Müəllif: Valentina REZNİKOVA
Vladimir Parsan üçün vətəni “Gənclik” metrostansiyasının yanında yerləşən “Gənclər dostluğu” küçəsində (indiki Atatürk prospekti) keçirdiyi uşaqlıq illərinin xatirələri ilə başlayır. O, burada 200 nömrəli orta məktəbdə oxuyub, üzgüçülük üzrə ölkə çempionu olub, eyni zamanda musiqi müəllimi Murad Adıgözəlzadənin anası - Səidə Abramovna olan Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Məktəbinin studiyasında təhsil alıb. Vladimir Vladimiroviç Parsan musiqiçi, bəstəkar, aranjimançı, səs rejissorudur. O, “Hollywood Music in Media Awards” (2012) və “Music Sound Award” (2015) mükafatlarına layiq görülüb. Bundan başqa, Parsan Yaxın Şərqdə yaradılmış çoxlu sayda tematik videolar, reklam çarxları və sənədli filmlər üçün saundtreklər hazırlayıb. O, BƏƏ Prezident İşləri Nazirliyinin təqdim etdiyi “Abu Dhabi” mükafatını qazanıb, Dubayda beynəlxalq festivalda iştirak edib. Üstəlik, Vladimir Parsan “Emirates Airlines”, “Qatar Airlines”, “Emirates Holidays”, “Dubai Tourism”, “Jumeirah International Group” və s. kimi məşhur şirkətlərin reklam və tədbirləri üçün musiqilər bəstələyib.
2011-ci ildə o, Hindistan filmi olan “Sadda Adda” üçün musiqi bəstələyib. Parsan bununla “Bollivud”la işləyən ilk xarici bəstəkar kimi tarixə düşüb.
Dünya şöhrətli insan olan Vladimir Parsan hesab edir ki, onun üçün hər şey – həm insani dəyərlər, həm də peşəkarlıq baxımından inkişaf prosesi – sevgidən başlayıb: valideynlərinin oğullarına olan sevgisindən.
- Onlar mənim üçün heç nəyi, yəni vaxtlarını, güclərini, pullarını əsirgəməyiblər...
- Yəni?
- Onlar idman növləri vasitəsilə fiziki, şahmat və mütaliə şəklində intellektual, simli alətdə ifa etməyə həvəsim formasında musiqi inkişafıma dəstək verir və həvəsləndirdilər. Baxmayaraq ki, həmin dövrdə (1980-ci illərin ikinci yarısında) məşhur musiqi aləti gitara deyil, fortepiano idi. Konservatoriyada simli musiqi aləti şöbəsi yox idi...
- Valideynləriniz seçiminizi qəbul etdilər?
- Nəinki qəbul etdilər, hətta ilk gitaramı mənə məhz atam aldı! Amma 1990-cı illərin əvvəllərində mən o vaxt çox baha olan akustik gitara istədim. Onu ancaq o vaxt “Zevin” küçəsində yerləşən musiqi alətləri mağazasından sifariş edib əldə etmək olardı... Bir sözlə. Bu gitaranı almağı çox istəyirdim. Buna görə də məktəbə getmədim və avtomobilləri yumağa başladım. Doğrudur, bu qərarımın ailəmi sevindirdiyini deyə bilmərəm. Amma anam bunu anlayışla qarşıladı, məni dəstəklədi. O, hər kəsə izah edirdi ki, mən həmin vaxt şəhərdə macəra axtarışına çıxmamışam, əksinə xəyallarımı həyata keçirmək üçün pul qazanmağa çalışıram və bu hörmətə layiq addımdır.
- Bəs həyatınızın sonrakı dövrləri ananızın haqlı olduğunu göstərdi? Arzuladığınız gitara sizə uğurlar gətirdi?
- Belə olduğunu söyləyə bilərik. Amma hər şey də birməmalı deyil. Gəncliyi XX əsrin 90-cı illərinə təsadüf edən bakılılar o vaxtlar məşhur olan “Şok” rok qrupunu xatırlayırlar. Rok musiqiçilərinə yaraşan uzun saçlı, qara geyimli oğlanlar tez bir zamanda bakılıların rəğbətini və məhəbbətini qazanmış, sonra müxtəlif xarici musiqi festivallarının fəal iştirakçılarına çevrilmişdilər. Onların çiçəklənməsi SSRİ-nin dağılması ilə üst-üstə düşdüyündən, “Şok” qrupu digər musiqi məkanlarını tez bir zamanda fəth etməyə başladı. Beləliklə, iki dövrün - keçmişlə gələcəyin qovşağında qrup Türkiyədə keçirilən beynəlxalq musiqi festivalının iştirakçıları arasında özünə yer tapdı və burada təkcə iştirakçılarda deyil, musiqi mütəxəssislərində də silinməz təəssürat yaratdı. O cümlədən Səudiyyə Ərəbistanının nümayəndələrinə. Yəni taleyin özü musiqiçilərin lazımi anda lazımi yerdə olmasına səbəb olmuşdu. Bizim uşaqların peşəkarlıq səviyyəsi, Vladimirin orijinal musiqisini və onun aranjimanlarını artıq əks etdirən qrupun repertuarının orijinallığı Əmirliklərdə tanındı və ona tələbat yarandı. İndi Ukrayna əsilli azərbaycanlının soyadı qərb üslubunda səslənir: Parsan.
- Bəs sizin soyadınızın mənası nədir?
- Sözün mənasını bilmirəm. Soyadım İsveç mənşəlidir.
- Bəs onun arxasında Ukraynadan olan əcdadlarınızın intriqa yaradan sirri varmı?
- Xeyr. Nənə tərəfdən əcdadlarım Xarkov, baba tərəfdən isə Poltava quberniyasındandır. Poltavada belə soyadlı çox sayda insan var. Amma bu o demək deyil ki, onlar mənim qohumlarımdır. Sadəcə olaraq eyni soyadlı insanlarıq.
- Demək, isveçlilər Poltavada genetik izlərini saxlayıblar!
- Ola bilər. Doğrusu, Qərb ölkələrindəki insanların soyadımı eşidən zaman verdiyi reaksiyaya qədər bu haqda düşünməmişdim. “Sən isveçlisən?”, - onlar mənə sual verirdilər. Mən isə hər zaman Ukrayna əsilli Azərbaycan vətəndaşı olduğumu deyirəm.
- Bu, necə olur? Siz təxminən 25 ildir ki, Əmirlikdə yaşayırsınız və orada yüksək səviyyəli bir mütəxəssis kimi sizə tələbat var. Bununla belə Azərbaycan vətəndaşı olaraq qalırsınız?
- Axı, Azərbaycan mənim vətənimdir! Başa düşürsünüz? Mənim vətənimdir! Mən onu sevirəm. Həm də təkcə ona görə yox iki, mən burada doğulub böyümüşəm, valideynlərimin, qohumlarımın, dostlarımın, əcdadlarımın məzarları burada yerləşir. Yox. Hər şey daha dərin və mürəkkəbdir. Məni vətənimə sarsılmaz tellər bağlayır, bu, təkcə mənim bütün həyatıma məna qatmır, həm də güc və yaşamaq istəyi verir! Bilirsiniz, mən təyyarəilə Azərbaycana qayıdanda və təyyarədən düşəndən sonra ölkəmizin havasını ciyərlərimə çəkirəm və dərhal daha sağlamlaşıram: həm fiziki, həm də mənəvi cəhətdən.
- Demək, hətta “Vətənin tüstüsü” də sizin üçün şirin və xoşdur?
- Təsəvvür edin ki, bu belədir. Gizlətməyəcəyəm ki, artıq təyyarədən düşəndən sonra hiss etmədiyim havadakı o xüsusi qoxu üçün darıxıram. Axı, bu, mənim uşaqlığımdan gələn qoxudur...
- Bəs, məsələn, Ukrayna vətəndaşlığını almaq istəyiniz olubmu?
- Bununla bağlı istək olub. Qanunvericiliyimizdə iki ölkənin vətəndaşlığına sahib olmaq hüququ qalsaydı, bəlkə də mən bunu edərdim. Amma! Belə bir hüquq yoxdur. Amma mən “ölkəmin vətəndaşlığından imtina edirəm” kimi söhbətlər heç vaxt ola bilməz! Mən nəinki bunu edə bilmərəm, hətta bu barədə fikirlər belə, məndə çox pis hisslər yaradır.
Mən onu dinləyən zaman başa düşdüm ki, qarşımda öz taleyini yaşayan – bəstəkar olmaqla bağlı – bir insan var. Onunla söhbətləşməyimdə məqsəd bəstəkarın yaradıcılığını öyrənmək deyildi, çünki bu, musiqişünasların vəzifəsidir.
Vladimir Parsan kimi yaradıcı insanların dünyaya bəxş etdikləri əslində, başqa hekayənin mövzusudur. Hətta bir hekayənin deyil, araşdırmanın mövzusudur: elmi və ezoterik. Mənə isə “Vətən”, “ölkə” sözlərinin ilkin mənasını itirməyən insan olan Parsan maraqlıdır.
MƏSLƏHƏT GÖR: