Müəllif: Nadir SƏNANOĞLU
Planetin ən böyük yarışı Yay Olimpiya Oyunlarına vaxt azaldıqca lisenziya qazanan idmançıların sayı artır. Ötən il lisenziyasız qalan güləş üzrə Azərbaycan milli komandası aprelin 5-7-də Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində öz adını bərpa etmək şansı qazanıb.
Yunan-Roma güləşçilərinin uğursuzluğu
Yerli pəhləvanların yarışması uğursuz başlayıb. Turnirin ilk günündə yunan-Roma güləşi üzrə ən güclülər müəyyənləşib. Lakin təəssüf ki, Azərbaycan təmsilçisi onların arasında olmayıb. Ən yaxşı nəticəni Beka Kandelaki əldə edib. Yarımfinala qədər irəliləyən 28 yaşlı güləşçi burada neytral statusla çıxış edən Sergey Semyonova uduzub. Digər güləşçilər daha tez mübarizəni dayandırıblar.
60 kq-da məşqçilər Nihat Məmmədliyə şans vermişdilər. 21 yaşlı gənc güləşçi Türkiyə təmsilçisinə uduzmaqla lisenziya ümidlərini doğrultmayıb. Bakıdakı məğlubiyyətə görə Türkiyədə keçiriləcək son lisenziya yarışında başqa idmançıya etimad göstəriləcəyi gözlənilir.
Murad Əhmədiyevlə İslam Abbasov da Bakı yarışında uğursuzluğa düçar olublar. Komandanın ən təcrübəlilərindən sayılan İslam Abbasov ilk görüşdə Danimarka təmsilçisinə uduzaraq mübarizəni erkən mərhələdə dayandırıb.
Yunan-Roma güləşçilərinin uğursuzluğundan sonra xanım pəhləvanlar da azarkeşləri sevindirməyiblər. Güləş həvəskarlarını daha çox milli komandanın lideri Mariya Stadnik məyus edib. On bir dəfə Avropa, iki dəfə dünya çempionu olan Stadnik lisenziya uğrunda son görüşdə ukraynalı Oksana Livaça məğlub olub. Görüşü yüksək səviyyədə keçirən Mariya Stadnik son saniyələrdə diqqətsizlik ucbatından qələbəni rəqibə “hədiyyə” edib. Təcrübəli güləşçinin məğlubiyyətini komanda yoldaşları da təkrarlayıb. Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) erkən mərhələdə uduzmaqla turnirlə vidalaşıblar.
İlk günlərin məğlubiyyətlərini sərbəst güləş komandamız unutdurdu. Son yarış günündə döşək üzərinə çıxan bütün pəhləvanlar Paris Olimpiadasına lisenziya qazanmağı bacardılar. 57 kq-da Əliabbas Rzazadə ardıcıl olaraq İtaliya, Türkiyə, Şimali Makedoniya idmançılarını üstələməklə olimpiadada iştirakını təmin etdi. Son görüşdə Vladimir Yegorovu (Şimali Makedoniya) məğlub edən Rzazadə həm lisenziya qazandı, həm də iki il əvvəl Avropa çempionatının finalındakı məğlubiyyətinin əvəzini çıxdı.
Sərbəst güləşçilərin qələbəsi
Ötən il dünya çempionatında lisenziya qazana bilməyən Hacı Əliyev Bakı turnirində əsas məqsədinə nail olub. 33 yaşlı üçqat dünya çempionu son Avropa çempionu İslam Dudayevi məğlub edib. Gözlənilən mübarizəni göstərməyən Hacı Əliyev təcrübə sayəsində karyerasının üçüncü olimpiadasına yollanmaq imkanı qazanıb.
74 kq-da Turan Bayramov çətinliklə də olsa lisenziya əldə edib. İsveçrə və Rumıniya idmançılarına qalib gələn 23 yaşlı pəhləvan həlledici görüşdə “köhnə tanışı”, dünya və Avropa çempionu Frank Çamizoya rəqib olub. Görüşün əvvəlində böyük üstünlük qazanan (6:0) Turan Bayramov sona yaxın rəqibin xal qazanmasına şərait yaradıb. Sonda mübarizə 8:8 hesabı ilə başa çatıb və hakimlər fəndlərin keyfiyyətinə görə Turan Bayramovu qalib elan ediblər.
86 kq-da Osman Nurmaqomedov ardıcıl dörd görüşdə qələbə qazanmaqla Parisə bilet qazanıb. Həlledici görüşdə ukraynalı Vasili Mixaylova şans verməyən təmsilçimizin qələbəsində əzmkarlıq əsas rol oynayıb.
Ağır çəkidə Azərbaycanı Georgi Meşvildişvili təmsil edib. 125 kq-da çıxış edən güləşçi güclü rəqabətlə rastlaşmayıb. Titullu rəqiblərə qalib gələn G.Meşvildişvili cəmi iki görüş keçirib. Bolqarıstan idmançısı Alen Hubulov üzərində qələbə güləşçiyə karyerasında ilk dəfə lisenziya qazandırıb. Bununla da, sərbəst güləşçilərin olimpiadaya tam heyətlə yollanacağı dəqiqləşib.
Məqsəd Olimpiadada qələbədir
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Olimpiya Təsnifat turnirindəki nəticədən razı qaldığını bildirib: “Baş məşqçilik dövrümdə 5 lisenziya qazandığımız üçün çox şadam. Federasiya prezidentinin və azarkeşlərin etimadını doğrultduq. İnandığımız güləşçilər əsas məqsədə nail oldu. Bu da gələcəkdə gənclərimiz üçün üstünlükdür. Yarışdan sonra istirahət olmayacaq. Əsas milli komanda gənclərlə birgə Qubada hazırlığa yollanacaq”.
57 kq-da lisenziya qazanan sərbəst güləşçi Əliabbas Rzazadə Paris Olimpiadasında yalnız çempionluq uğrunda yarışacağını söyləyib. O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində məqsədinə çatdığı üçün xoşbəxt olduğunu deyib: “Öz ölkəndə güləşmək adama əlavə motivasiya verir. Bütün rəqiblərim güclü idi. Hamısını yüksək qiymətləndirirəm. İnanıram ki, bu qələbəmin davamını Olimpiya Oyunlarında gətirəcəm. Olimpiadada iştirak edəcək heç bir idmançı zəif deyil. Mən də onlardan geri qalmıram. Məhz Parisdə də qızıl medal uğrunda mübarizə aparacağam. Əvvəlki görüşlərimə baxdıqda nə qədər irəlilədiyimi görürəm. Olimpiadada əsas rəqibim rusiyalı Zaur Uquyevdir. O, sonuncu Avropa çempionu və ikiqat dünya çempionudur. Mən də onu məğlub edib, medalımı təmin etmək istəyirəm və buna inanıram”.
Son şans
Qeyd edək ki, Bakı turnirində lisenziya qazana bilməyən güləşçiləri son təsnifat turniri gözləyir. Mayda İstanbulda baş tutacaq yarışda dünya üzrə lisenziya qazana bilməyən ən güclü idmançılar iştirak edəcəklər. Türkiyədəki yarış lisenziya xarakterli son güləş turniri olacaq. Uğursuz çıxış edən güləşçilər səhvlərdən nəticə çıxarmalıdırlar. Əks halda, növbəti turnirdə də lisenziya ümidi reallaşmayacaq. Maksimum nəticə göstərən sərbəst güləş uğurlu çıxışa baxmayaraq, məşqləri davam etdirməlidir. İdmançıların göstərdiyi mübarizənin keyfiyyəti Paris Olimpiadasında medal qazanmağa kifayət etməyəcək. İdmançılar növbəti 3 ay ərzində mütləq ən yaxşı formalarını bərpa etməlidirlər.
MƏSLƏHƏT GÖR: