27 Noyabr 2024

Çərşənbə, 08:03

MÜKƏMMƏL SEÇİM

Azərbaycan Ələt limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun nəqliyyat infrastrukturunun modernləşdirilməsini sürətləndirir

Müəllif:

01.04.2024

Son iki ildə Avrasiya məkanında enerji böhranı və logistika zəncirlərinin pozulması Avropa və Asiya arasında alternativ nəqliyyat marşrutlarına tələbatı xeyli artırıb. Ən əsas alternativ nəqliyyat marşrutu Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan keçən Orta Dəhlizdir. Bu nəqliyyat arteriyasının ən mühüm qovşaqları imkanları fəal şəkildə genişləndirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Belə ki, BTQ-nin modernləşdirilməsi yaxın vaxtlarda başa çatdırılacaq, artıq 6 ildir ki, fəaliyyət göstərən Ələt limanında isə yeni obyektlər tikilir.

 

Bütün yollar Azərbaycandan keçir

Ukrayna ətrafındakı geosiyasi böhran Avrasiyanın tranzit və logistika xəritələrinin keyfiyyətcə yenidən formatlanmasına səbəb olub. Son iki ildə “Şimal” dəhlizinin rəqabət qabiliyyəti nəzərəçarpacaq dərəcədə zəifləyib. Ötən il noyabrın ortalarından etibarən Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” hərəkatı Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən yük gəmilərinə, neft tankerlərinə pilotsuz uçuş aparatları (PUA), gəmi əleyhinə raketlərlə hücumlar təşkil edib. Nəticədə, Süveyş kanalı ilə neftin daşınması ilə bağlı vəziyyət bu gün də gərgin olaraq qalır. Buna görə də neft tankerləri, konteyner quru yük gəmilərinin əhəmiyyətli hissəsi Qırmızı dənizdən yan keçərək uzun olan və baha-başa gələn marşrutla hərəkət edir, yəni Afrika qitəsini dövrə vurur.

Bu çox mənfi fonda alternativ trans-Xəzər marşrutları üzrə daşımalarla Çin, Avropa, Türkiyə və Mərkəzi Asiyanın ekspeditorları və logistika şirkətləri tərəfindən müraciətlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Qeyd edək ki, bu marşrutda mahiyyət etibarilə Azərbaycanın mövqeyi alternativsizdir.  Bakı 30 ildən artıqdır ki, Aİ-nin təşəbbüsü ilə yaradılmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin, eləcə də 2018-2019-cu illərdə yaradılmış trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) və Lapis Lazuli marşrutunun əsas iştirakçısıdır. Azərbaycan Buxarest, Tbilisi və Aşqabadla birlikdə perspektivli “Qara dəniz-Xəzər dənizi” istiqamətinin formalaşmasında iştirak edir.

“Bu gün Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”, - Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Gələcəkdə Böyük İpək Yolu boyunca sadalanan bütün bu marşrutlar daha da inkişaf edəcək. Xüsusilə Avropa Komissiyasının Orta Dəhlizinin Xəzər regionunda yerləşən liman və dəmir yolu infrastrukturunun inkişafı, həmçinin yüklərin keçidini təmin etmək, konteyner və bərə parklarını artırmaq üçün rəqəmsal həllərin tətbiqinə dəstək vermək üçün 10 milyard dollar vəsaitin ayrılması ilə bağlı son qərarlarını nəzərə alsaq, bu marşrutların inkişaf edəcəyini söyləyə bilərik. İnfrastrukturun modernləşdirilməsi və marşrutun rəqəmsallaşdırılmasının ildə 600 min konteyner daşıya biləcək konteyner daşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılır və bu da hazırkı göstəricilərdən təxminən 10 dəfə yüksəkdir.

“Yeni geosiyasi reallıqlarda transkontinental ticarətin təşviqində və inkişafında Azərbaycan və Qazaxıstanın rolu sürətlə və əhəmiyyətli dərəcədə artıb və gələcəkdə Orta Dəhlizlə yükdaşımaların həcmini 10 milyon tona çatdırmaq üçün iki dövlət nəqliyyat-logistika potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparır”, - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, müsbət dəyişiklikləri Orta Dəhlizlə yükdaşımaların həcminin artması sübut edir: “2022-ci ildə ikiqat artıma nail olunub, 2023-cü ildə isə yükdaşımaların həcmi daha 65% artaraq 2,7 milyon tona çatıb”.

 

Genişlənməmərhələsi

Orta Dəhliz üzrə yükdaşımaların həcminin daha da artırılması məqsədilə nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi məsələsində Bakı və Astananın, eləcə də TBNM üzrə digər tərəfdaşların əlaqələndirilmiş səyləri tələb olunur. Xatırladaq ki, nəqliyyat logistikasının optimallaşdırılması məqsədilə 2022-ci ilin noyabrında Aktauda “dar boğazlar”ın sinxron şəkildə aradan qaldırılması və Orta Dəhlizin inkişafı məqsədilə 2022-2027-ci illər üçün “yol xəritəsi” imzalanıb. Sənəddə Xəzər sahilindəki dəniz limanlarının genişmiqyaslı modernləşdirilməsinə xüsusi diqqət yetirilir. 2022-ci ilin iyul ayının birinci ongünlüyündə - TBNM ilə yükdaşımanın pik dövründə - Ələt limanındakı dəmir yolu və liman infrastrukturunda həddindən artıq sıxlıq yarandığı üçün trans-Xəzər marşrutu ilə vaqonların bərə daşınmasına müvəqqəti konvensiya qadağası qoyulub. Avqustun 1-dən isə bütün məhdudiyyətlərin götürülməsinə və yükdaşımalarının adi qaydada həyata keçirilməsinə baxmayaraq, Ələt limanının nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələsi aktual olaraq qalır. Xüsusilə, martın 18-də yaradılmasından 6 il keçən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hazırda genişmiqyaslı modernləşdirmə aparılır və bunun nəticəsində onun ötürücülük qabiliyyəti indiki 15 milyon tondan illik 25 milyon tona çatdırılacaq. 2023-cü ilin oktyabrında mineral gübrələrin emalı və saxlanması üçün terminalın istifadəyə verilməsindən sonra limanın logistik potensialı xeyli genişlənib. İndi burada ildə təxminən 2,5-3 milyon ton məhsul emal oluna bilər. Qeyd edək ki, 2022-ci ilin iyul ayından Türkiyənin “Albayrak Group” şirkəti Ro-Ro, konteynerlər və gübrə terminallarının idarəçiliyini öz üzərinə götürərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı üzrə əməliyyat hüququnu əldə edib. Təxminən bu ilin sonunadək Ələt limanında yeni taxıl terminalı fəaliyyətə başlayacaq. 2024-cü ilin ikinci yarısında burada konteyner terminalının yeni mərhələsinin inşası üzrə ilkin işlərə başlanılacaq, onun gücü ən yüksək həddə, yəni ildə 500 min TEU konteyner (şərti tutum vahidi) daşımağa imkan verəcək.

Bu məqamda qeyd edək ki, son iki ildə Çindən və bir sıra digər Asiya ölkələrindən tranzit yükdaşımaların artması ilə əlaqədar logistikada, eləcə də Qazaxıstanın dəmir yolu və liman infrastrukturunda yaranan “dar boğazlar”ın aradan qaldırılmasına ehtiyac yaranıb. Bu problemi həll etmək üçün “Aktau Dəniz Limanı” XİZ bazasında konteyner qovşağının yaradılması üzrə işlər aparılır. “PSA International”, “Maersk” və MSC kimi konteyner operatorları daxil olmaqla bu layihəyə beynəlxalq məsləhətçilər və investorlar da cəlb olunub. Gələcəkdə Qazaxıstanın Xəzər dənizindəki ticarət donanması dörd bərə ilə tamamlanacaq. Bundan əlavə, 2022-2025-ci illər üçün ikinci yolların tikintisi və Dostık-Moyıntı dəmir yolu hissəsinin elektrikləşdirilməsi planlaşdırılır. Bu addımlar, ilk növbədə, konteyner qatarlarının sürətinin artırılmasına və dəniz limanlarının tutumunun, yəni bərə, quru yük gəmiləri və fider gəmilər vasitəsilə yüklərin daşınmasının həcminin artırılmasına yönəlib.

Orta Dəhlizin inkişafı üçün eyni dərəcədə vacib istiqamət Qazaxıstan və Azərbaycanda logistik potensialın genişləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsidir. “Yol xəritəsi” çərçivəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan “Middle Corridor Multimodal LTD” birgə müəssisə yaratmaqla yüklərin daşınması həcmlərini artırmaq barədə razılığa gəliblər. Bununla TBNM tərəfdaşlarına ən qabaqcıl rəqəmsal texnologiyalardan istifadə daxil olmaqla “bir pəncərə” formatında xidmətlər göstərmək üçün nəzərdə tutulub. Bu məqsədlə tərəfdaşlar kəsintisiz rəqəmsal dəhliz hazırlayan, həmçinin innovativ həllərin tətbiqi üçün aparıcı ixtisaslaşmış şirkətlərlə - “Huawei”, “Wabtec”, “Alstom” ilə fəal əməkdaşlıq edən transmilli Sinqapur şirkəti olan PSA-nı layihəyə cəlb ediblər. Qazaxıstan TBNM-nin imkanlarını artırmaq üçün 2030-cu ilə qədər 11 min kilometr uzunluğunda dəmir yolunu təmir etmək və 5 min kilometrdən çox yeni dəmir yolu xətləri inşa etmək niyyətindədir.

 

Operativlik və sürət

Bu baxımdan, Azərbaycan dəmir yolu infrastrukturunun genişləndirilməsi, BTQ dəhlizinin Gürcüstan hissəsində modernləşdirməni ən qısa müddətdə başa çatdırmaqla üzərinə düşən işin bir hissəsini daha tez həyata keçirə bilib.

“Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir”, - Prezident İlham Əliyev qeyd edib. O, BTQ-nin ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılacağını və bu imkanların regionun bir çox ölkələri üçün çox cəlbedici olacağını vurğulayıb.

Xatırladaq ki, uzunluğu 826 kilometr olan BTQ magistral xətti 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, bu xəttin istismara verilməsindən 2023-cü ilin may ayına qədər yükdaşımaların ümumi həcmi təxminən 2,4 milyon ton yük təşkil edib. Beş il yarım ərzində istismar müddətində orta illik daşınma təxminən yarım milyon ton yük təşkil edib və bu göstəricinin kifayət qədər çox olduğunu söyləmək olmaz. Üstəlik, Bakıdan Qarsa yüklərin çatdırılması orta hesabla 70 saatdır, qış mövsümündə isə bu müddətdən də artıqdır. Gürcüstanda qatarların hərəkət sürətini artırmaq üçün Marabda-Türkiyə sərhədi hissəsində yol, enerji, təhlükəsizlik sistemi və digər infrastrukturun tikintisini başa çatdırmaq lazım idi. Ötən il başlanmış və Bakı tərəfindən maliyyələşdirilən işlər təqribən bu il mayın əvvəlində yekunlaşacaq. Marabda-Kartsaxi hissəsində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində il ərzində görülən işlərin miqyası xüsusilə dağlıq və meşəlik ərazilərdən keçən olduqca çətin relyef nəzərə alınmaqla dərin təəssürat bağışlayır. Bir sıra ərazilərdə kontakt şəbəkəsi çəkilib, siqnalizasiya sistemləri, mərkəzləşdirmə və bloklama qurğuları işə salınıb. Bir sıra dəmir yolu vağzallarında və sərnişin platformalarında da bütün işlər başa çatdırılıb, qar maneələri quraşdırılıb, tunellər salınıb, dartma yarımstansiyaları tikilib. Tsalka-Axalkalaki xəttində hazırda dörd qardan mühafizə tunelində təmir işləri davam edir. Yayın əvvəlinə qədər BTQ-nin bu seqmentlərində, o cümlədən sahəsi 110 hektar olan Axalkalaki kompleksində nəzərdə tutulan bütün işlərin tam başa çatdırılması gözlənilir.

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün 5 milyon tona çatdırılması istiqamətində görülən işlərin 95%-ə qədəri artıq başa çatdırılıb: yenidənqurma işlərinin aparıldığı beş sahədən üçü üzrə işlər artıq tam başa çatdırılıb və layihə üzrə bütün işlərin yaxın iki ay ərzində tamamlanması planlaşdırılır”, - “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Azərbaycan-Gürcüstan hökumətlərarası sazişə əsasən, BTQ xəttinin idarə edilməsi üzrə birgə müəssisənin yaradılması da nəzərdə tutulub. Artıq normativ-hüquqi aktlar hazırlanıb və yaxın vaxtlarda tərəflərin 50% paya malik olacağı birgə müəssisənin yaradılması haqqında müqavilənin imzalanması gözlənilir. Bu birgə müəssisə yükdaşıma tariflərini tənzimləyəcək, potensial tranzitorları və yeni yükləri cəlb edəcək, BTQ-nin bütün əməliyyatlarının effektiv idarə olunmasını təmin edəcək.

Beləliklə, cari marşrutların hər bir hissəsində regionda ticarət dövriyyəsi üçün həqiqətən də mübahisəsiz və qüsursuz seçimə çevrilmək üçün boşluqların və çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər sözün əsl mənasında sürətlə gedir.



MƏSLƏHƏT GÖR:

96