Müəllif: Elçin HÜSEYNOV
Sen-Trope Aralıq dənizinin Lacivərd sahilindəki kiçik, lakin kifayət qədər elit bir kurortdur. Yarımada çimərlikləri və təmiz təbiəti ilə məşhurdur. Buraya səyahət edən turistlər möhtəşəm sahil zolağını, dağ kəndlərini, eləcə də üzümçülərin gözəl torpaqlarını gəzərkən zövq ala bilərlər. Deyilənə görə, Lacivərd sahilinin digər regionlarından fərqli olaraq, buraya dəmir yolu turist axınının az olması, kurortun mümkün qədər uzun müddət orijinal formasında qalması üçün çəkilməyib. Buna baxmayaraq, məşhur kinorejissorlar tərəfindən Sen-Tropedə çəkilmiş bir neçə film kurortun sakit həyatının taleyini əvvəlcədən müəyyənləşdirib. Belə ki, bu kurort zona çiçəklənib və dəbə düşüb. Bu mənada rejissor Rojer Vadimin çəkdiyi, Brijit Bardonun baş rolu ifa etdiyi “Və Tanrı qadını yaratdı” filmi və əfsanəvi komik aktyor Lui de Fünesin baş rolda oynadığı jandarmalar haqqında kinoserial mühüm rol oynayıb.
Leytenant Krüşonun misli görünməmiş uğuru
Jandarm Krüşo haqqında kinoserial bütün dünyada, o cümlədən Azərbaycanda milyonlarla kinosevərlərə tanışdır. Bəziləri 1980-ci illəri xatırlayır. Belə ki, o zaman şənbə axşamları ölkə sakinlərinin diqqəti məşhur xarici filmlərin nümayiş etdirildiyi “Retro” televiziya şousuna yönəlirdi. Azərbaycan televiziya tamaşaçıları Krüşo və onun jandarm yoldaşlarının sərgüzəştlərindən bəhs edən filmləri böyük məmnuniyyətlə izləyir və daha sonra onları ətraflı müzakirə edirdilər. Tamaşaçıların əksəriyyəti üçün onlar nümunəvi fransız komediyaları, Lui de Fünes isə dünyanın bir nömrəli komediya aktyoru idi.
Ümumiyyətlə, ilk film - “Sen-Tropedən olan jandarm” hələ 1964-cü ildə çəkilib. Prodüserləri şəhərin mənzərəli yerləri özünə cəlb edib. Çəkilişlər zamanı Sen-Tropedə bir çox yerlərdən (dəniz limanı, Pampelon çimərliyi, şəhər meriyası) dekorasiya kimi istifadə olunub. Üstəlik, Sen-Tropenin sadə sakinləri də çəkilişlərdə fəal iştirak edərək müəyyən rollar oynayıblar. Film o vaxtlar hətta Fransa üçün böyük dəbdəbə olan rəngli lentə alınıb. Onsuz da məşhur olan Fünesin 50 yaşı var idi. Tənqidçilər iddia edirlər ki, məhz bu kinoserialda onun komedik istedadı tam üzə çıxıb.
Filmin Fransada və bütövlükdə Avropada böyük uğuru rejissor Jan Jironu film hekayəsini davam etdirmək fikrinə sövq edib. Beləliklə, bununla bağlı ideya ortaya çıxdı və o, daha sonra altı tammetrajlı epizodda ərsəyə gətirilib. 1965-ci ildə “Jandarm Nyu-Yorkda”, 1968-ci ildə “Jandarm evlənir”, 1970-ci ildə “Jandarm tətildə” və 1978-ci ildə “Jandarm və yadplanetlilər” (ən məşhuru) filmləri nümayiş olunub. Film silsiləsindən sonuncu film olan “Jandarmlar və təcrübəçilər” 1982-ci ildə, məşhur sənətçinin artıq 68 yaşı olanda lentə alınıb. Bu kinoserialın Fünesin karyerasında sonuncu film olduğu deyilir. Bu, rejissorun da karyerasında sonuncu film idi. Jan Jiro çəkiliş zamanı vəfat edib (başqa rejissor filmi onun üçün bitirib), bir ildən sonra isə dostu Fünes dünyasını dəyişib.
Beləliklə, “Sen-Tropedən olan jandarmlar” əslində Fransanın kiçik kurort şəhərini məşhurlaşdırıb. Filmin premyerasından sonra Avropanın hər yerindən bura turistlər gəlməyə başlayıb. Bu gün əfsanəvi çimərlik olan “Club 55” və Sen-Trope beynəlxalq reqatasına baxmayaraq, bu kurort filmin turistik əks effektindən faydalanır.
1 nömrəli muzeydə
Bu gün Jandarmeriya və Kino Muzeyi Sen-Tropenin demək olar ki, əsas görməli yeridir. O, mərkəzi avtovağzalın yaxınlığında və dəniz limanından bir neçə addımlıqda yerləşir. Muzey isə 20-ci əsrdə Sen-Trope jandarmlarının həyatından və bu kurortda çəkilmiş ən məşhur filmlərdən bəhs edir. Böyüklər üçün biletin qiyməti 5 avro, yeniyetmələr və tələbələr üçün - 3 avro, 12 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.
Maraqlıdır ki, hazırda muzeyin yerləşdiyi binada 1879-2003-cü illərdə Sen-Trope jandarm briqadası yerləşib. 2016-cı ildə bərpa edilərək Jandarmeriya və Kino Muzeyi kimi istifadəyə verilib. Təbii ki, sərgi kolleksiyasının böyük hissəsi Sen-Trope jandarmları haqqında filmlərin yaranma tarixinə həsr olunub.
Muzeydə filmlərin çəkilişlərindən afişalar, geyimlər, fotoşəkillər və avtomobillər nümayiş etdirilir. Salonların birində sizi bürünc heykəl formasında Lui de Fünesin özü qarşılayır. Heykəlin yanındakı lövhəyə əsasən, Lui de Fünesin boyu 1 metr 58 santimetr olub. Həmçinin kiçik kinozalda filmlərdən parçalara və onun qəhrəmanlarının çəkilişlə bağlı xatirələrinə baxmaq olar.
Səfəriniz zamanı siz Sen-Tropedə çəkilmiş 70-dən çox film parçalarına baxa biləcəksiniz. Bunlardan biri rejissor Rojer Vadimin çəkdiyi, Brijit Bardonun baş rolu ifa etdiyi “Və Tanrı qadını yaratdı” filmidir. Ekspertlərin fikrincə, B.Bardonun karyerası məhz bu roldan sonra yüksəlməyə başlayıb.
Bu muzeydə həmçinin milli jandarm tarixinə aid əşyalar, fotoşəkillər və sənədlər toplusu nümayiş etdirilir. Jandarmların o dövrdə istifadə edilən geyimlərini, silahlarını, texnikasını və maşınlarını görə bilərsiniz.
Muzeyin birinci mərtəbəsində kiçik bir turist mağazası var. Burada siz həm sərgidən olan filmləri, həm də suvenirləri əldə edə bilərsiniz.
Qatarla, yoxsa maşınla?
Muzeyi və Sen-Tropenin digər görməli yerlərini kəşf etməzdən əvvəl hələ oraya çatmaq lazımdır. Qeyd edildiyi kimi, Sen-Trope qatarların getmədiyi azsaylı Fransa kurortlarından biridir. Bura kiçik şəhər olsa da, onun öz hava limanı var. Ancaq çox kiçikdir və əsasən şəxsi səyahətçiləri qəbul edir - burada müntəzəm beynəlxalq uçuşlar yoxdur. Bir çox ölkədən kommersiya uçuşları olan ən yaxın böyük hava limanları Nitsa, Marsel və Tulondadır. Bu hava limanlarından səyahət azı 2 saat olacaq. Buna görə, ən asan və sürətli yol avtomobillə getməkdir. Bir avtomobillə səfər (3-4 nəfər) azı 160-200 avroya başa gələcək. Siz, əlbəttə ki, hava limanlarında bir avtomobil icarəyə götürə və yerli gözəlliyə heyran olaraq sahil boyu ilə bu şəhərə yollana bilərsiniz.
Əlbəttə ki, ən ucuz seçim, həmişə olduğu kimi, ictimai nəqliyyatdır. Ancaq bu halda səfər azı üç saat çəkəcək. Məsələn, Nitsadan kiçik sahil şəhəri San- Rafaelə qatarla (14,40 avro) bir saata çata bilərsiniz və oradan avtobusa (2,10 avro) minərək 1,5 saata Sen-Tropeyə çata bilərsiniz.
Sen-Trope kiçik şəhər olsa da, olduqca bahalıdır. Hər kəsin burada istirahət etmək imkanı yoxdur. Dəbdəbəli villalar icarəyə götürməyə üstünlük verən, təqaüdə çıxan, eyni zamanda səs-küylü əyləncələr təşkil edən məşhurlar məhz burada dincəlir. Təbii ki, burada “orta sinif” üçün hotellər var. Lakin söhbət ümumi qəbul edilmiş orta sinifdən getmir. Bukinq saytları bu şəhərdə 90-a yaxın hotel və digər yaşayış yerləri təklif edir. 2024-cü ilin iyul ayı üçün ən ucuz və sadə variant səhər yeməyi olmadan iki nəfər üçün 140 avroya başa gələcək. Amma belə bir qiymətə yaşayış yeri tapa biləcəyiniz dəqiq deyil.
Yayda orta hesabla üçulduzlu hotel və mənzillərin gündəlik qiymətləri 550-750 avro arasında dəyişir. 5 ulduzlu hotellər yerləşdiyi yerdən və səviyyədən asılı olaraq 750-1500 avroya, yaxşı mənzillər və villalar (4-5 nəfərlik) isə təxminən 1500 avroya başa gələcək.
Sərfəli qiymətə yaşayış yeri seçməyə üstünlük verən təcrübəli turistlər qonşu şəhərlərdən birində hotel axtara bilərlər. Məsələn, Sen-Tropedən təxminən 10 kilometr məsafədə yerləşən Sent-Maksim və ya Ler-İssambrda gündəlik 90-100 avro arasında dəyişən ucuz seçimlər tapa bilərsiniz. Qayıqla yarım saatlıq məsafədə Por Qrimo yerləşir. Bura rəngarəng arxitekturasına və çoxlu sayda kanalına görə Lacivərd sahilin “Venesiyası” adlandırılır.
Sen-Tropedə nə yemək və almaq lazımdır?
Əlbəttə ki, görməli yerləri gəzmək yaxşıdır, ancaq ekskursiyalardan sonra insan həmişə yemək və ya ləzzətli bir şey dadmaq istəyir. Sen-Tropedə restoranlar və kafelər əsasən əsas limanda və ya çimərliklərdə cəmləşib. Provans mətbəxi burada çox məşhurdur, xüsusilə təzə dəniz məhsulları. Onların arasında tapenadanı (“la tapenade”) qeyd etmək olar. Bu, xırda-xırda doğranmış ançousların, zeytunların və kaperslərin qarışığıdır. Onlar tost üzərinə yayılır və ya şorba ilə verilir. Şorba üçün isə sarımsaqlı qızardılmış çörək tikələri ilə süfrəyə verilən dəniz məhsullarından olan buyabes yeməyini (15-20 avro) seçin. Yerli restoranlarda həmçinin Provans üslubunda hazırlanan (qaymaq və zeytun yağı ilə bişirilən balıq filesi) treska və ya dorado məşhurdur. Bu yeməkləri 25 avroya dadmaq olar. Fu-qra (“foie gras”) pendirinin müxtəlif növləri daxil olmaqla qoyun və keçi südündən hazırlanan müxtəlif pendirlər var. Desert üçün tart tropezeni (“tarte tropezienne” - üzərində qalın qaymaq olan kiçik bulka) və ya kalissonu (“calisson” - şəkərlənmiş meyvə və badamdan hazırlanmış, üzərində ağ şəkər şirəsinin olduğu şirniyyat) dadın.
Doyurucu bir nahardan sonra şopinqə gedə bilərsiniz. Əlbəttə ki, şəhər kiçikdir və ona görə də burada böyük ticarət mərkəzləri axtarmamalısınız. Amma kurortun mərkəzi hissəsində məşhur dizaynerlərin butiklərini tapa bilərsiniz. Məsələn, B. B. inisialı olan Brijit Bardot (“Le Brigitte Bardot”) butiki və ya Valeriedən (“Valerie”) qolbaqlar Sen-Tropedəki tətilinizi xatırlada bilər. Yerli “Dupont” fabrikində kişilər üçün tənbəki çubuğu, siqar və alışqan istehsal edilir. Suvenir həvəskarları burada həm yerli sakinlərin hazırladığı xırda əşyaların, həm də ucuz Çin hədiyyələrinin satıldığı bir çox mağaza tapa biləcəklər. Ləzzətli hədiyyələr kimi siz yerli pendirlər, şokolad, zeytun yağı, eləcə də fransız ətri ala bilərsiniz.
Ən maraqlı məqamlar
Bəli, Sen-Tropedə bir çox varlı və tanınmış insanlar möhtəşəm mavi çimərliklərdə əylənmək, “Club 55”də özünü göstərmək və şanslıdırlarsa, məşhurlarla görüşmək üçün gəlirlər. Eyni zamanda bura bütün dünyanın diqqətini cəlb edən hər il bir sıra festivalların və beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu kateqoriyada birinci yeri hər il mayın ortalarında keçirilən Bravada Sen-Trope (“Les Bravades”) dini festivalı tutur. “Les Bravades” 4 əsrdən artıqdır ki, keçirilir və adətən, üç gün davam edir. Belə ki, kilsələrdə İmperator Neron tərəfindən xristian təqibləri zamanı başı kəsilmiş Müqəddəs Torpesin xatirəsinə həsr olunmuş təntənəli mərasimlər keçirilir.
60 ildən çoxdur ki, iyun ayında Aralıq dənizinin ən prestijli reqatası olan “Giraglia Rolex Cup” Sen-Trope-Sanremo marşrutu üzrə keçirilir. Sentyabrın ortalarında isə Sen-Tropedə dəbdəbəli “Porsche” paradını (“Paradis Posrches”) görə bilərsiniz. Həmin vaxt Avropanın müxtəlif ölkələrindən 300-dən çox “Porsche” avtomobili Sen-Tropedəki paradda iştirak edir.
Hər halda, ilin istənilən vaxtında kurortun bir neçə maraqlı görməli yerini ziyarət edə bilərsiniz. İlk növbədə, əlbəttə ki, bu, Sen-Trope qalasıdır (“Citadelle de Saint Tropez”). 1602-1608-ci illərdə tikilmiş qala o dövrün dənizkənarı şəhərinin həyatı, onun sadə insanları və məşhur şəxsiyyətləri haqqında təsəvvür yaradır. Burada Naviqasiya Tarixi Muzeyi də var.
Əgər antikvar həvəskarısınızsa, o zaman tarixi X əsrə uzana Süffren qalasını (“Chateau Suffren”) ziyarət etməlisiniz. Burada qiymətləri prestijli kurorta uyğun gələn antik əşyalar mağazası-muzeyi var. Limanın yaxınlığındakı 16-cı əsrə aid keçmiş katolik kilsəsində Anonsiad İncəsənət Muzeyi (“Musée de l'Annonciade”) var. Burada 19-20-ci əsrlərin avanqard rəssamlarının çoxlu rəsmləri nümayiş etdirilir. Sen-Tropedə kəpənəklərin 35 mindən çox nəsli kəsilmiş və hazırda yaşayan nümunələrinin təqdim olunduğu Kəpənək Evi (“Maison des Papillons”) da var.
Orta əsrlərin ab-havasını qismən qoruyan bazar meydanında (“Place des Lices”) gəzə bilərsiniz. Burada çinarların kölgəsində bəzən yerli sakinlərin ənənəvi Provans petank (“pétanque”) oyununu oynadığını görə bilərsiniz. Həftənin müəyyən günlərində meydanda tərəvəz və meyvələr, çörək, pendir, yağ, paltar, aksesuar və zinət əşyaları satan Provans bazarı təşkil olunur. Yayda Köhnə Limanın sahilində siz rəsmlərini təklif edən çoxsaylı rəssamları və yaxtaları görə bilərsiniz. “La Ponche” rayonu Sen-Trope adlı orijinal balıqçılıq kəndinin tarixi ürəyini təmsil edir. Buranın dar küçələri, rəngli panjurları və bozarmış divarları turistlər bu rayona gəlməmişdən əvvəlki kimi görünür.
Yayda şəhəri kəşf edərkən, hətta demək olar ki, şəhərin düz mərkəzində üzməyə də gedə bilərsiniz. Əgər sahildən sağa dönsəniz, “La Fontanette”nin kiçik çimərliyinə rast gələcəksiniz. Bu, “Tahiti” və “Pampelonne”nin məşhur qumlu çimərlikləri qədər dəbdəbəli deyil. Ancaq Sen-Tropedə görməli yerləri gəzərkən məhz burada heç bir ödəniş etmədən sərinləyə və hətta günəş şüası qəbul edə bilərsiniz.
Bir çox turist Sen-Tropeni ziyarət etdikdən sonra deyir ki, insanlar həyatlarında azı bir dəfə, bir gün də olsa, buranı görməlidir. Sen-Trope sizi gözləyir!
MƏSLƏHƏT GÖR: