya əsasən aparılacaq. Hər çəkidə 10 idmançı bu yolla Parisdə iştirak hüququnu rəsmiləşdirəcək. Olimpiadaya həmin tarixdəki qitə reytinqi ilə də yollanmaq mümkündür. Bunun üçün qitə miqyaslı turnirlərdə də nəticə göstərmək zəruri idi. Amma idmançılarımız Avropa çempionatında olimpiya çəkilərində uğurlu çıxış edə bilməyib.

 

Qılıncoynatma

Bu növdə təsnifat aprelin 1-dək davam edəcək. Əsas diqqət qadın sablyasınadır. Burada idmançılar dünya və qitə çempionatları, dünya kuboku və Qran-Pridə xallar toplayır. Növdən asılı olaraq, Fransada 34-37 idmançı yarışacaq.

Komanda yarışlarında Azərbaycan millisi İtaliyaya uduzmaqla Paris Olimpiadasına vəsiqə qazana bilməyib.

 

Triatlon

Azərbaycan idmançısı Rostislav Pevtsov üçüncü Olimpiadaya qatılmaq üçün bütün şanslara malikdir. Reytinqdə ilk 55 yeri tutan idmançılar bu vəsiqəni qazanır. O, hazırda 45-cidir. Ötən il Pevtsov Çenqdudakı dünya kubokunda bürünc əldə edib. O, digər turnirlərin də bir neçəsində xallar toplayıb. R.Pevtsov bu il yarışlara mübarizəyə davam edəcək. Qarşıdakı start martın sonunda Honkonqda olacaq.

 

Avarçəkmə

Akademik Avarçəkmədə Diana Dimçenkonun lisenziya qazanmaq şansı var. İdmançı bunun üçün Avropa təsnifat yarışında uğurlu çıxış etməlidir.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.



MƏSLƏHƏT GÖR:

107