20 Dekabr 2024

Cümə, 14:11

KÖHNƏ YENİ BAKI

Stasya ORLOVA-STROQANOVA: “Heydər Əliyev Mərkəzini Bakının son 30 ildə ən mühüm memarlıq uğurlarından biri hesab etmək olar”

Müəllif:

01.04.2024

Memar Stasya Orlova-Stroqanova fəaliyyətinin məqsədini Bakının tarixini gələcək nəsillər üçün qoruyub saxlamaq hesab edir. ailəsi haqqında bir az məlumat aldıqda, bunun təəccüblü olmadığını görəcəyik: onun babası Rostislav Orlov-Stroqanov uzun müddət Bakının baş memar müavini vəzifəsində çalışıb, nənəsi İrena Orlova-Stroqanova isə Azərbaycanda məşhur memarlıq layihələrinin həmmüəllifidir. Stroqanovanın “Old New Baku” (“Köhnə yeni Bakı”) bloqunun bu qədər populyar olması yəqin ki, məhz buna görədir. Bu bloq təkcə peşəkar təhlili və mövzu haqqında biliyi əks etdirmir, həm də şəhərin tarixinə qərq olmağı, onun memarlığına uşaqlıqdan olan sevgini göstərir.

- Bakının arxiv fotolarını nümayiş etdirmək ideyası necə yaranıb? Sizin bloqunuz hamının bildiyi bir şəhər gəzintisi deyil, köhnə Bakının mənzərələrini, paytaxtın memarlıq baxımından yenilənməsini əks etdirən paylaşımlardır.

- Bu fəaliyyətlə məşğul olmaq fikri məndə doğma şəhərin tarixi ilə maraqlanandan sonra yaranıb. Uşaqlıqdan bu sahə məni özünə cəlb edib və həmişə bununla bağlı həvəsimi dünya ilə bölüşmək istəmişəm. Bakının memarlıq tarixi ilə bağlı bloq yazmağımın əsas səbəbi onu gələcək nəsillər üçün qoruyub saxlamağa çalışmağımdır. Sürətlə dəyişən dünyamızda qədim tikililər zamanla və müxtəlif xarici amillərlə dağıla bilər. Düşünürəm ki, mənim bloqumun bu memarlıq şedevrlərinin yaddaşlarda saxlanmasında rolu olacaq.

Üstəlik, köhnə Bakıya və yenilənmiş paytaxtın arxitekturasına həsr olunmuş keyfiyyətli kontentin çatışmazlığını müşahidə etdim. Belə ki, əksər səyahət bloqlarında məşhur səyahət istiqamətlərinə və görməli yerlərə diqqət yetirilir. Odur ki, paytaxtımızın tarixinin az məlum olan faktlarından bəhs etmək üçün başqa istiqamətdə fəaliyyət göstərməyə, yəni arxiv fotoşəkillərini tədqiq etməyə qərar verdim. Mənim buna olan marağım isə memarlıq irsimiz haqqında məlumatlılığı artırmaq, onun unikal xüsusiyyətlərini və qarşılaşdığımız çətinlikləri təqdim etmək missiyasına çevrilib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində, yəni neft bumunun ikinci dalğası zamanı Bakıda bu gün onun zəngin mədəni irsinin ayrılmaz hissəsi hesab olunan möhtəşəm tikililər ərsəyə gətirilib.

Amma son illərdə əvvəllər tikilmiş binalar kimi zövqə və üsluba malik olan yeni tikililərə dair çatışmazlıq var. Bu, insanı bu fenomenin səbəbləri haqqında düşünməyə vadar edir.

Məsələn, çox maraqlıdır ki, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağabala Quliyev və başqaları kimi xeyriyyəçilərimiz niyə indi ərsəyə gətirilməyən memarlıq nümunələrinin inşasına təşəbbüs göstərə bildilər?

Onların zövqlərinə təsir edən əsas amil Avropaya səfərləri zamanı Avropa memarlığının harmoniya və estetikasını kəşf etmələri olub. Onlar gördüklərindən ilhamlandılar və doğma şəhərlərində daha da gözəl memarlıq nümunələri tikməyə qərar verdilər.

Bu gün yeni binaların tikintisi zamanı incəliklərə diqqət və estetik baxımından cəlbedicilik kimi məsələlər arxa planda qalır, sadəlik və funksionallıq çox vaxt prioritet təşkil edir.

- Nə üçün məhz memarlıq? Sizcə bloqunuzda tarixə, estetikaya, yoxsa tənqidə daha çox yer verilib?

- Bakının memarlıq tarixini sevdiyim üçün mən bir peşəkar memar olaraq şəhərimizin ecazkar memarlıq strukturları haqqında biliklərimi, düşüncələrimi və təəssüratlarımı izləyicilərimlə bölüşməyə çalışıram. Bloqumun adı onun mahiyyətini əks etdirir - mən tarixi və müasir memarlıq haqqında danışıram.

Hesab edirəm ki, memarlıq təkcə sənət deyil. Bu, həyatımıza təsir göstərir və ətrafımızı müəyyən edir. Binalar sanki öz dillərində danışır, obrazlar və əhvali-ruhiyyə yaradır. Memarlıq tarixi təkcə keçmişin unikal sübutlarını saxladığı üçün deyil, həm də müasir memarlıq təcrübəsini anlamağa kömək etdiyi üçün vacibdir.

Mənim üçün Bakının memarlıq tarixindən bəhs edən bloq ilham və bilik mənbəyinə çevrilib. Mən tarixi fasadları araşdırıram, şəhərə yeni rakursdan baxmaq və onun ruhuna qərq olmaq üçün hər bir daş xəttini təfərrüatı ilə öyrənirəm. Ümid edirəm ki, fəaliyyətim oxucularda Bakının memarlığına maraq oyadacaq və onlara yolda rastlaşdıqları hər bir binanın gözəlliyini qiymətləndirməyə, ətraf aləmə yeni rakursdan baxmağa yardım göstərəcək.

- Görünən odur ki, müasirdən daha çox inqilabdan və müharibədən əvvəlki Bakının köhnə görkəmini bəyənirsiniz. Bu belədir?

- Bəli, deyə bilərəm ki, inqilabdan və müharibədən (20ci əsrin əvvəlinin bolşevik inqilabı və İkinci Dünya Müharibəsi) əvvəlki Bakının qədimi görkəmi məndə onun müasir görkəmindən daha güclü təəssürat yaradır. Təbii ki, bura hazırda hündürmərtəbəli binaları, müasir arxitekturası və turistlər üçün müxtəlif əyləncələri olan modernləşdirilmiş meqapolisdir. Amma keçmişin koloritini və ruhunu qoruyub saxlayan köhnə Bakı mənim üçün əsl xəzinədir.

Şəhərin müharibədən və inqilabdan əvvəlki görünüşü şərq və qərb memarlıq üslublarının simbiozudur. Dar küçələr, oyma fasadlar, abidələri olan geniş meydanlar və evlərin əzəməti - bütün bunlar unikal ab-hava yaradır.

Köhnə Bakının ən məşhur rəmzlərindən biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdir. Bura haqlı olaraq dünyanın ən gözəl və yaxşı qorunan orta əsr şəhərlərindən biri hesab olunur.

- Sizdə Bakıya aid çoxlu sayda arxiv fotoşəkilləri var. Aydındır ki, onlar öyrənilib, nəzərdən keçirilib, araşdırılıb. Vaxtını memarlığa həsr etmiş bir insan kimi qənaətiniz necədir: şəhərimizin regionun və ya Yaxın Şərqin digər şəhərlərindən özəlliyi və fərqi nədir?

- Bakının böyük arxiv fotoşəkillərini araşdırarkən başa düşürsən ki, paytaxtımız tamamilə unikal və təkrarolunmazdır. Bakının özünəməxsus sehri var. Onu regionun digər şəhərlərindən fərqləndirən əsas cəhətlərdən biri də tarix ilə müasirliyin sintezidir. Bu, təkcə İçərişəhər və ya Qız qalası kimi qədim memarlıq abidələrinin bərpası və qorunub saxlanılmasında deyil, həm də müasir memarlıq şedevrlərinin - Heydər Əliyev Mərkəzinin və “Alov qüllələri”nin yaradılmasında özünü göstərir. Bu unikal sintez bir çox memarlıq həvəskarlarını sevindirir.

Bakını regionun digər şəhərlərindən fərqləndirən ikinci əsas element onun coğrafi mövqeyi və landşaftıdır. Şəhər geniş buxtanı ağuşuna alır. Bu buxta isə dəniz küləyi və dənizin genişliyindən küçələrə sanki işıq salır. Buraya geniş bulvarları, qəribə qayaları və gözəl parkları da əlavə etsəniz, Bakının regionun digər yaşayış məntəqələrindən niyə fərqləndiyini anlayacaqsınız.

Nəhayət, Bakıda təmsil olunan memarlıq üslublarının heyrətamiz müxtəlifliyini unutmaq olmaz. Şərq saraylarından və məscidlərdən tutmuş müasir innovativ binalara qədər Bakıdakı hər bir bina öz dövrünü təcəssüm etdirir. Üslubların bu qeyri-adi qarışığı müxtəlif mədəniyyətlərin və dövrlərin əsrlər boyu təsirinin nəticəsidir və şəhərin özü bir növ memarlıq təkamülünün vitrininə çevrilib.

- Bakını sırf Şərq və ya Avropa şəhəri adlandırmaq olar?

- Tarixi aspektə nəzər salsaq, Bakının çoxlu inkişaf dövrlərindən keçdiyini görə bilərik. Şəhər müxtəlif mədəniyyətlərin təsirinə məruz qalıb. Buna görə də bu suala cavab vermək çətin məsələdir. Bura bu iki dünyanın birləşdiyi, bir-birinə qarışdığı, bir çox mədəniyyətlərin unikal simbiozunun təşkil etdiyi bir yerdir. Bakıda Bizans, Fars, Osmanlı və Rusiya imperiyalarına aid sənət elementlərini görmək olar. Bakı həm də onu daha çox Avropa şəhərləri ilə birləşdirən mütərəqqi və müasir həyat tərzi ilə tanınır. Burada siz geniş çeşiddə restoran, kafe, dünya brendlərinin mağazaları, həmçinin müasir incəsənət məkanları və sərgi salonlarını tapa bilərsiniz.

Bir sözlə, Bakı Şərq və Avropa mədəni xüsusiyyətlərinin tayı-bərabəri olmayan birləşməsidir. Onun xarakteri və özünəməxsus ab-havası iki sivilizasiya arasında harmonik tarazlığın mövcudluğundan xəbər verir. Nəhayət, şərti “Şərq” və ya “Avropa” kimi qiymətləndirmələr Bakının çoxşaxəli xarakterini və qeyri-adiliyini dəqiq əks etdirmir. Bu şəhərin heyrətamiz müxtəlifliyini hiss etmək üçün burada yaşamaq və onu tədqiq etmək lazımdır.

- Postsovet ölkələrindən Azərbaycana səfər edən turistlərin tariximiz, memarlığımız, ümumilikdə mədəniyyətimiz barədə məlumatlarının olmaması hər zaman məni təəccübləndirib. Uşaqlıq dövrümü xatırlayıram: bizim Peterhof, Ermitaj, Böyük Teatr, Riqa kafedrali, Kiyev-Peçora lavrası, Səmərqənd sarayları və s. haqqında təsəvvürümüz var idi. Bizim “şöhrətimiz” əsasən yalnız bulvar və İçərişəhərlə bağlıdır. Bu məsələ sizi məyus etmir?

- Əlbəttə ki, məyus edir. Bakının tarixini xaricdə təbliğ etmək lazımdır. Bu məqsədə nail olmaq üçün müvafiq istiqamətləri fəal şəkildə inkişaf etdirmək və təşviq etmək lazımdır.

Şəhərimiz zəngin tarixi irsə malikdir. Bu, çoxlu səyahətçilərin və gözəllik həvəskarlarının qəlbini fəth etmiş qədim mədəniyyət və ticarət mərkəzidir. Ancaq ölkədən kənarda bizim haqqımızda heç də hamının xəbəri yoxdur.

- Sizin üçün uşaqlıq dövründə Bakının ən sevimli yerləri hansı istiqamətlər olub?

- Mənim üçün bir növ Azərbaycan tarixi muzeyinə çevrilən İçərişəhərin dar küçələri yaddaşımda canlanır. Köhnə daş divarlar məni Qız qalası, Şirvanşahlar sarayı və Fəvvarələr meydanı kimi məşhur görməli yerlərə aparırdı. Sevdiyim yerlərdən biri də Bakı bulvarı idi. Sahildə yerli sakinləri və şəhərin qonaqlarını cəlb edən kafelər, çayxanalar və attraksionlar var idi.

- Sizcə, bütün qədim tikililərin bərpasına ehtiyac varmı? Doğrudanmı, belə deyək, yüz il əvvəl kitç və ya zövqsüzlük yox idimi?

- Həqiqətən, qədim tikililərin bərpası və qorunub saxlanılmasının zəruriliyi məsələsi müəyyən mübahisə və fikir ayrılığına səbəb olur. Bəs hansı obyektlərin bərpaya layiq olduğunu və hansının sökülə biləcəyini necə müəyyənləşdirə bilərik? Çoxlarının məyus ola biləcəyi bir məsələ var: bəzi köhnə binalarda kitç elementi var və ya onlar zövqsüz şəkildə inşa olunub. Bu zaman belə bir sual verə bilərik: bu xüsusiyyətlər və istəklər tarixi kontekstdə mövcud idimi? Bəlkə, belə elementlər bir vaxtlar kifayət qədər dəbdə olub və o dövrün zövqünə idi? Axı, zövq və moda hər zaman inkişaf edir və indi bizə qəribə görünən məsələlər keçmişdə məşhur ola bilərdi.

Bununla belə, qədim tikililərə geniş anlamda nəzər saldıqda, onların tarixi miqyasda memarlıq dəyərini də unutmaq olmaz. Bir çox qədim tikililər tarixi dövrləri və üslubları əks etdirən əsl şah əsərlərdir. Onlar yaxşı və ya pis olsa da, bizim üçün mirasdır. Odur ki, biz gələcək nəsillər üçün onların qayğısına qalmağa və qoruyub saxlamağa borcluyuq.

Hər halda, qədim tikililərin bərpası məsələsi hər bir konkret obyektin hərtərəfli öyrənilməsi və qiymətləndirilməsinə əsaslanmalıdır. Onun memarlıq və bədii keyfiyyətləri, tarixi-mədəni dəyərlər kontekstində əhəmiyyəti nəzərə alınmalıdır. Təbii ki, hər bir tarixi memarlıq abidəsi bərpa olunmalı deyil, lakin yüksək dəyəri və bərpa potensialı olan obyektlər xüsusi diqqətə layiqdir.

Memarlıq obyektlərinə münasibət daxil olmaqla hər kəsin fərqli gözəllik anlayışı var. Amma zamanın tələbi də var. Müasir biznes mərkəzinin opera teatrı üslubunda tikildiyini təsəvvür edə bilərsinizmi? Memarlıq obyektlərinə olan tələblər zamanla dəyişir. Əvvəllər qəbul edilən və dəbdə olan məsələ bizim dövrümüzə uyğun olmaya bilər. Dəbdəbəli və eleqant olan opera teatrlarından indi diqqət funksionallıq və müasir estetikaya yönəlib. Lakin bu dəyişikliklər müxtəlif gözəllik ideyalarının mövcudluğu ilə ziddiyyət təşkil etmir, çünki onlar memarlıq sahəsində zövqlərin və gözləntilərin təkamülünün bir nümunəsidir.

- Son 20-30 ildə Bakının böyük memarlıq uğurunu nə hesab edirsiniz? Və ya əksinə.

- Şəhərin ən mühüm memarlıq uğurlarından biri kimi məşhur memar Zaha Hadidin layihəsi olan futuristik Heydər Əliyev Mərkəzinin, həmçinin “Alov qüllələri”nin - alov formasında monumental kompleksin yaradılması hesab edilə bilər. Bakının digər memarlıq uğuru “Baku Crystal Hall”dur. Zərifliyi və innovasiyanı birləşdirən bu tikili müasir dizaynın rəmzinə çevrilib.

Bundan başqa, Avropa memarlığının simvolları və müasir memarlıq həlləri ilə zəngin olan Ağ Şəhər də dərin təəssürat yaradır. Bura yeni enerjiyə və potensiala malik olan şəhər daxilində şəhərdir.

Digər tərəfdən, son illərdə bir sıra memarlıq qərarları şübhə və məyusluq yaradır. Bəzi layihələr çox primitivdir və ətrafdakı binalarla uyğun gəlmir. Məsələn, bəzi yeni tikililər şəhərin tarixi memarlığı ilə dissonans hissi yaradır. Bu, landşaft mühitində vəhdətin və estetik harmoniyanın pozulmasına gətirib çıxarır.

Həmçinin şəhərin yaşayış massivlərinin inkişafına dair düşünülməmiş yanaşmanı da qeyd etmək lazımdır. Bu da rahat nəqliyyat infrastrukturunun olmamasına və sakinlər üçün narahatçılığa səbəb olur. Tıxaclar və parkinq yerlərinin çatışmazlığı problemi də var. Bu da şəhər sakinlərinin həyat keyfiyyətini pisləşdirir.

Doğrudur, Bakı son 20-30 ildə mühüm memarlıq uğurları əldə edib. Amma bəzi layihələr müəyyən şübhələr yaradır və şəhər məkanının inkişafına daha əsaslı yanaşma tələb olunur.



MƏSLƏHƏT GÖR:

93