Müəllif: Aygün MAHMUD
Azərbaycan Hesablama Palatası 2024-cü il üçün “Dövlət auditi” rəsmi rüblük bülleteninin ilk sayında ölkənin aqrar sektorunda mövcud olan aktual problemlərlə bağlı narahatlıqlarını ifadə edib. Qeyd edək ki, araşdırma 2019-2022-ci illəri əhatə edir, lakin aşkar edilmiş çatışmazlıqlar bu gün də aktuallığını qoruyur və sektorun aşağı inkişaf tempi də bundan xəbər verir. 2024-cü ilin birinci rübündə kənd təsərrüfatının ölkənin ÜDM-ə töhfəsi 1,44 milyard manat təşkil edib və bu da cəmi 1,1%-lik artım deməkdir.
Natamam qanunvericilik
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi aqrar-sənaye kompleksinin səmərəliliyi ilə müəyyən edilir. Bu məsələnin həllində taxılçılıq sahəsi mühüm iqtisadi və sosial rol oynayır. Onun inkişafı isə dənli bitkilərinin yeni yüksək məhsuldar sortlarının istifadəsinə əsaslanan müasir texnologiyalar olmadan mümkün deyil.
Eyni zamanda müasir kənd təsərrüfatı istehsalında çətin məsələ bitkilərin becərilməsi zamanı idxalın əvəzlənməsi problemlərini həll etməkdir. Bu baxımdan vəziyyətdən çıxış yolu toxumçuluğun səmərəliliyinin artırılmasında görünür.
Lakin Azərbaycanda bu sahədə qanunvericilik nəinki qabaqcıl beynəlxalq təcrübəyə uyğun gəlmir, həm də bu sahənin inkişafına mane olur.
Hesablama Palatasının hesabatında göstərir ki, mövcud hüquqi aktlarda XXI əsrin reallıqları nəzərə alınmır, toxumçuluğun potensialı məhdudlaşdırılır. Nəticədə, institusional və funksional məhdudiyyətlər ilkin mərhələdə daha yüksək dərəcəli toxumların (“Orijinal”, “Super elit” və “Elit”) istehsalının genişləndirilməsinə maneələr yaradır.
Bununla bağlı natamam sistem yerli şəraitə uyğunlaşdırılmış toxum istehsalına təkan vermir və Azərbaycanı idxaldan asılı vəziyyətə salır. Palata hesab edir ki, bundan başqa, toxum dövriyyəsinin bütün mərhələlərində sənədləşmə sistemi və nəzarət prosedurları tənzimlənmir. Müvafiq olaraq, bu, sui-istifadə üçün boşluqlar yaradır.
Palatanın hesabatına əsasən, məsələn, toxumçuluğa verilən subsidiyalarda qarışıqlıq var: “Əvvəlki illərdə elit toxum əldə etmədən yerli reproduktiv toxumların (R1) istehsalına subsidiyaların verilməsi bütün sistemin effektivliyini şübhə altına alan açıq-aşkar pozuntudur. Çünki elit toxumsuz R1 toxumu əldə etmək mümkün deyil. Amma belə faktlar mövcuddur”.
Araşdırmaya əsasən, 2021 və 2022-ci illərdə toxum subsidiyaları alanların müvafiq olaraq 73,2 və 53,7%-i əkin sahələrini bəyan etməyib. Bu, vəsaitlərdən sui-istifadə olunmasına dair açıq siqnaldır.
Subsidiya sistemində məsafədən idarəetmənin ən müasir rəqəmsal elementləri istifadə olunur, lakin bu, elektron qaimə-fakturalar və gömrük bəyannamələri olmadan baş verdikdə, reproduktiv toxumların daşınmasının həqiqiliyinə şübhə yaranır və əsassız ödənişlərin mümkünlüyü ilə bağlı fikirlər meydana çıxır.
“Dövlət auditi”nin rüblük bülletenində Azərbaycan kənd təsərrüfatının xarici sortlardan asılılığından da narahatlıq ifadə olunub: 2019-cu ildən 2022-ci ilə qədər “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınmış yeni sortların 88,1-93%-i xarici sortlar olub. Bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin nəticəsidir. Bu, ölkə üçün qlobal toxum bazarındakı dalğalanmalarla bağlı ciddi problem yaradır.
Bu müddətdə 37 yeni yerli sort dövlət reyestrinə daxil edilsə də, onların böyük əksəriyyəti fermerlərdə maraq yaratmayıb. Bu, o deməkdir ki, sortların yaradılması prosesində istehlakçı təsərrüfatların tələbləri nəzərə alınmayıb, sortların siyahısının təbliği və genişləndirilməsi ilə bağlı lazımi işlər aparılmayıb. “Tələblərə cavab verən bəzi yeni sortların istehsalı lazımi səviyyədə aparılmayıb”, - Hesablama Palatası hesab edir.
Hesabata laqeyd münasibət və ya...
Azərbaycan Aqrar Xidmətlər Agentliyi 2020-2022-ci illərdə tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsini dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərib. Lakin bu, hər hansı qarşılıqlı razılaşma olmadan həyata keçirilib.
Ən çox narahatlıq yaradan məqam odur ki, Elmi-Tədqiqat İnstitutunun belə sınaqları keçirmək mandatı olmayıb və qurum 296 sortun dövlət sınağını qeyri-real müddətdə və təkrarlar olmadan aparıb. Bu, əldə edilən nəticələrin qanuniliyinə və etibarlılığına ciddi şübhələr yaradır.
Bu vəziyyət onu deməyə əsas verir ki, dövlət toxum sınağı formal şəkildə aparılır, mənasız bürokratik prosedura çevrilir. Bu sınaqların nəticələrinin həqiqətən sortların əsl xüsusiyyətlərini əks etdirdiyini, yaxud saxtakarlığın nəticəsi olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılmalıdır.
Hesablama Palatasının auditinin digər əsas məqamı Aqrar Kredit və İnkişaf Agentliyinə əsassız olaraq 676,7 min manat sığorta kompensasiyasının ödənilməsinin müəyyən edilməsidir. Bülletendə bu ödənişin qanuni əsas olmadan (razılaşma və arayış olmadan) edildiyi qeyd edilib. Bu, yarısı dövlət büdcəsindən maliyyələşən sığorta haqlarından daxil olan vəsaitlərin istifadəsinə dair pozuntudur.
Bundan başqa, Aqrar Sığorta Fondu və Kənd Təsərrüfatı Kredit və İnkişaf Agentliyi sığorta fəaliyyəti ilə bağlı hesabatların verilməsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməyib. Bu, kənd təsərrüfatı sığortasına sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməməsinə gətirib çıxarıb.
Üstəlik, Hesablama Palatası kənd təsərrüfatı sığortası tariflərinin müəyyən edilməsi sistemində çatışmazlıqları, daha dəqiq desək, onların ölkənin aqroiqlim rayonlaşdırılması nəzərə alınmadan müəyyənləşdirildiyini açıqlayıb. Bu o deməkdir ki, eyni iqtisadi zona və ya müxtəlif iqlim şəraitinə malik inzibati rayon daxilində belə eyni tariflər tətbiq edilir. Bu isə müxtəlif sahibkarlıq subyektləri üçün sığorta haqlarının ədalətsiz hesablanmasına gətirib çıxarır.
Hesablama Palatası qeyd edib ki, iri və xırda buynuzlu heyvanların saxlanma şəraitlərinin, xəstəliklərinin və ümumiyyətlə sığorta risklərinin fərqli olmasına baxmayaraq, Aqrar Sığorta Fondunun İdarə Heyətinin müvafiq qərarı ilə auditlə əhatə olunan dövr üçün bir illik geniş sığorta təminatında 10% şərtsiz azadolma ilə 9,5 sığorta tarifi müəyyənləşdirilərək iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün vahid tarif tətbiq edilib: “Belə yanaşma eyni zamanda baza kimi qəbul edildiyi bəyan edilmiş Türkiyənin TARSİM (tarım sığortası) modelindəki analoji sığorta predmeti üzrə tarifləşmə yanaşması ilə də uyğunsuzluqlar yaradıb”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, statistik məlumatlardan da göründüyü kimi, ölkədə kənd təsərrüfatı sığortasının təsiri artır. 2023-cü ilin sonunda Azərbaycan Kənd Təsərrüfatı Sığorta Fondu tərəfindən mövcud sığorta müqavilələri çərçivəsində 2023-cü ildə ümumilikdə 542 milyon manat məbləğində risklərin ödənilməsi təmin edilib. 2023-cü ildə fonda daxil olan sığorta haqları 16,9 milyon manata çatıb.
Ötən il bitkiçilik məhsullarının sığortası üzrə daxil olan sığorta haqları 13 milyon manat (2022-ci illə müqayisədə 48% çox), 2023-cü ildə sığortalanan kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi 380,476 min hektar (2022-ci illə müqayisədə 43% çox) təşkil edib. Bu müqavilələr üzrə sığorta təminatının məbləği 506 milyon manat qiymətləndirilir.
2023-cü ildə Fondun heyvandarlıq üzrə sığorta haqları 3,9 milyon manat, bu istiqamətdə sığorta təminatının həcmi isə 36 milyon manat qiymətləndirilir. 2023-cü ildə ümumilikdə 7843 baş iribuynuzlu heyvan sığortalanıb.
Bundan başqa, 2023-cü ildə Kənd Təsərrüfatı Sığorta Fondu tərəfindən fermer və fermer təsərrüfatlarına sığorta hadisələri ilə bağlı 4 milyon 406 min manat kompensasiya ödənilib və bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.
Hər halda, Hesablama Palatasının bülleteni sadəcə tənqid deyil, bu sahədə fəaliyyətə çağırışdır. Aqrar sektorun davamlı inkişafını təmin etmək məqsədilə seleksiya işinin yaxşılaşdırılması, sığorta sisteminin təkmilləşdirilməsi, büdcə vəsaitlərinin istifadəsində şəffaflığın artırılması istiqamətində islahatlara ehtiyac var.
Qanunvericiliyin müasirləşdirilməsi və toxumçuluq sahəsində qabaqcıl təcrübənin tətbiqi Azərbaycanın aqrar sektorunun rəqabət qabiliyyətinin artırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiyasının əsas şərtidir.
MƏSLƏHƏT GÖR: